Dağlıq Qarabağ - bölgənin “yeni Əfqanıstan”ı - TƏHLİL

Dağlıq Qarabağ  - bölgənin “yeni Əfqanıstan”ı - <span style="color: red;">TƏHLİL
# 13 iyun 2013 10:48 (UTC +04:00)

Bakı. Vüqar Məsimoğlu - APA-Analitik. “Əfqanıstanda uzun illər gedən müharibənin yeganə qalibi xaşxaşdır. Bu çiçək hər gün yeni əraziləri ələ keçirən əsl səhra komandiridir”. Bu fikirlər əfqan jurnalist Əzil Əhmədə məxsusdur. Əfqanıstanın narkotik maddələr qaçaqmalçılığında oynadığı rol jurnalistin nə qədər haqlı olduğunu göstərir.

Uzun illərdir Əfqanıstan Avrasiya qitəsində narkotik maddələrin qanunsuz dövriyyəsinin başlanğıc nöqtəsi hesab olunur. Heroin istehsalına görə dünya lideri olan bu dövlətdə hazırlanan müxtəlif narkotik maddələr fərqli marşrutlarla Rusiya və Avropaya daşınır.

Təəssüf ki, bu prosesdə Azərbaycan hələ də tranzit ölkə rolunu oynamaqdadır. Beynəlxalq hesabatlara əsasən, Əfqanıstandan başlayan narkoticarət marşrutlarından üçü Azərbaycan ərazisindən keçir. Bunlar Əfqanıstan-Pakistan-İran-Azərbaycan, Əfqanıstan-İran-Azərbaycan, Əfqanıstan-Orta Asiya-Azərbaycan marşrutlarıdır. Bu hesabatları hazırlayan beynəlxalq təşkilatlar nədənsə narkotik dövriyyəsində uzun illərdir əhəmiyyətli rola malik daha bir marşrutun varlığını görməməzliyə vururlar. Bu, bölgədə “yeni Əfqanıstan” rolunu oynayan Dağlıq Qarabağ ərazisidir.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi son əməliyyat tədbiri bu fikirləri bir daha təsdiqləyir. Əməliyyat zamanı saxlanan külli miqdarda narkotik maddənin Dağlıq Qarabağ ərazisində istehsal olunduğu müəyyənləşib. Saxlanan şəxslərdən İran vətəndaşı olan Əsgər İbrahimi ona verilmiş qurudulmuş marixuananın ermənilər tərəfindən işğal olunmuş Qarabağ ərazilərində yetişdirildiyini bildirib. İfadələrdən belə məlum olur ki, a) Dağlıq Qarabağda istehsal olunan narkotik maddələr keyfiyyətinə görə Əfqanıstan istehsalı olan maddələrlə rəqabətə girməyə qadirdir, b) bu maddələr İran vasitəsilə Azərbaycana və başqa ölkələrə daşınaraq satılır, c) Dağlıq Qarabağda narkotik maddələr erməni zabitləri və əsgərləri tərəfindən yetişdirilir.

Nəticə çıxarmaq çətin deyil. Ermənistan tərəfindən işğal olunmuş ərazilər əvvəllər yalnız narkotiklərin daşınmasında tranzit ərazi kimi istifadə olunurdusa, artıq vəziyyət dəyişib. Dağlıq Qarabağ narkotik maddələr dünyasında Əfqanıstanın rolunu icra etməyə başlayıb. Beynəlxalq nəzarətdən kənarda qalan bu ərazilərdə külli miqdarda narkotik maddə əkilib-becərilir və istehsal olunan yüksək keyfiyyətli narkotiklər Dağlıq Qarabağ-İran-Azərbaycan-Rusiya, Dağlıq Qarabağ-İran-Azərbaycan-Avropa, Ermənistan-Gürcüstan-Qara dəniz-Avropa marşrutları ilə Avropa və Rusiya bazarlarına daşınır.

Azərbaycan beynəlxalq nəzarətdən kənarda qalan ərazilərin narkotrafikdə mühüm nöqtəyə çevrildiyi barədə dəfələrlə beynəlxalq təşkilatlar səviyyəsində məsələ qaldırıb. Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası qeyd olunan marşrutların hesabatlara daxil edilməsi ilə bağlı beynəlxalq qurumlara müraciət edib. Lakin bu müraciətlər hələ də nəticə verməyib, əvəzində beynəlxalq qurumların laqeyd münasibəti nəticəsində bölgədə Əfqanıstanla rəqabətə girə biləcək bir “narkofabrik” meydana çıxıb.

Əfqanıstan və Dağlıq Qarabağ bölgəsi arasında paralellər aparmağımız səbəbsiz deyil. Hər iki ərazi qaynar nöqtədir, hər iki ərazi nəzarət edilməsi mümkün olmayan sərhədlərə sahibdir. Əfqanıstanın İran və Pakistanla sərhədləri təbii-coğrafi şərait baxımından nəzarətdən kənar ərazilərdir. Azərbaycan-İran sərhədinin Ermənistan tərəfindən işğal edilmiş 132 kilometrlik hissəsi də tam nəzarətsiz ərazidir.

Digər tərəfdən hər iki bölgədə narkotiklərin əkilib-becərilməsi hərbçilər tərəfindən həyata keçirilir, Əfqanıstanda bu iş hər zaman səhra komandirlərinin nəzarətində olub, Dağlıq Qarabağda da bu prosesdə işğalçı ordunun zabitləri əsas rol oynayır.

Yalnız bir fərq var, Əfqanıstanda bu proses hökumətin nəzarətindən kənardır, Dağlıq Qarabağda isə narkotik bitkilərin əkilib-becərilməsi, istehsalı birbaşa Ermənistan hökumətinin nəzarəti altında həyata keçirilir. “Boz ərazilər”də istehsal olunan narkotik maddələrin Avropa və Rusiya bazarında satışından külli miqdarda gəlir əldə edilir ki, bu da iqtisadi durumu ağır olan Ermənistanın hərbi xərclərinin bir qismini kompensasiya etməyə sərf olunur.

Burada bir haşiyə çıxmağa ehtiyac var. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bu günlərdə dünya ölkələrində aclığa qarşı mübarizəyə dair hədəflərə nail olmuş ölkələrin adlarını açıqlayıb. Bu vəzifəni yerinə yetirmiş dörd postsovet respublikası arasında Ermənistanın da adı var. Rəsmi statistik rəqəmlər, işsizlik və yoxsulluq səviyyəsi, ağır demoqrafik durum, enerji cəhətdən Rusiya və İrandan asılılıq Ermənistanda “iqtisadi inkişaf”ın hansı səviyyədə olduğunu göstərir. Ermənistan büdcəsi bərbad vəziyyətdədir, diasporun göndərdiyi ianələrin büdcəyə transferi büdcə kəsirini aradan qaldıra bilmir. Dotasiya hesabına mövcudluğunu qoruyub saxlamağa çalışan bir dövlət aclığa qarşı mübarizədə BMT-nın açıqladığı hədəflərə necə nail ola bilər?

Cavab birdir - büdcə kəsirinin bağlanması yalnız qeyri-qanuni fəaliyyətdən əldə olunan gəlirlərin büdcəyə transferi nəticəsində mümkün ola bilər. Dünyada külli miqdarda qanunsuz gəlir gətirən əsas fəaliyyət növü narkotik maddələr qaçaqmalçılığı sayılır. Ermənistan işğal etdiyi Dağlıq Qarabağ ərazisindən həm narkotik maddələrin istehsalı, həm də tranziti üçün yararlanır və əldə etdiyi külli miqdarda qanunsuz gəliri “diasporun ianəsi” şəklində büdcəyə transfer edir.

Bütün regional layihələrdən təcrid olunmuş, iqtisadiyyatı iflic vəziyyətində olan, əhalisinin 2/3 hissəsi ölkədən qaçan bir dövlətin büdcə kəsirini yalnız ianələr hesabına bağlaması mümkün deyil, bunun əksini kimsə isbat edə bilməz. Mövcud şərtlərdə Ermənistanın iqtisadi baxımdan ayaq üstə dayanması heç bir iqtisadi nəzəriyyəyə uyğun gəlmir. Bu gerçəklik rəsmi İrəvanın narkotik maddə və silah qaçaqmalçılığı kimi fəaliyyətləri dövlət siyasətinin tərkib hissəsinə çevirdiyini isbatlayır. Lakin beynəlxalq birlik işğal faktına göz yumduğu kimi, bu fakta da göz yummaqda davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR