Helsinki Yekun Aktı Qarabağ düyününün açılmasında əsas amillərdən biri kimi - TƏHLİL

Helsinki Yekun Aktı Qarabağ düyününün açılmasında əsas amillərdən biri kimi - <span style="color: red;">TƏHLİL
# 13 aprel 2016 15:26 (UTC +04:00)

Bakı – APA. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yeni mərhələ başlayıb. Bu cümlə 5 aprel 2016-cı il tarixindən sonra dövlət xadimlərinin, siyasətçilərin, ekspertlərin dilindən tez-tez səslənir.

... Qoşunların təmas xəttində 2-5 aprel tarixlərində baş vermiş silahlı toqquşmalardan sonra isə danışıqlar prosesində və beynəlxalq güclərin problemə baxışında keyfiyyət fərqinin yarandığını söyləmək yanlışlıq olmaz. “Dondurulmuş” münaqişələr sırasında hər zaman öz yerini tutan Dağlıq Qarabağ ixtilafının əslində donmadığı, hər an alovlanma riski daşıdığı, bu səbəblə həllinin zəruri olduğu fikri ilə artıq hər kəs razılaşır. Bunu 2 apreldən öncəki durumla müqayisədə əsas dəyişiklik və yenilik kimi qiymətləndirə bilərik.

Növbəti mühüm amil odur ki, işğalçı tərəf Azərbaycanın öz ərazilərini azad etmək iradəsini, Azərbaycan Silahlı Qüvvələrinin ötən müddət ərzində xeyli təkmilləşdiyini və döyüş qabiliyyətli struktura çevrildiyini gördü və öz üzərində hiss etdi. Qarşı tərəf anladı ki, Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməyə hazır olması barədə siyasi və hərbi rəhbərliyin ritorikası reallıqdır. 2 apreldən öncəki danışıqlar prosesində bu faktor yox idi və işğalçı masada özünü rahat hiss edərək güzəştsiz mövqe tuturdu.

Ordu qarşıya qoyulan tapşırığı yerinə yetirdi və hərbi-psixoloji üstünlük Azərbaycanın tərəfindədir. Azərbaycan diplomatiyasının yaranmış bu əlverişli atmosferdən masada maksimum faydalanmağa çalışacağına şübhə yoxdur.

Yaranmış yeni durumun işğalçını danışıqlarda konstruktiv mövqe tutmağa sövq etməsi gözləniləndir. Erməni tərəfi qeyri-konstruktiv və uzlaşmaz mövqeyini davam etdirəcəyi təqdirdə isə, Azərbaycan və yəqin ki, beynəlxalq vasitəçilər (səmimi olaraq münaqişənin həllini istəyirlərsə) müharibə variantını xatırladacaqlar. Dörd günlük müharibədə təmas xəttindəki qüvvələr ilə lokal xarakterli və uğurlu əks-zərbə əməliyyatı həyata keçirən Azərbaycan Ordusunun özünün bütün gücü ilə genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı təqdirdə, Sarkisyan rejimini heç də xoş aqibət gözləmir və bunu İrəvanda yəqin ki, başa düşürlər. Bu səbəblə, sülh prosesinin “ölü nöqtə”dən tərpənəcəyinə dair ümidlər boş optimizm deyil, yeni reallıqların diktə etdiyi gerçəklikdir. İndi əsas məqam işğalçı tərəfin hansı həddə qədər güzəştə hazır olması və ya vasitəçilərin işğalçını hansı həddə qədər güzəştlərə məcbur edə biləcəyi məsələsidir. Ordu qarşıya qoyulan tapşırığı yerinə yetirdi və hərbi-psixoloji üstünlük Azərbaycanın tərəfindədir. Azərbaycan diplomatiyasının yaranmış bu əlverişli atmosferdən masada maksimum faydalanmağa çalışacağına şübhə yoxdur.

Azərbaycan nizamlanma prosesində hər zaman beynəlxalq hüquqa və indiyədək münaqişəyə dair qəbul olunmuş beynəlxalq sənədlərə əsaslanıb. Azərbaycan Prezidentinin son bəyanatları göstərir ki, bu mövqe daha qətiyyətli şəkildə davam etdirilir və etdiriləcək. Prezident məsələnin əslində sadə həlli yolunun olduğunu nəzərə çatdırıb: erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalı, Azərbaycan vətəndaşları öz torpaqlarına qayıtmalıdır. Bundan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. “O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”, - deyə dövlət başçısı vurğulayıb. Doğrudan da məsələnin həlli yolu məhz Helsinki Yekun Aktında əksini tapmış beynəlxalq hüquq prinsiplərinə əməl etməkdən keçir. Bu akt II Dünya müharibəsindən sonra Avropanın təhlükəsizlik arxitekturasının və üzv dövlətlər arasında qarşılıqlı münasibətlərin təməlini təşkil edən çox mühüm beynəlxalq sənəddir. Helsinki Yekun Aktında dövlətlər arasındakı münasibətlərin 10 prinsipi müəyyən edilib:

- Suveren bərabərik və suverenliyə aid hüquqlara hörmət edilməsi;

- Güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək;

- Sərhədlərin toxunulmazlığı;

- Ərazi bütövlüyü;

- Mübahisələrin dinc yolla həlli;

- Başqasının daxili işlərinə qarışmamaq;

- Əsas insan hüquq və azadlıqlarına hörmət;

- Xalqların öz müqəddəratını təyin etməsi və bərabərhüquqluluq;

- Dövlətlər arasında əməkdaşlıq;

- Beynəlxalq hüquqi öhdəliklərin yerinə yetirilməsi.

Yuxarıdakı prinsiplərə ötəri baxış belə, Ermənistanın öz işğalçılıq siyasəti ilə həmin prinsiplərin mütləq əksəriyyətini pozduğunu anlamağa kifayət edir. Azərbaycan dövlətinin mövqeyi ondan ibarətdir ki, sülh prosesi məhz bu kobud beynəlxalq hüquq pozuntularının aradan qaldırılmasına yönəlməlidir, münaqişənin həllinin açarı buradadır. Məlumdur ki, hazırda nizamlanma prosesi ərazi bütövlüyü, güc tətbiqindən imtina və xalqların öz müqəddəratını təyinetmə prinsipinə əsaslanır və Azərbaycan buna öz razılığını verib. Lakin qarşı tərəf uzun illərdir qeyd edilən prinsipləri özünəməxsus, birtərəfli şəkildə yozaraq öz müqəddəratını təyinetmə prinsipinin guya ayrılma, müstəqil dövlət qurma hüququnu ehtiva etdiyini bildirir. Bunun həqiqətdən uzaq olduğunu təsdiqləyən fakt ondan ibarətdir ki, heç bir ATƏT üzvü Helsinki Yekun Aktının həmin prinsipinin bu cür izahatını bölüşmür. Ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı Avropada təhlükəsizliyin təməlini təşkil edir və bu prinsiplərin dövlətlər tərəfindən inkar olunması və tapdalanmasının qitədə və qlobal miqyasda hansı ağır nəticələrə gətirib çıxaracağını təsəvvür etmək çətin deyil. Təsadüfi deyil ki, xüsusən Krımın ilhaqından sonra Avropa Birliyi ilə ABŞ tərəfindən ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin Avropanın təhlükəsizliyində həyati önəmi qabardıldı. Heç bir ciddi dövlət və beynəlxalq qurum Krım əhalisinin öz müqəddəratını təyin edərək Ukraynadan ayrılmaq hüququndan bəhs etmədi. Maraqlıdır ki, həmin prinsipləri pozmaqda ittiham edilən Rusiyanın özü də ərazi bütövlüyünün əhəmiyyətini vurğulayır.

Öz müqəddəratını təyinetmə hüququnun reallaşdırılması beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulması ilə nəticələnə bilməz.

Beləliklə, Ermənistan bu məsələdə siyasi baxımdan təklənmiş vəziyyətdədir və Azərbaycanın beynəlxalq hüquqa uyğun mövqeyi artıq beynəlxalq aləmdə daha yaxşı başa düşülür, qəbul olunur. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan xalqların öz müqəddəratını təyinetmə hüququnu inkar etmir və Dağlıq Qarabağ ermənilərinə dünya praktikasında mövcud olan özünüidarəetmə hüququ verməyə hazır olduğunu dəfələrlə bəyan edib. Öz müqəddəratını təyinetmə hüququnun reallaşdırılması beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulması ilə nəticələnə bilməz. Bu hüquq dövlətin ərazi bütövlüyü çərçivəsində əksini tapmalıdır. Sərhədlər yalnız o vaxt dəyişdirilə bilər ki, mübahisə edən tərəflər özləri buna razı olsun.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işğalçı tərəfin Helsinki prinsiplərinə əməl etməsindən və ümumilikdə Helsinki ruhuna uyğun siyasətə qayıtmasından keçir.

APA Analitik Mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR