Suriya böhranı fonunda Türkiyə və İranın toqquşan maraqları - TƏHLİL

Suriya böhranı fonunda Türkiyə və İranın toqquşan maraqları - <span style="color: red;">TƏHLİL
# 28 noyabr 2014 08:21 (UTC +04:00)

İsrail və Səudiyyə Ərəbistanı bölgədə gedən proseslərin əsas katalizatoru rolunda iştirak etsələr də, hadisələrin gedişindən hər zaman yararlanmağa çalışan iki dövlət var - Türkiyə və İran. Bu amil hər iki dövləti daim rəqabətdə olmağa məcbur edib.

Son illər, özəlliklə AKP iqtidarı dönəmində Ankara və Tehran arasında münasibətlərin xarakterini iqtisadi əlaqələr müəyyənləşdirməyə başlayıb. Ticarət dövriyyəsini 10 milyard dollara çatdıran bu ölkələr yaxın perspektivdə bu rəqəmi 3 dəfə artırmağı planlaşdırırlar. 450 kilometrlik sərhədə sahib Türkiyə və İran bölgədə yük daşımalar sahəsində ciddi rəqabət aparır və bu rəqabət hər iki ölkəni Yaxın Şərqdə tranzit daşımaların ən önəmli ölkələrinə çevirib. İran qazının nəqli Türkiyənin özəlliklə cənub-qərbi Anadolu bölgələrinin mavi yanacaqla təminatında önəmli rol oynayır və bölgədə sənayenin inkişafını stimullaşdırır.

Siyasət arenasında isə durum tam fərqlidir. Hər iki ölkədə siyasi hakimiyyətlər dəyişsə də, maraqlar dəyişməyib, əksinə proseslərin gedişinə paralel olaraq daim inkişaf edib. Təbii ki, nüfuz dairəsi uğrunda mübarizə Türkiyə və İranın bir çox nöqtələrdə maraqlarının toqquşmasına gətirib çıxarır. Lakin Türkiyə-İran münasibətlərinin iki özəl xüsusiyyəti var:

  1. Bu ölkələrin maraqlarının toqquşması hər zaman Yaxın Şərqdə gedən proseslərin kölgəsində qalıb və çox zaman açığa çıxmayıb.
  2. Yaxın Şərqdə bir çox proseslərin yekununu böyük ölçüdə məhz bu ölkə arasında maraqlar mübarizəsini nəticəsi müəyyənləşdirib.

Türkiyə-İran münasibətlərinin xarakterini müəyyənləşdirən bir neçə faktor mövcuddur. Bunlar PKK, İraq və Suriya, habelə enerji məsələləridir. Tarixən hər iki ölkə PKK probleminə nəzərən eyni mövqedən çıxış edib, kürd separatizmi Türkiyə qədər İranın da maraqlarını zərbə altında qoyduğundan Ankaranın PKK-ya, İranın isə PEJAK-a qarşı siyasəti fərqlənməyib. Lakin bu iki ölkə ortaq maraqlara rəğmən PKK-ya qarşı mübarizəni heç zaman birgə koordinasiya etməyiblər ki, bunun da əsasında yarana biləcək situasiyadan asılı olaraq dövlətlərdən birinin digərinə qarşı PKK faktorundan istifadə edə bilmə perspektivi (istəyi) dayanıb. Bu perspektiv Suriya böhranı zamanı özünü doğruldub, SEPAH generalı Qasım Süleymaninin kürt separatçılarla əlaqəsinə dair faktların aşkara çıxarılması buna bariz nümunədir. Lakin PKK məsələsi Türkiyə və İranın ortaq maraqlarına toxunduğu üçün belə epizodik faktlar iki ölkənin münasibətlərinə ciddi təsir edə bilmir. Çünki, son 10 ildə Birləşmiş Ştatlar öz Yaxın Şərq siyasətində etnik kürd faktorundan geniş istifadə etməyə başlayıb ki, bu da İranı PKK məsələsində ehtiyatlı mövqe tutmağa məcbur edir. İranın PKK məsələsinə münasibətini müəyyənləşdirən daha bir faktor ABŞ-ın bu ölkəyə hərbi müdaxilə ehtimalıdır. Hər nə qədər aktuallığını itirsə də, bu ssenari hələ gündəmdən tam qalxmayıb və İran anlayır ki, hərbi müdaxilə planı gerçəkləşməli olsa, bu proseslərdə Türkiyənin strateji əhəmiyyəti artmış olacaq. Bu səbəbdən Tehran PKK məsələsini İran-Türkiyə münasibətlərini korlaya biləcək faktor kimi nəzərdən keçirir və kifayət qədər ehtiyatlı davranır.

Siyasətin bir də reallıq tərəfi var. İranda İslam inqilabından sonra Amerikanın Yaxın Şərq siyasətində problem hesab etdiyi İran və bu ölkənin xarici siyasətində Həsən Ruhani dönəmində bir yumşalma müşahidə olunmaqdadır. Ruhaninin razılaşmaya meylli olması Əhmədinejad zamanında Qərblə gərginləşən münasibətləri yumşaltmaq üçün imkan yaradıb. Bu dövrdə problemlərin həlli prosesi AKP hökumətinin daxili siyasətində ana xəttini təşkil etməyə başlayır. Və Türkiyə bu amildən İrana qarşı təzyiq vasitəsi kimi yararlanır. Ankaranın əsas iddiası İranın Türkiyənin başladığı həll prosesinə neqativ təsir göstərməsi ilə bağlıdır. Bu iddia SEPAH və Qüds generalı Qasım Süleymaninin kürt separatçıları ilə əlaqəsi ilə əsaslandırılır. İranlı generalın separatçılarla fotolarının Türkiyə mətbuatına yol açması əslində Ankaranın Tehrana olan qeyri-rəsmi etirazıdır. İran xüsusi xidmət orqanlarının casusluq məqsədilə Türkiyəyə göndərilən “Selami Tevhit” təşkilatının üzvlərinin həbs olunması da Ankaranın İran siyasətinə etirazının ifadəsi sayıla bilər.

Türkiyə ilə İranın Suriyada toqquşan ciddi maraqları var. Bu toqquşma Yaxın Şərqdə gedən proseslərə ciddi təsiri olan hər iki ölkənin münasibətlərini istər-istəməz gərginləşdirir. Həm Tehran, həm Ankara Suriya məsələsinə ölüm-qalım məsələsi kimi baxır. Çünki hər iki tərəf anlayır ki, Suriya və İraqda gedən proseslərdən uduşlu çıxmamaq həm Türkiyənin, həm də İranın dövlət kimi taleyinə, həm də Yaxın Şərqdəki proseslərdə xüsusi çəkisinə neqativ təsir edə bilər. Bu səbəbdən situasiyanın daha geniş təhlilinə, münasibətləri formalaşdıran amillərin araşdırılmasına ehtiyac var.

İranın xarici siyasəti və Türkiyənin bölgə iqtisadiyyatından əldə etdiyi gəlirləri bir-birinə zidd olub, iqtisadi mənfəətə təsir edəcək vəziyyətə gəlib. Son günlər İran və Türkiyə arasında yaşanan qarşılıqlı səfərlər problemini bu paradoksun nəticəsi saymaq olar. İran öz xarici siyasətində enerji faktorundan istifadə edərək beynəlxalq arenada bu amildən siyasi divident qazanmaq üçün yararlanır. Və bu siyasətini ötən həftələrdə Türkiyəyə qarşı dəfələrlə istifadə edib. Bölgədə yüklərin daşınmasında az qala hegemon mövqeyə sahib olan Türkiyənin iri tonnajlı yük maşınlarının İranda mazut alarkən və Bazərqan keçid qapısından keçərkən problemlər yaşaması, İran yük maşınlarının da Türkiyədə eyni situasiya ilə üzləşməsi buna misaldır.

Türkiyədə mazutun baha olmasını əsas gətirən İran tərəfi Türk maşınlarına mazutu daha baha qiymətə satacağını açıqlayıb.

Əslində İranın bu addımı iqtisadi maraqların müdafiəsindən çox, Türkiyənin son zamanlar Suriya məsələsində ön planda olmasından qaynaqlanır. İraqda İŞİD mövzusu gündəmə gəldikdən sonra Türkiyə regionda sülhpərvər missiyası ilə önə çıxıb. Lakin Türkiyənin bölgədə xüsusi çəkisi hər gün dəyişməkdədir. Beynəlxalq səviyyədə verilən vədlərin yerinə yetirilməməsi, Suriya böhranını ilk günlərində supergüclərin Türkiyəyə dəstək verməsinə rəğmən, sonradan bu dəstəyi geri çəkməsi Ankaranı meydanda faktiki tək qoyub. Beləliklə Suriya mövzusu Türkiyə üçün bir düyünə çevrilib və ölkənin daxili və xarici siyasətində mənfi izləri buraxıb.

Proseslərin məntiqi davamı olaraq AKP hökuməti Suriya faktorundan daxili siyasətdə istifadəyə başladı, xarici qüvvələr isə Suriya məsələsini unutmağa başladı. Və.. Suriya məsələsində İranın ön plana çıxması üçün şərait yarandı və Tehranın bu şəraitdən necə istifadə etdiyini söyləmək artıqdır. Türkiyə və İran İŞİD faktorunun gətirə biləcəyi dividentlərdən paralel yararlanmağa cəhd edirlər. İŞİD faktoru, terrorçuların atdığı addımlar və istifadə etdikləri üsullar Türkiyəyə xarici siyasəti üçün yeni bir fürsət yaradıb. Nəticədə İranın bir addım önə çıxmasını təəssüflə izləyən xarici qüvvələrin Türkiyəyə münasibəti dəyişmiş olub. Dünənə kimi Suriya mövzusunda Türkiyənin proseslərə müdaxiləsini yolverilməz sayan passiv qüvvələr bu dəfə Ankaranın bölgədə hərbi-siyasi cəhətdən aktivləşməsini istəyirlər. Lakin Suriya böhranının ilk mərhələsində umduğu xarici dəstəyi ala bilməyən Türkiyə yenidən eyni situasiya ilə üzləşməmək üçün proseslərin ən aktiv oyunçusu rolunu bir şərtlə üzərinə götürür. Bu şərt Əsədin hakimiyyətdən getməsi və Suriyada uçuşa qadağan edilən bölgənin yaradılmasıdır. Əslində Suriyada uçuşlara qadağan edilən bölgənin yaradılması ilə Əsədin hakimiyyətdən getməsi arasında elə bir ciddi fərq yoxdur. Türkiyənin bu istəyi gerçəkləşərsə, Əsəd hakimiyyətdən getmək məcburiyyətində qalacaq.

Bəs Türkiyənin bu şərtinə və bölgədə artan roluna İranın münasibəti necədir? Təbii ki, Yaxın Şərqdə gedən proseslərin ən aktiv oyunçusu olan İranın bu şərtlərin diktə edəcəyi gerçəklikləri qəbul etməsi mümkün deyil. Çünki, Suriya İranın Livandakı “Hizbullah” təşkilatı ilə əlaqəsini təmin edən yeganə coğrafi həlqədir. Bu yol əldən çıxarsa, İran və “Hizbullah” arasında əsas əlaqə vasitəsi aradan qalxar və İran bölgədəki gücünün önəmli hissəsini itirmiş olar. Digər tərəfdən Suriyada hakimiyyət, idarəetmə Türkiyə iqtidarının “əlinə keçərsə”, ərəb dünyasına olan dəhliz Türkiyənin diktəsi və nəzarətində idarə olunacaq. İran və Türkiyənin Suriyada kəsişən maraqlarından birini məhz bu amil təşkil edir.

Yaxın Şərqdə nüfuz müharibəsində tarixi rəqiblər olan İran və Türkiyə bu gün Suriya məsələsi və bölgədəki kürd problemi ilə bağlı üz-üzə gəlməkdədir. Hər iki tərəf öz maraqlarını təmin etmək üçün gizli yarışda fərqli layihələrlə irəli çıxmağa çalışır. Bu prosesdə hər iki dövlətin yürütdüyü siyasətin bir qolu da nüfuz müharibəsində Amerika və Rusiya kimi böyük gücləri öz tərəflərinə çəkmək istəyidir. Türkiyənin aktivləşən ABŞ və Rusiya siyasətini, İranın isə nüvə problemi ilə bağlı danışıqlarda aktivləşməsini bu baxımdan da dəyərləndirmək vacibdir.

APA Analitik Mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR