Deputatlığa namizədlərin vədləri: reallıq, yoxsa fantastika? - TƏHLİL

Deputatlığa namizədlərin vədləri: reallıq, yoxsa fantastika? - TƏHLİL
  • Clock-gray 15:49
  • calendar-gray 24 Yanvar 2020

Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı ölkə gündəminin əsas mövzusu deputatlığa namizədlər, onların seçki şüarları, platformaları və vədləridir. Lakin bəzi hallarda deputatlığa namizədlərin çox irreal, deputatın səlahiyyətindən kənar vədlər verdiyinin də şahidi oluruq.

Əvvəla, Konstitusiyamıza görə, seçkilərdə iştirak etmək hüququna malik olan hər bir Azərbaycan vətəndaşı Milli Məclisinin deputatı seçilə bilər.

Parlament seçkilərində iştirak etmək üçün ali təhsil tələb olunmur. 18 yaşı tamam olmuş, ikili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq etməyən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olmayan şəxslər seçkilərdə iştirak edə bilər. Eyni zamanda din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkənlər də deputat seçilə bilməzlər.

Deputatın səlahiyyətləri

Hazırda seçkilər çərçivəsində aparılan təbliğat-təşviqat kampaniyasından xəbərləri, sosial mediada məlumatları izləyirik. Namizədlərin bəziləri seçiləcəyi təqdirdə deputat olduğu dairənin ərazisinə yol çəkəcəyi, məktəb tikəcəyi, təhsili ödənişsiz edəcəyi, hətta maaşları artıracağı, seçicilərinin işsizlik problemini həll edəcəyi və s. fantastik vədlərlə çıxış edirlər, daha çox icra strukturlarının səlahiyyətinə daxil olan məsələləri qabardırlar.

Konstitusiyada deputatın səlahiyyətlərinin hədləri müəyyən edilib. Həmçinin Milli Məclisin deputatının statusu haqqında qanuna əsasən, deputatın fəaliyyət forması müəyyənləşib.

Deputat-Milli Məclisin iclaslarında, komitə və komissiyalarının işində iştirak edir. Milli Məclis sədrinin, komitə və komissiyaların tapşırıqlarını yerinə yetirir, deputat sorğuları verir, seçicilərlə iş aparır.

Eyni zamanda, deputat fəaliyyəti dövründə qanunvericilik təşəbbüsü ilə çıxış edə, qanun layihələri hazırlaya, qanunlara əlavə və dəyişiklik təklif edə bilər.

Deputat seçicilərlə işi hansı formada aparmalıdır?

Deputat seçicilərlə mütəmadi əlaqə saxlamalıdır. Seçicilərlə görüşlər və başqa növ iş aparması barədə məlumatlar KİV-də işıqlandırılmalıdır.
Deputat seçiciləri qəbul etmək üçün ölkə ərazisində rabitə vasitələri ilə təchiz edilmiş otaqla təmin edilməlidir.

Bundan başqa, deputat seçicilərinin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin təmin edilməsi üçün Konstitusiya ilə ona verilmiş səlahiyyətlər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti, məhkəmə, prokurorluq və yerli özünüidarə orqanları qarşısında məsələ qaldıra bilər. Bu qurumlar deputata 15 gündən gec olmayaraq cavab verməlidirlər.

Göründüyü kimi, Milli Məclisin deputatının səlahiyyətlərinə yol çəkmək, park salmaq, iş yeri yaratmaq, uşaq bağçası və ya məktəb tikmək, təmir etdirmək, uşaqlar üçün əyləncə mərkəzləri yaratmaq, infrastruktur bərpa etmək, lift təmir etdirmək, xeyir-şər evi tikmək daxil deyil. Deputatın belə bir öhdəliyi, qanunvericiliklə belə bir səlahiyyəti də mövcud deyil.

Şamil Paşayev

Hüquqşünas 

apa-logo-mini

Digər xəbərlər