Qərbin ayırdığı “yaxşı” və “pis” separatçılar, Azərbaycanın tərəfdaşları dəyişmək hüququ - TƏHLİL

Qərbin ayırdığı “yaxşı” və “pis” separatçılar, Azərbaycanın tərəfdaşları dəyişmək hüququ - <span style="color: red;">TƏHLİL
# 21 may 2015 15:10 (UTC +04:00)

Fransa ilə əməkdaşlıq iki səbəbdən önəmlidir. Birincisi, Fransa siyasi və iqtisadi çəkisinə görə Avropa İttifaqının iki aparıcı dövlətindən biridir. İkincisi, Fransa Minsk qrupunun həmsədridir və Paris bu qrupda bütövlükdə Avropanı təmsil edir.

Buna baxmayaraq, bu illər ərzində Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışı dəyişməyib, mövqeyində ədalətli yanaşma yoxdur. Əksinə, Parisin siyasətində əvvəlki tək ermənipərəstliyin əlamətləri görünür. Fransada hakimiyyətə gələn siyasətçilər erməni lobbisinin təsirindən çıxmır, ermənilərin səsini qazanmaq üçün müxtəlif vədlər verir və bu vədləri tədricən yerinə yetirməyə çalışırlar. Bu, keçmiş prezident Nikola Sarkozinin dövründə də belə idi, indiki dövlət başçısı Fransua Ollandın siyasətində də dəyişən bir şey yoxdur.

Bu mənada Nikola Sarkozinin 2011-ci ildə Cənubi Qafqaz ölkələrinə səfərini xatırlamaq yerinə düşər. Fransanın keçmiş prezidenti o zaman Ermənistanda bir gün qaldı, qondarma soyqırımı ilə bağlı bəyanat verdi, xatirə kompleksinə əklil qoydu, muzeyə baş çəkdi, xatirə bağında ağac əkdi, media qarşısında çıxış etdi, daha sonra Gürcüstan ictimaiyyəti qarşısında çıxış etdi, Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi, Azərbaycana bir neçə saatlıq səfərində isə bunların heç birini etmədi. Bakıda nə mətbuat konfransı keçirdi, nə Şəhidlər xiyabanını ziyarət etdi, nə də Azərbaycan ictimaiyyətinə hər hansı ismarıc verdi. Sarkozi bu münasibətilə Ermənistanın mövqeyini müdafiə etdiyini göstərmiş oldu.

Hazırkı prezident Fransua Ollandın da Ermənistan-Azərbaycan münaqişəsinə baxışında ciddi dəyişiklik hiss olunmur. Münaqişə tərəflərindən bərabər məsafə saxlamalı olan dövlətin başçısı “erməni soyqırımının 100 illiyi” ilə bağlı İrəvana səfər edib, işğalçı Ermənistanı cəsarətləndirməli deyildi. Doğrudur, Olland bir gün sonra Bakıya gəldi, ancaq bu simvolik səfər “erməni soyqırımının 100 illiyində” iştiraka görə sanki Azərbaycan siyasi elitasının və ictimaiyyətinin könlünü almaq mahiyyəti daşıyırdı. İnandırıcı olmadı, çünki bunun ardınca Fransadan erməni lobbisinin və Ermənistanın istəyi ilə daha iki addım atıldı.

Fransa parlamentinin bir qisim deputatı Dağlıq Qarabağda “parlament seçkisini” müşahidə etmək məqsədilə işğal altındakı Xankəndinə getdi. Bu azmış kimi, Dağlıq Qarabağ separatçılarının lideri Fransaya səfərə gedərək, Parisdə görüşlər keçirdi. Əlbəttə, Paris rəsmi Bakının narazılığına cavab olaraq bəyan edə bilər ki, deputatlar müstəqildir, onlara təsir edə bilməz. Halbuki, Dağlıq Qarabağa yollananlar arasında prezident Ollandın partiyasından da deputatlar var idi ki, partiya rəhbərliyi onları bu səfərdən imtinaya çağıra bilərdi. Yaxşı, tutaq ki, deputatlar özbaşına gediblər, bəs separatçıların lideri əlini-qolunu sallayaraq Parisə necə gedib, ona vizanı necə veriblər? Bu məsələyə Fransa XİN müdaxilə edə bilərdi, erməni separatçılarının liderinin Parisə gəlişini Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesinə mənfi təsirini əsas tutub ona viza verməkdən imtina edərdi. Paris bunları etmirsə, demək, həm Azərbaycanın ərazi bütövlüyünə hörmət etmir, həm də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil.

Yada salaq ki, artıq Azərbaycan rəsmi Parisə etiraz notası göndərib.

Dağlıq Qarabağ separatçılarının lideri Fransadan əvvəl ABŞ-da olub. Elə Vaşinqton da Paris kimi erməni lobbisinin nazı ilə oynayır. Vaşinqton və Paris sözdə və əməldə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, haqlı olaraq Donbas separatçılarına qarşı sanksiyalar tətbiq edib, bank hesablarını dondurub, vizalarını ləğv edib. Donbas separatçılarının liderini Vaşinqton və ya Parisə dəvət etmək heç bir amerikalı və fransalı siyasətçinin, diplomatın ağlına gəlməz. Ancaq nədənsə Dağlıq Qarabağ separatçılarının lideri üçün istisna mövcuddur. Bu isə ABŞ və Fransanın ölkələrin ərazi bütövlüyü və münaqişələrin həllinə baxışlarında ikili standartdan əl çəkmədiyinin göstəricisidir.

Vaşinqton və Paris separatçıları “yaxşı” və “pislərə” ayırıblar. Bu siyasət davam etdikcə ABŞ və Fransanın Cənubi Qafqazın aparıcı dövlət adlandırdıqları Azərbaycanla münasibətlərində ciddi keyfiyyət dəyişikliyini gözləmək əbəsdir. Çünki biz nə qədər Qərb dünyası ilə əməkdaşlıqda maraqlı olsaq da, onların Azərbaycanın ərazi bütövlüyünə barmaqarası yanaşması ikitərəfli əlaqələrin inkişafına əsas əngəl olacaq. Bu isə nə Qərbin, nə bizim xeyrimizədir. Bu, yalnız erməni lobbisinin, işğalçı Ermənistanın və bu dövlətin havadarının xeyrinədir.

Analoji ikili standartlar Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətlərinin mövqeyində də özünü göstərir. Enerji sektoruna kapital qoyuluşu dünyada ən səmərəli biznes fəaliyyətlərindən sayılır və bu imkanın tanındığı böyük şirkətlər kapital yatırdıqları ölkənin qarşısında qeyri-rəsmi öhdəliyə sahib olurlar. Azərbaycanın timsalında bu öhdəlik ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Bakının mövqeyini müdafiə etməkdən ibarətdir. Transmilli korporasiyaların öz ölkələrinin siyasi elitasına təsir imkanları var, Azərbaycan enerji sektorunda tərəfdaşlarını müəyyən edərkən bu imkanları mütləq nəzərə alır. Bu, dünyada qəbul olunmuş bir praktikadır və Azərbaycanın da iş imkanı yaratdığı transmilli korporasiyaların lobbiçilik imkanlarından istifadə etmək hüququ var. Lakin gözləntilərin əksinə olaraq Azərbaycan Fransa şirkətlərindən, ilk növbədə milyardlarla dollar qazanc götürən, bunun sayəsində Fransa büdcəsinə külli miqdarda vergi ödəyən “Total”dan belə bir münasibət görməyib.

Bu şirkətlər bir faktı unudurlar ki, Azərbaycan istənilən an iqtisadi tərəfdaşlarını dəyişmək imkanına sahibdir və elə təkcə yuxarıda göstərilən səbəbləri əsas gətirərək onların qlobal layihələrdə iştirakını məhdudlaşdıra, sıfıra endirə bilər. Bunun Fransa büdcəsinə və fransız şirkətlərinə nə qədər zərər vuracağını qoy fransızlar hesablasın...

Elxan Şahinoğlu, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR