Parçalanmaya doğru: Müsavat adı uğrunda mübarizəyə hazırlıq mərhələsi - TƏHLİL

Parçalanmaya doğru: Müsavat adı uğrunda mübarizəyə hazırlıq mərhələsi - <span style="color: red;">TƏHLİL
# 20 noyabr 2014 09:51 (UTC +04:00)

Prosesin adı “parçalanmaya doğru”dur. Analoji hadisələr AXCP-nin parçalanması ərəfəsində də müşahidə olunurdu. Qurultaydan sonra Müsavatda baş verənlər eyni ssenarini xatırladır. Ortada AXCP-nin parçalanması presedenti var, bu kontekstdən çıxış etsək, Müsavatda da yaxın zamanlarda analoji proseslərin gedəcəyi (hətta sürətlə başa çatacağı) istisna olunmur, ən azı qarşıdurmanın tərəflərinin atdığı addımlar Müsavatı parçalanmaq təhlükəsindən sığortalamır.

Partiyada günün mənzərəsi belədir – Müsavatın bir sıra tanınmış simaları, funksionerləri partiyanı tərk edib, yaxud xaric olunub. Müsavatda qurultayın nəticələrinin legitimləşdirilməsi uğrunda dərin mübarizə gedir, bunu istəyən və buna qarşı çıxan tərəflərin çəkişməsi istefalarla müşayiət olunur. Qarşılıqlı ittihamlar, tərəflərin bir-birini hakimiyyətə işləməkdə suçlaması, yekun parçalanmadan sonrakı mərhələyə hazırlıq (ad uğrunda mübarizə və s.) – bütün bunlar uzun illərdir daxili siyasi prosesləri izləyən hər kəsə tanışdır. Tamaşaçı sanki bir-birini təkrarlayan ssenari üzrə çəkilmiş növbəti serialı izləyir.

Partiyada gedən proseslərin əsas iştirakçıları – ön planda Arif Hacılı, Qubad İbadoğlu, arxa planda isə Vurğun Əyyub və digər orta çəkili funksionerlərdir. Və bir daha tərəf olmayacağı gözlənilən, qarşıdurmanın gərginləşməsinə yol verməmək üçün öz liderlik keyfiyyətlərini ortaya qoymalı olan sabiq başqan İsa Qəmbər. Partiyada neqativ proseslərin dərinləşməməsi üçün avtoritetindən istifadə edə biləcək tək şəxs İsa Qəmbərdir. Lakin o, ilk reaksiyası (sosial şəbəkədə ilk statusu) ilə tərəf olduğunu ortaya qoydu, bununla da, sıravi partiya üzvlərinin gözləntilərinin üzərindən xətt çəkdi. İsa Qəmbərin tərəfləri barışdırmağa, ortaq nöqtəyə gətirməyə çalışmaq əvəzinə, Arif Hacılıya dəstək verməsi parçalanma prosesini daha da dərinləşdirib və artıq Müsavatı parçalanmadan sığortalayacaq heç bir obyektiv amil qalmayıb.

Müsavatda əsəb müharibəsi gedir və sonluğun necə olacağını qarşıdurmanın tərəfləri artıq yaxşı anlayırlar. Bu səbəbdən Arif Hacılı və Qubad İbadoğlu “partiya onsuz da parçalanacaq, bunun məsuliyyəti qarşı tərəfin üzərində qalmalıdır” anlayışı ilə hərəkət edirlər. Bir-birilərini açıq və dolayı şəkildə hakimiyyətə işləməkdə suçlayan tərəflərin hər ikisi əslində hakimiyyətə eyni məsafədə dayanan adamlardır. “İqtidara işləyən tərəf” ittihamının sürətlə tirajlanması partiyanın parçalanmasına görə məsuliyyəti qarşı tərəfin boynuna atmaq məqsədi daşıyır və hər iki tərəf bu üsuldan gen-bol istifadə etməyə başlayıb.

