MDB kürsüsündən səslənən həqiqətlər: İran və Ermənistan necə ifşa olunur? - TƏHLİL

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 15 oktyabr 2021 19:07 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının video-konfrans formatında keçirilən iclasında çıxışı bir çox məqamlarla yadda qaldı.

Qalib ölkənin Prezidenti İlham Əliyev çıxışında müharibədən sonra yaranmış vəziyyət və regionun gələcəyi ilə bağlı məsələlərə toxundu.

MDB ölkələri də anlayır ki, artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qalıb, Vətən müharibəsində qalib gəlmiş Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.

Bu gün Azərbaycanın qarşısında duran əsas məsələ minadan təmizləmə və dağıdılmış infrastrukturun bərpası və yenidən qurulmasıdır. Prezident isə konfransdakı çıxışında vurğuladı ki, Ermənistan minalanmış sahələrin tam xəritələrini verməkdən imtina edir: ”Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir. İşğaldan azad edilmiş ərazilərdə otuz il ərzində demək olar ki, bütün binalar, tarixi abidələr məhv edilib. Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb”.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə 150-dən çox Azərbaycan vətəndaşı minaya düşərək həlak olub. Dövlət başçısı bu faktı diqqətə çatdırmaqla, Ermənistanın yeritdiyi anti-insani siyasəti bir daha ifşa etmiş oldu.

Azərbaycan Prezidentinin çıxışında ən diqqətçəkən məqam işğal altındakı torpaqların talan edilməsi, qanunsuz istifadəsi, Avropaya narkotik daşınması məsələsində İran-Ermənistan əməkdaşlığı ilə bağlı oldu.

Prezident Əliyev vurğuladı ki, işğal edilmiş ərazilərdə evlər və binalar kərpic-kərpic sökülüb, Ermənistana və İrana satılıb. “Təbiətə də böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Ölkə lideri işğal dövründə bütün maddi sərvətlərin talan olunması, meşələrin kəsilərək İrana satılması, təbii resursların qarət edilməsinə diqqət çəkib.

Qeyd edək ki, İranın Ermənistana yardım etməsini baş nazir Paşinyan da bu yaxınlarda etiraf edərək bildirmişdi ki, İrəvanın Tehrana minnətdarlıq borcu var: “İranla münasibətlərimiz və ittifaqımız bizim üçün çox önəmlidir. 90-cı illərdə çox çətin vəziyyətdə idik. İran bizə kömək etməsəydi, Azərbaycana məğlub ola bilərdik. Bu yaxşılığı unutmaq olmaz. İrana minnətdarıq!”

Xatırladaq ki, İran şirkətlərinin Qarabağda fəaliyyəti sirr deyil və bu haqda açıq mənbələrdə yetərincə məlumat var. Misal üçün, 2016-cı ildə Qarabağdakı separatçı-terrorçu rejimə böyük miqdarda maliyyə yardımı edən şirkət İranın “İran Mellat Bankı”nın İrəvan filialı idi. Əslində, mexanizm sadə idi. İran Qərb sanksiyalarını zəiflətmək, çirkli pullarını yumaq üçün Azərbaycanın işğal edilmiş ərazilərindən platsdarm kimi istifadə edirdi. Bu fakt Dünya Bankının hesabatlarında da əksini tapır. İşğal dövründə Qarabağda fəaliyyət göstərən, əməliyyatlar həyata keçirən İran bankları çox olub. Məsələn, “Banke Melli İran”, “İran İslam Bankı”, “Keşavarazi Bankı”, “Ənsar Bank”, “Ayəndəh Bank”, “Banke Hekmətİranian”, “Banke Mellət”, “Banke Keshvəravazi”, “Banke Xalifəthijəmalad”, “Banke Saderat”, “Banke Sepah”, “Banke Tejaret”, “Banke Ghavamin”, “Banke Parsian”, “Banke Qharzolhasaneh Mehr”, “Banke Refah”, “Banke Pasargad”, “Banke Saman ATM”, “Banke Samen”, “Banke Sina”, “Banke Maskan”, “Banke Post”, “Banke Egthesade Novin”, “Banke Eqtesad Novin”, “Banke Touse Saderat”... Göründüyü kimi, separatçı rejimi, dolayısı yolla Ermənistanı məhz İran xilas edib, İran dolandırıb. Qarabağa sərmayə yatıran İran şirkətlərinin də adı məlumdur. “Mona Qrup”, “Kankar”, “Şərifli”, “Süleymani”, “Arya Filiz Nab”, “Araz Mühacir Ticarət”, Aftab”, “Arazfud”, “Nüsrəti”, “Pəyan-e Saderat”, “Vasif”, “Firuznejat” və onlarla digər İran şirkətləri vasitəsilə Tehran Qarabağa sərmayə qoyub, Azərbaycan sərvətlərini talamaqda ermənilərlə birgə fəaliyyət göstərib.

Şuşada Yuxarı Gövhər Ağa məscidinin “təmiri” də Tehran-İrəvan əməkdaşlığın bariz nümunələrindən biridir. Məscidin bərpası 2014-cü ildə İranın “Part Saman Cahan” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin rəhbəri Səid Nəhavəndinin Ermənistanda memarlıq üzrə təhsil alması burada diqqətçəkən detallardan biridir. Məscidin bərpası İranın Şərq Tarixi İrsinin Dirçəlişi Fondunun təşəbbüsü ilə həyata keçirilib, daha sonra fondun nümayəndələrinin iştirakı ilə açılışı da edilib.

Keçmiş separatçı rejimin “mədəniyyət naziri” Lernik Avanesyan açılış mərasimində çıxışı zamanı etiraf edirdi ki, “Qarabağdakı bir çox erməni məbədinin bərpası İran dövləti tərəfindən bərpa edilir”.

Adını İslam dövləti qoyan İranın İslama yaraşmayan bu əməlini Azərbaycan Prezidenti MDB dövlət başçılarını da diqqətinə çatdırdı. Ölkə başçısı bəyan etdi ki, “Ermənistan Şuşa şəhərində işğala qədər mövcud olan 17 məscidin 16-sını dağıdıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin yardımı ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib”.

Prezident Əliyev çıxışında açıq bəyan edib ki, Azərbaycan ərazilərini azad etməklə Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb: “Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. Mən işğal illərində dəfələrlə bəyan etmişdim ki, işğal olunmuş ərazilərdən narkotrafik məqsədilə və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. Bu gün bu, sübut edilmiş faktdır”.

İranın ölkəmizdə qurduğu narkotik toru 44 günlük savaş nəticəsində dağıdıldı. İran Azərbaycan xalqını ölüm kürsüsünə daşıyırdı. Torpaqlarımızın azad edilməsi ilə İranın bu fəaliyyətinin də qarşısı alındı. İran narkotik vasitələrdən əldə etdiyi gəlirlərlə Suriyada və İraqda terrorçuları maliyyələşdirir. Onların silah-sursat, ərzaq və s. xərclərini ödəyir. Həmçinin, muzdlu şəxslərin maliyyəsi də bu yolla ödənilir. Bundan başqa, İran narkotikdən əldə etdiyi gəlirlərlə Qarabağdakı erməni terrorçularına da yardımlar edib. Göründüyü kimi, Azərbaycan təkcə öz torpaqlarını işğaldan azad etməyib, həm də İranın bütün xalqlar üçün təhlükəyə çevrilən böyük bir narkotik “biznesi”ni məhv edib. İran Ermənistan vasitəsilə müxtəlif ölkələrə narkotik maddələr göndərməklə terrorçu rejimin də maraqlarını qorumaq iqtidarında olub. Ancaq bütün bunlar 44 gün ərzində tamamilə alt-üst edildi.

Tehran xoş olmayan siyasətini ört-basdır etmək üçün Bakını İsrail ilə sıx əlaqədə ittiham edir. Lakin Prezident Əliyevin də vurğuladığı kimi, Azərbaycan öz ərazisindən heç bir zaman qonşu ölkələrə qarşı hər hansı bir dövlətin istifadə etməsinə şərait yaratmayıb. Hazırda İranı narahat edən Azərbaycan-İsrail münasibətləri isə İrana qarşı yönəlməyib. Bu münasibətlər sadəcə qarşılıqlı iqtisadi maraqları ehtiva edir.

İranın Ermənistana qarşı mövqeyi isə təkcə indi deyil, hər zaman təəccüb, narahatlıq və təəssüf doğurub. Necə ola bilir ki, Azərbaycan, Pakistan və Türkiyə kimi müsəlman dövlətlər eyni cinahda həmrəy olduğu bir vaxtda, “islamçı” İran Ermənistanla eyni mövqedə birləşib Azərbaycana təzyiq göstərmək üçün müxtəlif yollara əl atır, 30 ildə ilk dəfə sərhəddə hərbi təlimlər keçirir? Bu fakt onu deməyə tam əsas verir ki, İran elə ötən əsrin 90-cı illərində də müsəlman qardaşına deyil, məhz müəyyən mənfəəti hesabına Ermənistana dəstək verib. 1992-ci ildə Tehranda Azərbaycan rəhbərliyi Ermənistan rəhbərliyi ilə danışıqlar apardığı zaman Şuşanın işğalı olunmasında İranın üzərinə xeyli şübhələr yönəltdi. Bu məsələdə İranın da Ermənistanla müəyyən koordinasiyalı fəaliyyətinin olduğu Azərbaycan cəmiyyətində hər zaman danışılmaqda idi. Digər tərəfdən, işğal olunmuş torpaqların istismar olunmasında, evlərinin dağıdılmasında, dəmir yol reyslərinin sökülüb aparılmasında İran şirkətləri, fərdi sahibkarları Ermənistanla əməkdaşlıq edib, bu, hamının bildiyi, gördüyü faktdır. Bu ərazilərin dağıdılmasının məsuliyyəti Ermənistanla yanaşı, birbaşa İranın da üzərinə düşür.

Prezident MDB sammitində çıxışında “erməni hərbi əsirlər” məsələsinə də toxunub, Azərbaycanın müharibə dövründə tutulmuş bütün hərbi əsirləri Ermənistanın azərbaycanlı hərbi əsirləri bizə verməsindən daha əvvəl qaytardığını diqqətə çatdırıb. Üçtərəfli Bəyanat imzalanandan sonra 62 nəfərdən ibarət təxribat qrupunun Azərbaycan Silahlı Qüvvələrinin arxa hissəsinə, artıq işğaldan azad edilmiş ərazilərdə təxribatlar törətmək üçün göndərildiyini, Azərbaycan hərbçilərinin həmin qrupu tutaraq tərk-silah etdiyini vurğulayıb, həmin şəxslərin “hərbi əsir” hesab olunması ilə bağlı iddiaları faktlarla darmadağın edib. “Beynəlxalq konvensiyalara müvafiq olaraq bu təxribatçılar hərbi əsir hesab edilə bilməz”, - deyən Prezident Əliyev Paşinyanı, eləcə də bu iddiada olanları növbəti dəfə çarəsiz duruma salıb.

Prezident İlham Əliyev sammitdə bəyan edib ki, Azərbaycan sülh prosesinə, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara hazırdır.

“Müharibə və münaqişə tarixdə qaldı. Biz, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, həmçinin Ermənistan ilə sülh sazişinə dair danışıqlara başlamağa hazırıq. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək”, - deyə dövlət başçısı Bakının sülhməramlı niyyətini, regionun inkişafına dair addımlar atmağa hazır olduğunu növbəti dəfə nümayiş etdirib.

Qeyd edək ki, sərhəd problemləri iki ölkə arasında təhlükəsizlik və davamlı sülh üçün əsas çağırışlardan biridir. Ermənistan anlamalıdır ki, Qarabağ bölgəsində azərbaycanlı və erməni xalqının dinc, birgə yaşaması Azərbaycan hökumətinin prioritetidir. Azərbaycana qarşı təbliğat aparmaq, demarkasiya və delimitasiya prosesinin başlamasının qarşısını almaq yalnız sülh prosesinə zərər verəcək. Ermənistan-Azərbaycan sərhəd mübahisəsinin uzunmüddətli həlli ərazi bütövlüyünün qarşılıqlı tanınmasından asılıdır. Ermənistan bu dəfə də oyun qaydalarını pozsa, “Dəmir yumruq” əməliyyatı yenidən gündəmə gələ bilər.

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR