Dığ təxribatı: Bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür - TƏHLİL

Dığ təxribatı: Bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür - TƏHLİL
# 12 aprel 2023 16:12 (UTC +04:00)

Aprelin 11-də Laçın istiqamətində baş verənlər bir daha göstərdi ki, Ermənistan təxribat niyyətlərindən əl çəkməyib və çəkməyəcək.

Xüsusən Avropa İttifaqının missiyasının gəlişindən sonra Ermənistan rəhbərliyinin, o cümlədən Baş nazir Nikol Paşinyanın ritorikasında dəyişikliklər diqqətdən kənarda qala bilməzdi. Müşahidələr onu deməyə əsas verirdi ki, sülh danışıqlarından və sərhədlərin delimitasiyası prosesindən müxtəlif bəhanələrlə yayınan Ermənistan yeni təxribatlar hazırlayır. Gözlənilən kimi də oldu. Aprelin 11-də Gorus rayonun Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı bölmələrinin təxribatı nəticəsində qısamüddətli döyüşdə hər iki tərəf itki verdi.

Bunun ardınca daha bir gözlənilən hadisə oldu. Ermənistan təxribatçı əməlini həmişə olduğu kimi, Azərbaycanın üstünə atmağa çalışdı, informasiya kirliliyinə baş vurdu. Lakin elə erməni təbliğat maşınının özünün yaydığı ziddiyyətli məlumatlar və görüntülər düşmənçilikdən əl çəkməyən uğursuz qonşunun ifşası üçün yetərli oldu.

Ermənistanın özünə bəraət qazandırmaq məqsədilə verdiyi ziddiyyətli açıqlamalar onların az-çox anlaşıqlı cavab hazırlamaq axtarışında olduqlarını, həmçinin, gözlənilməz nəticələrin çaşqınlıq yaratdığını, nəticə etibarilə planlarının tam pozulduğunu göstərdi.

Erməni təbliğat ruporunun özünü necə ifşa etməsi barədə dünən APA məlumat yaymışdı.

Həmin məlumatda bildirilirdi ki, Ermənistan mediası və sosial şəbəkələrin erməni seqmenti dünənki təxribatla bağlı yaydığı ilk xəbərdə Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyanın Azərbaycan hərbçiləri ilə danışıqlar apardığı yer almışdı.

Bildirilirdi ki, həmin vaxt guya azərbaycanlı hərbçilər danışıqlar üçün gələn erməni hərbçilərə atəş açıblar. Nəticədə atışma baş verib, ölən və yaralananlar olub, Gözəlyan da yaralanıb.

Bundan az sonra isə erməni təbliğat maşını növbəti məlumatı uydurdu.

Erməni mənbələrinin həmin məlumatında isə Azərbaycan hərbçilərinin ermənilərlə danışıqlar aparmaq üçün şərti sərhəddə mühəndis-istehkam işləri aparılan əraziyə gələrək atəş açdığı qeyd olunurdu.

Eyni mənbənin yaydığı iki məlumatın bir-birinə zidd olması onu göstərir ki, Ermənistan mediası yalan tirajlamaqla məşğuldur. Məqsəd baş vermiş təxribata görə məsuliyyəti üzərindən atmaqdır.

Lakin təkcə elə bu ziddiyyətli məlumatlar silahlı toqquşmanın məhz Ermənistan tərəfindən törədildiyini, Azərbaycan Ordusunun isə buna adekvat cavab verdiyini göstərir.

Heç bir şübhə yoxdur ki, aprelin 11-də baş verənlər Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş növbəti təxribatıdır.

Ortaya sual çıxır: Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyan strateji əhəmiyyət kəsb etməyən obyektdə nə gəzir? Cavab sadədir: Xüsusi təyinatlı korpusun komandirinin orada olması aydın şəkildə göstərir ki, təxribat Ermənistanın hərbi rəhbərliyinin bilavasitə tapşırığı ilə törədilib.

Artıq qeyd etdiyimiz kimi, Avropa İttifaqının missiya göndərməsindən vəcdə gələn Ermənistan rəhbərliyi hesab edirdi ki, bu təxribatla Azərbaycanı günahkar qismində göstərmək mümkün olacaq. Ancaq istəyinə nail ola bilmədi, özü pis vəziyyətə düşdü.

Bu yerdə bir faktı da vurğulamaq yerinə düşər ki, Ermənistan Dığ kəndində təxribatı törətdikdən sonra Avropa İttifaqı missiyasını əraziyə cəlb etmək istəyib. Erməni teleqram kanalları yazır ki, Ermənistan Xarici İşlər Nazirliyi dünən hadisə baş verəndən sonra Avropa İttifaqının müşahidə missiyasının komandiri Markus Ritteri Dığ kəndi istiqamətindəki erməni mövqelərinə getməsi üçün uzun müddət dilə tutub. Lakin Ritter bundan imtina edib. Avropa İttifaqı missiyasının alman rəhbəri hətta erməni hərbçilərin müşayiəti ilə kəndi ziyarət etməkdən belə boyun qaçırıb. Bununla da, Ermənistanın Azərbaycanın “təxribatlarını” avropalı müşahidəçilərə yerində göstərmək arzusu ürəyində qalıb. Avropa İttifaqının missiyası ona çox arxalanan İrəvanın xəyallarını suya salıb.

Diqqət çəkən başqa bir məqam odur ki, şərti sərhəddə təxribat danışıqlar prosesində müəyyən pozitiv meyllərin olduğu, hətta gündəlikdə tərəflərin danışıqları davam etdirmək üçün Vaşinqtona dəvət olunacağı barədə xəbərlər yayılan vaxtda baş verdi. Bu, onu göstərir ki, Ermənistan həmişəki kimi, sülh əldə olunmasında, problemin aradan qaldırılmasında deyil, onun daha da dərinləşməsində maraqlıdır.

Avropa İttifaqının missiyasına, hansısa dairələrə arxalanaraq təxribata əl atan Ermənistanın niyyəti baş tutmadı, növbəti dəfə layiqli cavabını aldı. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı, Ermənistan ordusu daha çox itki verdi.

Bu hadisəyə görə bütün məsuliyyət son vaxtlar yersiz və pozucu bəyanatları ilə gündəmi zəbt edən, Azərbaycanın sülh çağırışlarına cavab verməyən, əksinə, düşmənçilik yolunu tutan, revanşist ritorikaya üstünlük verən Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistan hakimiyyəti, nəhayət, anlamalıdır ki, Avropa İttifaqının missiyasına, hansısa ölkələrin və qüvvələrin dəstəyinə arxalanıb öz məqsədlərini gerçəkləşdirəcəyinə ümid etməkdən, ardıcıl təxribatlar yolunu davam etdirməkdənsə, mövcud reallıqlarla barışıb sülh müqaviləsi üzərində işləri davam etdirsə, həm Ermənistan dövləti, həm də erməni xalqı üçün daha yaxşı olar.

İrəvan başa düşməlidir ki, onun arxalanacağı, dil tapacağı, razılaşacağı tək ünvan var - Azərbaycan. Onun ikinci seçimi yoxdur!

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR