Azərbaycan Livana niyə maliyyə yardım etdi? - ŞƏRH

Azərbaycan Livana niyə maliyyə yardım etdi? - ŞƏRH
# 06 avqust 2020 16:15 (UTC +04:00)

Avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış artıq bir neçə gündür ki, dünyanın gündəmini zəbt edib. Beyrutda baş verən dəhşətli partlayış nəticəsində azı 135 nəfərin ölməsindən və 4000-dən çox insanın yaralanmasından sonra Livan matəm içindədir. Böyük Britaniyanın Sheffield Universitetinin mütəxəssisləri partlayışın gücünün II Dünya müharibəsi dövründə Yaponiyanın Hirosima adasına atılan atom bombasının gücünün 1/10-nə bərabər olduğunu bildirir və "şübhəsiz ki, tarixdəki ən böyük qeyri-nüvə partlayışlardan biri" kimi xarakterizə edir.

Livanda baş verən bu faciə dünyada daim humanizmə və əmin-amanlığa töhfə verən ölkə kimi Azərbaycan tərəfindən də həssaslıqla qarşılandı. Azərbaycan Prezidenti livanlı həmkarına avqustun 5-də yazdığı başsağlığı məktubunda faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə Livan Respublikasına maliyyə yardımı göstərəcəyini qeyd etdi.

Elə həmin gün Baş Nazir Əli Əsədov Livan Respublikasına maliyyə yardımının göstərilməsi barədə sərəncam imzaladı. Sərəncama əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Livan Respublikasının humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 1 000 000 (bir milyon) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılacaq.

Təəssüflər olsun ki, artıq iki gündür, sosial şəbəkələrdə və bəzi KİV vasitəsilə yardımın mahiyyəti ətrafında spekulyasiyaya yol verilərək ictimaiyyəti çaşdırmağa yönələn məlumatlar yayılmaqdadır.

Birincisi, söhbət humanitar sahədə beynəlxalq ictimaiyyətə verilən töhfədən və dövlətlərin dünya arenasındakı imicindən gedir. Beyrutdakı partlayışın və dağıntının ardından dünyanın əksər dövlətləri, hətta, Livanla ciddi şəkildə hərbi-siyasi münaqişədə və müharibə vəziyyətində olan İsrail belə bu ölkəyə yardım təklif etdi. Livanın üzləşdiyi bu çətin vəziyyətdə ona yardım edən ölkələr sırasında Türkiyəni də qeyd etmək lazımdır. Bu ölkə dərhal Livana tibb işçiləri və tibb ləvazimatlarından ibarət təyyarə göndərdi, ən yüksək səviyyədə dəstək ismarışları verildi.

İkincisi, Livan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvüdür, ərəb dövlətləri arasında xüsusi mövqeyə malikdir. Livan dövləti rəsmi şəkildə daim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verməkdədir. Sonuncu dəstək kimi 2019-cu ilin payızında Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə Livanın Hərəkatın 120 dövlətindən biri kimi, Ermənistanı işğalçı kimi tanımasını qeyd etmək olar.

Ölkəmizin Ermənistan tərəfindən işğal edilmiş ərazilərindəki qanunsuz rejimin Livan ermənilərini qəbul etməyə hazır olduğuna dair bəzi KİV-də yayılmış məlumatlar işğalçı ölkənin təxribatından başqa bir şey deyil. Bu kimi təxribatların məqsədi Azərbaycanla Livan arasında münasibətlərə xələl gətirməkdir. Livan tərəfinin rəsmi mövqeyi ondan ibarətdir ki, bu ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini dəstəkləyir.

Üçüncüsü, beynəlxalq arenada diplomatik manevrlər məsələsi var. Təbii ki, Yaxın Şərqin bəzi dövlətlərində, o cümlədən, Livanda kifayət qədər oturuşmuş və çox sayda ermənilər yaşamaqdadırlar. Hətta erməni soyadlı şəxsləri müxtəlif zamanlarda bu ölkənin siyasi elitasının yüksək kürsülərində də görmək olar. Eyni zamanda bölgədə erməni terror qruplarının düşərgələrinin də olmasıyla bağlı məlumatlar var. Ermənilərin güclü mövqelərini zəiflətmək üçün beynəlxalq arenada bu kimi humanitar addımların atılmasının və diplomatik gedişlərinin effektivliyi inkar olunmamalıdır.

Əsrlərdir ki, erməni xalqı mərkəzi dövlətləri olmadığından dünyanın müxtəlif coğrafiyalarında kompakt halda yaşamaqdadırlar. Onlar yaşadıqları ölkələrin siyasi elitalarında dayaqlar qazanmış və bu dayaqlar hesabına Azərbaycana qarşı çirkin informasiya müharibəsi aparmaqdadırlar. Hətta, müstəqilliyimizin ələlxüsus ilk illərində bəzi ölkələrdə Azərbaycanla həmin dövlətlərin münasibətlərinə xələl gətirən addımlar da atmağı bacarmışdılar. Lakin 2000-ci illərin əvvəllərindən başlayaraq rəsmi Bakı ermənilərin mövqelərinin güclü olduğu və Azərbaycanla münasibətlərin zəif inkişaf etdiyi dövlətlə ikitərəfli münasibətlərdə mühüm irəliləyişlər əldə etməyi bacardı. Bunun da nəticəsidir ki, məsələn, biz Latın Amerikası ölkələrinin son zamanlar Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı rəsmi Bakının mövqeyini dəstəkləmələrinin şahidi oluruq. Etiraf etməliyik ki, bu istiqamətdə təkcə uzaq Latın Amerikası deyil, KTMT-a daxil olan dövlətlər arasında da yanaşma ölkəmizin lehinə deyildi. Lakin aparılan rasional xarici siyasət nəticəsində dünənə qədər Ermənistanın arxalandığı KTMT üzvlərinin hər birinin İrəvandan daha çox, Bakı ilə inkişaf etməkdə olan münasibətləri mövcuddur. Rusiya, Belarus, Qazaxıstanla Azərbaycan arasında siyasi, hərbi, iqtisadi münasibətlər bu ölkələrin Ermənistanla olan münasibətlərindən dəfələrlə çox inkişaf edib. Azərbaycanın son zamanlar diplomatik uğurla münasibətlərində dönüş etməyə nail olduğu dövlətlər siyahısına Yunanıstanı da aid edə bilərik. Afinanın TAP layihəsinə qoşulması, ikitərəfli münasibətlərdəki iqtisadi amillər rəsmi Afinanın da son zamanlar İrəvanı tək buraxması ilə nəticələnib.

Aparılan sistemli xarici siyasət kursu nəticəsində 2016-cı ilin aprel hadisələri və bu ilin iyul təxribatlarında Ermənistanın dünyanın heç bir dövləti tərəfindən (Yunan Kiprini çıxmaq şərtiylə) dəstəklənməməsinin şahidi olduq. Hətta dünənə qədər İrəvanın arxalandığı Kreml də son illər Azərbaycan və Ermənistan arasında baş verən hərbi insidentlərdə seyrçi kimi qalmağa üstünlük verir.

Beləliklə, Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti göz qabağındadır. Xarici siyasət kursunda rasional və soyuqqanlı konsepsiyaya üstünlük verən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Ölkəmizin dostlarının sayı çoxaldı, bizimlə müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olundu. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındı və qəbul edildi. Prezident İlham Əliyevin dünyanın ən güclü diplomatlarından biri olmasını hətta ermənipərəst lobbistlər və siyasətçilər də qeyd etməkdədirlər. Bu gün olduqca həssas bölgədə yerləşən coğrafi cəhətdən kiçik Azərbaycan regional və beynəlxalq miqyasda ən böyük layihələrin nəinki iştirakçısı, hətta, bir çox hallarda təşkilatçısıdır. Bu isə zamanında və yerində verilmiş qərarla mümkün olub...

Politoloq Zaur Məmmədov

Xüsusi olaraq “APA Analytics” üçün

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR