Ermənistana çörək lazımdır! - TƏHLİL

İrəvan şəhəri

© APA | İrəvan şəhəri

# 07 iyun 2022 16:55 (UTC +04:00)

“Xoş əyyamlar” üçün göz yaşı töküb Bakı və Ankaraya arxa çevirmək olmaz

Ermənistanın ictimai-siyasi fikri indi bir məsələdə həmrəydir ki, Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələri dərhal yoluna qoymaq lazımdır. Hətta bunun əksini düşünənlərin ağlını itirdiyinə dair cəmiyyətdə ümumi rəy var. İkinci Qarabağ müharibəsindən sonra yaranan reallıq fonunda bu rəy indi daha məntiqli təsir bağışlayır. Onlar düşünür ki, 90-cı illərin əvvəlindən öz fəaliyyətini dayandıran nəqliyyat kommunikasiyalarının açılması ölkənin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında yeganə çıxış yoludur. Bunun baş verməsi təbii ki, həm də Ermənistan hakimiyyətinə lazımdır. Çünki son dörd ildə ölkə üçün faktiki heç nə etməyən bir hakimiyyətin Azərbaycan və Türkiyənin təklif etdiyi əməkdaşlıq təklifindən yararlanıb sosial-iqtisadi sıxıntılar içərisində çapalayan cəmiyyətin özünəinamını bərpa etməsi həm də onun öz nüfuzuna təsirsiz ötüşməyəcək. Ona görə də müxalifətin Zəngəzur dəhlizinin açılması ilə Ermənistanın milli maraqlarının satılmasını eyniləşdirməsi cəhdləri artıq maraqsız mövzuya çevrilib.

Bir neçə gün öncə Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərindən ibarət işçi qrupunun növbəti iclasının yekunlarına dair Rusiya hökumətinin rəsmi saytında yer alan xəbərdə deyilirdi ki, “tərəflər sərhəd, gömrük və digər nəzarət mexanizmləri, həmçinin Azərbaycan və Ermənistan ərazilərindən keçən yollarda hərəkət edəcək vətəndaşların və yüklərin təhlükəsizliyi barədə müzakirələr apararaq mövqelərini yaxınlaşdırıblar”. Bundan başqa, nazir müavinləri Ermənistan ərazisindən keçməklə Azərbaycanın Qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək avtomobil yollarının da mümkün istiqamətləri barədə müzakirə aparıblar. Son günlərdə İrəvan küçələrini mitinqlər poliqonuna çevirməyə cəhd edən müxalifətin bu görüşü cəmiyyətə əldə qalan rıçaqların da itirilməsi kimi sırımaq cəhdləri uğursuz oldu. İkinci Qarabağ müharibəsində böyük itkilər verən erməni cəmiyyəti bir daha müharibə yox, dolanışıq və yaxşı həyat standartı arzuladığını öz susqunluğu ilə təsdiqlədi.

Müxalifətin sabiq müdafiə naziri David Tonoyanın işi üzrə məhkəmənin açıq keçirilməsinə dair təzyiqləri belə heç kimin vecinə olmadı. Çünki istintaq müttəhimləri yararsız təyyarə raketlərinin alınmasında və 4,6 milyon dolların mənimsənilməsində ittiham edir. Cəmiyyət daha oğru-korrupsioner çinovniklərə inanmır, onların məhkəmədəki məzlum görüntüsü də heç kimdə təəssüf hissi doğurmur. Deməli, müxalifətin sabiqlərin məhkəmələrdə hakimiyyət əleyhinə verdiyi ifadələrdən cəmiyyəti ilhamlandırmaq cəhdləri də baş tutmadı. Axı müxalifətin xalq qarşısında heç bir məsuliyyəti yoxdur və müxalifətdə olarkən bütün günahları iqtidarın üstünə atmaq da bir o qədər çətin məsələ deyil.

İndi ermənilər Paşinyan hökumətinin Ermənistanı 30 il davam edən blokada şəraitindən çıxarması ilə bağlı sürprizləri səbirsizliklə gözləyir. Əsas diqqət Türkiyə ilə sərhədlərin açılacağı təqdirdə baş verəcək tərəqqiyə yönəlib. Diplomatik münasibətlərin olmamasından ən çox əziyyət çəkən erməni sahibkarlardır. Ona görə ki, son 30 ildə erməni şirkətləri türk biznesi ilə vasitəçilərin köməyi ilə əlaqə qurub. Onlar müxalifətin sülhün qəbuledilməzliyi və qonşu ölkələrlə ticarət əlaqələrinin qurulması barədə bəyanatlarını yersiz hesab edir və deyirlər ki, artıq yalançı vətənpərvər bəyanatlar, bayraqların yandırılması, bir-birini təkrarlayan hay-küy 2020-ci ilin payızındakı kimi parlaq təəssürat bağışlamır.

İndi Avropa İttifaqı da, Rusiya da Ermənistan-Türkiyə-Azərbaycan münasibətlərinin normallaşmasının əsas tərəfdarları kimi çıxış edir. Bu, o deməkdir ki, onlar Ermənistanın düşdüyü vəziyyəti daha yaxşı görür və getdikcə dərinləşən böhrandan çıxış yolunun yalnız iki qonşu ilə iqtisadi əlaqələrin qurulmasından keçdiyini bilir. Bunu son Brüssel görüşünün nəticələri də təsdiqlədi. Ermənistan tərəfi dövlət sərhədlərinin delimitasiyası və demarkasiyasına razılıq verdi, nəqliyyat kommunikasiyaların açılması istiqamətində işlərə başladı. İndi sadə erməni sahibkarlar da deyir ki, Ermənistana o zaman hörmət edəcəklər ki, onun güclü Ümumi Daxili Məhsulu olsun. Bir də son günlərdə erməni iqtisadi dairələrində gəlinən əsas qənaət ondan ibarətdir ki, Rusiya və digər dövlətlər təkcə qonşularla problemlər olanda nəzərə alınmamalıdır. Deməli, problemləri hər kəslə əməkdaşlıq sayəsində həll etmək mümkündür.

Paşinyanın hakimiyyətdə olduğu dövrdə Qərblə inamlı münasibətlər qura bilmək arzusu ona baha başa gəldi, Ermənistanın Rusiya ilə münasibətləri kəskinləşdi, lakin köhnə müttəfiqlər bunu o qədər də açıb-ağartmadılar. İndi Moskva da, Brüssel də həm gələcək sülh sazişi, həm də sərhədlərin delimitasiyası baxımından İrəvandan çox Bakıya və Ankaraya baxır. Ona görə də Ermənistan hakimiyyəti sərhədlərin tənzimlənməsindən tutmuş qonşularla iqtisadi-nəqliyyat əlaqələrinin qurumasına qədər hər bir məsələdə riskləri düzgün qiymətləndirməlidir. Artıq 2020-ci ilin sentyabrından əvvəlki “xoş əyyamlar” üçün göz yaşı tökməyin heç bir mənası yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR