Politoloq: "Ruben Vardanyanınkı hakimiyyət davasıdır”

Zaur Məmmədov

© APA | Zaur Məmmədov

# 06 sentyabr 2022 12:34 (UTC +04:00)

“Ruben Vardanyan adlı rusiyalı milyarderin Xankəndinə gəlməsi və Rusiya vətəndaşlığından imtina etməsi son günlərin müzakirə edilən mövzularındandır. Erməni KİV və mediasının monitorinqi göstərir ki, hazırda həm hökumət, həm müxalifət, həm də Arutunyan onun gəlişi və verdiyi bəyanatları şərh etmir, iqtidar və müxalifət mediası daha çox məsələni işıqlandırmayaraq, Vardanyanın gəlişinin əsas məqsədini başa düşmək istəyir”.

APA xəbər verir ki, bunu Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

R. Vardanyanın niyə birbaşa Ermənistana deyil, Qarabağa gəldiyinə toxunan politoloqun sözlərinə görə, Vardanyan yaxşı başa düşür ki, Ermənistanın baş naziri olmaq üçün birbaşa İrəvana gəlsəydi, cəmiyyətdə reklamı az gedərdi: “İndiki halda isə söhbət "milyarder Vardanyanın işini - gücünü ataraq ermənilər üçün faciəvi vaxtda Qarabağa köçməsi" onun üçün xalq arasında ən yaxşı piardır. Qarabağla bağlılığı olmayan, İrəvanda doğulub orta məktəbə gedən, Türkiyəyə dəfələrlə səfərlər edən Vardanyanın özünü "vətənpərvər" kimi piar etməsini əsl səbəbi - hakimiyyətdir.

Ruben Vardanyanın əsl məqsədi Ermənistanın lideri olmaqdır. Maraqlı nüans ortaya çıxır. Vaxtilə qərbpərəst Saakaşvili də oxşar ssenari ilə rus milyarderi İvanişvili tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdı. Bu dəfə isə qonşu Ermənistanda Saakaşvilidən az qərbpərəst olmayan, rusofob Paşinyan gözlənilmədən xaricdən gələn milyarder Vardanyanla hakimiyyət uğrunda mübarizə aparmalı olacaq”.

Z. Məmmədovun fikrincə, Nikol Paşinyanın ailəsi tərəfindən idarə olunun informasiya resurslarının Vardanyanın gəlişinə ümumilikdə susması, 2 məqalədə isə tənqidlə cavab verməsi təsadüfi deyil: “Bəs revanşistlərin Vardanyanla hansı əlaqəsi var? “Daşnaksutyun”un liderlərindən İşxan Saqatelyan və digər nisbətən gəncləri çıxmaqla qocaman siyasətbazların Rubenlə uzun müddət idi ki, biznes əlaqələri mövcud idi. Robert Koçaryan indiki halda yaxşı başa düşür ki, Ermənistan daxilində Paşinyanı seçki yolu ilə kürsüdən endirəcək lider yoxdur. Baxmayaraq ki, Koçaryanın ətrafındakı media da Vardanyanla bağlı ironiyalı yazılar dərc etməkdədir. Maraqlı məqam, Koçaryanın avqustda ölkəni bir müddətlik tərk etməsi idi. Kim bilir, bəlkə də onlar arasında xaricdə görüş baş tutub”.

Vardanyanın hakimiyyətə gələcəyi təqdirdə, nələr ola biləcəyi ilə bağlı politoloq bildirib ki, o, indiki Ermənistan müxalifətindəki personalardan fərqli baxış bucağını son müsahibədə ortaya qoyub: “Bəyanatında müharibələrdə iştirak etmədiyini, qonşularla sülhün vacibliyindən danışıb. Bu taktika isə, sözsüz ki, Paşinyanın elektoratının oğurlanmasına hesablanıb.

Onun biznes düşüncəli olaraq bu illər ərzində milyardlar əldə etməsi, bir dəfə də Qarabağa gəlməməsi, Rusiyadan çıxıb gəlməsi əsas hədəfin məhz - geosiyasi kontekst olduğu fikrini aktual edir. Rusiya revanşistləri və yeni müharibə istəyənləri seçmədi, İvanişvili stilindəki soyuqqanlı kadra üstünlük verdi.

Hələ 2021-ci ilin yayında Ruben Vardanyan Ermənistana gələrək siyasətlə məşğul olmaq istədiyini bəyan etmişdi.

Xatırladım ki, Vardanyanın kompaniyalarına qarşı son 5 ildə İtaliya, İspaniya, Almaniya tərəfindən yoxlanmalara başlanılıb.

Belə ki, hətta 2019-cu ildə Avroparlamentin 22 deputatı açıq məktubla Avrokomissiyanın o vaxtkı rəhbərinə müraciət etmişdi. Onun şirkəti 80-dən artıq şirkətin milyardlarla dollarının ofşorlara transfer edilməsində, çirkli pulların yuyulmasında günahlandırılır.

Beləcə, Ruben Vardanyan Qarabağa necə gəlibsə, elə də ordan rədd olacaq. Ermənistanı isə maraqlı siyasi proseslər gözləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR