Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlar sistemli şəkildə icra olunur - TƏHLİL

Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlar sistemli şəkildə icra olunur - TƏHLİL
# 18 aprel 2022 15:10 (UTC +04:00)

Prezident İlham Əliyevin bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı verdiyi açıqlamalar bir daha göstərdi ki, postmüharibə dövründə qarşıya qoyulan bütün hədəflərə çatmaq mümkün olub. Bəzi layihələrin icrası isə davam edir. O cümlədən Qarabağ və Şərqi Zəngəzurda nəqliyyat infrastrukturu yenidən qurulur. Dövlət başçısı çıxışında bildirdi ki, tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yol çəkilib. Yəni, Azərbaycan-Ermənistan sərhədinə qədər yeni yollar inşa olunub. Bu, Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqların sistemli şəkildə icrası nəticəsində mümkün olub. Çünki, yolların layihələndirilməsi, təsdiqlənməsi və tikilib hazırlanması kifayət qədər vaxt tələb edən məsələlərdir.

Həmçinin yol infrastrukturunun qurulması digər sosial, iqtisadi layihələri reallaşdırmağa imkan verəcək. Bu baxımdan Laçın şəhərindən yan keçən yeni alternativ yol da xüsusi əhəmiyyətə malikdir və bu il istismara veriləcək. 2022-ci ildə istifadəyə veriləcək yolların arasında Füzuli-Hadrut və Qubadlı-Eyvazlı avtomobil yolu da var.

Daxili imkanlar hesabına meqa layihələr reallaşdırılır

Prezident İlham Əliyev davam edən digər layihələr barədə də Azərbaycan ictimaiyyətini məlumatlandırdı. Bildirdi ki, avtomobil yolları arasında Bərdə-Ağdam avtomobil yolunda işlər çox sürətlə gedir, Kəlbəcər-Laçın avtomobil yolu və təxminən 4 kilometrlik tunel inşa edilir. Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yol çəkilir. Cəbrayıl-Hadrut yolu inşa olunur. Zəfər yolu isə artıq açılıb. İndi Füzuli-Şuşa 4 cərgəli magistral yol, Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları çəkilir. Ən vacib yollardan biri də Toğana-Kəlbəcər avtomobil yoludur. Çünki bu yol və 12 kilometrlik tunel çəkiləndən sonra daha Murov aşırımından keçməyə ehtiyac qalmayacaq. Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi bu il davam etdirilir. Bəli. Dövlət başçısının sadaladığı layihələr bütövlükdə Qarabağ və Şərqi Zəngəzuru əhatə edir. Qısa müddət ərzində böyük işlərin görüldüyünü sübut edir. Bu isə dövlətin iqtisadi gücünün göstəricisidir. Müharibədən çıxmış bir dövlət ən qısa zamanda belə meqa layihələri icra edir. Həm də öz daxili imkanları hesabına. Həmçinin proses yekunlaşdıqdan sonra işğaldan azad olunan bütün ərazilərə rahat və təhlükəsiz şəkildə getmək mümkün olacaq. Müasir yol şəbəkəsinin qurulması bölgənin iqtisadi imkanlarını artıracaq, yük daşımalarını dəfələrlə asanlaşdıracaq və turizm potensialını yüksəldəcək. Məsələn, bu il Naftalandan Talış kəndinə qədər olan yollar tam istismara verilməlidir. Bu, eyni zamanda, Naftalanı Suqovuşanla birləşdirəcək. Hər iki ərazi turizm üçün çox əlverişlidir. Naftalan artıq beynəlxalq turizm mərkəzinə çevrilib. Burdan Suqovuşana məsafə çox qısadır. Beləliklə, aparılan yenidənqurma işləri həm də yeni iş yerlərinin açılması deməkdir. Bu gün yüzlərlə vətəndaşımız həmin ərazilərdə işlə təmin olunub.

Yatırılan investisiyalar Ermənistanın da diqqətindən yayınmır

Prezident İlham Əliyev ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Zəngəzur dəhlizindən də danışdı. Dedi ki, Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur üzərindən həm dəmir yolu, həm də avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılıb. İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarına çıxarılması layihəsi də artıq hazırlanır. Yaxın gələcəkdə təməlqoyma mərasimi də keçirilə bilər və beləliklə, yeni beynəlxalq nəqliyyat dəhlizi açılacaq. Dövlət başçısı bu sözləri ilə əslində Ermənistana da mesaj vermiş oldu. Yəni Azərbaycanın yeni dəhliz alternativi var. Əgər Ermənistan Zəngəzurdan keçid verməzsə, beynəlxalq nəqliyyat dəhlizindən və onun gəlirlərindən kənarda qalacaq. Özünün illərdir düşdüyü blokada şəraitini davam etdirəcək. Araşdırmalar göstərir ki, Ermənistan hakimiyyəti dəhlizin açılmasında maraqlıdır. Amma siyasi iradə göstərə bilmir. Yeri gəlmişkən, aparılan quruculuq işləri, qoyulan investisiyalar da Ermənistanın diqqətindən yayınmır. Məsələn, Ermənistan parlamentinin aprelin 14-də keçirdiyi iclasında çıxış edən hakim fraksiyadan olan deputat Viqen Xaçatryan bildirib ki, uzun illər Ermənistan cəmiyyətinə “Qarabağ Azərbaycanın tərkibində ola bilməz” fikrinin aşılanması yanlışlıq idi. Hakim partiyanın başqa bir deputatı Lena Nazaryanın da mövqeyi eyni olub. O deyib ki, sabitlik hazırda çətin vəziyyətdə olan Ermənistan üçün prioritet təşkil edir. Sadəcə hər kəsin bunu yaxşı anlamasına ehtiyac var.

Beynəlxalq təşkilatlarla əlaqələr yeni mərhələyə qədəm qoyub

Prezident İlham Əliyev çıxışında bildirdi ki, Ermənistanın inkişafı onun qonşu ölkələrə olan münasibətindən asılı olacaq. Dövlət başçısı əslində Ermənistana yol göstərmiş oldu. Çünki Ermənistan 30 il yürütdüyü işğalçılıq siyasətindən indi özü əziyyət çəkir. Bu dövlət müstəqil ölkə kimi adekvat deyil. Müxtəlif güc mərkəzlərinin qəti təsiri altındadır. Amma Azərbaycan müharibədən dərhal sonra beynəlxalq əlaqələrini inkişaf etdirdi. Prezident İlham Əliyev həm Türkiyə, həm də Rusiya ilə müttəfiqliyə dair müəyyən sənədlərin imzalanmasına nail oldu. Beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam etdirildi. Dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqlarla razılaşdı. Avropa İttifaqı ilə əlaqələr mahiyyət və məzmunca yeni mərhələyə daşındı. Nəticəni isə aprelin 6-da baş tutan Brüssel görüşü göstərdi. Belə ki, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdi. Görüşdə Ermənistan həmin 5 prinsipi qəbul etdiyini bir daha bəyan etmiş oldu. Burada söhbət Azərbaycanın ərazi bütövlüyünün qəbul edilməsindən və Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından əl çəkməsindən gedir. Azərbaycanın illərdir apardığı məqsədyönlü siyasət də məhz ərazi bütövlüyünə yönəlmişdi.

Azərbaycan beyin ölümü keçirən təşkilat və formatları qəbul etmir

Prezident İlham Əliyev 3+3 əməkdaşlıq formatından da danışdı. Bildirdi ki, ilk dəfə bu formatda görüş keçirilib. Birinci görüşün gündəliyi yox idi. İkinci görüşlə bağlı planlarımız var. Dövlət başçısı dedi ki, bizə bu formatlar, sadəcə olaraq, görüntü naminə lazım deyil. Bu formatlar əgər konkret nəticə verməsə, onda onun əhəmiyyəti də itəcəkdir. Bəli. Azərbaycan konkret nəticə istəyir. Nəticə verməyən, beyin ölümü keçirmiş təşkilat və formatları qəbul etmir. Doğru olan da budur. Məsələn, ATƏT-in Minsk qrupu. Müharibədən dərhal sonra həmsədrlər Bakıya gəlmişdilər. Dövlət başçısı açıq və aydın dillə ifadə etdi ki, artıq bu formata ehtiyac yoxdur. Nəticədə bu, həmsədrlərin müharibədən sonra birinci və sonuncu səfəri oldu.

Azər Nemətli,

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitədqiqatlayihə” İnstitutunun direktoru, AAYDA YAP ərazi İlk Partiya Təşkilatının sədr müavini

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR