Prezidentin “La Repubblica”ya müsahibəsi: Bakının maraqlarını heç kəs görməzdən gələ bilməz - TƏHLİL

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 13 oktyabr 2021 17:18 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə Azərbaycanın gələcək inkişafı, bölgədəki prosesləri ətraflı şərh edib.

İtaliya-Azərbaycan əlaqələri barədə danışan Prezident qeyd edib ki, yenidənqurma işlərinə cəlb edilən ölkələr arasında İtaliyanın ikinci olması təsadüfi deyil: “Bu, bizim seçimimiz idi. Mən demişdim ki, biz Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti bir bölgənin enerji təminatı məsələsi ilə bağlı bizimlə müqavilə imzalayıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq”.

Qeyd edək ki, İtaliyanın 44 günlük savaş dövründə Azərbaycana siyasi dəstəyi mühüm rol oynayıb. Müharibədən dərhal sonra Qarabağın yenidən qurulması prosesində İtaliya iştirak etməyə hazır olduğunu bildirib. İtaliyanın Qarabağda yenidənqurma işlərinə cəlb edilməsi ölkəyə investisiya axınını cəlb etməklə yanaşı, Avropanın mühüm bir ölkəsinin siyasi dəstəyinə nail olmağın da xəbərçisidir. Vurğulayaq ki, işğaldan azad edilən ərazilərində yeni, müasir tipli elektroenergetika infrastrukturunun yaradılmasında iştirak edən “Ansaldo Energia” şirkəti Kəlbəcər, Laçın bölgələrində tikiləcək kiçik su elektrik stansiyaların qurulmasında iştirak edəcək.

Ümumiyyətlə, azad edilmiş ərazilərə nəhəng sərmayə qoyuluşu 2021-ci il üçün təqribən 1.3 milyard ABŞ dolları təşkil edib. Bu, Qarabağda inkişaf etməkdə olan quruculuq işlərinin miqyasının göstəricisidir.

Müsahibəsində Avropanın Cənubi Qafqazda daha geniş iştirakı məsələsinə toxunan Prezident Əliyev deyib ki, bu gün Avropa İttifaqı Azərbaycanın nəqliyyat potensialına böyük maraq göstərir və bu sahədə fəal iştirak edir: “Çünki biz Azərbaycanı Avrasiyanın müasir infrastruktura və qonşularla şaxələnmiş kommunikasiya marşrutlarına malik mühüm nəqliyyat mərkəzinə çeviririk. Avropa İttifaqı bu prosesin bir hissəsi olmağı planlaşdırır. Biz, həmçinin Cənubi Qafqazda post-müharibə dövrünün inkişafında da Avropa İttifaqının rolunu müzakirə edirik”.

Vurğulayaq ki, Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin işə düşməsi və İtaliyanın artıq Azərbaycandan qaz qəbul etməyə başlaması, həmçinin, Azərbaycanın enerji ehtiyatları, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolu ilə bağlı ölkə liderinin dedikləri də maraq doğurur. Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizi İtaliya bazarını 8 milyard kubmetr və hətta bundan da artıq həcmdə qazla təmin edəcək: “Yəni, bu iş artıq başa çatdırılıb. İndi isə biz gələcəyə baxmalıyıq, çünki biz yeni qaz yataqları kəşf etmişik. Bununla yanaşı, mövcud yataqlardan da daha çox qaz hasil etməyi planlaşdırırıq. Həmçinin xarici investorlarla bərabər yenilənən enerji mənbələrinə böyük sərmayə qoyuruq”.

Prezidentin bəhs etdiyi layihədə Azərbaycanın təşkilatçı kimi rolu çox böyükdür. Məhz buna görə ABŞ və Avropa İttifaqı Azərbaycana daha çox diqqət yetirməyə başlayıb və Azərbaycanı strateji müttəfiq hesab edirlər. “Şahdəniz-1” və “Şahdəniz-2” layihəsindən sonra Azərbaycanın Avropa bazarlarına 20 milyard kub metr qaz ötürmək imkanı olacaq. Əslində, bu layihənin tam gücü ilə işə düşməsi bütün bölgə üçün, o cümlədən İran üçün də cəlbedicidir. Məlumdur ki, bu barədə İranla danışıqlar aparılıb. İran TANAP-a qoşulacaqsa, Avropaya 50 milyard kub metr qaz ötürmək imkanı yaranacaq. Bu isə Avropanın Rusiyanın qaz diktəsindən qurtulması anlamına gəlir. Onu da qeyd edək ki, ABŞ açıq şəkildə layihəni sona qədər dəstəkləyəcəyini bəyan edib. Bu vaxta kimi layihəyə pessimist baxan Avropa ölkələri də indi başqa planla çıxış edir.

Vaşinqton Avropanın Rusiyanın enerji asılılığından azaldılmasını istəyir. Bunun yollarından biri də Azərbaycan qazının Avropaya çatdırılmasıdır. Vaşinqton ikinci mərhələdə Türkmənistan qazının da Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılmasına çalışacaq. Məhz bu faktorun özü Azərbaycanla ABŞ arasında münasibətlərin genişləndirilməsini, dialoqu zəruri edir.

Prezident İlham Əliyev müsahibədə azad edilmiş bölgələrə və Azərbaycana yeni investisiya perspektivlərindən də danışıb: “Biz artıq sərmayə yatırırıq. Azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib”.

Müsahibədən çıxan əsas nəticə ondan ibarətdir ki, Azərbaycan Avrasiyanın müasir infrastruktura və qonşularla şaxələnmiş kommunikasiya marşrutlarına malik mühüm nəqliyyat mərkəzinə çevrilir. Bu barədə ölkə başçısı açıq danışır. Avropa İttifaqının bu prosesə maraq göstərməsi isə Cənubi Qafqazda post-müharibə dövrünün yeni reallıqlarını göstərir.

Müsahibədə “İran mövzusu”na da toxunulub. Daha dəqiq desək, Tehranın Azərbaycana münasibətdə hörmətsizlik nümayiş etdirməsi, Azərbaycan sərhədinə yaxın ərazilərdə hərbi təlimlər keçirməsi italiyalı jurnalistin də diqqətini çəkib. Prezident İlham Əliyev Tehranın iddialarını bəhanə adlandırıb. “Bilirsiniz, bu, bəhanədir. Baş verənlərin səbəbi bizim bəzi digər ölkələrlə olan münasibətimiz deyil, çünki xarici siyasətimiz çox açıqdır, şəffafdır, sabit və dediyim kimi, müstəqildir. Heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil. Qərarlar burada - Bakıda Azərbaycanın milli maraqları əsasında mənim tərəfimdən verilir. Əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boş çıxıb. Bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq”, - deyə Prezident Əliyev vurğulayıb.

Dövlət başçısı onu da qeyd edib ki, baş verənlərin səbəbi çox sadədir: “Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir. Qarabağın azad edilməsindən sonra biz Ermənistanla öz sərhədimizə çıxdıq. Biz öz sərhədimizə gəlib, orada yerləşdik. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir. Biz öz sərhədlərimizə hörmətlə yanaşılmasını tələb edirik. Biz hər hansı digər ölkənin sərhədini qeyri-qanuni olaraq pozmuruq. Beləliklə, mesajımız çox sadə idi - dayandırın bunu! Biz ictimaiyyətə açıqlamadan çox dostcasına bildirdik ki, bunu dayandırsınlar. Çünki bu, düzgün deyil. Biz həmin yollara nəzarət edirik və görürük ki, aldatmağın, “bunun baş vermədiyini” söyləməyin yeri yoxdur. Əfsuslar olsun ki, bu xəbərdarlığa adekvat cavab verilmədi. Sonra biz ikinci addımı atmalı olduq. Biz diplomatik nota hazırladıq, səfiri dəvət etdik və bunu ictimaiyyətə açıqladıq ki, bunu dayandıraq. Amma, əslində, bu, daha pis forma aldı, İrandan Qarabağa gedən yük maşınlarının sayı artdı. Bu addımı biz zərbə, bilərəkdən hörmətsizlik kimi saydıq. Sonra biz tamamilə qanuni hesab edilən başqa tədbirləri gördük və bu, qonşu ölkədə böyük qarışıqlığa, lazımsız hərəkətlərə səbəb oldu. Yersiz bəyanatlar verildi, hədələr edildi, sərhədimizə yaxın hərbi təlimlər keçirildi. Müəmmalı idi ki, ilk dəfə hərbi təlimlərin planlı tədbir olduğu deyildi. Sonra isə deyildi ki, bizə nəyi isə nümayiş etdirmək üçün edildi. Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik. Bir çox hallarda mən Azərbaycanın xarici siyasət prioritetləri haqqında danışanda, - əslində, bunların hamısı çap edilib, - demişəm ki, bizim prioritetimiz qonşu ölkələrlə münasibətlərdir. Səkkiz il ərzində işlədiyimiz əvvəlki İran hökuməti ilə biz münasibətlərimizi ən yüksək mümkün səviyyəyə qaldıra bildik. Mənim həmkarım cənab Həsən Ruhani ilə ondan artıq görüşüm olub. Bütün həmin görüşlər məhsuldar olub. Biz enerji, nəqliyyat, mədəni inkişaf, təhlükəsizlik sahələrində bir çox sazişləri imzalamışıq və icra etmişik. Münasibətlərimiz, əslində, dostluq və yaxşı qonşuluq rəmzinə çevrilmişdir. İranın yeni hökuməti, yeni Prezidenti seçiləndə biz nə etdik? Biz onun inauqurasiyasına parlament sədrinin və Baş nazirin müavininin rəhbərliyi ilə böyük nümayəndə heyətini göndərdik. Onlar mənim dostluq mesajımı birbaşa İran Prezidentinə çatdırdılar. Eyni zamanda, digər çatdırılan mesaj və mən bunu xüsusi olaraq əvvəlcə bildirdim, belə idi: “Xahiş edirik Qarabağda İran biznesmenləri tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirin”. Biz İran hökumətini ittiham etmək mövqeyində deyildik. Biz anladıq ki, bunu bəzi özəl şirkətlər edir. Lakin biz bunun dayandırılmasını xahiş etdik. Cavab olaraq nə baş verdiyini hər kəs görür. Nəticədə nəyə nail olduq? Bir daha söyləyim ki, heç bir yaxşı şey baş vermədi. Buna görə, biz, ilk növbədə, İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamları rədd edirik. Bu, tamamilə cəfəngiyyatdır. Bu, sadəcə, Azərbaycanı qaralamaq məqsədilə daxili auditoriyaya yönəlmiş bəhanədir. Hər kəs gedib görə bilər ki, orada heç həyat yoxdur. Hər bir şey dağıdılıb. İkincisi isə biz digərlərinə etdiyimiz hörmətin özümüzə də olmasını tələb edirik”.

Göründüyü kimi, Prezident Əliyev İranın Azərbaycana qarşı apardığı dost olmayan siyasəti faktlarla açıqlayıb. Bakı Tehran rejimindən haqlı olaraq hörmət tələb edir. Azərbaycan bir çox beynəlxalq layihənin ən fəal oyunçusudur. Bakı ilə təhdid dilində danışan Tehran isə özünü daha da təcrid edir. Onsuz da sosial və iqtisadi problemləri olan İran üçün belə layihələrdə iştirak cəlbedici olmalı idi. Tehran isə tam fərqli siyasət yürütməklə ilk növbədə özünə problem yaratmış oldu.

Prezident Əliyev müsahibədə Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti barədə suala ada cavab verib. Müharibənin başa çatması, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan ərazilərə qanunsuz daxilolmaların qarşısının tam alınması məsələsinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla vəziyyət sabitdir: “Ümumən biz bundan razıyıq. Əlbəttə, həllini gözləyən müəyyən məsələlər qalmaqdadır. Xüsusən də, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası “turistlərin” sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır. Ancaq hazırda biz onların fəaliyyətindən ümumilikdə razıyıq”.

Qeyd edək ki, Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti Azərbaycan ictimaiyyətində də birmənalı qarşılanmır. Dövlət başçısının da sülhməramlıların fəaliyyəti ilə bağlı narahatlıqları var və bunu açıq dilə gətirir.

Müsahibədən istər ABŞ və Avropanın, istərsə də İran və Rusiyanın alacağı mesajlar var. 44 günlük müharibədən sonra bölgədə yeni reallıq yaranıb, Azərbaycan artıq regional gücə çevrilib. Bakının maraqlarını heç kəs görməzdən gələ bilməz.

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR