Brüssel görüşündə qəbul olunan qərarların icrasına başlanıb - MÖVQE

Brüssel görüşü

© APA | Brüssel görüşü

# 13 aprel 2022 10:44 (UTC +04:00)

Prezident İlham Əliyevin aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli Brüssel görüş öz nəticələrini verməkdədir. Görüşdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınmışdı. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilmişdi. Nəticədə aprelin 11-də Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanlı həmkarı Ararat Mirzoyan arasında ilk vasitəsiz telefon danışığı baş tutdu. Tərəflər iki dövlətin liderləri səviyyəsində əldə olunan razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar. Deməli, Prezident İlham Əliyevin Brüsseldə əldə etdiyi növbəti diplomatik uğur özünü bir daha rəsmi Bakı və rəsmi İrəvanın danışıqlara başlamasında göstərdi. Əslində, 6 aprel görüşündən sonra postmüharibə dövründə yeni format - Brüssel sülh gündəliyi yarandı demək daha doğru olar. Çünki gələcək sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşdırılması üçün yeni platforma yaranıb.

Brüssel görüşü nə vəd edir?

Brüssel görüşü bir daha təsdiq etdi ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar sürətləndirilməlidir. Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılmasıdır. Sənəddə Azərbaycanın ərazi bütövlüyü məsələsi də birmənalı olaraq öz əksini tapır. Həmçinin, tərəflərin sərhəd məsələləri üzrə birinci növbədə delimitasiya prosesinə başlaması barədə də razılıq əldə olunur. Delimitasiyanın tərkibi və nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır. Delimitasiya və demarkasiya üçün Soçi Bəyanatına uyğun olaraq aprelin sonuna qədər Birgə Sərhəd Komissiyasının çağırılması qərara alınır. Deməli, artıq Azərbaycanla Ermənistan vasitəçilərsiz təmas halında problemləri, məsələləri həll etmək imkanına malik olacaqlar. Sənəddə "Dağlıq Qarabağ" ifadəsi və keçmişin qalığı olan Minsk qrupunun həmsədrlik institutuna istinad edilmir. Bu da təsadüfi deyil. Prezident İlham Əliyevin Azərbaycanın maraqlarının təmin edilməsi istiqamətində attığı addımlar yeni reallıq yaradıb. Münaqişə həll olunub, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil, regionun sülh və sabitliyi təmin olunmalıdır, iqtisadi əməkdaşlıq genişlənməlidir, nəqliyyat əlaqələri bərpa olunmalıdır. Görünən odur ki, Avropa İttifaqı da yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Deməli, Avropa İttifaqı Azərbaycanın və Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir. Son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlib. Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan xüsusi əhəmiyyətə malikdir.

Azərbaycanın tələbləri Avropa İttifaqının gündəliyində

Brüssel görüşünün yekunlarına dair Şarl Mişelin bəyanatında Avropa İttifaqının minatəmizləmə məsələsinə, itkin düşmüş şəxslərin tapılması istiqamətində səyləri də yer alıb. Bu, çox əhəmiyyətli və Azərbaycan üçün strateji məqamdır. Çünki, Ermənistan Azərbaycana mina xəritələrini versə də, onların dəqiqlik göstəriciləri təxminən 25 faiz təşkil edir. Eyni zamanda Birinci Qarabağ müharibəsindən bu günədək hələ də 4 minə yaxın Azərbaycan vətəndaşının taleyi məlum deyil. Bu məsələdə də Prezident İlham Əliyev beynəlxalq siyasi arenanın gündəmini dəyişə bildi. Məsələn Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel açıq bəyan etdi ki, məhz humanitar yardım məsələsində Azərbaycana dəstək verəcək. Belə olan halda isə Ermənistan Azərbaycanın istəklərini qərbdən gələn tapşırıqlarla birmənalı olaraq yerinə yetirəcək. Beləliklə, 6 aprel görüşü Azərbaycanın strateji diplomatiyasının növbəti uğuru və postmüharibə reallıqlarının dünyaya qəbul etdirməsidir.

Ermənistanda Brüssel görüşünə etiraz

Brüsseldə Azərbaycan Prezidentinin əldə etdiyi siyasi-diplomatik qələbə isə Ermənistanda narahatlıq yaradıb. Ermənistan Respublika Partiyasının sədri Armen Aşotyan növbəti gün parlament iclasında çıxış edərkən Brüssel bəyanatından narazı olduğunu bildirib. Deyib ki, bəyanatda Qarabağ və onun gələcək statusu, həmçinin, ATƏT-in Minsk qrupu ilə bağlı bir kəlmə belə yoxdur. Ermənistanın hakim partiyasından olan deputat Ayk Koncoryan isə müxalifətdən olan bir qrup deputatın Qarabağa səfər etmək cəhdini təxribat adlandırıb. O, parlamentdəki çıxışında bildirib ki, analoji səfər hakimiyyətə və bütövlükdə xalqa qarşı yönələn təxribatdır. Koncoryan əks-cəbhədəki siyasi qüvvələri təxribatlardan çəkinməyə çağırıb. “Müxalifətdən olan bir qrup deputatın Qarabağa səfəri təxribatdan başqa bir şey deyil. Müxalifət hər vəchlə parlamentin işini iflic etməklə, onun xalq qarşısındakı əhəmiyyətini azaltmağa çalışır. Ola bilsin, onlar bu hərəkətlərlə qarşılarına qoyulan vəzifələrin həll olunduğunu düşünürlər. İndi isə Qarabağa səfər edirlər. Bəlkə bu deputatlar yenidən səngər qazmağa gediblər? Belə əməllər həm Ermənistan hakimiyyətinə, həm də xalqa qarşı yönəlib”, - deyə Ayk Koncoryan bildirib. Görünür, hakimiyyətdə başa düşürlər ki, Ermənistanın maraqlarına, əsassız tələblərinə, iddialarına dair heç bir loyal yanaşma yoxdur. Amma revanşist qüvvələrə də müəyyən cavablar verilməlidir. Odur ki, Baş nazir Nikol Paşinyan müxtəlif açıqlamalarla cəmiyyəti sakitləşdirməyə də çalışır. Ermənistandakı ümumi vəziyyəti analiz etdikdə isə qarşı tərəfin sülh prosesini pozmaq cəhdləri də mümkün görünür. Amma bütün hallarda danışıqların gündəliyini Azərbaycan müəyyənləşdirir. Ermənistan bu gündəliyə nə qədər uyğun davransa, razılaşmalara nə qədər tez və dəqiq əməl etsə, bir o qədər yaxşı olacaq. Bunu, Ermənistandan dünyada yaranmış yeni geosiyasi reallıqlar da tələb edir.

Əvəz Qocayev

AAYDA İdarə Heyətinin sədr müavini, YAP ərazi təşkilatının sədri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR