Paşinyanın əsassız iddiaları: Təslimçi Baş nazir niyə vurnuxur? - TƏHLİL - VİDEO

Nikol Paşinyan

© APA | Nikol Paşinyan

# 24 noyabr 2021 17:10 (UTC +04:00)

Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 23-də onlayn mətbuat konfransı zamanı yenidən Azərbaycana qarşı əsassız iddialar səsləndirib. O, bu dəfə radikal bəyanatlarla diqqəti çəkib. Bu isə səbəbsiz deyil. “Soçi görüşü” öncəsi Paşinyanın yenidən aqressiv ritorikaya üstünlük verməsi sual doğurur. Onu yenidən “qırğı”ya çevirən səbəb nədir?

Məsələ ondadır ki, 44 günlük savaşın başa çatmasından bir il keçsə də, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmayıb. Digər tərəfdən, Ermənistan müharibənin başa çatmasını özündə ehtiva edən 10 noyabr bəyannaməsinin də maddələrinə əməl etmir, davamlı olaraq dövlət sərhədində təxribatlara əl atır, atəşkəs rejimini pozur, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutur. Buna görə Rusiya, eləcə də digər beynəlxalq müttəfiqləri hələlik ona heç nə demir. Rəsmi Bakı isə bütün bunlara rəğmən qarşı tərəflə sülh müqaviləsi bağlamaq üçün davamlı səylər göstərir. Lakin erməni təxribatlarına qarşı da layiqli cavab verilir. Dövlət sərhədində erməni təxribatlarının artması və işğalçı ölkədə revanşist qüvvələrin baş qaldırması Azərbaycanı əlavə tədbirlər görmək məcburiyyətində buraxır.

Mətbuat konfransında Paşinyan Ermənistan ərazisi boyunca nəqliyyat dəhlizlərinin açılmasının əleyhinə bəyanatlar səsləndirib. O, fikrini bununla əsaslandırır ki, üçtərəfli bəyanatda dəhliz ifadəsi yoxdur. Lakin üçtərəfli bəyanatda dəhliz ifadəsi işlədilməsə də, həmin bənddə maneəsiz hərəkət ifadəsi yer alıb, bu isə nəzarət-buraxılış məntəqəsi olmadan hərəkəti nəzərdə tutur.

N. Paşinyan iddia edir ki, dəhliz ifadəsi Laçın koridoruna münasibətdə işlədilib. Amma yaddan çıxarır ki, Laçın koridoru ifadəsinin yanında maneəsiz hərəkət ifadəsi yoxdur.

Digər tərəfdən, Ermənistan Laçın dəhlizindən istifadə edirsə, onda Azərbaycan niyə Naxçıvanla əlaqə üçün Ermənistan ərazisindən keçən dəhlizdən istifadə etməsin? Hər iki tərəf linqivistik barrikada qurmaqla məşğul olacaqsa, onda regionda kommunikasiyaların açılmasında hansı irəliləyişdən söhbət gedə bilər?

Paşinyan hələ başa düşə bilmir ki, Zəngəzur dəhlizinin açılması, ilk növbədə, Ermənistanın öz maraqlarına xidmət edir. Ermənistan dəmir yolu ilə həm İran, həm Rusiya ilə əlaqə yarada biləcək, onlar üçün yeni imkanlar yaranacaq. Ermənistanda cəmiyyət və hakimiyyət təbii ki, indi çox çətin psixoloji durumdadır. Sülhün bərqərar olması üçün Zəngəzur dəhlizi yaradılmalı, bütün ticarət əlaqələri bərpa edilməlidir.

Vurğulayaq ki, Prezident İlham Əliyevin 3+3 formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İran) əməkdaşlıq əlaqələrinin gücləndirməsi fikri region dövlətləri üçün məqbuldur. Bu əməkdaşlıq iqtisadi inkişafa və siyasi sabitliyə qarant ola bilər. Lakin İrəvan bu dəfə də danışıqlar prosesini pozmağa cəhd göstərir.

Yaranmış vəziyyətdən çıxmaq üçün Ermənistan hökuməti hazırda mövcud olan və bir hissəsi Azərbaycan ərazisindən keçən Gorus-Qafan yoluna paralel yeni Gorus-Qafan yolu tikmək qərarına gəlib. İrəvan iddia edirdi ki, bu yol tamamilə Ermənistan ərazisindən keçəcək və Azərbaycan sərhədi ilə kəsişməyəcək. Lakin ermənilər bu istəklərinə də nail ola bilmədilər. Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində - Eyvazlı və Qazançı kəndləri ərazisində nəzarət-buraxılış məntəqələri qurulub. Ermənistan qeydiyyatında olan nəqliyyat vasitələrindən Azərbaycan qanunlarına uyğun olaraq rüsum toplanılır.

Vəziyyətin bu həddə gətirilməsində günahkar Ermənistanın özüdür. Paşinyanın iddia etdiyi Tatev yolu istifadəyə yararsızdır. Yük avtomobillərinin hərəkəti isə ümumiyyətlə qeyri-mümkün həddədir.

N. Paşinyan bu il noyabrın 9-da Rusiya Prezidenti Putinin təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan görüşün baş tutmaması ilə bağlı manipulyativ fikirlər səsləndirir, yanlış rəy formalaşdırır. Rusiya mənbələri də təsdiq ediblər ki, görüşün baş tutmamasının səbəbkarı məhz Paşinyandır. Bəzi məlumatlara görə, tədbirə bir gün qalmış Ermənistan hər hansı səbəb göstərmədən görüşdən imtina edib. 9 noyabr görüşünün yekun bəyanatı da hazırlanırmış. Paşinyan isə bu addımı ilə növbəti dəfə Rusiyaya qarşı hörmətsizliyini ortaya qoymuş oldu. Bunun ardınca isə o, üçtərəfli görüşün Brüsseldə keçirilməsi üçün Avropa İttifaqına müraciət edib, bununla da Rusiyanı çıxılmaz və pərt vəziyyətə salıb.

Bununla yanaşı, Paşinyan üçün 9 noyabr ağır gündür. O, məhz 2020-ci il noyabrın 9-da kapitulyasiya aktını imzalayıb.

Əslində, N. Paşinyan daha çox ATƏT-in Minsk Qrupunun qatı ermənipərəst həmsədri Fransaya güvənərək, danışılar prosesini pozur. Azərbaycanın mövqeyi isə formatdan asılı olmayaraq, dəyişməzdir. Bakı problemin sülh yolu ilə həllinə daha da yaxınlaşmaq üçün bütün imkanlardan istifadə edir. Azərbaycanın mövqeyi kifayət qədər güclüdür və İrəvan bu amili nəzərə almalıdır.

Paşinyan deyir ki, Qarabağ ərazi yox, hüquq məsələsidir. Ağlını itirmiş, bəlkə də daha çox daxili auditoriyanı düşünərək bu cür absurd fikirlər səsləndirən, yalnız Rusiyanın səyi ilə son anda canını qurtararaq kapitulyasiyaya imzalamaq məcburiyyətində qalan məğlub və təslimçi Baş nazirə kimsə başa salmalıdır ki, Azərbaycan itirdiyi bütün əraziləri geri qaytarmaqla yanaşı, həm də qədim və rəmzi baxımdan çox əhəmiyyətli Şuşa şəhəri üzərində nəzarəti əldə edib. Bu isə o deməkdir ki, Şuşaya nəzarət edən Azərbaycan hər an hərbi, strateji, eləcə də coğrafi mövqeyindən istifadə edərək, istədiyi nəticəyə nail ola bilər.

Paşinyan savaşda uduzmaqla ölkədəki nüfuzunu da məhv elədi. 2018-ci ildə baş verən kütləvi etirazlar dalğasında hakimiyyətə gələn Paşinyan, indi özü küçə qiyamları təhlükəsi ilə üzləşib. 10 noyabr bəyanatının imzalanması xəbərindən sonra İrəvanın mərkəzində genişmiqyaslı etiraz aksiyası başladı və etirazlar bu günə qədər də davam edir.

Paşinyan sərhədlərin delimitasiyası haqqında danışarkən xəritələrin çox olduğunu etiraf edir və hətta onları şəkilli kağız adlandırır. O, Azərbaycanın mövqeyini təsdiq edir ki, Ermənistan-Azərbaycan sərhədləri, xüsusilə sərhədin Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətləri ilə bağlı vahid xəritə yoxdur. Onda hansı əsasla Ermənistan Azərbaycan qoşunlarının Ermənistan ərazisində olduğunu iddia edir? Azərbaycan Silahlı Qüvvələrinin Şərqi Zəngəzurda durduqları yer ölkəmizin suveren ərazisi hesab olunur.

O, müsahibəsində Ermənistan ərazisində olan Azərbaycan anklavları məsələsinə də toxunub (Qazax istiqaməti) və onlar barəsində danışmağın əsassız olduğunu deyib. Elədirsə, onda Azərbaycan da tam haqlı şəkildə Qərbi Zəngəzurun, Dərələyəz və Şərqi Göyçənin, hətta İrəvanın Ermənistana verilməsinin qeyri-hüquqi xarakter daşıdığını əsaslandıra bilər. Çox da uzaq olmayan tarixdən məlumdur ki, Azərbaycan əraziləri 1929-cu ildə - Levon Mirzəyan Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olan zaman Ermənistana verilib.

Paşinyanın son bəyanatları həm də onu göstərir ki, Ermənistanda ifrat millətçilik, türkofobiya, islamofobiya kursu davam edir. Birinci Qarabağ müharibəsi zamanı erməni silahlılarının “Böyük Ermənistan” haqqında, hətta Rusiya əraziləri ilə əlaqəli xəritələri var idi. Əslində, bu radikal millətçilik, separatizm Ermənistanın özünə yaxşı bir şey gətirmədi, onu bir dövlət olaraq içəridən korladı, beynəlxalq aləmdəki statusunda, qonşularla qarşılıqlı əlaqəsində, həmçinin, bir çox dövlətlə münasibətlərində mübahisələr yaratdı, onu proqnozlaşdırılan tərəfdaş kimi qəbul etməyə imkan vermədi, on illərdir qlobal layihələrdə iştirakının qarşısını aldı. Ermənistanın işğal etdiyi ərazilər ona problemlərdən başqa bir şey verə bilmədi. Radikal millətçilik özünü tükəndirdi və Ermənistanı indiki vəziyyətə gətirdi. İrəvan problemləri ilə tək qaldı və keçən payızda baş verən müharibədə Azərbaycan qalib gəldi. Ermənistan çıxılmaz vəziyyətə düşdü. “Dənizdən dənizə Böyük Ermənistan” xəyalları ona gətirib çıxartdı ki, bu gün ölkə faktiki olaraq boşalıb. Kiçik imkana malik olan insanlar Ermənistanı tərk edir. Paşinyan isə bunu anlamır və ölkəsini yenidən savaşa cəlb etmək istəyir. Düşünmür ki, növbəti savaş Ermənistanın sonu anlamına gələ bilər.

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR