CDQ: Qlobal enerji təhlükəsizliyinə mühüm töhfə - TƏHLİL

CDQ: Qlobal enerji təhlükəsizliyinə mühüm töhfə - TƏHLİL
  • Clock-gray 13:39
  • calendar-gray 12 Fevral 2021

Fevralın 11-də Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirildi. Toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etdi və regional təhlükəsizliklə bağlı mühüm mesajlar verdi.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Cənubi Qafqaz qaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

Bu layihədə Azərbaycan təşkilatçı kimi çox böyük rol oynayıb. Məhz buna görə ABŞ və Avropa İttifaqı Azərbaycana daha çox diqqət yetirməyə başlayıb və Bakını strateji müttəfiq hesab edirlər. Araşdırmaçılar əmindirlər ki, bu layihə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın enerji dəhlizlərində oynadığı rol bundan sonra daha da genişlənəcək. Layihənin dəyərinə gəldikdə, ilkin olaraq dəyər 44,6 milyard dollar məbləğində hesablanmışdı. Lakin səmərəli idarəçilik və düzgün planlaşdırma nəticəsində layihənin dəyəri 33 milyard dollara enib. Bu faktın özünü də əhəmiyyətli nailiyyət hesab etmək olar. Çünki adətən tikinti layihələrinin icrası zamanı dəyər azalmır, əksinə, artır. Sözügedən layihənin başa gəlməsində isə xeyli vəsaitə qənaət olunub.

Onu da qeyd edək ki, Azərbaycan layihəyə 10 milyard dollar həcmində əhəmiyyətli maliyyə xərcləyib və Bakı Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin hər dörd seqmentində  - “Şahdəniz”, Cənubi Qafqaz boru kəməri, TANAP və TAP-da iştirak edib.

“Şahdəniz-1” və “Şahdəniz-2” layihəsindən sonra Azərbaycanın Avropa bazarlarına 20 milyard kub metr qaz ötürmək imkanı olacaq.

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə də müsbət təsir göstərir. Birinci  mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu, 20 milyard kubmetrə çatdırılacaq. TAP-ın ötürmə qabiliyyətinin 30 milyard kubmetr olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, “Abşeron” yatağı da istifadəyə veriləndən sonra Avropa İttifaqı göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək. Elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq bir neçə ölkənin tələbatını ödəmək baxımından böyük əhəmiyyət daşıyacaq.  Mavi yanacaq baxımından Rusiyadan 97 faiz asılı olan Bolqarıstan daxili şəbəkə ilə Azərbaycan mavi qazını idxal edəcək.

Lakin Bakı kiminsə maraqlarını yox, ilk növbədə öz maraqlarını nəzərə alır. Bu gün bütün dünyada Azərbaycana Avropanın qazla təchizatında ciddi və önəmli bir ölkə kimi baxırlar.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında iclası bir daha göstərdi ki, Azərbaycan dünyanın diqqətində olan bir ölkədir.

Prezident İlham Əliyev toplantıda çıxışında xüsusilə vurğuladı ki, Cənub Qaz Dəhlizi layihəsinə nəzər saldıqda, onun bir çox parametrlər üzrə çox nadir olduğunu görə bilərik: “Onun uzunluğu 3500 kilometrdir və layihə 7 ölkəni birləşdirir. Həmin ölkələr arasında sıx  əməkdaşlıq olmasa idi, onu reallaşdırmaq mümkünsüz olardı. Boru xətti çox mürəkkəb coğrafi məkanlardan, hündürlüyü 2500 metr olan dağlardan, 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibindən keçir. Cənub Qaz Dəhlizi  mövcud olan ən yüksək ekoloji standartlara cavab verir və bu, həmin layihənin planlaşdırılması və icrası zamanı bizim üçün başlıca şərt olmuşdur”.

Qeyd edək ki, ABŞ açıq şəkildə layihəni sona qədər dəstəkləyəcəyini bəyan edib. Bu vaxta kim layihəyə pessimist baxan Avropa ölkələri də indi başqa planla çıxış edir.  Azərbaycan qazının Avropaya çatdırılması beynəlxalq aləm üçün son dərəcə mühümdür.  Layihə ikinci mərhələdə Türkmənistan qazının da Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılmasını nəzərdə tutur. Məhz bu faktorun özü Azərbaycanla Qərb arasındakı münasibətlərin genişləndirilməsini, dialoqu zəruri edir. Vaşinqtonun Cənubi Qafqazda Azərbaycana verdiyi əhəmiyyət bu layihəyə münasibətindən də bəllidir.  Ümumiyyətlə, Cənub Qaz Dəhlizi layihəsinin reallaşması regiondakı iqtisadi və siyasi proseslərə müsbət təsir göstərəcək. Layihə çoxfaktorlu olduğu üçün burada iştirakçı olan ölkələr öz maraqlarından çıxış edirlər.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclasında çıxış edən Prezident Əliyev layihənin bölgənin təhlükəsizliyi üçün önəmini bütün detalları ilə açıqlayıb.

Vurğulayaq ki, Azərbaycan bu layihənin həm təşəbbüskarı, həm də əsas qaz ixracatçılarından biridir. Bu baxımdan layihədə Azərbaycanın rolu önəmlidir. Layihə geoiqtisadi və geosiyasi reallıqları müsbət şəkildə dəyişə bilib. Bu da enerji təhlükəsizliyi ilə yanaşı, digər təhlükəsizlik aspektlərinin reallaşmasına imkanlar açacaq.

Azərbaycanın təşəbbüsü ilə reallaşan və dünyada ən nəhəng iqtisadi layihələrdən sayılan Cənub Qaz Dəhlizi, eləcə də onun xüsusi elementi olan Trans-Anadolu qaz boru kəməri (TANAP) yeni mərhələyə qədəm qoyub. TANAP artıq Avropa sərhədinədək uzanıb. Bu isə o deməkdir ki, Azərbaycan təbii qazının yalnız Türkiyəyə deyil, Avropa bazarlarına da nəql etmək imkanı gerçəkləşib. Trans -Adriatik qaz boru kəmərinin (TAP) tikintisi çərçivəsində yerüstü inşaat işləri də, demək olar ki, yekunlaşıb. Belə bir vəziyyət ondan xəbər verir ki, Azərbaycan qazının Avropa bazarına çıxarılması artıq praktik olaraq reallaşıb. 

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin toplantısında deyildiyi kimi, TANAP da daxil olmaqla, Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində gerçəkləşib. Dövlət başçısı da qeyd etdi ki, Cənub Qaz Dəhlizi ilə bağlı müzakirələr aparılan zaman bu layihənin reallaşacağına çoxu ümid etmirdi. Çünki layihənin xərclər smetası böyük idi, maliyyələşmə məsələlərinin həlli inandırıcı görünmürdü. Bütün bunlara baxmayaraq, Azərbaycanın dəstəyi hesabına region üçün ən böyük layihə gerçəkləşdi. Ümumiyyətlə, ölkəmizin dəstəyi və təşəbbüsü olmasaydı, Cənub Qaz Dəhlizinin reallaşması mümkün deyildi. Rəsmi Bakının ardıcıl siyasəti nəticəsində layihə reallaşdı. Layihə çərçivəsində Azərbaycan onunla müttəfiq olan ölkələrlə əlaqələrini daha da gücləndirdi. Ümumilikdə isə qlobal enerji təhlükəsizliyi müasir dünya iqtisadiyyatında həllini gözləyən vacib problemlərdir. Cənub Qaz Dəhlizinin bu problemin həllinə mühüm töhfə olacağı şübhəsizdir.

APA Analytics

apa-logo-mini

Digər xəbərlər