Ermənilərin qəbir daşlarından intiqamı - UNESCO niyə “üç meymun”u oynayır? - TƏHLİL - VİDEO

Ermənilərin qəbir daşlarından intiqamı - UNESCO niyə “üç meymun”u oynayır? - TƏHLİL  - VİDEO
# 17 oktyabr 2022 14:29 (UTC +04:00)

Ermənilərin azərbaycanlılara məxsus maddi-mədəni irsi, dini abidələri, müqəddəs məkanları dağıtması və murdarlaması onların köhnə vərdişidir. Öz miflərini bəşər tarixi hesab edən bu xalq bölgədə Azərbaycan tarixi və mədəniyyətinin mövcudluğu faktına dözüm göstərə bilmir. Hər şeyi, hər yeri və hamını erməni hesab edən haylar əllərinə keçən hər fürsətdə öz qonşularının, xüsusilə də azərbaycanlıların maddi-mədəniyyət nümunələrinə qarşı səlib yürüşü elan edirlər.

Bunun sübutu işğaldan azad edilmiş ərazilərdəki acınacaqlı vəziyyətdir. 30 illik işğal dövrü erməni vandalizminin “ən kreativ” mərhələsi olub - azərbaycanlı əkiz bacılara məxsus məzarların arasından səngər salmaq, məscidlərdən tövlə kimi istifadə etmək, qəbir daşlarından pilləkən düzəltmək, minarələri müşahidə məntəqəsinə çevirmək və s.

İşğaldan əvvəl yüz minlərlə azərbaycanlının yaşadığı Qarabağ və Şərqi Zəngəzurun yaşayış evləri, məktəbləri, mədəniyyət mərkəzləri, məscidləri, məzarlıqları ermənilər tərəfindən mədəni genosidə məruz qalıb, dümdüz edilərək taxıl zəmilərinə, minalanmış ərazilərə, poliqonlara, səngərlərə və bunkerlərə çevrilib. Bütün bu faktları bölgəyə gələn xarici diplomatlar, beynəlxalq ekspertlər, vətəndaş cəmiyyəti fəalları, jurnalistlər və ən sadə vətəndaşlar da təsdiqləyirlər. Ermənilərin bölgədəki genişmiqyaslı vandalizmi bir sıra ölkələrin və beynəlxalq təşkilatların hesabatlarında da əks olunur. Məsələn, ABŞ Dövlət Departamentinin bu il dərc etdiyi “Beynəlxalq Din Azadlığı” hesabatında ermənilərin Füzuli rayonunda 19-cu əsrə aid Hacı Ələkbər Məscidinin, İmarət Qərvənd məzarlığı və şəhərin Şəhidlər xiyabanı da daxil olmaqla bütün Ağdam boyunca məzarlıqların murdarlanması, qarət edilməsi və ya dağıdılması kimi faktlar qeyd olunub.

O da vurğulanıb ki, Ağdamdakı Şəhidlər xiyabanını ziyarət edən Qərb diplomatları bir vaxtlar meyitlərin dəfn olunduğu qəbirlərdə dəliklər olduğunu və məzarlıqda yalnız bir qəbir daşının qaldığını, onun isə sındırıldığını bildiriblər. Bundan başqa, Azərbaycanın azad etdiyi ərazilərinin genişmiqyaslı minalanması nəticəsində qəsəbə və kəndlərdəki yüzlərlə dini yerlərin böyük əksəriyyətinə gediş-gəlişin mümkünsüz olması və bu yerlərə dəymiş zərərin miqyasının illərlə qeyri-müəyyən qalmasının mümkünlüyü də həmin hesabatda yer alan məlumatlardandır. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, ermənilərdə azərbaycanlılara məxsus mədəni-tarixi abidələrin dağıdılmasına dair çoxillik “təcrübə” və “ənənə” var. Bu baxımdan salamat qalmış abidələrə diqqət yönəldilməsi, onların mühafizəsinin təşkili müstəsna əhəmiyyət daşıyır. Xüsusilə də müasir Ermənistan ərazisində qalmış və əgər qalıbsa, azərbaycanlılara məxsus tarixi-mədəni abidələrə. Ermənilərin biz azərbaycanlılara qarşı törətdiyi və törədəcəyi vandalizm artıq bizi təəccübləndirmir, lakin hiddətləndirir. Həm də ona görə hiddətləndirir ki, bütün bu faktları görən səlahiyyətli təşkilatlar “üç meymun”u oynamağı seçirlər. Xüsusilə də UNESCO-nun laqeyd münasibəti fonunda ermənilər Azərbaycan xalqının bu bölgədə əsrlər boyu yaratdığı mədəni-tarixi irsi dağıtmaqda davam edir. Son günlər sosial şəbəkələr vasitəsilə yayılan görüntülər də bunu sübut edir. Söhbət Telegram kanallarında paylaşılan və ermənilərin yük maşını ilə məzar daşlarını dağıtmasını əks etdirən görüntülərdən gedir. Bu vandalizmin harada törədilməsi ilə bağlı videoda məlumat verilmir. Lakin geolokasiya zamanı oranın Basarkeçər ərazisindəki azərbaycanlı qəbiristanlığı olduğu bildirilir. Ümumiyyətlə hadisənin harada baş verməsindən asılı olmayaraq, onun vandalizm aktı, azərbaycanlıların maddi-mədəni irsinə qarşı növbəti vəhşilik olduğu aydındır. Görüntülərdən də məlum olur ki, hadisəni törədənlər ermənilərdir və onlar məzarlığı barbarcasına məhv edirlər. Sosial şəbəkələr ermənilərin döyüş meydanında qeybə çəkilən “qəhrəmanlığı”nın bir daha azərbaycanlılara məxsus müdafiəsiz abidələrə qarşı yönəldiyini ifşa edir. Hər bir halda ermənilərin azərbaycanlılara məxsus məzarlıqları dağıtması birmənalı olaraq tarixi təhrif edərək azərbaycanlıların izini silmək cəhdidir. Necə ki, onlar bir zamanlar Şuşadakı Yuxarı Gövhər ağa məscidini fars məscidi adı altında “təmir” edirdilər. Baş verən bu vandalizm bir daha rəsmi Bakının Ermənistan ərazisindəki azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin taleyinin UNESCO tərəfindən araşdırılması üçün missiyanın yaradılması təklifinin aktuallığını göstərir. UNESCO 1954-cü il Haaqa Konvensiyasının şərtlərinin ermənilər tərəfindən kobudcasına pozulmasına göz yumduqca, azərbaycanlılara məxsus dağılan abidələrin, məzarlıqların, məscidlərin sayı artır.

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR