Formula 1 daha 3 il Azərbaycanda: Ermənilərin səyləri nəticəsiz, təsir imkanları sıfırdır

Formula 1 daha 3 il Azərbaycanda: Ermənilərin səyləri nəticəsiz, təsir imkanları sıfırdır
# 01 may 2023 18:52 (UTC +04:00)

Ötən gün Azərbaycan dünyanın ən prestijli oyunlarından olan Formula 1 yarışına ev sahibliyini uğurla başa vurdu. Azərbaycan Qran Prisi dünyanın 100-dən çox ölkəsindən sürət həvəskarlarını növbəti dəfə Bakıda bir araya gətirdi. Bütün biletlərin satıldığı Bakı Şəhəri Halqası boyunca 30 minə yaxın insan tribunalardan dünyanın ən sürətli avtomobillərini və pilotlarını izlədilər. Yarışı işıqlandıran təxminən 250 yerli və beynəlxalq media yüz milyonlarla tamaşaçıya Bakıdan xəbərləri çatdırdılar.

Bu mövsüm də Formula 1 yarışının yüksək səviyyədə təşkil edilməsi Azərbaycanın sanballı beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanlarını dünyaya nümayiş etdirdi. Yarışın yekununda isə həftənin əsas xəbəri - Formula 1 yarışlarının növbəti 3 il müddətində Azərbaycanda keçirilməsinə dair razılığın əldə edildiyi bəyan edildi.

Bəs Formula 1 yarışına ev sahibliyi etmək Azərbaycan üçün nə anlama gəlir? Nə üçün Azərbaycan, eləcə də digər ölkələr bu yarışa ev sahibliyi etmək üçün hər il milyonlarla dollar xərcləmək zərurəti hiss edir?

Əslində, Formula 1 yarışı üçün xərclənən vəsait, ayrılan vaxt yaxın və uzaq müddətli məqsədlərə hədəflənmiş investisiyadır.

Formula 1 sadəcə səs-küylü avtomobillərin yarışı deyil, bu, dünyanın çox fərqli ölkələrindən milyonlarla fanatı bir araya gətirən innovasiya, yüksək texnologiyalar, fərdi cəsarət, komanda mükəmməlliyi yarışıdır. Təsadüfi deyil ki, ötən əsrin ortalarından keçirilən “Qrand pri”lər zamanı komandalar tərəfindən davamlı olaraq yeni rekordlar qırılır.

İlk dəfə 2-ci Dünya Müharibəsindən 1 il sonra keçirilən Formula 1 yarışı eyni zamanda qlobal birliyi simvolizə edir. Bu baxımdan belə yarışa ev sahibliyi etmək ev sahibi ölkə üçün hər şeydən əvvəl prestijdir və onun beynəlxalq reputasiyasının daha da gücləndirilməsinə xidmət edir.

Yarışlara ev sabibliyi etməyin daha bir üstünlüyü isə onun yaratdığı maddi gəlirləridir. Bu gəlirləri iki kateqoriyaya ayırmaq olar: yarışlar zamanı əldə edilmiş birbaşa gəlirlər (turizm, nəqliyyat, hotel və restoranlar) və yarışlardan sonra əldə ediləcək potensial, dolayı gəlirlər.

Bakıda 3 gün davam edən 2023 Azərbaycan Qran Prisini izləmək üçün ölkəyə təxminən 15 min turistin gəldiyi bildirilir. Qısa müddətdə bu qədər əcnəbinin Azərbaycana gəlməsi hər dəfə ölkə turizmi üçün ilin fürsətinə çevrilir.

Nəzərə alsaq ki, Formula 1 eyni zamanda dünyanın ən bahalı yarışlarıdır, bilet qiymətləri də digər yarışlarla müqayisədə dəfələrlə yüksəkdir, deməli, ölkəyə gələn turistlər, əsasən, bahalı seqmentə daxil olan əcnəbilərdir. Bir çoxu yarışdan günlər öncə gələn bu əcnəbi turistlər Bakı ilə yanaşı, regionlara da səfər edərək hotel və restoranlarda, turizm, əyləncə və ticarət mərkəzlərində müxtəlif xidmətlərə xərclədikləri vəsaitlərlə iş yerlərinin saxlanılmasına, ölkəyə xarici valyuta axınına töhfə verirlər.

Maddi gəlirlərlə bağlı ikinci məqam isə yarışa ev sahibliyinin həm də gələcək gəlirləri təşviq etməsi ilə bağlıdır. Belə ki, bu yarış həm də ev sahibi ölkəyə öz mədəniyyətini, qonaqpərvərliyini, turizm potensialını, eləcə də təşkilatçılıq bacarıqlarını vitrinə çıxarmaq fürsəti verir. Yarışları canlı izləyən milyonlarla tamaşaçı Azərbaycan haqqında öyrənir, araşdırır və potensial turistlərə çevrilirlər. Bu məqamda vurğulamaq lazımdır ki, Formula 1 yarışının beynəlxalq auditoriyasının təxminən 500 milyon nəfər olduğu təxmin edilir.

Azərbaycan Qran Prisinin günlərlə beynəlxalq medianın gündəmində qalması, əslində, Azərbaycanın öz bacarıq və imkanları ilə gündəmdə qalması anlamına gəlir.

Bundan başqa, ölkəyə gələrək mədəniyyətimiz, kulinariyamız, memarlığımızla yaxından tanış olan əcnəbilər ölkələrinə qayıtdıqdan sonra Azərbaycanın xaricdə təbliğatını aparır, yeni turistlərin Azərbaycanı ziyarət etməyə təşviq edirlər.

Bu cür genişmiqyaslı və təşkilati anlamda olduqca mürəkkəb beynəlxalq tədbirin tam təhlükəsiz və yüksək səviyyədə təşkil edilməsi Azərbaycanın imicini gücləndirir, onun gələcəkdə də bu kimi tədbirlərə ev sahibliyi iqtidarında olduğunu sübut edir, dolayısı ilə gəlirlərini daha da artırmaq fürsəti verir.

Təbii olaraq bütün bunlara bir çoxları tərəfindən qısqanclıqla yanaşılır, xüsusilə də təşkil etdiyi beynəlxalq yarışlarda qalmaqalları ilə gündəmə gələn ölkələr tərəfindən. Məsələn, Ermənistan. İrəvan beynəlxalq ictimaiyyətə çağırışları ilə bu il Azərbaycanda Formula 1 yarışının keçirilməsinə rəsmi səviyyədə mane olmağa çalışıb. Amerika Erməni Milli Komitəsi (ANCA) isə məktub yazaraq Bakı Qran Prisinin ləğvini tələb edib. Əslində, bütün bunlar Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağına qarşı yol verdiyi təhqiramiz hərəkətinə görə dünya ictimaiyyətinin, xüsusilə də idman camiəsinin qınağına tuş gələn, beynəlxalq yarışları hər zaman siyasiləşdirən Ermənistanın Bakıya qarşı qısqanclığının təzahürüdür.

Bu müraciətlər fonunda Formula 1 Azərbaycan Qran Prisinin vaxtının daha 3 il uzadılması haqqında müqavilənin imzalanması ermənilərin səylərinin nəticəsiz qaldığını və onların Azərbaycanla bağlı təsir imkanlarının olmadığını bir daha sübut etdi.

Bu, həm də ona görədir ki, Azərbaycan geosiyasi küləyin sağa-sola dığırladığı Ermənistandan fərqli olaraq, qeyri-müəyyən hədəflərə yönələn ölkə deyil, onun konkret vizyonu və yolu var.

Xülasə, siyasətdən iqtisadiyyata, mədəniyyətdən idmana və digər sahələrə qədər son illərdə əldə edilən nailiyyətlər də bir daha sübut etdi ki, ölkədə qərar qəbulu mexanizmi ətraflı planlamaya, araşdırma və təcrübəyə, uzunmüddətli hesablamalara söykənir.

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR