Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq Azərbaycan qarşısında böyük perspektivlər açır - TƏHLİL

Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammiti

© APA | Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammiti

# 16 sentyabr 2022 16:40 (UTC +04:00)

Dünyada sürətlə dəyişməkdə olan geosiyasi şərait sülh və sabitliyin möhkəmləndirilməsində, iqtisadi inkişafın dəstəklənməsində, ictimai-siyasi tarazlığın qorunmasında, təhlükəsizliyin təmin edilməsində beynəlxalq təşkilatların üzərinə indi daha böyük vəzifələr düşdüyünü göstərir. Bu kontekstdə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) son illərdə beynəlxalq arenada nüfuzu artan, həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində daha mühüm rol oynamağa başlayan qurum kimi daha çox diqqət cəlb edir.

ŞƏT-in əsas fəaliyyət istiqamətlərindən biri təşkilatın bütün coğrafiyasında regional təhlükəsizliyin təmin edilməsidir. Bunun üçün terrorizm, separatizm və ekstremizmin səbəbləri, mənbələri və təzahürlərinin aradan qaldırılması qurumun fəaliyyətində prioritet kimi müəyyən edilib. Məhz ŞƏT çərçivəsində “Terrorizm, separatizm və rkstremizmə qarşı mübarizə haqqında” 15 iyun 2001-ci il tarixli Şanxay Konvensiyası qəbul edilib. Üzv dövlətlər arasında təhlükəsizlik sahəsində əməkdaşlıq da hər zaman təşkilatın əsas vəzifəsi kimi gündəmdədir ki, bu da öz növbəsində ŞƏT sərhədləri daxilində davamlı sosial-iqtisadi inkişafının təmin olunmasında böyük önəm kəsb edir. İqtisadi güc mərkəzinə çevrilmək baxımından da ŞƏT əməli addımlar atır və bu xüsusda böyük potensiala malikdir. Hətta bu müstəvidə ŞƏT-i “Böyük yeddiliyin” alternativi də adlandırırlar.

ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Qurumun Səmərqənd sammitində İranın tamhüquqlu üzv kimi qəbul edilməsindən sonra ŞƏT üzvlərinin sayı 9 olub. Bunlar Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan və İrandır. Əfqanıstan, Monqolustan, Belarus müşahidəçi üzvlər, Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı dialoq tərəfdaşlarıdır. Təşkilatın əsas məqsədləri sırasına üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılması daxildir.

ŞƏT-in iki daimi orqanı fəaliyyət göstərir ki, bunlardan biri Pekində yerləşən Katiblik, digəri Daşkənddə yerləşən Terrorizmə qarşı Regional Strukturdur. Təşkilat üzv ölkələr arasında qarşılıqlı faydalı tərəfdaşlıq şərtləri əsasında bərabərhüquqlu iqtisadi və siyasi qarşılıqlı əlaqələrin yaradılması, inkişaf etdirilməsi baxımından da mühüm rol oynayır. Üzv ölkələrin ümumi daxili məhsulunun (ÜDM) birgə həcmi dünya ÜDM-nin dörddə birini təşkil edir. Müşahidəçi və dialoq tərəfdaşları olan ölkələr də nəzərə alınsa, onda dünya iqtisadiyyatının yarısının ŞƏT-in payına düşdüyünü demək olar. Demoqrafik baxımdan da ŞƏT böyük resursa malikdir. Üzv, müşahidəçi və dialoq tərəfdaşları olan ölkələrdə dünya əhalisinin yarısı yaşayır. Təşkilat dünyada güc mərkəzlərinin təsir dairəsindən kənardır. Müstəqil siyasət, dünyanın çoxqütblülüyünün tanınması və üzv dövlətlərin hegemonluq iddialarından əl çəkməsi ŞƏT-i daha cəlbedici hala gətirir.

ŞƏT-in beynəlxalq hüquqi cəlbediciliyinin digər tərəfi onun hansısa bloka daxil olmaması, üçüncü ölkələrə və ya digər beynəlxalq təşkilatlara qarşı yönəlməməsi, bütün iştirakçıların bərabərliyi və suverenliyinə hörməti, daxili işlərə qarışmaqdan imtina etməsi və münaqişələrin qarşısının alınmasıdır. Hesab edilir ki, ŞƏT müxtəlif mədəni və sivilizasiya kodlarına, öz xarici siyasət istiqamətlərinə və milli inkişaf modellərinə malik olan ölkələri birləşdirməyə nail olmuş unikal dövlətlərarası strukturdur.

Aparılan dəyərləndirmələr göstərir ki, ŞƏT-in təkcə kəmiyyət zənginləşdirməsi ilə deyil, həm də yeni strateji vektorların kəşfi yolu ilə transformasiya və inkişaf üçün gözəl perspektivləri var. Bunlar nəqliyyat və əlaqə, enerji, ərzaq və ekoloji təhlükəsizlik, innovasiya, rəqəmsal transformasiya və “yaşıl iqtisadiyyat”dır. Yuxarıda qeyd edilənlər fonunda təəccüblü deyil ki, Azərbaycan ŞƏT-lə əməkdaşlığa böyük önəm verir.

ŞƏT-də dialoq tərəfdaşı statusuna sahib olan Azərbaycan təşkilatla əməkdaşlığını daha da dərinləşdirmək, müşahidəçi, daha sonra isə tamhüquqlu üzv olmaqda maraqlıdır. Hələ 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Ölkəmizlə əməkdaşlıq ŞƏT-in özü üçün də olduqca cəlbedicidir. Xüsusən Azərbaycanın Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin qovşağında yerləşməsi, malik olduğu nəqliyyat infrastrukturu ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da artırır.

Zəngəzur dəhlizinin açılması da ŞƏT üçün də nəqliyyat-logistika sferasında əlavə üstünlüklər yaradacaq. ŞƏT-in Səmərqənddə keçirilən sammitində çıxışı zamanı bu dəhlizlə bağlı Prezident İlham Əliyev qeyd edib: “Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq”. Dövlət başçısı 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həll olunmasının regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdığını da bildirib.

ŞƏT Azərbaycanın səsinin dünyada eşidilməsi baxımından da çox vacib platformadır. Bunun faktiki təsdiqi elə Prezident İlham Əliyevin ŞƏT-in Səmərqənd sammitində çıxışı kontekstində özünü göstərdi. Dövlət başçısı çıxışı zamanı Ermənistanın sərhəd zonasında törətdiyi genişmiqyaslı təxribatla əlaqədar geniş məlumat verdi. Nəzərə alaq ki, ŞƏT-in sammiti təkcə iştirakçı ölkələr yox, dünya, ən əsası da Qərb dövlətləri tərəfindən diqqətlə izlənilir. Bu mənada Prezident İlham Əliyevin çıxışını, səsləndirdiyi fikirləri dinləyən auditoriya kifayət qədər genişdir. İndiki halda həqiqətlərin nədən ibarət olduğunu dünyaya çatdırmaq olduqca vacibdir və Azərbaycan bu fonda ŞƏT platformasından məharətlə istifadə edir. Dünya isə ondan xəbərdar və tam əmin olur ki, Azərbaycan beynəlxalq hüquq, ədalət və qlobal təhlükəsizlik əsasında addımlar atır.

ŞƏT-ə üzv ölkələrin dövlət başçılarının sammitinin yekunu olaraq qəbul edilən Səmərqənd Bəyannaməsi qurum çərçivəsində əməkdaşlığın daha da dərinləşəcəyini göstərir. Səmərqənd Bəyannaməsi təşkilatın gələcək inkişaf, qlobal və regional gündəlikdə duran aktual məsələlər üzrə ŞƏT dövlətlərin vahid mövqeyini əks etdirir. Sənəddə praktiki əməkdaşlığın daha da təkmilləşdirilməsi, regional sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi, nəqliyyat əlaqələrinin gücləndirilməsi, eləcə də mədəni dialoqun dərinləşdirilməsinə dair birgə yanaşmalar əksini tapıb. Qeyd edilənlər çərçivəsində ŞƏT-lə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın maraqlarına tam cavab verir. Bu, ölkəmizin beynəlxalq əlaqələrində yeni səhifə açmaqla yanaşı, onun siyasi, iqtisadi və digər mühüm parametrlər baxımından daha da güclənməsi deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR