Türkiyədə seçkilər: siyasətin dörd çaları - TƏHLİL

Türkiyədə seçkilər: siyasətin dörd çaları - <span style="color: red;">TƏHLİL
# 09 iyun 2015 09:54 (UTC +04:00)

Məclisə 1991-dən bəri keçirilən 7 seçkinin hamısını Türkiyədə izlədim. Yeddinci seçki kimisini heç görmədim...

13 ildən sonrakı tərcih

... 1991-ci ildə müxalifət lideri Süleyman Dəmirəl iqtidara gəlmək üçün seçicilərdən “borc səs”i iqtisadiyyat üzrə müşaviri professor Tansu Çillərin “1 ev, 1 maşın açarı” şüarı üzərindən istəyirdi. Vəzifəsi gərəyi siyasi gəlişmələrə müdaxilə etməyən prezident Özalın sadəcə o fantastik vədə reaksiya göstərdiyini xatırlayıram: “Bu şüar bir fəlakətdir!”

17 aprel 1993-cü ildə Özalın qəfil vəfatından sonra Dəmirəl prezident oldu, 2 parlament seçkisi onun dövründə keçirildi. Ancaq o seçkilərdə siyasət adına Süleyman bəyin ağzından tək kəlmə çıxdığını eşitmədim. 2 seçki keçirmiş Əhməd Necdət Sezerin deyil seçki, ümumiyyətlə, siyasətdən uzaq durduğuna hər kəs şahiddir.

Bir parlament, bir prezident (xalq tərəfindən) seçkisinə şahid olan Abdullah Gülün nəinki meydanlarda, şəxsi söhbətlərdə belə qurucusu olduğu partiyaya səs verilməsinə eyham vurmasının şahidi çıxacağına da inanmıram.

Eyvah, 7 iyundakı parlament seçkisinə qədər gəldik. Amma dayanın, oraya gəlməzdən əvvəl bunu bir tərəfə qeyd edək ki, 2007-ci ildə AKP növbəti dönəmdə ölkə prezidentinin xalq tərəfindən seçilməsinə dair konstitusiya dəyişikliyi maddəsini 70%-lik dəstəklə referendumdan keçirdi. 2011-ci ilin axırında çıxarılan qanunda isə ölkənin XI prezidentinin növbəti dönəmdə namizəd olmasına açıq şəkildə embarqo qoyulmuşdu; iş o yerə varmışdı ki, prezident Abdullah Gül, ana müxalifətdəki CHP-nin bunu ləğv etdirmək üçün Konstitusiya Məhkəməsinə müraciət etdiyini özü açıqlamışdı. CHP-nin şikayətinə baxan Konstitusiya Məhkəməsi 15 iyun 2012-də Abdullah Gülün növbəti prezident seçkisində namizəd olmasını əngəlləyən qanun maddəsini “insan haqq və hürriyyətlərinə zidd olduğuna görə” ləğv etmişdi.

Lakin yolunun açıq olmasına baxmayaraq Gül prezidentliyə namizəd olmadı. 2014-cü ilin 10 avqustdakı seçkidə 51.6% səs alaraq Türkiyə Cümhuriyyətinin XII prezidenti Rəcəb Tayyip Ərdoğan oldu.

Bundan sonra Ərdoğanın sədri olduğu AKP növbədənkənar qurultayını 27 avqusta təyin etdi, o gün istefa verən Ərdoğanın əvəzinə yekdilliklə Ahmet Davutoğlu AKP-yə sədr seçildi. Növbəti gün 62-ci hökumətin qurulması səlahiyyətini də professor Davutoğluna verildi. Hər şey çox sürətlə cərəyan etdi və bir seçkini geridə qoyan Türkiyə yenə eyni sürətlə 9 aydan sonrakı parlament seçkisinin orbitinə daxil oldu.

Tayyip Ərdoğan passiv prezident olmayacağını əvvəlcədən elan etmişdi, Nəinki aktiv, proaktiv prezident olacağı deyil, olduğu apreldə qətiləşdi: ölkə yeni bir parlament seçkisinə gedərkən. Yarışın başlaması ərəfəsində meydanlara çıxan Ərdoğan aradabir müxalifət partiyalarının liderlərinə də sərt mesajlar göndərdi.

Əslində prezident Ərdoğanı anlamaq çətin deyildi: ölkəyə prezident üsuli-idarəsi gətirmək üçün bu seçkini həlledici mərhələ kimi görürdü. Baş nazir Davutoğlu isə işin əvvəlində parlamentar rejim tərəfdarı olduğunu göstərməyə çalışsa da, işin axırına gəlinəndə o da “əsas məqsədinin prezident üsuli-idarəsinə keçmək” olduğunu açıqlamaqda sıxıntı görmədi...

Amma seçkinin nəticəsi başqa cür oldu: Türkiyə prezident üsuli-idarəsi ilə davam etməyə səs vermədi. 7 iyunda seçkinin ortaya çıxardığı tablonun ən önəmli fotosu bu olmalı...

Kürd hərəkatı siyasi quruma çevrilir

7 iyun seçkisinin başqa bir özəlliyi kürd hərəkatının ilk dəfə siyasi qurum şəklində Məclisə girməsinə vəsilə olmasıdır. 1991-də Ərdal İnönünün SHP-sinin siyahısından Məclisə girən Leylagillər (Zana), qısa müddət sonra ayrılaraq kürd təmayüllü Halkın Emek Partisini qursalar da, 1994-cü ilin martında HEP millət vəkillərinin Məclis binasının qabağında həbs edilmələri və 10 il həbsdə qalmaları Türkiyənin başını az ağrıtmamışdı. Sonrakı dönəmdə qurulan kürd təmayüllü partiyaların istisnasız olaraq hamısı Konstitusiya Məhkəməsi tərəfindən qapadıldı. 10%-lik seçki bariyerinin aşıla bilinməməsinə görə, kürd siyasi hərəkatının liderləri 2007-ci ildəki seçkiyə müstəqil şəkildə girərək, təxminən 10 mandat qazana bilmişdilər. Eyni metoddan 2011-ci ildəki seçkidə də istifadə edən kürd siyasi hərəkatı işin içinə kürd mənşəli olmayan bəzi sol hərəkat liderlərini və yaradıcı insanları (məsələn, Ləvənt Tüzəl, Sırrı Sürəyya Öndər kimi) də qataraq Məclisə 36 millət vəkili göndərməklə partiya fraksiyası yaratmağa nail oldu. 2014-cü ilin iyununda hələlik son siyasi qurum olan Halkların Demokratik Partiyasını (HDP) yaradan kürd siyasi hərəkatı HDP həmsədri (qeyd: kürd siyasi hərəkatı həmsədrliyin həyata keçirildiyi yeganə yerdir) Səlahəttin Dəmirtaşı prezident seçkilərində özünün namizədi kimi irəli sürdü. CHP-dən və bəzi xırda sol partiyalardan müəyyən qədər dəstək görən Dəmirtaşın seçkidə 9.8% səs alması kürd mənşəli vətəndaşları ümidləndirdiyi kimi, növbəti seçkiyə partiya siyahısıyla getməyin də qapısını araladı. Səlahəttin Dəmirtaş Türkiyə partiyası olmağın qaçınılmazlığını da o vaxt anlayaraq seçki təbliğatını Cənubi-Şərq bölgəsiylə birlikdə Türkiyənin tamamının problemlərinin həlli üzərində qurmağa çalışdı. HDP-nin 7 iyun seçkisindən uğurla çıxmasının önəmli faktorlarından biri də bu oldu. Seçki prosesində Dəmirtaşın “dağa və adaya” eyham vurmaması onun kürd siyasi hərəkatının önündəki “dağ və ada” əngəllərindən sıyrıla biləcəyinə dair ümid doğura bilərmi? Bunu yaxın gələcəkdə görəcəyik. HDP-nin koalisiya girib-girməyəcəyi məsələsində Dəmirtaşın tutacağı mövqe bunun lakmus kağızı olacaqdir. Bir siyasətçi kimi Dəmirtaşın Azərbaycan üçün ərz etdiyi təhlükə onun “Türkiyənin gələcəyində Qərbdəki daşnaklarla əməkdaşlıq içində olması və qondarma “erməni soyqırımı”nı tanıyaraq ermənilərə təzminat ödəməsi" üçün hökumət üzərində Məclis vasitəsiylə təzyiq mexanizmi yaratmağa çalışmasıdır. Azərbaycanın Türkiyədəki diplomatik və konsulluq missiyalarının Dəmirtaşın fəaliyyətini yaxından izləyərək Bakıya lazımi şəkildə yol göstərəcəklərinə inanıram.

