Erməni dilemması

Erməni dilemması
# 20 sentyabr 2022 11:54 (UTC +04:00)

Erməni kilsəsi tarixi missiyasına uyğun olaraq, yenə də Azərbaycanla Ermənistan arasında normallaşma və sülh prosesini pozmaq istiqamətində fəaliyyətini davam etdirir. Əsrlərdir, türklərə və azərbaycanlılara qarşı ancaq nifrət, düşmənçilik, soyqırımı ideyalarını yayan, erməni radikalizminin, terrorunun ilhamvericisi olan erməni kilsəsi bu dəfə də sülh prosesinə maneə törətməyin ssenarisini hazırlayır.

Dünən bütün ermənilərin katolikosu II Qaregin Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşüb. Görüşdən sonra yayılan məlumatlara görə, Ermənistanın sabiq prezidentləri, keçmiş separatçı Qarabağ rejiminin sabiq “rəhbərləri”, II Qaregin və Böyük Kilikiya Evinin katolikosu I Aram arasında görüş keçirilməsi nəzərdə tutulur.

3+2+2 formatında keçiriləcək görüşdə yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunacaq.

"Yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunacaq" deyərkən şübhə yoxdur ki, görüşdən çıxacaq yekun nəticə yenə də Azərbaycan və Türkiyə əleyhinə bəyanatlar, sülh prosesinin pozulmasına yönəlmiş revanşist qərarlar olacaq. Bu əminliyi yaradan əsas məqam odur ki, erməni kilsəsi tarix boyu heç vaxt dindaşlarına sülh yolu göstərməyib, sülhə çağırış etməyib. Odur ki, bu dəfə də istisna gözləməyə dəyməz.

Erməni kilsəsi tərəfindən ortaya atılan və qonşu ölkələrin ərazilərinə iddialar üzərində qurulmuş “Böyük Ermənistan” ideyası dünyanın müxtəlif ölkələrində güclü dayaqları olan erməni diasporu tərəfindən də hər zaman dəstəklənməkdədir. Hazırda post-münaqişə dövrünün mühüm komponenti hesab edilən sülh müqaviləsinin hazırlanması prosesi məhz Erməni Apostol Kilsəsi və onun ideyalarının əsas dəstəkçisi olan Erməni diasporu tərəfindən qətiyyətlə rədd edilir. Bununla da, hər iki təsisat regionda sülh və sabitliyin, o cümlədən, Ermənistan dövlətinin varlığını davam etdirdiyi coğrafiyada gələcək inkişafının qarşısını almaqdadır. Son 30 il ərzində məhz kilsə və diasporun maraqları çərçivəsində atılan addımların Ermənistanı siyasi, iqtisadi, hərbi, diplomatik və demoqrafik baxımdan hansı vəziyyətə saldığını xatırlamaq yerinə düşər.

Ermənistan hökuməti keçmişdən nəticə çıxararaq buna son deyəcəkmi?

Ardı var...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR