"Dostluq" yatağı: İqtisadi inkişafın, Azərbaycanla Türkmənistan arasında dostluq və qardaşlığın simvolu - TƏHLİL

"Dostluq" yatağı: İqtisadi inkişafın, Azərbaycanla Türkmənistan arasında dostluq və qardaşlığın simvolu - TƏHLİL
  • Clock-gray 17:46
  • calendar-gray 21 Yanvar 2021

Bu gün Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanmasını birmənalı olaraq tarixi əhəmiyyətli hadisə adlandırmaq olar.

Bu günə qədər Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı bu  yataq Xəzər dənizində iki ölkə arasında sərhəddə yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün “Aralıq” adlandırılıb. “Dostluq” 1990-ci illərin ortalarından başlayaraq iki ölkə arasında mübahisə predmeti olsa da, uzun illərin danışıqlarının nəticəsində tərəflər ortaq məxrəcə gəlməyə nail olmağı bacardı.

Türkmənistanda Qurbanqulu Berdiməhəmmədovun hakimiyyətə gəlişindən sonra iki ölkə liderləri arasında bütün istiqamətlərdə ardıcıl dialoqa start verildi. Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana 28-29 noyabr 2008-ci il, 21-22 noyabr 2018-ci il, 10 oktyabr 2019-cu il, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun isə Azərbaycana 19-20 may 2008-ci il, 18 noyabr 2010-cu il, 12 iyun 2015-ci il, 8-9 avqust 2017-ci il, 25 oktyabr 2019-cu il, 11 mart 2020-ci il səfərləri iki dövlət arasında bütün məsələlərdə gələcəyə hədəflənən strateji əməkdaşlığı gücləndirmiş oldu.

Nəticədə, bu gün Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində birgə əməkdaşlıq haqqında Memorandum imzalandı və iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq formatına daxil oldu.

Təbii ki, sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında çox vacib rol oynayacaq, eyni zamanda bölgə üçün yeni geoiqtisadi perspektivlər açacaq. Sənəd həm də Xəzər dənizi tarixində ilk dəfə olaraq iki ölkənin yatağı birgə istismar etməsi və xarici bazarlara nəql etməsi ilə yadda qalacaq. Bu layihə Azərbaycanın geoiqitsadi mövqeyini möhkəmləndirməklə yanaşı, onun tranzit və nəqliyyat əhəmiyyətini də xeyli dərəcədə gücləndirəcək.

Azərbaycana qibtə edən bəziləri üçün gözlənilməz olan Azərbaycan və Türkmənistan münasibətlərinin bu səviyyəyə çatmasının ən böyük səbəbi Prezident İlham Əliyevin mahir strateq olması və diplomatik bacarıqları ilə bağlıdır.

Sözsüz ki, Xəzərin statusunun bir neçə il əvvəl həllini tapması, Xəzər sahili dövlətləri arasında münasibətlərdəki inkişaf regionun gələcəyi üçün xüsusi əhəmiyyətlidir. Xəzərin zəngin enerji resurslarının xarici bazarlara çıxması bölgə xalqlarının rifahı və regionun gələcəyi üçün önəmlidir. Burada xüsusilə bəzi məqamlara toxunmaq lazımdır. Hələ bir müddət əvvəl Azərbaycan və Türkmənistan qazının Avropaya nəqli üçün nəzərdə tutulmuş “Nabucco” qaz kəməri layihəsi uzun müddət idi ki, müzakirə predmetinə çevrilmişdi. Həmin vaxt 250 milyon avro dəyərində qiymətləndirilən “Nabucco” layihəsi Avropa İttifaqındakı bəzi liderlərin prinsipiallıq nümayiş etdirməməsi səbəbindən reallaşmadı. Nəticədə, Azərbaycan region ətrafında baş qaldıran riskləri və Avropanın o zaman Türkmənistana siyasi-iqtisadi dəstəyinin lazımı səviyyədə olmamasını nəzərə alaraq, digər layihə üzərində dayandı. 2011-ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzaladı. Bu, Cənub Qaz Dəhlizi layihəsi üçün əsas oldu. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratdı. Daha sonra 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TAP kəmərinin tikintisi ilə bağlı razılıq əldə edildi. Nəticədə, bu gün  Azərbaycan qazı Avropanın mərkəzlərindən sayılan İtaliyaya qədər nəql olunmaqdadır.

Bu dəfə isə Azərbaycan və Türkmənistan birgə istismar edəcəyi “Dostluq” yatağı vasitəsilə Avropanın enerji təhlükəsizliyində növbəti uğurlu layihəyə imza atmış olacaq. Nəticədə, neft və qaz ixracatçısı olan Azərbaycanın, həm enerji resurslarının sahibi kimi, həm də tranzit ölkə kimi Avrasiyadakı əhəmiyyətini bir qədər də artacaq.

Azərbaycanın müəllifi olduğu energetika və nəqliyyat layihələri haqqında danışarkən, təkcə son 3 il ərzində ölkəmizin Bakı-Tbilisi-Qars, Şimal-Cənub, TAP, TANAP kimi beynəlxalq əhəmiyyətli layihələri reallaşdırmağı bacardığını qeyd edə bilərik. Rəsmi Bakı, eyni zamanda Xəzərin şərq istiqamətində də ciddi layihələrə imza atmaqdadır. Son zamanlar Azərbaycan-Türkmənistan-Əfqanıstan arasında nəqliyyat və ticarət sahəsindəki uğurlar da bunun göstəricisidir. Buna Lapis Lazuli marşrutunun 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşdirilməsindən sonra artıq Əfqanıstandan yüklərin Türkmənistandan Azərbaycana, daha sonra Qərb istiqamətində daşınmağa başlandığını misal çəkmək olar. Bu gün Şərq-Qərb nəqliyyat dəhlizinin imkanlarının daha da artırılması üçün səylər davam etdirilməkdədir.

Digər tərəfdən, unutmaq olmaz ki, Bakı və Aşqabad arasında son illər ərzində iqtisadi sahədə əldə edilən nailiyyətlər avtomatik olaraq iki türkdilli dövləti türk coğrafiyasına daha da sıx birləşdirən faktor kimi çıxış edəcək. 44  günlük müharibənin nəticəsi kimi Zəngəzur vasitəsilə ilə türk dövlətlərin birləşməsi türkdilli xalqların tarixi coğrafiyalarının bərpa etdiyinin göstəricisidir.

Beləliklə, Azərbaycan və Türkmənistan arasında imzalanmış Memorandum iki dövlət arasında olan qardaşlığın və dostluğun bariz nümunəsidir. Sənədin imzalanması iki dövlətin iqtisadi potensiallarını artırmaqla yanaşı, Bakı və Aşqabad arasında iqtisadi əməkdaşlığa yeni təkan verir, eyni zamanda, hər iki ölkənin beynəlxalq və regional əhəmiyyətini daha da artırmış olur.

Bütün bunlarla yanaşı, bu sənəd həm də siyasi, mənəvi və tarixi baxımdan çox əhəmiyyətlidir. Bunu Prezident İlham Əliyevin Memorandumun imzalanması mərasimi ilə əlaqədar keçirilən videokonfransda çıxışından da aydın görmək olar: “Bu gün imzalanma prosesini müşahidə edərək düşündüm ki, əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar. Necə deyərlər, onların ruhu şaddır. Onlar bizə görə, iki qardaş xalqın əl-ələ, çiyin-çiyinə birlikdə inamla irəliləməsinə, bir-birini dəstəkləməsinə, öz xalqlarının gələcəyi naminə əməkdaşlıq etməsinə, bununla da ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin etmələrinə görə qürur duyardılar”.

Dövlət başçısı bu sözləri ilə iki ölkə, iki xalq arasında münasibətlərə, bu münasibətlərin tarixinə, keçmişinə necə önəm verdiyini də ortaya qoymuş oldu. Bu, həm də onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər iki qardaş dövlət və xalq arasında münasibətlərin bundan sonrakı inkişafına daha da təkan verəcək.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov

apa-logo-mini

Digər xəbərlər