CHP-nin “yerində sayması”

Girdiyi ikinci parlament seçkisində Kamal Kılıçdaroğlunun CHP-si sanki 3 əskik millət vəkili ilə 2011-in fotosurətini çəkdi; 132 mandat qazanan partiya bu dəfə də ana müxalifətin funksiyalarını yerinə yetirəcək (təbii ki, siyasət səhnəsindəki oyun və konsensuslar Kamal bəyi baş nazir kreslosuna da oturda bilər).Seçkidən xeyli əvvəl sağa və sosialist sola açılımları tənqidə məruz qalan partiyanın əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə iqtisadiyyatı seçki təbliğatının ilk maddəsi halına gətirdi və dini bayramlarda (ildə 2 dəfə) pensiyaçılara 1 aylıq əlavə pensiya verəcəyinə dair sənədi notariusda imzalayaraq xalqa göstərdi. 21 mayda isə Kılıçdaroğlu “Mərkəz Türkiyə” adını verdiyi yeni bir meqapolis layihəsiylə seçicilərin qarşısına çıxdı ki, bu layihənin də seçicilər tərəfindən müsbət qarşılandığını söyləmək mümkündür. Təbliğat müddətində Ərdoğan və Davutoğluyla demək olar ki, polemikaya girməyən Kılıçdaroğlunun bu davranışı da təqdir topladı. İctimai rəy sorğuları CHP-nin 28-30 % çizgisində səs alacağını proqnozlaşdırsa da, partiya 25%-lik səs çizgisində qaldı. Bunun əsas səbəbi, siyasət təhlilçisi Cüneyt Üsleverin də diqqəti cəlb etdiyi kimi, CHP-dəki “Nə olrusa-olsun Ərdoğan getsin” –deyən təbəqədən bir qisim seçicinin HDP-yə səs verməsidir. Məsələn, siyasət müntəxabatında “Ağ Türklər”in bölgəsi kimi xarakterizə edilən Beşiktaşda (İstanbul) HDP-nin öz reytinqini 700% artıraraq CHP-dən sonrakı partiya olmasının səbəbi də budur. Siyasi müşahidəçilər Kamal Kılıçdaroğlunun uğur qazana bilmədiyini demirlər, onun istefası üçün təkid edən də yoxdur. Ancaq Kılıçdaroğlunun CHP-nin başındakı durumunu yaxın günlərdə başlayacaq koalisiya müzakirəsində atacağı addımlar müəyyənləşdirəcək.

MHP nədən iqtidar olmaq istəmir?

7 iyunda Türk milliyyətçiləriylə əslində kürd milliyyətçiliyi yapan, ancaq özünü solda göstərən HDP-nin təxminən eyni sayda mandat qazanması Türk siyasətinin böyük sürprizlərindən birini təşkil etmişdir. Prosesləri ən səthi şəkildə təhlil edərkən belə 7 iyunda seçki qutularından çıxmış nəticələrin yeni hökumət qurulması prosesində MHP-ni kilid mövqeyə gətirdiyini görmək mümkündür. Ancaq partiyanın lideri Devlet Bahçelinin hələ seçki axşamında qapıları bütün koalisiya alternativlərinə qapadaraq “Ya müxalifət, ya erkən seçki” düsturu üzərində təkid etməsi insanda sanki MHP-nin iqtidara gəlməkdən ürkdüyünə dair təsəvvür yaradır. 31 iyul 2002-də ölkədə 1.5 il qabaq yaşanmış iqtisadi böhranın izləri təzə-təzə keçməyə başlarkən koalisiya ortağının xəbəri belə olmadan erkən seçki qərarı qəbul edən Devlet Bahçelinin “İlan vuran ala çatıdan qorxar”- məsəlində olduğu kimi, iqtidar kreslosuna məsafəli durmasını anlamaq həm mümkündür, həm də mümkün deyildir. Bunun psixoloji səbəbləri də ola bilər, ancaq burada ağla gələn ilk variant – sanki Məclisdəki müxalifət kreslolarının MHP üçün kifayət etməsi və Türk milliyyətçilərinin iqtidar məsuliyyəti altına girməyə bilərək soyuq yanaşmasıdır. 2007-ci ildəki seçkidə Məclisə müxalifət lideri kimi qayıdan Devlet Bahçelinin o gündən bəri Tayyip Ərdoğanı “haqq-hesaba çəkməklə” təhdid etməsi MHP-nin iqtidar kreslolarına soyuq yanaşması durumunda nə dərəcədə ciddi və səmimi sayıla bilər?

Bu sualların cavabını yaxın gələcəkdə hamımız birlikdə alacağıq. Siyasi müşahidəçilərin hamısının vurğuladığı bir təsbit xoruna biz də qatılaraq yazını “Bizi isti bir yay gözləyir”- nəqəratıyla burada nöqtələyib gəlişmələri izləməyə davam edək.

Siz də bizi izləməyə davam edin...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR