İran Azərbaycanın Zəfərini, nüfuzunun artmasını niyə həzm edə bilmir? - TƏHLİL - VİDEO

Tehran şəhəri

© APA | Tehran şəhəri

# 26 avqust 2022 18:31 (UTC +04:00)

Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsindən bəri yolu hamar olmayıb. Ermənistanla uzun illər davam edən münaqişə öz yerində, bir yandan da İran ölkəmizə qarşı daim destruktiv mövqe, soyuq münasibət ortaya qoyub.

Bu soyuqluğu doğuran əsas faktor isə İranın Azərbaycan dövlətinə qarşı əsassız iddialarıdır. Halbuki, məhz tarixi, dini və mədəni bağları olan iki ölkə qarşılıqlı hörmət və ehtirama əsaslanan münasibətlər qura bilərdi.

Amma İran səmimi dostluq və mehriban qonşuluq siyasətini deyil, rəsmi Bakıya qarşı qısqanclıq, qərəz və bəzi hallarda açıq təxribat yolunu seçdi.

Bunu hələ Birinci Qarabağ Müharibəsinin gedişində görmək mümkün idi. Azərbaycanla dini həmrəylik nümayiş etdirmək əvəzinə, İslam Respublikası işğalçı Ermənistanla 35 kilometrlik sərhəd xəttini nəinki bağladı, işğalçıya iqtisadi və hərbi dəstək verdi. Bu azmış kimi, 1994-cü ildə imzalanmış müvəqqəti atəşkəsdən sonra Azərbaycanın işğal altındakı ərazilərinin talanmasında rol oynadı. Məsələnin ən acı və İran adına utancverici məqamı isə İslam dini və şiə təriqətinin müdafiəçisi kimi çıxış edən bu ölkənin Qarabağdakı məscidlərin viran edilməsi, dağıdılması, tövlə kimi istifadə olunmasına və s. vandalizm aktlarına göz yuması idi.

Bu da azmış kimi, 2019-cu ilin iyununda "Part Saman Jahan Co" adlı İran şirkəti Şuşadakı tarixi Yuxarı Gövhər Ağa məscidinin təmir işlərinə cəlb edildi. Daha sonra bu məscid İran məscidi kimi təqdim olunmağa başladı. Rəsmi Tehran Qarabağdakı məscidlərin dağıdılmasına, murdarlanmasına nəinki səsini çıxarırdı, əksinə, Ermənistanın bölgədəki məscidləri “fars məscidləri” kimi təqdim etməsinə məmnunluqla başını yelləyirdi.

İranın hər vəchlə reklam etdiyi dini həmrəylik şüarları reallıqda bunun tam əksini göstərirdi. İslam Respublikasının qeyri-səmimiliyi özünü 44 günlük Vətən Müharibəsinin gedişində və bundan sonra da biruzə verdi. Müharibə zamanı İrandan Ermənistana silah-sursat daşıyan hərbi karvanlar, ölkənin Ermənistana hərbi yüklərin daşınması üçün hava məkanını bağlamaması və s. faktlar İranın münaqişədə kimin tərəfində olmasının bariz nümunəsi idi. İran anti-Azərbaycan əməllərini müharibədən sonra da davam etdirdi. Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərə yükdaşımalar həyata keçirir, Qarabağdakı separatçı tör-töküntülərinə hər cür dəstək verirdi. Yalnız Azərbaycan dövlətinin müdaxiləsindən və qətiyyətindən sonra ifşa olunaraq çətin vəziyyətə düşən Tehran rejimi bu əməlindən geri çəkilməli oldu.

Sözdə və əməldə fərqli davranan İranın qeyri-səmimi davranışı isə bir neçə gün öncə yayılan səs yazısı ilə bir daha ifşa olundu.

İran XİN-də çalışmış və dini rəhbərliyə yaxın olduğu bildirilən Əbülfəzl Zühdüvənd adlı diplomat yayılan səs yazısında Zəngəzurla bağlı narahatlığını dilə gətirərək, İranın heç vaxt Türkiyə ilə müttəfiqi olmayacağını, Azərbaycanın qorxunc bir fenomen və İran üçün təhdid olduğunu, Naxçıvanın, Azərbaycanın İrana aid olduğunu iddia edir. O, erməniləri İranın təbii müttəfiqi adlandırır və Azərbaycanı İran üçün xərçəng hüceyrəsi kimi qiymətləndirir.

Göründüyü kimi, Zühdüvənd İranın hakim dini və siyasi elitasının bir hissəsinin Azərbaycan və Türkiyəyə olan əsl münasibətini, Ermənistanla bağlı rəsmi Tehranın qayğılarını dilə gətirir. Belə aydın olur ki, Türkiyənin artıq legitimləşmiş regional və gələcəkdə qlobal güc mərkəzinə çevrilməsi perspektivi İranı narahat edir. Azərbaycanla Türkiyəni, eləcə də daha geniş anlamda bütün Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin açılışı isə Tehranın yuxusunu ərşə çəkən kabusa çevrilib.

Təsadüfi deyil ki, İran Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra Zəngəzur dəhlizi ilə bağlı müxtəlif rəsmi səviyyələrdə dəfələrlə açıqlamalar, bəyanatlar verib, region ölkələrinin ərazi bütövlüyünün, İran-Ermənistan sərhədinin toxunulmazlığına vurğu edib. Amma maraqlıdır ki, İranın qonşu ölkələrin ərazi bütövlüyü prinsipinə həssaslığı 2020-ci ilin noyabrından sonra, həm də yalnız Ermənistana münasibətdə özünü qabarıq biruzə verməyə başladı. Regionda 30 ildən artıq müddət ərzində Azərbaycan ərazilərinin işğal altında olduğu dövrdə İran rəsmiləri ərazi bütövlüyü, İran-Azərbaycan sərhədlərinin 132 kilometrlik hissəsinin nəzarətdən çıxması məsələsində səslərini çıxarmırdılar.

Əksinə, 1990-cı illərdən bəri bir hissəsi Azərbaycanın suveren ərazisindən keçən Gorus-Qafan yolu ilə Ermənistana yük maşınları ilə fərqli təyinatlı məhsullar daşıyırdılar.

Əslində, İran Azərbaycan dövlətinə qarşı nifrətini, kinini heç gizli saxlamır da. İranın dövlət televiziyasından tutmuş digər mətbuat orqanlarına qədər bütün media quruluşları Azərbaycana əleyhinə sistemli kampaniya aparır.

İran təkcə Azərbaycan dövlətinə qarşı deyil, öz vətəndaşları olan azərbaycanlılara qarşı da qeyri-insani rəftar edir. İranda yaşayan ermənilərin və azərbaycanlıların vəziyyətinə diqqət yetirsək, görərik ki, azsaylı ermənilər Tehranın hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar, mədəniyyət mərkəzləri, məktəbləri, biznesləri, mediaları ən yüksək səviyyədə fəaliyyət göstərir. 35-40 milyon azərbaycanlının isə bir məktəbi, qəzeti belə yoxdur. Haqqını tələb edən azərbaycanlılar din düşməni, sionizmin tərəfdarı elan edilir, işgəncələrə, həbslərə məruz qalır. Sanki Azərbaycan dövlətinin heyfini fars rejimi soydaşlarımızdan çıxır. İran həbsxanalarında azərbaycanlı siyasi məhbusların dözülməz işgəncələrə məruz qalması, öldürülməsi faktları beynəlxalq hüquq-müdafiə təşkilatlarının hesabatlarında dəfələrlə əksini tapıb.

Bu gün İran Azərbaycanla bağlı əsassız olaraq bəzi narahatlıqlarını dilə gətirir. Halbuki Azərbaycandan İrana qarşı heç bir təhdid və ya təhlükə yoxdur. Hətta İran sanksiyalara məruz qalanda belə Azərbaycan rəhbərliyi bu prosesdə iştirak etməyəcəyini açıq şəkildə bəyan edib, bu ölkə ilə əlaqələrinə heç bir məhdudiyyət tətbiq etməyib.

Azərbaycan daim İrana qarşı səbirlə davranıb, cənubdan gələn təhlükələrə, hədələrə, bəyanatlara təmkinlə yanaşıb. Lakin görünən budur ki, Azərbaycan susduqca İran daha da irəli gedir, qonşuya, dövlətə yaraşmayan dilə, əmələ keçir.

Odur ki, Azərbaycanın da narahatlıqlarını İrana çatdırmasının vaxtı çatıb. Ən əsas narahatlıq isə İranda yaşayan 34-40 milyon soydaşımızın taleyidir. Unudulmamalıdır ki, uzun əsrlər İran dövlətini məhz azərbaycanlılar idarə edib, bu dövlətin mövcudluğunu qoruyub saxlayıb, onu inkişaf etdiriblər. Bu gün tarixi Azərbaycan torpaqları İranın tərkibindədir, orada yaşayan milyonlarla soydaşımız fars şovinizminin qəddarlığı altında mövcudluğunu qoruyub saxlamaq məcburiyyətindədir. Tehranın bütün təzyiqlərinə və təhdidlərinə baxmayaraq, onlar mübarizələrini bu gün də davam etdirirlər. Azərbaycanın qədim paytaxtı Təbriz şəhəri İranda bütün inqilabların beşiyi olub, Səttarxan hərəkatı, Xiyabani, Peşəvari hökuməti yaddan çıxmamalıdır. Bu gün Azərbaycan dövlətinə qarşı düşmən mövqe tutan, öz ərazisində yaşayan azərbaycanlıları əzən fars rejimi yeni inqilab dalğasının başlaya biləcəyini diqqətdən qaçırmamalıdır. Azərbaycanlıların milli ruhunun oyaq olduğunu Təbrizin “Traktor” komandasının oyunlarında azarkeşlər açıq göstərirlər.

İran, nəhayət, anlamadır ki, öz tarixi torpaqlarında yaşayan 35-40 milyon Azərbaycan türkünün hüquqlarını təmin etmək, onların ana dilində təhsil almasına, dövlət orqanlarında təmsilçiliyini genişləndirməsinə şərait yaratmaq və bölgənin iqtisadi dirçəlişinə çalışmaq yerinə, rəsmi Bakıya qarşı yürütdüyü təxribatçı və düşmənçi siyasət onun öz maraqlarına ziddir.

Artıq regionun əsas oyunçularından birinə çevrilmiş Azərbaycan İranın qeyri-səmimi siyasətini görür və buna qarşı həmişə ehtiyat planları mövcuddur.

Tehranın bu əməlləri qarşısında artıq yeni reallığın ortaya çıxması zərurəti yaranıb. Bu reallıq Yaxın Şərqin xəritəsinin dəyişməsi, Cənubi Azərbaycanın müstəqilliyidir.

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR