“Səmimi” qonşu, “dost” ölkə: İranın “əzələ nümayişi” heç kimi narahat etmir - TƏHLİL

“Səmimi” qonşu, “dost” ölkə: İranın “əzələ nümayişi” heç kimi narahat etmir - TƏHLİL
# 21 oktyabr 2022 19:39 (UTC +04:00)

İranın Azərbaycana həqiqi münasibəti hələ İkinci Qarabağ müharibəsi zamanı özünü büruzə verməyə başlamışdı. Azərbaycan şəhərlərinin raket və top atəşinə tutulduğu, kənd və şəhərlərin bayrağa bükülü şəhid cənazələri qəbul etdiyi bir vaxtda İran həm quru, həm də hava imkanlarını Ermənistana silah-sursat daşınması üçün səfərbər etmişdi. Azərbaycanın öz ərazilərini azad edərək daha da güclənəcəyindən, güclü olduğunu sübut edəcəyindən dəhşətə düşən molla rejimi 44 günlük müharibə dövründə erməni zülmünün, işğalın davam etməsi üçün əlindən gələni əsirgəmədi. Yəqin həm də ona görə ki, Azərbaycanın işğal altındakı ərazilərinin talanmasında və qarət edilməsində iştirak edənlər arasında İran şirkətləri də vardı.

Müharibənin sonlarına doğru, artıq Azərbaycanın qələbəsinin dönməz olduğu anlaşıldıqda isə İran Azərbaycana “dəstək” bəyanatı səsləndirdi. Lakin yırtılmış maskası İranın Azərbaycana və azərbaycanlılara həqiqi simasını artıq üzə çıxarmışdı. İndi onun əvvəlki dövrlərdə dostluq və qardaşlıqla, tarixi-mədəni əlaqələrlə bağlı səsləndirdiyi bəyanatlar çox gülünc görünməyə başlamışdı.

Nəticədə rejim ənənəvi təhdid, hədə-qorxu metodunu işə salmağa çalışdı.

Bunun bariz nümunəsi İranın son günlərdə Araz çayı boyunca keçirdiyi hərbi təlimlərdir. Anti-Azərbaycan xarakterli bu təlimlər İranın nə qədər “səmimi” qonşu, “dost” ölkə olduğunu ortaya qoymaqla yanaşı, İran ordusunun da qeyri-peşəkar, müasir dövrün hərbi standartlarından çox geridə qaldığını göstərdi. Paylaşılan görüntülərdə “paslı vedrə”yə dönmüş ötən əsrin ortalarında istehsal edilmiş onlarla tank görünür. Bu görüntülər əslində İranın hərbi cəhətdən nə qədər geridə qaldığını ifşa edir. Müasir sistemlər qarşısında son dərəcə müdafiəsiz olan bu texnikalar tarixən iştirak etdiyi əksər müharibələrdə “polad qəbir”lərə çevrilib.

Ümumiyyətlə, İran ordusu hazırda dünyanın ən alabəzək ordularından biridir. Əsasən Rza Şah Pəhləvinin qərblə yaxın olduğu dövrlərdə alınan və artıq müasir hərb standartlarından çox uzaq olan bu vasitələr İran ordusunun onurğasını təşkil edir. Yeri gəlmişkən, İranın hərbi sənayesi hərdən arsızlığına salaraq bu texnikaların orasını-burasını yamayıb “İran istehsalı yeni təyyarə”, “İran istehsalı yeni tank” kimi sırımaqdan da çəkinmir.

Tətbiq olunan sanksiyalar səbəbilə yaranmış nəhəng boşluğu yerli istehsal hesabına aradan qaldırmağa çalışan İranın nə qədər uğurlu olduğu isə göz qabağındadır. Məsələn, bu gün Ukrayna ordusu İran istehsalı dronların 85%-nin hədəfə çatmadan zərərsizləşdirildiyini bəyan edir.

İran ola bilsin keyfiyyətlə deyil, kəmiyyətlə qələbə çalmağın mümkünlüyünə inanır. Bunun mümkün olmadığını isə həm Vətən müharibəsi, həm də 2022-ci ildə aparılmış digər hərbi əməliyyatlar daha aydın göstərir.

Azərbaycan ordusunun Qarabağda və Şərqi Zəngəzurda apardığı hərbi əməliyyatlar məhz keyfiyyət amilinə köklənmişdi. Ən müasir silah sistemlərinə malik ordumuz köhnə hərbi doktrinlərə, sınıq-salxaq silahlara arxalanan müdafiə səddini qısa müddətdə yarıb keçərək hərb tarixində yeni salnamə yazdı. Ordumuzun cəmi 44 gündə 30 illik müdafiə planlarını fiaskoya uğratması köhnə silahlarla deyil, hərbi-siyasi iradə və müasir silah sistemləri hesabına mümkün oldu. Azərbaycan hərbi-texniki sahədə qurduğu uğurlu beynəlxalq əməkdaşlığı sayəsində bu imkanlarını hər gün daha da gücləndirir.

Ona görə də İranın əzələ nümayişi bu gün heç kimi, o cümlədən də Azərbaycanı qəti narahat etmir. Qlobal enerji tədarükçüsünə çevrilən müstəqil Azərbaycan bu gün Avropanın, ABŞ-ın bu sahədə əsas tərəfdaşlarından biridir. Azərbaycanın Türkiyə ilə müttəfiqliyi isə bu gün regionda sülhün və sabitliyin əsas təminatına çevrilməkdədir.

Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla oktyabrın 20-də Cəbrayılda mətbuata birgə bəyanatında bildirdiyi kimi, “Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır”.

Öz mədəni və tarixi keçmişinə xəyanət edərək məzlumun deyil, zalımın yanında olmağa üstünlük verən İran bu mesajdan ciddi nəticə çıxartmalı, hansı qüvvə ilə üz-üzə gəlmək istədiyini anlamalıdır.

Bütün bunlarla yanaşı, İranın öz simasını ifşa etməsinin yaxşı tərəfi də var.

Necə deyərlər, “hər şərdə bir xeyir var”. İranın şər münasibətinin xeyri odur ki, bu ölkənin qüdsiyyətinə inananlarda soyuq duş effekti yaradır. Bu gün molla rejiminin davranışlarına baxan müsəlmanların verdiyi sual budur - İslam İranın harasındadır?

Öz xalqını əzən, yoxsulluğa düçar edən, azad sözü, azad medianı qadağan edən, ölüm düşərgəsinə çevrilmiş həbsxanalarında vicdan məhbuslarına amansız işgəncələr verən İran rejiminin İslam əxlaqı ilə əlaqəsinin olmadığı aşkardır. Bu ideologiya daha çox məcusiliyə, əmmaməli kişilər Əhrimənin əsgərlərinə bənzəyirlər.

Ona görə də, bu gün İranın təsiri altında olan, bu ölkənin müxtəlif mənbələrindən maliyyə alan iranmeylli manqurtlar başa düşməlidir ki, onlardan öz xalqına və dövlətinə, ölkəmizin milli maraqlarına qarşı istifadə olunur. Belələri ifşa olunmalı, ən sərt şəkildə qınaq obyektinə çevrilməlidir.

İranın son dövrlərdəki təxribatları başqa bir sualı da meydana gətirir: Əcəba Yaxın Şərqi qan çanağına çevirmiş İran Qafqazda da eyni vəziyyətəmi nail olmağa çalışır?

Milli sərvətlərini ayrı-ayrı ölkələrdə təsir güclərinin yaradılmasına və saxlanmasına, stabilliyin pozulmasına yönəltmiş İran bu gün bütün dünyada terroru dəstəkləyən ölkə kimi tanınır. Təsadüfi deyil ki, İran müasir dünyanın ən çox sanksiyaya məruz qalmış 3 ölkəsindən biridir. İran Ermənistanın ölkəmizə qarşı terror siyasətinə verdiyi dəstəklə bir daha bu ünvanlara layiq olduğunu sübut edir.

İranda son zamanlar baş verən hadisələr rejimin xaos içərisində olduğunu və ömrünün çox qalmadığını göstərir. Hazırda da davam edən etirazlar, iğtişaşlar insanların molla rejiminin tətbiq etdiyi üsul-idarədən təngə gəldiyini göstərir. İran cəmiyyəti artıq din amilindən istifadə edilməklə hüquq və azadlıqlarının məhdudlaşdırılmasını, orta əsr təfəkkürünü, teokratik idarəçiliyi, qeyri-insani davranışı qəbul etmir.

İranda azlıqların hüququnun tapdanması, onlara qarşı qeyri-insanı münasibət isə sirr deyil. Xüsusilə də ölkə əhalisinin təxminən yarısını təşkil edən azərbaycanlılara qarşı sərhədsiz diskriminasiya mövcuddur.

Bu ölkədə azərbaycanlıların və ermənilərin hüquq və azadlıqlarına olan münasibət rəsmi Tehranın ikiüzlü siyasət yürütdüyünü aydın göstərir. Azərbaycanlıları bütün hüquqlarından məhrum edən, ana dilində təhsil almaq, yazmaq hüququnu belə əlindən alan İran rejimi azərbaycanlıların hər hansı formada təşkilatlanmasını özünə qarşı təhdid kimi dəyərləndirilir və dərhal repressiya alətlərinə əl atır, ermənilər isə İranda bütün imkanlardan istifadə edir, öz dillərində mediaları fəaliyyət göstərir, öz dillərində təhsil alırlar.

Odur ki, Cənubi Azərbaycandakı 35 milyon soydaşımızın ayağa qalxaraq öz hüquqlarını tələb etmək, müstəqil olmaq və Cənubi Azərbaycanda öz dövlətlərini qurmaqla öz taleyini müəyyənləşdirməyə tam haqqı çatır. Molla rejiminin, fars şovinizminin qəddarlığından bezən soydaşlarımız ayağa qalxmalı və İslami dəyərlərdən, ədalət, insaniyyət anlayışından uzaq olan rejimin başında duranlara layiq olduqları yeri göstərməlidir.

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR