Abrını itirmiş Fransa iqtidarı regionda əldə edilmiş sülhə mane olmaq istəyir - TƏHLİL

Abrını itirmiş Fransa iqtidarı regionda əldə edilmiş sülhə mane olmaq istəyir - TƏHLİL
  • Clock-gray 15:17
  • calendar-gray 11 Noyabr 2020

Fransanın hazırkı hakimiyyəti təəssüflər olsun ki, əsl mahiyyətini göstərməyə davam edir. Son iki gündə Fransanın yüksək vəzifəli şəxsləri planetin müxtəlif münaqişələrində olduğu kimi, Azərbaycan və Ermənistan arasında yaşanan münaqişə ilə bağlı da sülhü təmin edən bəyanatlar vermək əvəzinə, qızışdırıcı və regionda sabitliyə xələl gətirən çıxışlar etməkdədirlər. Əgər Fransanın Normand formatında Ukraynadakı separatizmlə bağlı son dövrlər apardığı siyasətə də nəzər salsaq, Parisin münaqişəni nizamlamalı olan tərəf kimi ortaya qoyduğu mövqeyin necə zəif və etibarsız olduğunu görə bilərik. Qarabağ məsələsində də qızışdırıcı bəyanatlar verən Fransa rəsmiləri bu dövlətin və fransız xalqının maraqlarını düşünmürlər. Onlar erməni maliyyəsi və rüşvət hesabına siyasi işbazlıqla məşğul olaraq öz şəxsi merkantil maraqlarını həyata keçirtməkdədirlər.

Rusiya, Azərbaycan və Ermənistan arasında razılığın əldə edildiyi bir vaxtda Fransanın prezidentinin, xarici işlər nazirinin sərsəm açıqlamaları əldə edilmiş razılığın reallaşması perspektivliyinə xələl gətirir və regionda müharibənin bərpasına gətirib çıxara bilər. 

Fransa xarici işlər nazirinin indiki vaxtda “Dağlıq Qarabağın gələcək statusu təyin edilməlidir” bəyanatının hansı izahı ola bilər? Məgər Paris bilmir ki, tərəflər arasında münaqişədə ən ziddiyyətli məqam sayılan Qarabağın statusu məsələsi iki gün əvvəl Paşinyanın razılığı ilə artıq həllini Azərbaycan sərhədləri çərçivəsində tapıb? Yoxsa Fransa əldə edilmiş razılıqdan qane olmayaraq özünü guya ermənilərin halına yanan kimi göstərmək istəyir? Əslində, Fransanın razılaşmanın əldə olunması prosesindən kənarda qalması, başqa sözlə desək, Qarabağ nizamlanmasında Rusiya tərəfindən “ofsaya”a salınmasından doğan acını başa düşmək olar. Razılaşmadan sonra Parisdən qalxan səs-küy həm də Rusiyaya münasibətdə doğan qısqanclığın təzahürləri də hesab oluna bilər.

Lakin 30 il ərzində münaqişənin nizamlanması ilə bağlı heç nə etməyən, Cənubi Qafqaza heç bir təsir mexanizmi olmayan Paris yaxşı olardı ki, həmsədr kimi mandatını təhvil versin və öz daxili problemləri ilə məşğul olsun. Bu gün dinlərarası və xalqlararası toqquşma meydanına çevrilən Fransa Azərbaycanla, Azərbaycanın daxili işi ilə bağlı açıqlamalar verərkən, dönüb güzgüdə özünə baxsın.

Bütün bunlarla bağlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev çox haqlı şəkildə Fransanı xəbərdar edərək Parisin ünvanına mühüm icmarıc göndərib: “Fransanın rəsmi şəxsləri tərəfindən ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın mandatına zidd olaraq birtərəfli, qərəzli və qeyri-obyektiv bəyanatlar səsləndirilməkdədir. Mandatına uyğun olaraq Fransa neytral tərəf kimi çıxış etməli olduğu halda, açıq-aşkar ermənipərəst siyasət yürüdür və tamamilə əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür”.

Bu gün Makron və xarici işlər naziri Jan-İv Le Drian təkcə Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik mövqeyini nümayiş etdirmir, eyni zamanda Qərbin müxtəlif fondları,  Qərbdəki erməni diasporunun Ermənistanın gələcəyi ilə bağlı planlarında Paşinyana dəstək verir. O Paşinyana ki, hakimiyyətə gələndən işi ancaq Dağlıq Qarabağ nizamlanmasına zərbə vurmaq olub. O nizamlanmaya ki, onunla birbaşa məşğul olanlardan biri məhz Fransa olub. Fransa isə nəinki 30 il ərzində həmsədr kimi heç bir işə yaramayıb, sentyabrın 27-dən aktiv əməliyyatlar başlayanda mandatına zidd olaraq aşkar şəkildə münaqişə tərəflərindən birini dəstəkləyib, Makron isə heç bir fakt və əsas olmadan muzdlularla bağlı Azərbaycanın ünvanına şəxsən böhtan və ittihamlar səsləndirib. Belə olan halda neytral vasitəçi və həmsədr kimi həm hüquqi, həm də mənəvi olaraq vasitəçilik haqqını bitirən Fransanın prezidentinin və xarici işlər nazirinin Qarabağ nizamlanmasında hələ də özünü görməsi, bununla bağlı hansısa bəyanatlar səsləndirməsi artıq diplomatik dillə ifadə edilməsi mümkün olmayan abırsızlıqdır.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov

apa-logo-mini

Digər xəbərlər