Arif Hacılının mövqeyi anlaşılandır: qurultayda onun əleyhinə səs vermiş 200 nəfər var. Bu müxalif güc partiyada qalacağı təqdirdə yeni sədrin əleyhinə işləyəcək, onlardan inzibati yolla yaxa qurtarmaq yolu isə yoxdur. Əslində var, amma 200 qurultay nümayəndəsini partiyadan qovmaq parçalanmanın məsuliyyətini öz üzərinə götürmək deməkdir. Bunu Arif Hacılı da yaxşı bilir, ona görə də yeni sədrin hər addımı Qubad İbadoğlu, Vurğun Əyyub və digərlərinin partiyanı könüllü şəkildə tərk etməsinə əsas yaratmağa hesablanıb. Partiyadaxili müxalifətin kütləvi şəkildə Müsavatı tərk etməsi hər mənada Arif Hacılının maraqlarına cavab verir. Çünki belə olacağı təqdirdə başqanlıq statusunu istər-istəməz legitimləşdirmiş olacaq, həm üzərinə düşən artıq yükdən azad olacaq, ən əsası isə parçalanmadan sonra Müsavat adı uğrunda tərəflər arasında başlayacaq mübarizədə rəqiblərindən bir addım önə keçəcək. Bu baxımdan rəqiblərinin partiyanı könüllü şəkildə tərk etməsi hər mənada Arif Hacılının maraqlarına cavab verir.

Qubad İbadoğlu və digərləri də bu situasiyanı anlayır. Yenidən qurultay keçirmək imkanı sıfıra bərabərdir. Bəlkə 22 il Müsavata rəhbərlik etmiş İsa Qəmbərin avtoriteti yenidən qurultay keçirmək imkanı doğura bilərdi, lakin sabiq başqan bu nüfuzunu partiyanı böhrandan çıxarmağa deyil, tərəf olmağa sərf etdi, bununla da böhranı daha da dərinləşdirmiş oldu. Bu halda partiyadaxili mübarizədə nisbi məğlub tərəfin (əslində hər iki tərəf məğlub sayıla bilər) atacağı yeganə düşünülmüş addım bu ola bilər – qarşıdurmanı dərinləşdirmək, ictimai rəydə haqqı tapdanan tərəf obrazını gücləndirmək, partiyadan istefaları stimullaşdırmaq, ətrafına daha böyük qüvvə toplayaraq Müsavat adı uğrunda mübarizə aparmaq.

Sonuncu addım həm də hədəfdir, çünki partiya parçalanacağı təqdirdə Arif Hacılıya qarşı olanların partiyanın adı uğrunda mübarizəyə başlamaqdan başqa yolları qalmayıb. Qarşıdurma tərəfləri sonrakı mübarizə mərhələsinin “iki Müsavat, iki ad” olacağını bilir və o səbəbdən həm Arif Hacılı, həm Qubad İbadoğlu tərəfdarları indidən bu mərhələyə hazırlaşırlar.

Bu, Müsavatdan qurultaydan sonrakı mənzərənin ümumi ştrixləridir. Partiyanı (həm də təkcə Müsavatı deyil) bu duruma gətirib çıxaran səbəblər isə dəyişməyib. Bir zamanlar siyasi səhnənin vazkeçilməzi olan, indi isə mövcudluğu belə hiss edilməyən AXCP-ni, AMİP-i və digər köklü partiyaların taleyinin eyni sonluqla bitməsinin bir əsas səbəbi var – Azərbaycanda partiyalar liderlər ətrafında formalaşır, onların ambisiyaları ilə idarə olunur, alternativ liderlərin yetişməsinə imkan verilmir və lider hər hansı səbəbdən siyasi səhnədən gedərkən partiya mikrohissəciklərə kimi parçalanır.

Müsavat da, 22 il partiyaya rəhbərlik etmiş İsa Qəmbər də bu baxımdan istisna deyil. Bir zamanlar AXCP-də gedən parçalanma, ad uğrunda mübarizə prosesinin hazırda Müsavatda təkrarlanacağı ehtimalı da Azərbaycanda siyasi partiya institutunun formalaşması prinsiplərindən doğur.

APA Analitik Mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR