Aprel döyüşləri: Vətən müharibəsindəki zəfərin təməli - TƏHLİL

Aprel döyüşləri: Vətən müharibəsindəki zəfərin təməli - TƏHLİL
# 03 aprel 2021 11:37 (UTC +04:00)

Bu gün bütün dünya Azərbaycanın 44 günlük savaşda qazandığı böyük zəfərdən danışır. Dünya hərb tarixində xüsusi yeri olan və artıq yeni hərbi paradiqma kimi öyrənilən 44 günlük savaşda qələbənin təməli isə əslində Aprel döyüşləri zamanı qoyulub.

Belə ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. Nəticədə ermənilərə məxsus 6 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, o cümlədən yüzdən çox hərbi qulluqçusu məhv edildi və zərərsizləşdirildi.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri Ermənistan Silahlı Qüvvələrindən tam azad olundu. Horadiz şəhərinin təhlükəsizliyi məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi də azad edildi.

Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı. Razılaşma Moskvada Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisləri arasında əldə edildi. Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirdi.

Aprel döyüşləri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlılığı olan bir neçə məqamı üzə çıxartdı. Əslində, Ermənistan anladı ki, status-kvo dəyişib və tezliklə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Burada bir məqama xüsusilə diqqət çəkmək gərəkir. Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov həmin vaxt bəyanatla çıxış edərək bildirdi ki, Ermənistan yaxın müddətdə Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaldacaq. Bu, Kremlin yeni status-kvo ilə bağlı anonsu kimi dəyərləndirilə bilərdi. Sergey Markovun hansı səviyyədə siyasi ekspert olduğuna diqqət yetirsək, onun bu bəyanatı elə-belə səsləndirmədiyini anlamaq mümkündür. Bu bəyanatla həm Azərbaycan, həm də Ermənistana mesaj ötürülürdü ki, Dağlıq Qarabağ ətrafındakı 5 rayonun boşaldılması sürətləndirilə bilər. Bakı mesajın mahiyyətini anladı, diplomatik müstəvidə ciddi fəaliyyətə başlayaraq, beynəlxalq layihələrdəki iştirakını gücləndirməklə yanaşı, İran və Rusiya ilə münasibətlərini normallaşdırmağa nail oldu. 44 günlük savaşa və tam Qələbəyə hazırlaşan rəsmi Bakının ən böyük uğurlarından biri 2019-cu ilin oktyabr ayında Qoşulmama Hərəkatına sədr seçilməsi oldu. Bununla da Bakı çoxsaylı ölkələrin dəstəyini qazandı. Aprel döyüşlərindən 44 günlük savaşa qədər olan müddətdə Azərbaycan Türkiyə və Pakistanla daha sıx əməkdaşlığa nail olmaqla yanaşı, dünyanın güc mərkəzləri kimi qəbul edilən təşkilat və ölkələrlə sıx əməkdaşlığa başladı. 44 günlük savaşın təməli belə qoyuldu. Əslində, rəsmi Bakı baş verənləri düzgün təhlil edə bildi və ictimai rəyi daha böyük qələbəyə hazırladı. Bu baxımdan, Prezident İlham Əliyevin “Mən bilirəm, nəyi nə vaxt və necə həyata keçirtmək lazımdır” bəyanatı praqmatik və çevik siyasətin açıqlanması idi.

Burada diqqət yetirməli digər məqam odur ki, Aprel döyüşlərindən sonra Azərbaycanın siyasi elitası Laçın dəhlizinin beynəlxalq sülhməramlı qüvvələrin nəzarətinə verilməsinin əvəzində Azərbaycanla onun bir hissəsi olan Naxçıvanı birləşdirən Mehri dəhlizinin də açılması vacibliyini gündəmə gətirdi. Ermənistan Laçın dəhlizi vasitəsilə Qarabağla daimi əlaqənin olmasını tələb edirdi və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə aparılan danışıqlar zamanı məhz bu mövzunu qabardırdı. Rəsmi Bakı isə Laçın dəhlizinin əvəzində Mehri dəhlizinin açılması tələbini irəli sürmək hüququnun olduğunu nümayiş etdirdi.

Azərbaycan tam qələbəyə doğru irəliləyirdi və öncə bütün diplomatik cəbhələrdə uğur qazanmaq niyyətində idi.

Bakı buna nail oldu və 4 günlük savaşdakı uğurlarından və diplomatik üstünlüklərindən 44 günlük müharibədə qələbə qazanmaq üçün ustalıqla yararlandı.

Ermənistan əslində anlayırdı ki, rəsmi Bakının Aprel döyüşlərini təkrar edəcəyi ilə bağlı dedikləri sıradan mesaj deyil və Azərbaycan istəyində israrlıdır.

Ermənistan Prezidenti Serj Sərkisyan 2016-cı il aprelin 19-da Xankəndinə gəlmiş, separatçı rejimə dəstək verdiyini nümayiş etdirmişdi. Lakin Aprel döyüşlərindən sonra təşviş içində olan Dağlıq Qarabağın erməni əhalisi anlaya bilmədi ki, rəsmi İrəvan onu qurban verməyə hazırlaşır. Bununla belə, ermənilər Dağlıq Qarabağı tərk etməyə başlamışdılar. Çox adam anlayırdı ki, Aprel döyüşləri bərpa edilərsə, bu dəfə Azərbaycan tam qələbəyə qədər gedəcək. Bunun üçün rəsmi Bakıda siyasi iradə, beynəlxalq hüququn dəstəyi (BMT TŞ-nin və digər təşkilatların qəbul etdiyi sənədlər) və hərbi potensial mövcuddur.

Növbəti mərhələdə Ermənistanda vəziyyət dəyişdi və hakim elita devrildi. Erməni ictimaiyyəti Aprel məğlubiyyətini Serj Sarkisyana bağışlamadı. Bunda S. Sarkisyanın və ondan əvvəl hakimiyyətdə olmuş Robert Koçaryanın ölkədə korrupsiya rejimi yaratmasının, insanların hüquqlarının ayaq altına atılmasının, dövləti yarımcan hala salınmasının da mühüm rolu vardı.

Küçədən hakimiyyətə gələn Nikol Paşinyan isə bütün bəyanatları və addımları ilə sülh prosesinə zərbə vurdu və artıq hamıya bəlli oldu ki, İrəvan savaşın əsas ilhamvericisidir. 27 sentyabr 2020-ci ildə hücuma keçən Ermənistan yeni ərazilər işğal etməyə çalışdı və 44 gün davam edən savaşın əsasını qoydu. Bakı əks-hücum əməliyyatı başlamaq məcburiyyətində qaldı və 44 gün ərzində Ermənistan ordusu tamamilə darmadağın edildi. İrəvan gözlədiyi beynəlxalq dəstəyi də ala bilmədi. Çünki Bakı Aprel döyüşlərindən keçən müddət ərzində diplomatik cəbhədə də İrəvanı dalana dirəmişdi. Beləliklə, Ermənistan məcbur olaraq, kapitulyasiya aktına imza ataraq, təslim olduğunu bəyan etdi.

Burada bir məqama da diqqət çəkmək lazım gəlir. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatından sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan quruculuq işləri çərçivəsində Prezident İlham Əliyevin tapşırığına əsasən Şuşa məscidinin bənzəri olan məscid tikildi. Burada iki mesaj var idi. Birincisi, Azərbaycan İslam dünyasının bir parçası olması, öz tarixi keçmişinə sadiq qalmasını nümayiş etdirdi. İkinci mesaj olaraq isə Şuşa məscidinin bənzərinin inşası həm də o anlama gəlirdi ki, gün gələcək Azərbaycan əsgəri Şuşanı da işğaldan azad edəcək, Şuşadakı həmin məscid də bərpa ediləcək. Belə də oldu...

APA Analyitcs

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR