Rusiyalı ekspertlər: Qarabağ məsələsini sülh sazişinə bağlamaq cəhdləri əsassız və qanunsuzdur - RƏY

Xankəndi şəhəri

© APA | Xankəndi şəhəri

# 16 fevral 2023 16:28 (UTC +04:00)

“Ermənistanın Qarabağ məsələsini sülh sazişinə bağlamaq cəhdləri əsassız və qanunsuzdur. Çünki Qarabağ Azərbaycandır. Ermənistan, eləcə də onun qərbli himayədarları bunu birdəfəlik qəbul etməlidir”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamalarında rusiyalı siyasi ekspertlər bildiriblər.

Onların fikrincə, İrəvanın Bakı ilə sülh sazişinin imzalanmasını uzatması Ermənistanın dövlətçiliyinin faciəvi sonluqla bitməsinə gətirib çıxaracaq.

Ermənistan ya Azərbaycanın sülh təklifini qəbul edəcək, ya da dövlətçiliyi faciəvi sonluqla bitəcək

Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko APA-aya açıqlamasında Bakı ilə İrəvan arasında sülh sazişinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən beş prinsip əsasında mümkün olduğunu söyləyib: “Ona görə ki Azərbaycan tərəfinin təklifləri beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq reallıqlara əsaslanır. Qarabağ məsələsini sülh sazişinə bağlamaq cəhdləri əsassız və qanunsuzdur. Çünki Qarabağ Azərbaycandır. Ermənistan, eləcə də onun qərbli himayədarları bunu birdəfəlik qəbul etməlidir. Ona görə də Ermənistan ya sülh sazişini imzalayacaq, ya da baş verə biləcək hadisələr Ermənistanın dövlətçiliyi üçün faciəvi sonluqla bitəcək”.

Rusiyalı hərbi ekspertin fikrincə, Ermənistan hələ də öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir: “İrəvan üçtərəfli bəyanatları icra etmir. Soçi və Moskva razılaşmaları icra olunmayıb. Paşinyan ötən ilin sonunda Zəngəzur dəhlizini açmaqdan imtina edib. Baxmayaraq ki, bununla bağlı üzərinə öhdəlik götürüb. Ermənistanla Azərbaycanın sərhədləri hələ ki delimitasiya və demarkasiya olunmayıb. Onlar 30 il ərzində işğal altında saxladıqları minalanmış ərazilərin xəritələri Azərbaycana təhvil verməyib. Ermənistan tərəfindən silahlı təxribatlar, anti-Azərbaycan kampaniyası davam edir. Bu fonda Ermənistan tərəfindən xoşməramlı iradə gözləmək çətindir. Ona görə də düşünürəm ki, diplomatiya ilə dəqiq cərrahiyyə-güc metodunun tandemi Ermənistanı sülhə məcbur etmək üçün ən optimal variantdır”.

Qarabağ erməniləri ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da həmin ərazidən getməlidir

Rusiyalı siyasi ekspert Aleksey Naumov APA-ya açıqlamasında Nikol Paşinyanın növbəti düşmən addımını sürpriz saymadığını deyib. Onun fikrincə, bu düşmən addım həm Azərbaycana, həm də Rusiyaya münasibətdə atılıb: “Hətta deyərdim ki, Qarabağ ermənilərinə münasibətdə də bu, düşmən addımdır. Ermənistan reallığı qəbul etmək əvəzinə Qarabağ ermənilərinə yalan ümidlər verir. Reallıq isə ondan ibarətdir ki, Qarabağ erməniləri ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da həmin ərazidən getməlidirlər. Hazırkı reallıq məhz budur. Anlaşılandır ki, burada Fransa jandarmından ilhamlanan Paşinyanın addımlarına deyil, 2020-ci ilin müharibəsindən sonrakı dinamikaya baxmalıyıq. Bu dövr ərzində Ermənistan özünü beynəlxalq münasibətlərin aktiv iştirakçısı kimi nüfuzdan salıb. Separatçılara izah olunub ki, onların başqa yolu yoxdur. Laçın yolundakı ekoloji aksiya da bunu onlara əminliklə sübut edir. Bu müddət ərzində Ermənistan Rusiya qarşısında da hörmətini itirib. İrəvan daim vasitəçi və hansısa tərəfdaş axtarışındadır. İlham Əliyev bu ilin əvvəlində aydın şəkildə bəyan edib ki, sülh sazişi masa üzərindədir və bu saziş əbədi olaraq masa üzərində olmayacaq. Düşünürəm ki, bu ilin sonuna kimi biz bu problemin həllinin, nəhayət ki, işğal altında qalan ərazilərin Azərbaycana qayıtmasının, reinteqrasiyasının şahidi olacağıq. Hesab edirəm ki, Paşinyan, onun müttəfiqləri və separatçılar üçün Azərbaycanın təklifinin dinc yolla qəbul etmək üçün heç də çox vaxtı qalmayıb. Əks halda, biz sizinlə bu problemin bir an içində Rusiyanın susqun razılığı ilə həllinin şahidi ola bilərik”.

2025-ci ilin noyabrın 10-da Qarabağ tam Azərbaycanın nəzarəti altına keçəcək

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov isə hesab edir ki, 2025-ci ilin noyabrın 10-da Qarabağın sülhməramlıların nəzarəti altında qalan hissəsi Azərbaycanın nəzarətinə keçəcək. Politoloq bunun dinc yolla baş verəcəyini proqnozlaşdırır.

“Düşünürəm ki, Qarabağ məsələsinin həlli bu cür olacaq: Danışıqlar daha 2 il yarım davam edəcək. Ona görə ki, Paşinyan real sülhdən qorxur. O düşünür ki, sülh nəticəsində ya onu devirəcəklər, ya da Livandan, yaxud hardansa bir erməni terrorçusu gəlib onu güllələyəcək. Ona görə də, məsuliyyətdən boyun qaçırır. 2025-ci ilin 10 noyabrında mövcud üçtərəfli müqavilənin müddəti bitəcək, müqavilənin müddəti uzadılmayacaq. Ona görə ki, müqavilə öz rolunu artıq oynamış olacaq. Rusiya sülhməramlıları Qarabağdan sakitcə gedəcək və Azərbaycan Ordusu sakitcə həmin ərazilərə daxil olacaq. Heç bir döyüş olmayacaq. Paşinyan isə deyəcək ki, mən daha yaxşısını istəyirdim, amma alınmadı”, - deyə rusiyalı ekspert APA-ya açıqlamasında vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR