Bu yalan da yürüməz - TƏHLİL

Bu yalan da yürüməz - <span style="color: red;">TƏHLİL
# 18 fevral 2013 10:19 (UTC +04:00)

Bakı. Mayis Əlizadə - APA. Ermənistanın və diaspora ermənilərinin Türkiyəyə qarşı istifadə etdikləri tezislərdən biri də Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin “normallaşdırılma” cəhdlərinin “Azərbaycanın ipotekasına verilməsi”dir. Serj Sarkisyanın Moskva radiosuna verdiyi və Türkiyəni “Sürix protokollarından çıxmaqla” təhdid edən açıqlaması 2015-ci ilə doğru gedən yola ermənilərin döşəməyə çalışdıqları “ittiham minaları”ndan biridir.

Ankaranı Sürix protokollarını ratifikasiya etməməkdə günahlandıran və Ermənistanla münasibətlərin normallaşdırılması cəhdlərinin Türkiyə tərəfindən tamamilə Azərbaycanın ipotekasına verildiyini iddia edən erməni tezislərinin müəyyən müddətdən bəri Türkiyə mediasında və elmi-araşdırma qurumlarının divarları arasında dilə gətirildiyini görməkdəyik. Elə isə “Azərbaycan ipotekası”ndan bəhs edənlər və ya Sürix protokollarının Türkiyə Böyük Millət Məclisindən keçməməsinin “günahını” Ankarada axtaranlar (başda Serj Sarkisyan olmaqla) ya çox vaxt özlərinin də içində olduqları prosesləri izləmirlər və ya balıq hafizəlidirlər. Bunlar Türkiyə-Ermənistan münasibətlərini normallaşdırma cəhdlərinin Azərbaycan ipotekasına verilməsinə dair tezisə ən böyük dəstəyi baş nazir Tayyib Ərdoğanın 14 may 2009-da Azərbaycan Milli Məclisindəki çıxışında çəkdiyi qırmızı xətdə tapmağa çalışırlar.

Prosesləri uzaqdan-yaxından izləyən hər kəsə məlumdur ki, Tayyib bəy o çıxışında Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını və sərhədlərin açılmasını səbəb-nəticə əlaqəsinə bağlayaraq Türkiyə-Ermənistan sərhədinin qapadılmasına (yəni nəticəyə) ermənilərin 1993-cü il martın axırlarında Kəlbəcəri işğal etməsinin səbəb olduğunu vurğulayıb və o səbəb aradan qaldırılmadığı müddətcə (yəni, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çıxmadıqca) nəticədən (yəni sərhədin açılmasından) bəhs etmək mümkün olmayacağını bildirib. Baş nazir Ərdoğanın 14 may 2009-cu il tarixli çıxışı həm 8 aylıq dövr içərisində (2008-in sentyabrından) açıq və ya qapalı şəkildə gərginləşmiş Türkiyə-Azərbaycan münasibətlərini yenidən normal axarına salmış, həm də sərhədlərin açılması məsələsində Türkiyənin Qərbdən gələn təzyiqlərə boyun əyməyəcəyini göstərmişdi.

Gəlin-görün ki, Türkiyə ilə Ermənistan arasındakı münasibətləri normallaşdırmağı nəzərdə tutan Sürix protokolları böyük dövlətlərin diplomatiya idarələri başçılarının iştirakı ilə 10 oktyabr 2009-da imzalandı, yəni Tayyib Ərdoğanın Azərbaycan Milli Məclisindəki çıxışından təxminən 5 ay sonra. Prezident Abdulla Gülün 6 sentyabr 2008-də İrəvana gedərək başlatdığı “futbol diplomatiyası”nın davamı kimi 14 oktyabr 2009-da Serj Sarkisyan Bursaya gəldi. Qəbul edilən qərara uyğun olaraq, Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri yüksək vəzifəli məmurlarının iştirakı ilə protokolların həyata keçirilməsinə lazımi zəmini hazırlamaq üçün “texniki müzakirələr” başladı. 2009-cu ilin noyabrında İstanbulda keçirilən ilk müzakirə toplantısında Azərbaycanı xarici işlər nazirinin müavini Araz Əzimov, Türkiyəni XİN icra aparatı rəhbərinin müavini Ünal Çeviköz, Ermənistanı isə XİN-in idarə rəisi səviyyəsində bir məmur təmsil etdi. Elə ilk toplantıda Ermənistan tərəfi “Azərbaycan torpaqlarının işğaldan azad edilməsi” məsələsinin müzakirəsinə soyuq baxdığını nümayiş etdirərək, Sürix protokollarının ratifikasiyası və həyata keçirilməsi prosesinə öz “töhfəsini verdi”.

Dekabrda Moskvada keçirilən görüş barədə isə xarici işlər naziri Əhməd Davudoğlu ümidsiz danışmışdı. 2010-cu il başlayanda Türkiyə protokolların ratifikasiya edilib həyata keçirilməsinə dair ümidlərini təzələmək istəyərkən İrəvandan gələn xəbər Ermənistanın bu işə niyyətli olmadığını göstərirdi. 12 yanvar 2010-da Ermənistan Konstitusiya Məhkəməsi Sürix protokolları ilə bağlı qərarını açıqlayarkən protokolların Konstitusiyaya zidd olmadığını, ancaq protokolların qüvvəyə minməsinin Türkiyənin “soyqırım”ı tanıması şərtinə bağlı olduğunu bəyan etdi. Ermənistanın Müstəqillik Bəyannaməsinin XI maddəsinə istinad edilən qərarda Qarabağ məsələsində Ermənistanın öz üzərinə hər hansı öhdəlik götürməyəcəyi də qeyd edilir, protokollarda nəzərdə tutulan ikitərəfli komitənin öz işinə başlaması üçün Türkiyənin “soyqırım”ı tanıması dəyişməz şərt kimi irəli sürülürdü.

Ermənistan Konstitusiya Məhkəməsinin qərarını əsəblə qarşılayan Türkiyə Xarici İşlər Nazirliyi tez-tələsik bir açıqlama verərək “Haqqında söhbət gedən qərarda protokolların dilinə və ruhuna zidd olan ön şərtlər və məhdudlaşdırıcı hökmlərin olduğu təsbit edilmişdir. Bu cür yanaşma bizim tərəfimizdən qəbul edilə bilməz” - deyə vurğuladı.

Serj Sarkisyan Ermənistan Konstitusiya Məhkəməsinin qərarına müdaxilə edə bilməyəcəyini açıqlayınca Ankara Sürix protokollarının “şikəst” edildyini bəyan edib, protokolların həyata keçirilməsiylə bağlı nəzərdə tutulan sürəci bir növ, dondurulmuş oldu. Protokollar Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasına gətirilsə də, sessiyada müzakirəsi “dönəm sonu”na ertələndi. Ermənistan Konstitusiya Məhkəməsinin irəli sürdüyü şərtlərdən sonra Ermənistan da protokolların həyata keçirilməsi istiqamətində heç bir addım atmadı.

Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin “normallaşdırılması” üçün başladılan prosesin baş aktyorlarından olan prezident Abdulla Gül 2010-cu ilin avqustunda APA-ya verdiyi müsahibədə iki ölkə arasındakı müzakirələrin gizli şəkildə davam etdiyinə işarə etsə də, Ermənistan tərəfi Gülün açıqlamasını ciddiyə almayan açıqlama verdi. Sürix protokolları 12 iyun 2011-ci ildə keçirilən parlament seçkisinə qədər TBMM-nin Xarici Əlaqələr Komissiyasında qaldı, seçki günü o Məclisin səlahiyyəti başa çatdığına görə protokollar da arxivə göndərildi...

Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşdırılması cəhdlərinin Ankara tərəfindən “Bakının ipotekası”na verilməsinə dair erməni iddialarını yuxarıda qısa təsvirini verdiyimiz proses açıq şəkildə təkzib edir. Bu iddianı ortaya atanlar:

1) Baş nazir Ərdoğanın 14 may 2009-cu ildə Azərbaycan Milli Məclisindəki “səbəb-nəticə” məzmunlu çıxışına istinad edərkən ondan 5 ay sonra dünyanın böyük dövlətlərinin “şahidliyi” ilə imzalanmış Sürix protokollarını yaddan çıxarırlar. Onların məntiqi ilə baxsaq, Ermənistanla münasibətləri normallaşdırma cəhdlərini Azərbaycanın “ipotekasına” verən Türkiyə bu məsələdə Ankaranı hərarətlə dəstəkləmiş olan böyük dövlətlərin iradəsini də Azərbaycanın “ipotekası”na verdimi?

2) 10 oktyabr 2009-dan 12 yanvar 2010-cu ilə qədər davam edən prosesdə protokolların həyata keçirilməsi üçün Türkiyə öz üzərinə düşən işləri yapdı, ancaq Ermənistan Konstitusiya Məhkəməsinin qərarından sonra proses bir daha açılmamaq üzrə tıxandı.

Ona görə də 2015-ə gedən yola Türkiyəyə qarşı “ittiham minaları” döşəməyə çalışarkən Serj Sarkisyanın yolmağa başqa qaz tapması lazımdır, burdan onlara tük çıxmayacaq...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR