Erməni terroru səngimir, Ermənistan isə terrorçunu “qəhrəmanlaşdırmağa” davam edir - TƏHLİL

Erməni terroru səngimir, Ermənistan isə terrorçunu “qəhrəmanlaşdırmağa” davam edir - TƏHLİL
# 13 noyabr 2021 18:57 (UTC +04:00)

Bu gün səhər saatlarında Şuşanın yaxınlığında erməni separatçıları növbəti terror aktını həyata keçiriblər. Noyabrın 8-də diversiya cəhdi zamanı məhv edilmiş Martik Eremyanın qardaşı avtomobillə Azərbaycan hərbçilərinin postuna taksidə yaxınlaşıb və partlayıcı atıb. Rusiya sülhməramlıları sözügedən diversantı saxlayaraq, ərazidən uzaqlaşdırıblar. Rəsmi məlumata görə, diversantın əl qumbarası atması nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibov və digərləri (cəmi üç nəfər) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu, qanlı erməni terrorunun növbəti səhifəsidir. Erməni teleqram kanalları artıq adıçəkilən terrorçunu “qəhrəman” elan ediblər. Erməni saytlarında terrorçunun fotoları paylaşılır, onu xilaskar kimi epitetlərlə bəzəyirlər. Bu, erməni ictimai rəyinin terroru idealizə etməsinin bariz nümunəsidir.

Vurğulayaq ki, SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan daim dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirib. Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı, o cümlədən nəqliyyat vasitələrində törədilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilərək, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilib.

Ötən əsrin 90-cı illərin əvvəllərində Ermənistanın rəsmi dairələri "Daşnaksutyun", ASALA, MAQ, "Erməni birliyi", "Erməni Azadlıq cəbhəsi" və digər erməni terror təşkilatları fəallarının reabilitasiyası məqsədi ilə genişmiqyaslı kampaniyaya başlayıb, onlara sığınacaq verməklə yaşayış və fəaliyyətləri üçün şərait yaradıb, müvafiq maliyyə dəstəyi göstəriblər.

Erməni terrorçuları ən müxtəlif vaxtlarda dünyanın ən müxtəlif yerlərində qanlı terrorlara əl atıblar. Məsələn, 1983-cü ilin iyul ayında Parisdə Orli aeroportunda 8 nəfərin ölümü və 60 nəfərin yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş terrorçu Varocyan Qarabedyanın azad olunması üçün Ermənistanda dövlət səviyyəsində imzatoplama kampaniyası keçirib. 2001-ci ilin aprelində Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənistanda rəsmi sığınacaq tapıb.

Məşhur terrorçu, Qərbi Avropada "ASALA-nın inqilabi hərəkatı" adlı qruplaşmasının rəhbəri, 28 noyabr 1985-ci ildə 6 il müddətinə həbs olunmuş Monte Melkonyan 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq Ermənistana gəlib və terror fəaliyyətini davam etdirmək üçün Dağlıq Qarabağa göndərilib. M.Melkonyan Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı erməni terror dəstəsinin komandanı olub. 1993-cü ildə Dağlıq Qarabağda öldürülən terrorçunun İrəvanda dəfn mərasimində rəsmi şəxslər, o cümlədən Ermənistan prezidenti də iştirak edib. Ermənistanın milli qəhrəmanı elan olunmuş bu beynəlxalq terrorçunun adı bir çox cinayətlərdə keçir.

Məşhur terrorçu, “Daşnaksutyun” partiyasının "Dro" terror qrupunun üzvü Qrant Markaryan Dağlıq Qarabağda terrorçu dəstələri yaradanlardan və Ermənistandan gətirilən silahlar vasitəsilə buradakı terrorçu qrupların silahlandırılmasında fəal iştirak edənlərdən biri olub.

1981-ci ildə Parisdə Türkiyə səfirliyinə basqının təşkilatçısı Vazqen Sislyan 1992-ci ildə İrəvandan Xankəndinə göndərilib. Vazgen Sislyan azərbaycanlılara qarşı terror aktlarının keçirilməsində fəal iştiraklarına görə prezident Robert Koçaryan tərəfindən "Qarabağ müharibəsinin qəhrəmanı" adına layiq görülüb.

Qarabağın dinc azərbaycanlı əhalisinin öldürülməsində Ermənistan xüsusi xidmət orqanlarının himayə etdiyi Əbu Əli və Hilbert Minasyan kimi Yaxın Şərq mənşəli terrorçular da fəal iştirak ediblər.

Bundan başqa, Hitler Almaniyası ilə əməkdaşlıq etdiyinə görə sovet hökuməti tərəfindən həbs edilmiş faşist Qaregin Njdeyə İrəvanın mərkəzində abidə qoyulması, həmin vaxt Ermənistanın prezidenti olmuş Serj Sarkisyanın heykəlin açılışında iştirak etməsi və onu “qəhrəman” adlandırması da ermənilərin terrorçu və faşistləri “qəhrəmanlaşdırmasının” aydın təzahürüdür.

Bu yaxınlarda baş vermiş növbəti hadisə də Ermənistanın və Ermənistan hakimiyyətinin terror mahiyyətini çılpaqlığı ilə ortaya qoydu. 1982-ci ildə Türkiyənin Kaliforniyadakı konsulu Kamal Arıkanı qətlə yetirən terrorçu, ASALA üzvü Ambik Sasunyan azadlığa buraxılıb və bu günlərdə Ermənistana gəlib. Ermənistan hakimiyyəti və cəmiyyəti isə bu terrorçunu “qəhrəman” kimi qəbul edib. Budur Ermənistanın əsl üzü, terror siması...

"Erməni terrorizmi" məfhumuna gəldikdə isə, zahirən nə qədər mürəkkəb olsa da, onun təzahürünü izah etmək bir o qədər asandır. Adlarından asılı olmayaraq, bəzi erməni təşkilatları öz proqramlarında terrora qarşıya qoyulan məqsədə çatmaq vasitəsi kimi baxırlar. Üstəlik, onilliklər ərzində erməni terrorizminin qurbanları elə bu təşkilatların üzvlərinin özləri, daha doğrusu, onlardan başqa cür düşünərək, məhz terroru rədd edənlər olublar. Erməni alimlərinin tədqiqatlarında, siyasi liderlərin erməni xalqı üçün dönüş dövrlərindəki çıxışlarında tam bir sıra erməni təşkilatlarının fəaliyyətinin terrorçuluq istiqamətini insana qarşı cinayət kimi tövsif edən fikirlər və məlumatlar var. Açıq döyüşdən qorxan ermənilər terrordan kütləvi vahimə yaratmaq metodu kimi istifadə ediblər.

Dünya terrorçuları arasında ermənilər qəddarlığı ilə seçilib. Hamilə qadınların qarınlarını yaranların, qoca və uşaqların başlarını kəsib, bunu videoya çəkən, kinoteatrları, mülki təyyarələri partladanların, siyasətçiləri və biznesmenləri qətlə yetirənlərin, kilsələri, məscidləri və sinaqoqları yandıranların böyük əksəriyyəti məhz erməni terrorçularıdır.

Dünyanın müxtəlif məntəqələrində qanlı aksiyalar törətmiş erməni terror təşkilatlarının adları hər kəsə bəllidir.

Göründüyü kimi, ermənilər siyasi və hərbi baxımdan məğlub olduqları ölkələrə qarşı terrordan istifadə edirlər. Erməni terrorizmi dünya üçün böyük təhlükədir. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistan hakimiyyətləri terroru hər zaman dövlət səviyyəsində dəstəkləyir.

21-ci əsrdə belə erməni terroru səngimək bilmir. Noyabrın 13-də Şuşa yaxınlığında baş verənlər erməni terrorunun öz çirkin niyyətindən əl çəkmədiyini bir daha göstərir.

Yaşanan son hadisə, eləcə də ermənilərin törədiyi digər terror əməlləri onların təkcə Azərbaycan üçün deyil, region və bütövlükdə dünya üçün necə təhlükə olduğunu düşünməyə əsas verir.

Bütün dünya bunu görməli, anlamalı, beynəlxalq terrorizmin ən qəddar halqası olan erməni terrorizminin məhv edilməsi üçün ciddi addımlar atmalıdır.

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR