“Qarı düşmən dost olur” – Tehran Pelosinin Ermənistana səfərindən niyə məmnundur? - TƏHLİL

“Qarı düşmən dost olur” – Tehran Pelosinin Ermənistana səfərindən niyə məmnundur? - TƏHLİL
# 20 sentyabr 2022 17:22 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribat - ordumuzun Laçın və Kəlbəcər rayonlarındakı təminat yollarını minalamaq cəhdi ona çox baha başa gəldi.

Ordumuz 12-14 sentyabr toqquşmaları zamanı həyata keçirdiyi əməliyyat çərçivəsində Ermənistan tərəfinin 4 radarı, 2 ədəd S-300 5N63 IYR radarı, 3 ədəd S-300 5P85 BQ buraxıcı qurğusu, 2 ədəd S 125 RTS-125 radarı, 1 radioelektron mübarizə vasitəsi jitel, 14 top və haubitsası, 9 minaatan, 32 avtomobil texnikası, 3 KAMAZ, 1 URAL, 1 UAZ, 3 mühəndis texnikası, 1 zenit raket kompleksi, 35 müxtəlif çaplı atıcı silah, 20 əl qumbarası, 2 optik cihaz, 2 rabitə vasitəsi, 14500 ədəd döyüş sursatı və müəyyən istiqamətlərdə hava hücumundan müdafiə sistemi (HHM) məhv edildi.

Bundan başqa, qarşı tərəfin 1 briqadasının disloksiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının atəş mövqeləri dağıdılıb, toqquşmalar zamanı 74 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, 11 strateji yüksəklik nəzarətə götürülüb, Ermənistan tərəfi 450 nəfərədək canlı qüvvə itirib.

Nəticə etibarilə, Azərbaycan Ermənistanın Qərbi Zəngəzurda yerləşən hərbi infrastrukturunu faktiki olaraq məhv etdi, İrəvan-Gorus yolunu yeni mövqelərdən vizual nəzarətə alaraq mümkün gələcək təxribatlara qarşı öz hərbi təhlükəsizliyini təmin etdi.

Qeyd etmək lazımdır ki, Ermənistanın 1991-ci ildən başlayan və təxminən 30 il davam edən hərbi təcavüzü ilə əlaqədar müstəqillik illərində iki ölkə arasında delimitasiya işlərinin aparılması mümkün olmayıb. Bu baxımdan Azərbaycanın nəzarətə götürdüyü sərhədyanı ərazilərin Ermənistanın ərazi bütövlüyünə aidiyyəti olmamalıdır, çünki sərhədlərin dəqiq keçəcəyi yerlər delimitasiya və demarkasiya komissiyasının işi zamanı müəyyən olunmalıdır.

Təsadüfi deyil ki, Ermənistanın ərazi bütövlüyünün təminatçısı sayılan Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) da eskalasiya ilə bağlı narahatlığını ifadə etsə də, delimitasiya işi görülmədən hər hansı ölkənin sərhədlərinin pozulmasından söhbət belə getmədiyini açıq bəyan etdi.

Ayrı-ayrı qərəzli siyasətçiləri çıxmaq şərti ilə, BMT-nin Baş katibi Antoniu Quterreş, ABŞ-ın Dövlət katibi Entoni Blinken, Rusiya Prezidenti Vladimir Putin, Gürcüstan Baş naziri İrakli Qaribaşvili, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi bir çox siyasətçi də məsələyə münasibət bildirdi. Bu çıxışların hamısında tərəflər danışıqlara çağırılırdı, lakin ölkələrin ərazi bütövlüyünün pozulması barədə bir söz belə yox idi.

Belə bir fonda İran növbəti dəfə fərqlənməyi bacardı. Təxribatın başladığı ilk gündən Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparan İran Prezidenti İbrahim Rəisi regionda sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi, İran-Ermənistan sərhədinin toxunulmazlığı barədə açıqlama verdi.

Ardınca, eyni tipli açıqlamalar İranın dini-siyasi və hərbi elitasının bir çox simaları tərəfindən təkrarlanmağa başladı. O cümlədən İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian azərbaycanlı həmkarı ilə telefon danışığında bölgə ölkələrinin ərazi bütövlüyünün və beynəlxalq sərhədlərinin toxunulmazlığının ölkəsi üçün vacib olduğunu qeyd etdi.

İranın Milli təhlükəsizlik üzrə parlament komissiyasının sədri Vahid Cəlalzadə isə daha da irəli gedərək regionda sərhədlərin dəyişdirilməsi barədə arzunu kabusa çevirə biləcəklərini söylədi.

Hədə mahiyyəti daşıyan bu açıqlama təbi ki, ilk növbədə rəsmi Bakıya ünvanlanmış mesaj idi.

Ümumiyyətlə, son həftə ərzində İran tərəfindən müxtəlif səviyyələrdə verilən kobud çağırış və bəyanatlara cavab olaraq rəsmi Bakı təmkinini pozmadı. Çünki İranın ifadəli, poetik hədələr verməkdə mütəxəssis olduğu heç kimə sirr deyil. Amma İranın verdiyi bəyanatların ardınca nümayiş etdirdiyi davranış isə bir o qədər cılız və effektsiz olur.

Bunun bariz nümunəsi ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan səfərinə münasibətdə özünü göstərdi. Ayrı vaxt düşmən bildikləri ABŞ rəsmilərinin, yüksək vəzifəli şəxslərin regiona gəlməsinə qısqanc münasibət göstərən İran bu dəfə öz sevimlisi Ermənistana edilən bu tarixi səfərə çox qorxaq və dişsiz reaksiya verdi.

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani Cənubi Qafqazda gərginliyin və qeyri-sabitliyin artmasının heç bir region dövlətinin maraqlarına xidmət etmədiyini və bölgədə qeyri-sabitliyin qızışdırılmasını qəbul etmədiklərini deməklə, Pelosinin gəlişinə ünvansız və neytral münasibət bildirdi.

Hər an Azərbaycanla Qərbin münasibətlərinin dinamikasını az qala mikroskop altında izləyən, hər cüzi məqama reaksiya verməyi özünə borc bilən və bunun üçün növbəyə düzülən İranın hakim elitası özünə düşmən bildiyi ABŞ-ın üçüncü ən nüfuzlu şəxsinin Ermənistana səfərinə yalnız XİN sözçüsü səviyyəsində reaksiya verməklə kifayətləndi.

Bu bir daha İranın qatı ermənipərəst mövqeyə malik olduğunu və Ermənistanın mənafeyini öz dövlət mənafeyi hesab etdiyini nümayiş etdirdi.

İran hazırda sanksiyalar fonunda əzilən iqtisadiyyat, ağırlaşan sosial durum, artan qiymətlər, su qıtlığı və din pərdəsi altında elementar haqları pozulan narazı cəmiyyətlə üz-üzədir. İslahatlar aparmaq, dünyaya açılmaq yerinə, İran destruktiv xarici siyasət aparır, qonşu ölkələrin daxili işlərinə müxtəlif yollarla müdaxilə etməyə çalışır, “papadan artıq katolik”lik edərək Cənubi Qafqazın autsayderi Ermənistana hamilik edir.

Ağır durumda olan İranın artıq daxili proseslərə də nəzarətini itirdiyi müşahidə edilir. Son olaraq, hicabını düzgün geyinmədiyi üçün polis tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 22 yaşlı Məhsə Əmini ilə bağlı ölkə boyu qalxan etirazlar, zahirən özünü güclü və zəhmli göstərməyə çalışan “qoca şirin” daxilən çox kövrək, hər an dağıla biləcək həssas balans üzərində dayandığını göstərir. Ölkə potensial olaraq növbəti inqilab ərəfəsindədir.

Bu fonda İranın Ermənistanla bağlı canfəşanlığı və bunun praktik müstəviyə keçməsi, mümkünsüz cılız bəyanatları yalnız bir şeydən – Azərbaycanın və Türkiyənin regional siyasətinin doğruluğundan xəbər verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR