Putinin Türkiyə səfəri: mesajlar, təkliflər, imkanlar… - TƏHLİL

Putinin Türkiyə səfəri: mesajlar, təkliflər, imkanlar… - <span style="color: red;">TƏHLİL
# 03 dekabr 2014 10:49 (UTC +04:00)

Rusiya tərəfinin önəmini vurğulamaq üçün “dövlət səfəri” kimi xarakterizə etdiyi səfər çərçivəsində Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşüb.

İki ölkə prezidentlərinin sədrlik etdiyi və hər tərəfdən 10 nazirin qatıldığı görüşlərdə iqtisadi-ticari və enerji sektorlarında əməkdaşlıq məsələləri ilə beynəlxalq gündəmdəki siyasi mövzular müzakirə edilib. İki ölkə rəsmiləri arasında müzakirə edilən mövzular çərçivəsində 8 əməkdaşlıq sənədi imzalanıb. Ərdoğan ilə Putinin görüşdən sonrakı birgə mətbuat konfransında müzakirə edilən mövzularla bağlı mühüm mesajlar verilib.

Putinin Türkiyə səfəri hər şeydən əvvəl zaman baxımından diqqəti cəlb edir. Səfərin zamanı Türkiyə üçün mühüm siyasi, iqtisadi və təhlükəsizlik motivlər daşımaqdadır. Bu səfər siyasi cəhətdən Türkiyənin Qərblə siyasi rejimin demokratikliyi, Avropa Birliyinə üzvlük və Yaxın Şərqdəki xarici siyasət kursu səbəbi ilə mühüm problemlər yaşadığı bir dövrdə həyata keçirilib. İqtisadi aspektdən səfər Türkiyənin “dünyanın ən kövrək iqtisadiyyatlarından biri kimi” xarakterizə edildiyi və Yaxın Şərq bazarına ixracatının azaldığı dövrdə gündəmə gəlir. Təhlükəsizlik baxımından isə səfər Türkiyə rəsmilərinin verdikləri birbaşa və ya dolaylı mesajlarla Qərbi, konkret olaraq da ABŞ-ı siyasi iqtidarı devirmək istəməkdə və PKK ilə müzakirə prosesini sabotaj etməkdə ittiham etdikləri bir zamanda gerçəkləşir.

Digər tərəfdən, Rusiya baxımından da səfərin zamanı daha böyük əhəmiyyət kəsb edir. Belə ki, səfər Rusiyanın Qərblə, xüsusilə Ukrayna böhranı səbəbi ilə siyasi, iqtisadi və müəyyən mənada da hərbi münasibətlərinin gərginləşdiyi və bunun ölkəyə zərərinin getdikcə artdığı şəraitdə həyata keçirilib. Rusiya rəhbərliyi bir neçə aydır ki, Qərblə münasibətlərdə gərginliyi tarazlamaq üçün xarici siyasətin digər vektorlarında fəallığını artırıb. Bu çərçivədə Kremlin Uzaq Şərq istiqamətindəki fəallığının əsas ünvanını Çinlə münasibətlər təşkil edib. Çinlə imzalanan 400 milyard dollarlıq enerji müqaviləsi isə bunun ən mühüm nümunəsidir.

Rusiyanın Yaponiya ilə yeni enerji razılaşmaları imzalamaq istədiyinə dair mesajları isə rəsmi Tokionu da bu prosesə daxil etmə səyi kimi dəyərləndirilə bilər. Kremlin bu istiqamətdə xarici siyasətində ikinci mühüm istiqaməti isə ənənəvi müttəfiqi İran təşkil edir. Rəsmi Moskva İranla keçən ay imzaladığı nüvə razılaşması ilə həm ciddi iqtisadi gəlir imkanı əldə edib, həm də Qərbə qarşı “İran kartını” oynamaqda qərarlı olduğu mesajını verib. Putinin Türkiyə səfəri isə bu tarazlıq anlayışı çərçivəsində Rusiyanın xarici siyasətində üçüncü istiqamətin Türkiyə olduğunu göstərməkdədir.

Mövcud şərtlərdə Rusiya üçün Putinin Türkiyə səfəri siyasi, iqtisadi və enerji kontekstdə mühüm mənalar kəsb edir. Siyasi baxımdan, bu səfər Türkiyə ilə xüsusən Suriya məsələsi səbəbi ilə yaranan soyuqluğu ən azı yumşaltmaq və son dövrlərdə Qərblə müəyyən problemlər yaşayan Türkiyəni öz yanına çəkmək səyi və ya ən azı Türkiyənin mövcud tarazlıq xəttini qoruması üçün vacib sayılır. Putin səfərdən bir müddət əvvəl “Anadolu” Agentliyinə verdiyi müsahibədə Türkiyənin Qərbin təzyiqlərinə baxmayaraq Rusiya ilə münasibətlərdə müstəqil xətt yürütməsini xüsusi vurğulayıb. Ankarada Putin-Ərdoğan müzakirələrindən sonra mətbuata verilən Suriya mövzusundakı açıqlamalara diqqət etsək, eyni niyyəti görmək mümkündür. Düzdür, mətbuat önündə verilən açıqlamalarda Suriya məsələsinin ən problemli məsələ olaraq qaldığı müşahidə edilir. Ancaq Suriya məsələsi ortaya çıxdıqdan sonra iki ölkənin bir-biri ilə daban-dabana zidd mövqeləri, bu mövqelərin ifadəsində istifadə edilən üslub və atılan addımları nəzərə alsaq, səfərdən sonra tərəflərin bir-birinə münasibətinin yumşaldığını müşahidə etmək olar.

Xatırladaq ki, Ərdoğan baş nazir olan zaman seçki meydanlarında Rusiyanı açıq şəkildə ittiham etmiş, Türkiyə bir Rusiya təyyarəsini məcburən hava limanına endirmiş və yoxlama aparmış, Putinin 2012-ci ildə Türkiyə səfərini məhz bu narazılıqlara görə təxirə salındığı iddia edilmişdi. Son Ankara görüşü zamanı isə Putin və Ərdoğan Suriyada vəziyyətin normal olmadığını və bu problemin həllində fikir birliyinin mövcudluğunu, lakin həll yolları ilə bağlı fikir ayrılıqlarının olduğunu vurğulayıblar. Eyni ehtiyatlı və əməkdaşlığı nəzərdə tutan üslubun Ukrayna böhranı, xüsusilə Krım tatarları məsələsi və İŞİD mövzusunda verilən qarşılıqlı mesajlarda da istifadə edildiyini müşahidə etmək olar.

İqtisadi cəhətdən isə, Qərbin tətbiq etdiyi embarqolar səbəbilə həm xarici ticari münasibətlər, həm xarici sərmayə qoyuluşu, həm də ərzaq təhlükəsizliyi baxımından ciddi problemlər yaşayan Rusiya üçün Türkiyənin əhəmiyyəti artıb. Ərdoğan ilə Putinin mətbuat konfransında illik 32 milyard dollarlıq ticarət dövriyyəsinin 2023-cü ilinə qədər 100 milyard dollara yüksəldilməsi hədəfi açıqlanıb. Bu hədəfin yeni mesaj olmamasına, Ərdoğanın bu ticari münasibətlərdə saldonun 25/7 kimi Türkiyə əleyhinə olmasından narazılıq ifadə etməsinə və mütəxəssislərin bu hədəfin reallaşmasına ciddi şübhə ilə yanaşmasına baxmayaraq, bu açıqlama Rusiya bazarı üçün iqtisadi, psixoloji və siyasi önəm daşıyır. Qərb sərmayəsinin Rusiyanı tərk etdiyi bir dövrdə Putinin türk sərmayədarlara müxtəlif sektorlara investisiya yatırma çağırışı etməsi də bu çərçivədə xarakterizə edilə bilər. Putinin əməkdaşlıqda “Akkuyu” AES-i və Rus turistlərinin rolunu xatırlatması da Rusiyanın strateji və iqtisadi önəmini ortaya qoymaq baxımından mühüm ştrixlərdir.

Putinin səfəri Rusiya üçün Türkiyənin enerji baxımından strateji önəminin getdikcə gücləndiyini də göstərməkdədir. Türkiyə Rusiya baxımından həm böyük enerji bazarı, həm də tranzit ölkə kimi xarakterizə edilə bilər. İki ölkə arasında 1984-cü il tarixli qaz razılaşması və “Mavi Axın” kəməri ilə yanaşı, Türkiyənin “Cənub Axını”na Qara dənizdə keçid icazəsi verməsi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Putinin səfəri bu əməkdaşlığı daha da gücləndirmə mesajları ilə yadda qalıb. Putin Türkiyəyə satılan qazın qiymətində 1 yanvar 2015-dən etibarən 6 faizlik ilkin endirimin olacağını elan edib və Türkiyənin daxili qaz istehlak bazarına girmə imkanları olarsa, yeni endirimlərin də gündəmə gələcəyini bildirib. İki prezidentin apardığı müzakirələr nəticəsində Rusiya Türkiyə bazarına ötürəcəyi illik qazın miqdarını 3 milyard kubmetr artırmağa razılıq verib.

Bundan əlavə, Rusiya prezidenti enerji nəqli məsələsində Ukraynanın tranzit imkanlarını balanslaşdırmaq və Türkiyə üzərindən alternativ enerji layihələrinin həyata keçirilməsini ləngitmək məqsədilə yeni təkliflər səsləndirib. Putin yeni qaz kəmərinin çəkilərək rus qazının Türkiyə-Yunanıstan sərhədində inşa ediləcək əlavə qaz anbarına yüklənməsini və oradan da Cənubi Avropaya satılmasını təklif edib. O bu çərçivədə Bolqarıstanın timsalında Avropa İttifaqını “Cənub axını” kəmərinin çəkilişini dayandırmaqla təhdid edib. Putinin yeni qaz kəməri təklifi eyni zamanda bənzər məqsədi daşıyan TANAP-ın zərbə altına qoymaq məqsədi daşıyır. Türkiyənin bu təklifə ən azı susqun qalması isə yeni layihənin Ankaranın həm “qlobal miqyaslı enerji körpüsü olmaq” hədəfinə uyğun gəlməsi, həm də Rusiya ilə enerji alanındakı rəqabəti yumşaltmaq üçün fürsət yaratması ilə izah oluna bilər.

Ümumilikdə, Putinin Türkiyə səfəri iki ölkə arasındakı münasibətlərdəki siyasi problemlərin yumşadılması, ticari-iqtisadi və getdikcə daha da güclü şəkildə strateji mahiyyət kəsb edən enerji əməkdaşlığı kontekstində önəmli sayıla bilər. Türkiyə ilə Rusiya arasında əməkdaşlığın yenidən impuls qazanması isə xarici siyasətdə tarazlıq güdən Azərbaycan üçün siyasi, iqtisadi və təhlükəsizlik aspektləri baxımından manevr imkanı yarada və regionda getdikcə kəskinləşən güc tarazlığına yumşaldıcı təsir göstərə bilər. Lakin verilən mesajlarda bu müsbət təsirin Rusiyanın postsovet məkanına artan marağının gətirdiyi risklərə, Cənubi Qafqazdakı tarazlığa və Qarabağ məsələsinə sirayət edəcəyinə dair işarə yoxdur. Bəlkə də bunun üçün ilkin mərhələdə İŞİD təhlükəsi, Ukrayna böhranı və enerji əməkdaşlığı kimi mövzuları müzakirə edəcək Azərbaycan-Rusiya-Türkiyə üçlüyündən ibarət yeni bir format yaratmağa ehtiyac var. Bundan əlavə, Cənubi Qafqazda təhlükəsizlik və sülh kontekstində Qarabağ probleminin həlli məqsədini güdən Azərbaycan-Ermənistan-Rusiya-Türkiyə dördlüyündən ibarət yeni bir mexanizmin qurulması vaxtının da çatdığını iddia etmək olar.

Dr. Nazim Cəfərov, xüsusi olaraq APA Analitik Mərkəzi üçün

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR