Ankara terroru: Türkiyəyə qarşı asimmetrik savaş - TƏHLİL

Ankara terroru: Türkiyəyə qarşı asimmetrik savaş - <span style="color: red;">TƏHLİL
# 14 mart 2016 10:50 (UTC +04:00)

Bakı - APA. Türkiyə 17 fevral 2016-cı il tarixində baş vermiş Ankara terrorunun bir ayı tamam olmadan yenidən öz paytaxtının ortasında hücuma məruz qaldı. Sözü çox dolandırmadan birbaşa söyləmək olar: bu, artıq müharibədir, lakin fərqli bir müharibə. Bir dövlətin başqa bir dövlətin sərhədlərini pozaraq böyük ordularla hücuma keçib, ərazi ələ keçirməsi dövrü arxada qaldı. Əlbəttə, konvensional savaş metodları hələ qalır, lakin müasir dövrdə asimmetrik-hibrid müharibə taktikaları daha çox önə çıxıb. Bu, elə bir metoddur ki, təhlükənin haradan, nə vaxt, hansı şəkildə gələcəyini öncədən bilmək və müəyyənləşdirmək xeyli çətinləşib. Təsadüfi deyil ki, böyük dövlətlər və NATO bloku artıq təhdid dəyərləndirməsində hibrid savaş taktikalarını və texnoloji inkişafın mənfi nəticəsi kimi ortaya çıxaraq dövlətləri hazırlıqsız yaxalayan kiberhücum təhlükələrini ilk sıralara qoyur.

Türkiyə üçün asimmetrik hücumlar əslində yenilik deyil. 1984-cü il 15 avqust tarixli Eruh hadisəsi ilə rəsmən başlayan etnik separatçı terror o vaxtdan bəri ölkənin reallığı, gündəlik yaşamın bir parçasıdır. Yenilik odur ki, dəyişən beynəlxalq konyuktur və bunun Yaxın Şərqə təsirləri, bölgədə Türkiyə ilə həmsərhəd dövlətlərinin çöküş mərhələsinə girməsi və mərkəzi hökumətlərin zəifləyərək öz ərazilərinə nəzarəti itirmələri nəticəsində ən müxtəlif terror qruplarının münbit fiziki-ideoloji-siyasi zəmin əldə etməsi, Ədalət və İnkişaf Partiyası (Ak Parti) dönəmində Ankaranın aktiv, müdaxiləçi xarici siyasət kursu ilə özünə çoxlu düşmən qazanması kimi faktorlar hazırda əvvəlkindən fərqli reallıqlar yaradıb. PKK, zaman-zaman fəallaşan DHKP/C və digər marginal sol terror qruplarından qaynaqlanan ənənəvi təhdidlərlə yanaşı, Yaxın Şərq mənşəli qorxunc terror təşkilatları da bu gün Türkiyəni təhdid etməkdədir. Bu qruplaşmalar təkcə öz ideologiyaları və məqsədləri çərçivəsində hərəkət etmir, həm də bölgədə maraqları olan çeşidli güclərin sifarişlərini yerinə yetirən “iş icraçısı” rolunu da üzərinə götürüb. Bu gün Suriyada Türkiyənin də iştirakı ilə “vəkalət savaşı” (“proxy war”) gedir və orada maraqları Türkiyənin maraqları ilə toqquşan güclər təbii ki, təkcə bilavasitə savaş meydanında zərbə endirməklə kifayətlənmir. Ankaranın mərkəzində baş verən silsilə terror aktlarına həm də bu kontekstdən baxmaq lazımdır. Bu, adi savaşdan fərqli olaraq, hər hansı beynəlxalq normaların hüquqi təsir dairəsinə aid olmayan kirli bir savaşdır.

Ardıcıl şəkildə məhz paytaxtın hədəf alınması sözsüz ki, siyasi mesajdır və bu cür aktların arxasında təkcə icraçı təşkilat dayana bilməz.

Ölkənin cənub-şərq vilayətlərində terroru bitirmək üçün hərbi əməliyyatlar keçirən, qonşu dövlətlərdə baş verənlərə fəal müdaxilə edən bir dövlət öz paytaxtının ən strateji və mərkəzi nöqtələrində vurulur.

Bölgədə bir müddətdir İŞİD və digər radikal sələfi qruplarla iç-içə fəaliyyət göstərən PKK-nın son vaxtlar onların metodlarını mənimsəməsi də diqqət çəkir və bu da Türkiyə təhlükəsizlik strukturları üçün xoşagəlməz sürprizdir. PKK əvvəllər təhlükəsizlik qüvvələrinin keçdiyi yolları minalamaqla və onlara atıcı silahlarla hücum etməklə terror törədirdi və çox nadir hallarda mülki əhalini hədəf alırdı, indi isə bomba yüklənmiş avtomobillərlə, canlı bombalarla terror törədərək çəkinmədən mülki əhalini də hədəfə götürür. PKK-nın bəzi cənub-şərq vilayətlərinin şəhərlərində möhkəmlənərək ordu ilə həftələr, aylar sürən küçə döyüşlərinə girmə cəsarətini göstərməsi də bir növ, kamikadzelikdir və ilk baxışdan məntiqsiz görünməsinə rəğmən, arxasında ciddi məqsədlər dayanır. Əvvəla, bu yolla ordu ağır silah və texnikadan istifadə etməyə sövq edilir və şəhərlər, qəsəbələr xarabazara çevrilir, nəticədə illərlə qurub-yaratdığı evini, iş yerini itirən bölgə insanında dövlətə qarşı nifrət güclənir, bəlkə də dövlətlə olan son bağları da beləcə, qoparılır. İkincisi, İraqdan sonra Suriyada cərəyan edən proseslər regionda kürd siyasi-separatçı hərəkatı üçün çox əlverişli zəmin yaradıb və böyük kürd dövləti xəyalının gerçəkləşməsinin bu gün heç də əlçatmaz arzu olmadığı hamıya aydındır. Separatçılara və terrorçulara bir anlıq empati ilə yanaşanda bunun müdhiş bir motivasiya olduğunu anlamaq çətin olmur. Onlar könüllü şəkildə ölümə gedir və Türkiyədəki kürd probleminə beynəlxalq güclər tərəfindən regiondakı ümumi kürd məsələsi kontekstində baxılmasına nail olmaq, bu problemi lokal çərçivədən çıxararaq beynəlmiləlləşdirmək istəyirlər.

İraqdan sonra Suriyada cərəyan edən proseslər regionda kürd siyasi-separatçı hərəkatı üçün çox əlverişli zəmin yaradıb və böyük kürd dövləti xəyalının gerçəkləşməsinin bu gün heç də əlçatmaz arzu olmadığı hamıya aydındır.

Bu gün Türkiyə dövləti həm də ötən illərdə yol verdiyi yanlışlıqların acısını çəkir. “Çözüm sürəci” adlandırılan, kürd probleminin siyasi yolla həlli prosesinin PKK-nı ciddi şəkildə gücləndirdiyi gerçəklikdir. Bir tərəfdən PKK-nın dövlət tərəfindən kürd xalqının təmsilçisi qismində qeyri-rəsmi də olsa, tərəf-müqabil olaraq qəbul edilməsi terror təşkilatına müəyyən legitimlik qazandıraraq yerli kürdlər arasında onun mövqelərini daha da möhkəmləndirib, PKK-ya qoşulanların sayı xeyli artıb. Digər tərəfdən, “çözüm sürəci” boyunca fəaliyyətlərinə göz yumulan PKK İraq və Suriyadan çoxlu sayda silah-sursat, tonlarla partlayıcı maddə, yeni döyüşçülər gətirərək güney-doğunun şəhər və qəsəbələrində yerləşdirib, uzunmüddətli mübarizə üçün ərzaq ehtiyatı yaradıb, küçələrdə xəndəklər qazıb, barrikadalar qurub, hərbi eşelonların sıx hərəkət etdiyi yolları minalayıb. Bölgədəki komandanlıq, valilər dəfələrlə bu barədə Ankaraya məlumat versələr də, siyasi prosesə ziyan vuracaq addımlar atılmaması yönündə təlimat alıblar. Bu fakt Ankarada o dövrdəki “ağıl tutulması”nın miqyasını ortaya qoyur.

Başqa bir məqam Türkiyədə son illər əvvəlcə “Ergenekon”, “Balyoz” adı altında Silahlı Qüvvələrin daxilində, daha sonra isə “fətullahçı”, "camaatçı" adı ilə əmniyyət təşkilatının (polis) içərisində keçirilən əməliyyatlardır. Bu əməliyyatların əsaslı və ya əsassız səbəblərlə keçirildiyi məsələsinə girməyək, mövzumuz bu deyil. Nəticə ondan ibarətdir ki, ölkənin güc strukturları sözün əsl mənasında sarsıdılıb. Dövlətin on illər ərzində yetişdirdiyi, kapital qoyduğu, zəngin iş təcrübəsinə malik minlərlə peşəkar kadr bir anda öz işindən kənarlaşdırıldı, bir çoxu istintaqa çəkildi, həbs edildi. Bu fırtınadan kənarda qalan kadrlar əlbəttə ki, sayca çoxluqdadır, lakin iş yoldaşları, illərlə bir masa arxasında oturduğu dostları bir anda “xain”, “casus” kimi damğalanan insanların hansı motivasiya ilə çalışmağa davam etdiyini təsəvvür etmək çətin deyil. Halbuki, Türkiyə hüquq-mühafizə orqanları terrorizmə qarşı mübarizədə kifayət qədər təcrübə və peşəkarlıq qazanmışdı. Xüsusən əmniyyətin istihbaratı (polisin kəşfiyyatı strukturu) daxili təhdidləri önləməkdə çox peşəkar idi, ən kiçik qəsəbədə, PKK-nın çox güclü olduğu ən ucqar kənddə belə əmniyyətin istihbaratına çalışan adamlar, yerli sakinlər var idi. Onillər boyu formalaşan bu sistem bitmək-tükənmək bilməyən əməliyyatlar nəticəsində ciddi zərbə aldı. Yeni kadrlar işə cəlb edilərkən peşəkarlıqdan çox, siyasi sədaqətə, ideoloji yaxınlığa önəm verildi, dövlətin immuniteti gedərək zəiflədi...

MİT son illər daha çox regional müdaxilə vəzifələrinin həyata keçirilməsinə səfərbər edilib və bütün gücünü ölkə sərhədlərindən kənara yönəldib.

Kəşfiyyat orqanı MİT isə son illər daha çox regional müdaxilə vəzifələrinin həyata keçirilməsinə səfərbər edilib və bütün gücünü ölkə sərhədlərindən kənara yönəldib. Bu da ölkə daxilində asimmetrik təhdidlərə qarşı preventiv mübarizədə zəifliyə yol açan amillərdən biridir.

Türkiyədə kütləvi ölümlərlə nəticələnən terror gedərək adiləşir və həyatın bir parçasına çevrilir. Bu, çox pisdir, amma nə qədər acı olsa da, bir məqam da var ki, terror adiləşəndə əslində terrorçular da öz məqsədinə çatmır, çünki bu halda dövləti və cəmiyyəti şoka salıb qorxudaraq nəyəsə məcbur etmək vəzifəsinin icrası mümkün olmur. Türkiyə bu imtahandan da çıxacaq.

Şahin Cəfərli,

APA Analitik Qrupu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR