“Bu nasıl ayrılıkmış, anlamadım gitti...” - TƏHLİL

“Bu nasıl ayrılıkmış, anlamadım gitti...” - <span style="color: red;">TƏHLİL
# 23 dekabr 2013 08:11 (UTC +04:00)

30 mart 2014-dəki bələdiyyə seçkisi yaxınlaşdıqca savaşın rəhmsizləşəcəyini təxmin etmək çətin deyildi. Sən demə, hökumətin xüsusi səlahiyyətli məhkəmə və prokurorluqları ləğv etməsinə baxmayaraq, 5,5 il əvvəlin sərhəd, haqq və hüquq tanımaz prokuroru Zəkəriya Öz, gizli də olsa, özündə səlahiyyət saxlayıbmış.

1. Dünən “bağırsaq təmizləmə”, bu gün “7X7=49, əldə var Aytən”

Bəli, 5.5 il qabaq “Türkiyənin bağırsaqlarını təmizləyərkən” (tarixi ifadə türk siyasətinin ən rəngli simalarından biri olan Bülənt Arınça aiddir) hökumətin qəhrəmanı durumunda olan Zəkəriya bəy 17 dekabrda “özəl qabiliyyətini” bir daha nümayiş etdirincə, 11 illik AKP hökumətinə ən böyük şoku yaşatmış oldu; ətraf mühit və şəhərçilik, daxili işlər və iqtisadiyyat nazirlərinin övladlarını polis nəzarətinə alan Zəkəriya Öz, Tayyip Ərdoğanı “can evi”ndən vurdu. Hələ ətraf mühit və şəhərçilik naziri Ərdoğan Bayraktar. Türkiyədə kapitalizm öz dinamikası ilə inkişaf etmədiyinə görə, mərkəz sağın qurduğu hökumətlər həmişə tikinti sektorunun patronları ilə hərarətli münasibətdə olmağa üstünlük verərlər. Süleyman Dəmirəlin öz “inşaat baronları” vardı, Turqut Özal da özünün baronlarını yetişdirmişdi. Baron və prinslərin iqtisadi cəhətdən güclənməsi bir müddətdən sonra hökumətlər üçün baş ağrısına çevrildiyinə və siyasi cəhətdən zəifləməyin qoxusunu hamıdan əvvəl alıb gəmini ilk əvvəl onlar tərk etdiyinə görə, Tayyip Ərdoğan başqa yoldan getməyi uyğun gördü; ölkənin tikinti sektorunun əksər qismini baş nazirə bağlı mənzil idarəsinin (2003-2011 arasında TOKİ-nin başında duran Ərdoğan Bayraktar baş nazirin ən etibarlı adamı idi)) nəzarətinə aldı və ölkə iqtisadiyyatının can damarını öz əlində tutaraq sağ siyasətin ana maliyyə mərkəzinin öz ayaqları altından qaçmasını 11 ildən bəri əngəllədi. 12 iyun 2011-dəki seçkidən sonra qurulmuş hökumətdə ətraf mühit və şəhərçilik nazirliyi yaradılaraq başına Ərdoğan Bayraktarın gətirilməsi Türkiyədə yeni bir həmlənin xəbərçisiydi; xüsusilə böyük şəhərlərdə yaşamağa yararsız olan binaların hamısı söküləcək, nazirliyin nəzarətində yeni binalar tikiləcəkdi.

17 dekabr əməliyyatına bu nöqtədən baxılarsa, Ərdoğan Bayraktarın niyə o əməliyyatın mərkəzi fiqurlarından biri olduğu daha yaxşı anlaşılacaq. Bu baxımdan 17 dekabr əməliyyatının təkcə prokurorun və maliyyəçilərin iştirakıyla hazırlandığını söyləməyin doğru olmadığını düşünürəm, bu işdən strategiya mütəxəssislərinin alın tərinin qoxusunu hiss etməmək mümkün deyil. Bəlkə elə ona görə də Türkiyə siyasətinin məşhur bəlağət ustası Bülənt Arınç 5,5 il qabaq eyni prokurorun apardığı əməliyyatlara “Türkiyə bağırsaqlarını təmizləyir” - sözləriylə şərh verməyi uyğun görürdüsə, 5,5 il o tərəfə “diametralno protivopolojno” zidd olan 17 dekabr əməliyyatına verdiyi “Əldə var Aytən” - şərhinin anlamı, başqalarını bilmirəm, şəxsən mənə mənə məchul qaldı...

2. İrana embarqonun fürsətə çevrilməsi

17 dekabr əməliyyatının mərkəzi fiqurunun Rza Zərrab olduğunu görürük. Geniş miqyaslı prokurorluq təhqiqatı başladılmasının ana səbəbini ABŞ embarqosu nəticəsində iqtisadiyyatı çökmüş İranın Türkiyəyə satdığı neft və təbii qazın dəyərinin qızılla ödənməsi prosesində baş vermiş qanunsuzluqlar təşkil edir. İrandan Türkiyəyə və tərsinə pul transferlərinə qadağan qoyulduğu uzun müddətdən bəri məlumdur; hətta Türkiyədə fəaliyyət göstərən İran rəsmi qurumları əməkdaşlarının maaşlarının bank kanalıyla deyil, Tehrandan gələn yüksək vəzifəli məmurların çantalarda gətirdikləri pullarla ödəndiyi kimsəyə sirr deyil. Baş nazirin iqtisadiyyata cavabdeh müavini Əli Babacanın uzun müddətdən İran nefti və qazının dəyərinin qızılla ödənilməsi prosesini ciddi nəzarətdə saxladığına dair açıqlamalarını dəfələrlə dinləmişəm; neft və qazın qarşılığında Türkiyədən çıxan qızılın gah iqtisadi tarazlığı Türkiyənin lehinə, gah əleyhinə çevirməsinə dair rəqəmlər ortaya çıxsa da, ümumilikdə bu prosesin gizli tutulması hər iki tərəfin marağında idi. Xatırlatmaq yerinə düşərdi ki, hələ İrana embarqolardan çox əvvəl Qərb qurumlarının raportlarında bir neçə dəfə Türkiyəyə “mənşəyi bəlli olmayan böyük miqdarda pul - məsələn, 2006-da 18 milyard dollar girməsindən bəhs edilmişdi ki, baş nazir Ərdoğan bununla bağlı suallara “Bizim Allahımız böyükdür, ehtiyacımız olanda göndərir”- sözləriylə açıqlama vermişdi.

Bu ilin aprelində kuryerlər vasitəsilə İstanbul aeroportundan Dubaya göndərilən 27 kiloqram külçə qızıla polis əl qoymaq istəyincə, qızılın Türkiyədən sənədlərlə çıxarıldığı məlum olmuş və kuryerlər təyyarəyə buraxılmışdı. Türk maqazin dünyasının favoritlərindən olan Rza Zərrab qızılın sahibi olduğunu və əməliyyatların leqal çərçivədə həyata keçirildiyini bəyan etmişdi. “İrana qarşı embarqoları dəldiyinə görə” dövlət qurumu olan “Halkbank”ın adının Qərbin “qara siyahı”sına salındığına dair raportlar çap edilsə də, o xəbərdarlıqlar nəzərə alınmamışdı.

(Qeyd etmək yerində olacaqdır ki, Türkiyənin özəlləşdirilməyən 3 bankından biri olan “Halkbank” nəinki hökumətin, şəxsən baş nazir Ərdoğanın layihələrinin həyata keçirilməsində əsas maliyyə dəstəkçisidir. 2007-ci ilin aprelində uzun müddət Türkmənistanda fəaliyyət göstərmiş iş adamı Əhməd Çalıkın Türkiyəyə qayıdandan sonra media sektoruna girib “Sabah” və ATV media qrupunu alması üçün ödənən 1,1 milyard dollar pulun 750 milyon dolları ipotekasız “Halkbank” tərəfindən verilmiş və baş nazir Ərdoğanın təlimatı olmadan həyata keçirilməsi mümkün olmayan bu əməliyyat uzun müddət tənqid edilsə də, “atı alan Üsküdarı keçmişdi”. “Halkbank” iqtisadiyyat naziri Zəfər Çağlayanın birbaşa kurasiyasında olan qurumdur).

Prokurorluğun ilkin təhqiqatlarındakı dəlilləri ciddi qəbul edən məhkəmənin Təbriz mənşəli iş adamı Rza Zərrabı, “Halkbank” baş direktoru Süleyman Aslanı, iqtisadiyyat nazirinin oğlu Kaan Çağlayanı və daxili işlər nazirinin oğlu Barış Güləri eyni qrupda həbs etməsini bir tərəfə qeyd edərək Türkiyənin maqazin dünyasının favoriti olan Rza Zərrabın həyata keçirdiyi milyard dollarlıq pul və qızıl əməliyyatlarının fotosunu çəkməyə çalışaq.

29 yaşlı Rza Zərrabın sağa-sola səpdiyi pullar, xanımına aldığı jet təyyarə, iqamətgahlar, villalar, bahalı tablolar bir anda Türkiyənin gündəmini məşğul etsə də, “Odatv”nin sahibi Soner Yalçından başqa kimsə Rzanın bu yaşda bu qədər sərvətə necə sahib olmasının səbəblərini araşdırma zəhmətinə qatlanmadı. Elə isə İranla Türkiyə arasında həyata keçirilən pul-qızıl əməliyyatlarının arxasında Rzanın atası Hüseyn Zərrabın durduğunu bəri başdan vurğulayaq. Bir vaxtlar Təbrizin sərraflar bazarında özünün dediyi kimi, “dəmir döyməklə məşğul olan” Hüseyn Zərrab, müştərilərindən 2 ay möhlətlə xeyli miqdarda borc qızıl alaraq İstanbuldakı “Kapalıçarşı”da kiçik dükan açmış və zirəkliyi sayəsində əlindəki qızılı sürətlə pula çevirməyi bacararaq 2 ay içində Təbrizdəki müştərilərinə olan borcunu qaytarmışdır. Ondan sonrası “yürü, ya qulum”. 90-cı illərdə illeqal yollarla İrandan Türkiyəyə böyük miqdarda valyuta və qızıl çəkən Hüseyn Zərrab “Kapalıçarşı”da 5-6 boyunbağı və bilərzik asdığı sadə dükanından dünyanın bir çox nöqtəsinə-yenə illeqal yollardan-iri məbləğdəki pul transferləriylə böyük sərvət sahibinə çevrilmişdi. İlleqal yollarla İrandan çəkdiyi valyuta bu ölkənin iqtisadi tarazlıqlarına mənfi təsir göstərdiyinə görə, Hüseyn Zərrabın təsirsiz hala gətirilməsi üçün Tehranın Ankaraya dəfələrlə xəbərdarlıq etdiyi bilinməkdədir. Qərb ölkələrinin də Hüseyn Zərrabın fəaliyyətindən narahat olmalarının bilinməsinə baxmayaraq, o, İstanbuldakı fəaliyyətini uzun müddət davam etdirəndən sonra, Türkiyənin təzyiqiylə 2000-ci illərin əvvəlində Dubaya üz tutmuş və bilavasitə özünün etiraf etdiyinə görə, “Dubay Mərkəzi Bankının pul transfer etmə səlahiyyəti qədər transfer səlahiyyəti əldə etmişdir”. (Türkiyədən Qərbə pul transferiylə məşğul olan bəzi İran vətəndaşlarının 90-cı illərin ortalarında yaxalanaraq ABŞ-a aparıldığına dair o vaxtlar mətbuat xəbərlər çıxmışdı. Uzun muüddət həbs cəzası almış o adamlardan bəzilərinin daha sonra İrana qayıtdığına dair xəbərlər də mətbuatda öz əksini tapmışdı).

18 yaşında ikən İstanbulda atasının yanında ticarət həyatına başlayan Rza Zərrabın əsas işi isə Türkiyəyə yanacaq və çay idxal etməkdən ibarət olub. Qərbin İrana tətbiq etdiyi embarqoların sərtləşməsindən sonra türk banklarının qonşu ölkə ilə maliyyə əməliyyatları aparması da yasaqlandı və Türkiyənin İrandan aldığı neft və qazın pulunun Türk lirəsiylə ödənməsi qərarlaşdırıldı. Türk lirəsinə Türkiyədən qızıl alan İranın bu əməliyyatı əsasən Dubay üzərindən Hüseyn və Rza Zərrabın vasitəsilə həyata keçirməsindən, şübhəsiz ki, Qərbin xəbəri vardı və əməliyyatların yaxından təqib edilməsi ehtimalı yüksək idi. Bunu Türkiyə baş nazirinin, hökumətin iqtisadiyyata cavabdeh nazirinin bilməməsi qeyri-mümkün idi. Elə isə beynəlxalq miqyaslı illeqal maliyyə fəaliyyətlərinə görə Türkiyəni tərk etməyə məcbur qalmış bir adamın (Hüseyn Zərrab) və oğlunun (Rza Zərrab) üzərindən bu qədər böyük əməliyyatların yapılmasına (prokurora ilk ifadəsində kiçik Zərrab hər gün Türkiyədən 1 ton qızıl ixrac etdiyini deyib), tutaq ki, baş nazir maraq göstərməyib, bəs iqtisadiyyat nazirinin bu işə bu qədər toleransla yanaşmasının səbəbi nə ola bilərdi? 17 dekabrda nazir uşaqlarının hədəf alınmasında sadəcə prokuror Zəkəriya Özün iradəsi kifayət edərdimi? Hər il ixracatın artmasıyla qürrələnən, bu ilki ixracatın rekord səviyyəyə (153 milyard dollar) çatacağını bəri başdan elan edən bir nazirin oğlunun adının rüşvət və illeqal işlərlə gündəmə gəlməsində prosesləri yaxından təqib edən beynəlxalq qüvvələrin rolu nə qədərdir?

3. Polis öz nazirinin oğlunu nəzarətə aldı

17 dekabr əməliyyatının çıxardığı gurultudan biri də daxili işlər naziri Müəmmər Gülərin oğlunun polis nəzarətxanasında ifadə verməsindən sonra məhkəmə tərəfindən həbs edilməsi oldu. Türkiyə ilk dəfə polisin öz nazirinin oğlunu nəzarət altına almasına şahid oldu (Süleyman Dəmirəl 70-ci illərdə baş nazir olarkən qardaşının oğlu Yahya saxta sənədlərlə ixracata görə həbsdə yatmışdı). Əməliyyatın Barış Gülərlə bağlı olan qismini “dövlət içindəki təşkilatlanma və qruplaşmaların amansız mübarizəsinin revanşı” kimi də xarakterizə etmək olar. Uzun müddətdən bəri Türkiyənin polis sistemində ölkənin ən güclü dini icmasına mənsub məmurların təşkilatlanmasından söhbət gedirdi. (Keçmiş polis rəisi Hənəfi Avcının 20 avqust 2010-da çıxan və 2 ayda 500 min ədəd satılan “Haliçte yaşayan simonlar: dün devlet, bu gün cemaat” kitabı bu məsələyə həsr edilib. Kitab çıxandan 1.5 ay sonra həbs edilən Avcı, cəzaevinə gedənə qədər 1 milyon dollar qonorar qazanmışdı). Baş nazir Ərdoğanın bu ilin yanvarında həyata keçirdiyi kabinə dəyişikliyində daxili işlər naziri vəzifəsinə gətirilən Müəmmər Gülər, bir müddət sonra Təhlükəsizlik baş idarəsi kəşfiyyat şöbəsinin rəisini və təxminən 10 əməkdaşını vəzifələrindən uzaqlaşdıraraq Polis Akademiyasına müəllim və ya passiv vəzifələrə göndərdi. 2 ay qabaq hökumətlə dini icma arasında meydana çıxan (indiki hadisələrin fonunda çox xırda mübahisə kimi görünən) dərshanələr məsələsi ətrafında “əzələ nümayişləri” yapılarkən bu işləri yaxından təqib edən hər kəsin beynini qurdalayan suallardan biri “Xidmət”, Təhlükəsizlik baş idarəsinin kəşfiyyat şöbəsindən uzaqlaşdırılmış məmurların intiqamını alacaqmı, alacaqsa, bunu hansı formada həyata keçirəcək?”- sualı idi. 17 dekabr əməliyyatının birbaşa daxili işlər nazirini hədəf almasından sonra bunun bir növ passiv vəzifələrə göndərilən polis kəşfiyyatçılarının intiqamı olduğunu söyləyən müşahidəçilərin sayı da az olmadı.

4. Hökumətin gördüyü tədbirlər kimin işinə yarayacaq?

Baş nazir Ərdoğanın 17 dekabr əməliyyatına ilk sərt cavabı eyni gün Konyada keçirdiyi mitinqdə oldu: Tayyip bəy “dövlətin içində yuva salmış bandalara boyun əyməyəcəklərini” vurğulayır, millətin iradəsiylə iqtidara gələnləri heç kimin susdura bilməyəcəyindən bəhs edirdi. Hökumət 17 dekabr əməliyyatına öz əməliyyatıyla cavab verdi: növbəti gün İstanbul baş polis idarəsinin əməliyyatların hazırlanmasında iştirak etmiş 5 şöbə müdiri işdən çıxarıldı. Polis nəzarətinə alınmış şübhəli şəxslərin bir qisminin (nazir uşaqları və “Halkbank” baş direktoru da daxil olmaqla) həbs tələbiylə məhkəməyə göndərilməsinə paralel olaraq İstanbul polisinin rəisi vəzifəsindən uzaqlaşdırıldı. ”Əməliyyata qarşı əməliyyat” 20 dekabrda Təhlükəsizlik baş idarəsini öz içinə aldı və idarənin 14 şöbə müdirindən 13-ü vəzifədən uzaqlaşdırıldı. Eyni gün Məclis çatısı altında hökumətin bəzi üzvləri (Əli Babacan, Egemen Bağış) “dövlət içində yuvalanmış bandalarla hesablaşma gününün çox yaxında olduğunu” müjdələdilər. Baş nazir Ərdoğan isə getdiyi hər yerdə ədliyyə naziri Sədullah Ərgini yanından ayırmadı. Həmin günün axşamı Ankaraya dönərək AKP qərargahında millət vəkilləriylə şam edən Ərdoğan, orda da “dövləti ələ keçirməyə çalışan illeqal strukturlarla mübarizədə geri addım atmayacaqlarını” vurğuladı. Ərdoğanın 19 dekabrda CHP lideriylə görüşən ABŞ-ın Ankaradakı səfiri Francis Ricciardoneyə üstüörtülü mesajı da sərt idi: səfirin “Hökumət bu işin səbəbkarlarını xaricdə axtarmamalıdır, qanunsuzluqların üzərinə ciddi şəkildə getməlidir” - açıqlamasına Türkiyə baş naziri “öz ölkəsinə göndərmək” təhdidiylə cavab verdi. Qanun dəyişikliyinə gedən hökumət bundan sonra prokurorluq əməliyyatlarından polis rəisinin, valinin, hətta daxili işlər nazirinin belə xəbərdar ediləcəyini hökmə bağladı ki, bu da Türkiyədə prokurorluq qurumunun bundan sonra iqtidar təmsilçilərinə qarşı təhqiqat apara bilməyəcəyi mənasını daşıyır. Antidemokratik mahiyyətli bu qanun dəyişikliyi, görünür, icmanın Pensilvanayadakı liderinin canını möhkəm yandırdı ki, iş Fətullah xocanın qarğışlarla dolu mesajlar verməsinə qədər vardı. “Nəğmələr” silsiləsinin 400-cüsü olan qarğışlara Tayyip bəyin cavabı isə “O qarğışlar sandığa gömüləcək, şübhəli şəxslərin hamısı təmizə çıxacaq” - oldu.

İndi heç gündəmə gəlməyən dərshanə məsələsindəki mübahisələrin qızışdığı vaxtlarda siyasi şərhçilərdən bəzilərinin diqqət çəkdiyi mənzərə gün keçdikcə daha bariz şəkildə gözlər önünə sərilir: iqtidarla ölkənin ən güclü dini icması arasında mübarizənin dozası artdıqca Türkiyədə rejim daha çox totalitar xarakterə bürünür. Jurnalistlərin polis idarələrinə girməsinin yasaqlanması bunun son örnəklərindəndir. İyundakı Gəzi hadisələrində olduğu kimi, Tayyip Ərdoğan və tərəfdarlarının 17 dekabr əməliyyatını da cəmiyyətə “xarici qüvvələrin hökumətin qabağını kəsmə fitnəsi” kimi təqdim etməyə çalışmasına inananlar isə yaydakından daha azdır. Çünki: “24 nəfərin həbsinə səbəb olmuş bir qanunsuzluq və rüşvət tablosunun üstünə zamanında və təsirli şəkildə getmədən “əcnəbi tələ” arqumentinə sığınaraq zədənin böyüməsinin qabağı alına bilməz. Bu qanunsuzluğun AKP - icma savaşı nəticəsində ortaya çıxmış olması da qanunsuzluq suçlamalarını yüngülləşdirmir”. (Kadri Gürsel: İktidar cephersinde dört büyük hasar. “Milliyet”, 22 dekabr).

Hansı tərəfdən gəlməsinə toxunmadan bunu vurğulamaqda fayda vardır ki, Ərdoğan hökuməti 17 dekabr sunamisinin ilk nəticələrini aradan qaldırmaq üçün polisin fəaliyyətində radikal kadr dəyişikliyinə, prokurorluğun fəaliyyətində isə demokratik ölkələrdə örnəyinə rast gəlinməyən şəkildə qanun dəyişikliyinə getmişdir. Bunun nə dərəcədə təsirli olacağını görmək üçün zaman ehtiyac var. İndiki halda isə diqqəti cəlb edən başqa bir cəhət bundan ibarətdir: 17 dekabrda prokurorluğun təlimatıyla həyata keçirilən geniş miqyaslı əməliyyatdan sonra hökumətin bəzi üzvləri (məsələn, baş nazirin müavini Bəkir Bozdağ) “prokurorlardan prokurorluğa şikayət verdiklərini” açıqlasalar da, hələ ki, heç bir porkurorun qarşı tərəflə bağlı hansısa təhqiqata başladığını görə bilmirik. Əgər durum gerçəkdən belədirsə, onda Ərdoğan hökuməti daima müdafiə vəziyyətində qala və işini-gücünü buraxıb Məclisdə qanun, polisdə isə kadr dəyişikliyi üzərindən öz mövqeyini möhkəmləndirməyə çalışa bilər. 2009-un iyununda “Türkiyədə demokratiyanın təminatının polis olduğunu” açıqlayıb, Gəzi hadisələrində “Polisə əmri mən verdim” deyən və “dastan yazan” (söz yenə Tayyip bəyə aiddir) xüsusi təyinatlı polisləri mükafatlandıran Türkiyə baş naziri prosesləri öz lehinə çevirə bilməsə, ölkədə fövqəladə vəziyyət elan edilməsiylə bağlı Məclis qərarı qəbul etdirərmi? İndilik “şərh vermirik”- deyərək prosesləri axışına buraxaq...

17 dekabrdakı rüşvət və qanunsuzluq əməliyyatı 30 mart 2014-də keçiriləcək bələdiyyə seçkisində AKP-nin reytinqinə nə dərəcədə təsir göstərə bilər?

Türk siyasətini izlədiyim müddətdən bəri gördüklərim bunu deməyimə əsas verir ki, bu ölkədə (normal seçki keçirilən bütün ölkələrdə olduğu kimi) iqtidarları siyasət yox, iqtisadiyyat gətirir, iqtisadiyyat aparır. 27 mart 1994-cü ilin bələdiyyə seçkiləri ərəfəsində İstanbul bələdiyyəsində ortaya çıxmış “xlor satışındakı rüşvət” əməliyyatı Rəcəp Tayyip Ərdoğanın bələdiyyə başqanı seçilməsi üçün yolu açan ən önəmli arqument olmuşdu. 19 fevral 2001-ci ildəki iqtisadi böhran isə Tayyip Ərdoğanı iqtidara gətirən dalğa idi. 30 mart 2014-dəki seçkiyə 17 dekabr 2013 əməliyyatının təsiri olmazsa, Türkiyədə demokratiyanın son dərəcə geriyə getdiyini indidən söyləyə bilərik.

Bir yandan da icma ilə savaş...

Fatih Kısaparmakın çox təsirli mahnısında deyildiyi kimi: “Bu nasıl ayrılıkmış, anlamadım gitti; Bir de sen olmazsan...”

Və bunu da unutmayın ki, polisdəki kadr dəyişikliyi ilə bağlı daxili işlər naziri və baş nazirin imzaladığı son qərarları prezident Gül hələ imzalamayıb. Prosesləri kənardan seyr etməyi məqsədəuyğun sayır...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR