Dəqiq vaxt seçimi, bütün dünyaya bəyan olunan Xocalı və Qarabağ həqiqətləri - TƏHLİL

Dəqiq vaxt seçimi, bütün dünyaya bəyan olunan Xocalı və Qarabağ həqiqətləri - TƏHLİL
# 27 fevral 2021 17:19 (UTC +04:00)

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 saatdan artıq müxtəlif xarici dillərdə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib. Təsadüfi deyil ki, mətbuat konfransında iştirak edən xarici jurnalistlər fəaliyyətləri ərzində ilk dəfə idi ki, müxtəlif dillərdə bir neçə saat ərzində mətbuat konfransı keçirən siyasətçi ilə qarşılaşdıqlarını bildirərək heyrətləndiklərini dilə gətirdilər.

Dünyanın əksər tanınmış media qruplarının iştirak etdiyi mətbuat konfransı zamanı Prezident İlham Əliyev Azərbaycan maraqlarını aydın və ardıcıl şəkildə beynəlxalq ictimaiyyətə çatdıraraq regionda baş verənlərlə bağlı baxış bucağımızı ortaya qoydu.

Giriş nitqində dövlət başçısı 26 fevral tarixinin Xocalı soyqırımının 29-cu ildönümü olduğunu xatırladaraq, bu dəhşətli vandalizm aktı haqqında xarici qonaqlara məlumat verdi.

Mətbuat konfransının məhz fevralın 26-da - 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının ildönümündə keçirilməsinin xüsusi əhəmiyyəti vardı. Çünki dövlət başçısı müxtəlif nüfuzlu beynəlxalq media təmsilçilərinin vasitəsilə Xocalı soyqırımı haqqında məlumatları və həqiqətləri dünyaya çatdırdı, erməni faşizmini, erməni qatillərini ifşa elədi.

Hava limanları Füzuli, Laçın və Zəngilanda inşa ediləcək

Prezident giriş nitqindən sonra müxtəlif suallara cavab verdi, xeyli məsələyə aydınlıq gətirdi.

Rusiyanın TASS agentliyinin Füzulidə hava limanının tikintisi ilə bağlı sualına cavab verən ölkə başçısı aeroportun beynəlxalq uçuşları qəbul edəcəyini qeyd edib. Eyni zamanda bildirilib ki, bu kimi aeroportlar həm də Laçında və Zəngilanda da tikiləcək.

Azərbaycan dünya miqyasında nəqliyyat-logistika mərkəzi kimi mühüm rol oynadığını nəzərə alsaq, ölkəmizdə inşa edilmiş hava limanlarının yeni Şimal-Cənub və Şərq-Qərb hərbi və iqtisadi nəqliyyat dəhlizləri kontekstində Azərbaycanın bu sahədəki potensialını daha da gücləndirdiyini qeyd etmək olar. Son illər ölkəmizdə 7 hava limanı inşa edilib. 2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan Beynəlxalq Hava Limanı, 2006-cı ildə Gəncədə, 2008-ci ildə Lənkəranda və Zaqatalada, 2011-ci ildə Qəbələdə beynəlxalq hava limanları tikilib, müasir uçuş-enmə zolaqları inşa edilib. 2013-cü ildə Yevlax hava limanının yenidənqurma işləri başa çatdırılıb. Onlardan 6-sı bütün növ təyyarələri, o cümlədən ən ağır yük təyyarələrini qəbul edə bilir, beynəlxalq statusa malikdir.

Azərbaycan tərəfindən tutulan 62 erməni əsir deyil, cinayətkardırlar

“Ukraina-24” telekanalının jurnalisti Azərbaycanın postmüharibə dövrünün ilk aylarında hansı çağırışlarla üzləşdiyi sualını verib. Prezident jurnalistin erməni təxribatçılarla bağlı sualına toxunaraq qeyd edib ki, döyüş əməliyyatları başa çatandan sonra, təxminən noyabrın 20-də Ermənistanın Şirak vilayətindən, Gümrü şəhərindən və ətraf rayonlardan 60 nəfərdən çox dəstə göndərilmişdi. Bu dəstənin Laçın dəhlizindən necə keçməsi, Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə necə gəlməsi aydın deyil. Burada Prezident İlham Əliyev ölkəmizin anti-terror əməliyyatı nəticəsində həbs etdiyi 60-dan çox cinayətkarın əsir deyil, terrorçu olduğunu bir daha vurğulayıb. Xatırlatmaq yerinə düşər ki, artıq bir müddətdir ki, müxtəlif beynəlxalq təşkilatların erməni maliyyəsi ilə yaşayan bəzi üzvləri və Ermənistan həmin bu terrorçuları əsir kimi qələmə verərək Azərbaycana təzyiq göstərməyə çalışır. Lakin dövlət başçısı noyabrın 10-da imzalanmış bəyanatdan sonra Ermənistandan Azərbaycan ərazisinə qeyri-qanuni olaraq gəlmiş və təxribat törədərək 4 hərbçimizin və bir mülki şəxsin ölümünə səbəb olmuş dəstə üzvlərinin diversant və terrorçu olduqlarını faktlarla bütün dünyaya göstərmiş oldu.

Prezident eyni zamanda Ermənistanı müharibədən sonra da beynəlxalq cinayətlər törətməkdə ittiham edərək, misal kimi minalanmış ərazilərin xəritəsinin hələ də Azərbaycana verilmədiyini bildirdi. Dövlət başçısı qeyd etdi ki: “Biz özümüzü əxlaq normalarına və ümumbəşəri davranış normalarına müvafiq şəkildə aparırıq. Lakin minalanmış sahələrin xəritələrini bizə verməmək dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək deməkdir”. Dövlət başçısı bunun da cinayət olduğunu vurğuladı.

Böyük Britaniyanın “Teleqraf” qəzetinin müxbiri isə ermənilərin 1992-ci ildə Xocalıda törətdikləri vəhşilikləri “qorxunc soyqırım” adlandıraraq “gələcəkdə belə soyqırımların qarşısını almaq olarmı” sualını verib. Prezident qeyd edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan daim sülhün tərəfdarıdır və 30 il ərzində də dəfələrlə rəsmi səviyyədə bu, qeyd edilirdi. Prezident qeyd edib ki, “Hazırda bizim azad etdiyimiz Şərqi Zəngəzur istiqamətində, Zəngilanla sərhəddə Azərbaycanın ordusu yoxdur. Orada Azərbaycanın Dövlət Sərhəd Xidməti var. Baxın, orada hər hansı erməni mülki əhali və Azərbaycan sərhədçiləri arasında heç bir gərginlik yoxdur. Dinc həyat mövcuddur”.

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi və sülhdən sonra Türkiyənin missiyasının nə olacağı barədə Türkiyənin Qlobal Jurnalistlər Şurasının rəhbərinin sualına cavab verən dövlət başçısı qeyd edib ki, Rusiya-Türkiyə Monitorinq Mərkəzi postmüharibə dövründə çox önəmli alət olaraq fəaliyyət göstərəcək. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan öz vəsaiti hesabına bu Monitorinq Mərkəzini Ağdam rayonunda Mərzili kəndi yaxınlığında yaratdı: “Bütün şərait yaradıldı. Bildiyiniz kimi, Monitorinq Mərkəzi fəaliyyət göstərir və bunun əsas məqsədi postmüharibə dövrünə nəzarət etmək, monitorinq aparmaq, o cümlədən pilotsuz uçuş aparatların iştirakı ilə, onlardan istifadə edərək münaqişə zonasında qarşıdurma olmasın. Əgər olarsa, kim bunu törədib, təşəbbüskar kimdir, günahkar kimdir, bunu təsbit etməkdir. Bu günə qədər diversiya qrupunun Azərbaycana keçməsini istisna etsək, hər hansı bir ciddi qarşıdurma olmayıb. Bu monitorinq mərkəzi postmüharibə dövrü çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək”.

Status yoxdur, Dağlıq Qarabağ termini yoxdur

Jurnalistin “Beynəlxalq ictimaiyyətdə belə bir qənaət var - Dağlıq Qarabağın statusu tam olaraq müəyyənləşmədən bu müharibə heç vaxt bitməz. Sizə görə bu müharibə həqiqətən yekunlaşıbmı, başa çatıbmı” sualına cavabda isə, dövlət başçısı konkret cavab verib. “Mən öz çıxışlarımda statusun ünvanını göstərdim. Bir daha o məsələyə qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bu günə salan səbəblərdən biri də məhz o idi. Xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Faktiki olaraq, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir”, - deyə Prezident bəyan etdi.

Status məsələsinin artıq həllini tapması Ermənistan vətəndaşları və bu ölkənin bəzi siyasi partiyaları, ekspertləri tərəfindən də reallıq kimi qəbul edilir. Bir zamanlar sülh anlaşması müqabilində Azərbaycanın müəyyən şərtlərinə razı olmayanlar, müharibə bahasına yaranmış reallıqdan sonra birmənalı olaraq diqtə edən tərəf deyil, diqtəyə tabe olan tərəf olduqlarını unutmamalıdırlar.

Prezidentin “Faktiki olaraq biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir” bəyanatı kifayət qədər dərin və ciddi məqamdır. Bu bəyanatda Prezident Dağlıq Qarabağ terminin qondarma olduğunu qeyd edir. Terminin tarixinə də nəzər salarkən aydın şəkildə belə bir qənaətə gələ bilərik ki, Dağlıq Qarabağ sözü Azərbaycan ərazilərinin işğalı üçün yol xəritəsi rolunu oynamalı idi.

1923-cü il iyulun 7-də SSRİ rəhbərliyinin qərarı ilə heç bir tarixi əsas olmadan Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası parlamentinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunub. Həmin gün müstəqil Azərbaycanın parlamentinin qərarı ilə həm 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi dekret, həm də 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanun qüvvədən salınıb. Belə olan təqdirdə Dağlıq Qarabağ terminin artıq qüvvədən düşdüyü, bu ərazilərin digər ərazilər kimi unitar Azərbaycan dövlətinin eyni status, hüquqa malik olan torpaqları olduğu şübhəsizdir. Digər tərəfdən, biz Azərbaycan və Ermənistan arasında olan münaqişədən danışarkən münaqişənin əslində təkcə Qarabağla kifayətlənmədiyini, Ermənistanın Azərbaycanın digər ərazilərinə də ərazi iddiasında olduğunu qeyd etməliyik. Ermənistanın istər Qazax-Tovuza, istər Naxçıvan-Zəngəzura, istərsə də digər Azərbaycan torpaqlarına hələ də qalmaqda olan ərazi iddiaları bunun bir sübutudur.

Terminlər haqqında danışarkən, dünən Prezident çıxışı zamanı tariximiz və gələcəyimiz üçün çox vacib digər bir məqama da toxundu. Dövlət başçısı işğaldan azad edilmiş rayonların bir qismi haqqında “Şərqi Zəngəzur” terminindən istifadəsi tarixi həqiqətə söykənən reallıqdır. Xatırlatmaq yerinə düşər ki, hələ bir neçə il öncə Prezident İlham Əliyev İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə toplantısındakı nitqində də Zəngəzur məsələsini gündəmə gətirmiş və qeyd etmişdi ki, vaxtilə türk dünyasının qədim və ayrılmaz hissəsi olan Zəngəzur bölgəsinin Azərbaycandan qopardılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında coğrafi bağlantı pozulub.

Prezidentin “Şərqi Zəngəzurun işğaldan azad edilməsi” çıxışı bizi tarixə nəzər salmağa vadar edir. 1920-ci ildə Cənubi Qafqazın yenidən Rusiyanın nəzarəti altına qayıtması regionda siyasi vəziyyəti dəyişdirdi. Sovet hökumətinin qurulmasından sonra Azərbaycan türklərindən ibarət tarixi ərazilər olan Dərələyəz, Göyçə, Zəngibasar mahalları Ermənistana, Borçalı mahalı isə Gürcüstana verildi.

Ermənistan Sovet rəhbərliyi tərəfindən Azərbaycanın Qarabağ, Naxçıvan, Zəngəzur bölgələrinə iddialar irəli sürüldü. Moskva dərhal bu iddiaları dəstəklədi və Azərbaycanın kommunist rəhbərlərinə təzyiqləri gücləndirdi. Azərbaycan rəhbərliyi Moskvanın təzyiqləri qarşısında davam gətirməyərək 1920-ci il noyabrın 30-da və dekabrın 1-də Zəngəzurun Ermənistana verilməsi haqda bəyanatlarla çıxış etdi. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Moskvanın diqtəsi altında Zəngəzur iki hissəyə bölündü. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi.

Beləliklə, Prezident İlham Əliyevin yuxarıda qeyd edilən çıxışı 3 məsələni aktual edir:

1. Ermənistanın 1990-cı illərdə Azərbaycan torpaqlarını işğalı haqqında danışarkən, Qarabağla yanaşı, Şərqi Zəngəzurun qeyd olunmasının zəruriliyi.

2. Şərqi Zəngəzur deməklə, Zəngəzurun Ermənistanda olan Qərb hissəsinin qanunsuz olaraq bu dövlətə verilməsini.

3. Bundan sonra artıq Dağlıq Qarabağ terminin istifadəsinin məqbul olmadığını, belə bir terminin tarixi baxımdan və indiki reallıqlar baxımından düzgün olmadığını.

Minsk qrupunun fəaliyyəti haqqında

Prezident eyni zamanda Minsk qrupunun da bu illər ərzində fəaliyyətinə qiymət verib. Bildirib ki, otuz il davam edən danışıqlar heç bir nəticə verməyib. Minsk qrupunun fəaliyyətinin nəticəsi sıfıra bərabər olub. Son iki ildə isə faktiki olaraq Minsk qrupunun həmsədrləri özləri də nə işlə məşğul olduqlarını bilməyiblər. Doğrudan da, bu illər ərzində Minsk qrupunun hansı işlərlə məşğul olduğu məlum deyildi. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişənin həlli istiqamətində işğalçı və işğala məruz qalan arasında ikili standartlar aparan bəzi dövlətlər və təşkilatlar reallıqdan uzaq siyasətləri ilə regiondakı münaqişənin sülh yolu ilə, müharibə yolu ilə həll edilməsinə şərait yaratdılar. 2020-ci ilin Tovuz təxribatları zamanı və həmin hadisələrdən sonra müharibə ehtimalının yüksəlməsinə baxmayaraq Minsk qrupunun nümayəndələri regiona səfər etmədilər və hücum edən tərəf olan Ermənistanla dialoqdan qaçdılar. Müharibə ehtimalının kifayət qədər yüksək olduğu iyul-sentyabr aylarında bu qurumun Ermənistana heç bir təzyiq etməməsi o demək idi ki, “xristian klubu” hərbi əməliyyatlar başlayacağı təqdirdə nəticənin İrəvanın xeyrinə olacağını düşünürdü. Lakin Azərbaycan Ordusunun uğurları ölkəmizə qarşı mənfur niyyətlərin puç olması və bölgədə yeni reallığın yaranması ilə nəticələndi. Bununla bağlı Azərbaycanın təkcə Ermənistana deyil, onun arxasındakı qüvvələrə də qalib gəldiyini Prezident İlham Əliyev 25 fevral tarixində şəhid ailələri ilə görüşündəki çıxışı zamanı da qeyd etmişdi “...Biz bu qələbəni təkcə Ermənistan üzərində qazanmamışıq. Bizə qarşı mütəşəkkil və güclü dairələr birləşib, bizim torpağımızı əbədi işğal altında saxlamaq istəyirdilər. Ermənistan, sadəcə olaraq, bir alət idi, bir vasitə idi. Biz bunu dağıtdıq. Biz bu məkrli siyasəti alt-üst etdik və haqq-ədaləti bərpa etdik”.

Minsk qrupuna həmsədrlik edən ölkələrin yüksəkvəzifəli rəsmi nümayəndələrinin “Münaqişənin hərbi yolla həlli yoxdur” kimi bəyanatları qarşılığında münaqişənin nizamlanması ilə bağlı fəaliyyətsizlik nümayiş etdirən qüvvələr, indi reallığı qəbul etməli və yeni vəziyyətə uyğun bu dəfə artıq ədalətə və sabitliyə söykənən addımlar atmalıdırlar.

Nadir presedent

Rusiyanın “Zvezda” və “Bolşaya Aziya” media-holdinqlərinin nümayəndəsi “Siz bütün dünyanın gözü qarşısında nadir presedent yaratdınız. Çünki Siz Qarabağ müharibəsi zamanı mütləq mənada sülhməramlı kimi çıxış etdiniz. Siz 23 dəfə sülh haqqında danışdınız, halbuki digər tərəf bir dəfə də olsun, bu cür bəyanat vermədi” məsələsinə diqqəti çəkib, daha sonra Rusiya istehsalı olan “İsgəndər” əməliyyat-taktiki raketlərdən istifadə olunması barədə Ermənistan rəsmi şəxslərinin heyrətamiz və ziddiyyətli bəyanatları və “məsuliyyətsiz şəxslərin əlinə keçə biləcək belə silahlara mümkün nəzarət üçün hansı mexanizmlər yaratmaq olardı?” - sualını verib.

Prezident müharibə zamanı Ermənistanın dinc sakinlərə atəş açmasını qeyd edərək onları növbəti dəfə ifşa etdi.

Prezident İlham Əliyev bu gün Ermənistanda baş verənləri tragikomediya kimi qiymətləndirərək bildirdi ki, “Onlar “Skad”, “Toçka U” raketlərini yaşayış məntəqələrinə tuşlayırdılar, özü də məqsədyönlü şəkildə, gecə vaxtı yatmış Gəncə şəhərinə. Bütün bunlar izlənilib. Biz təbii ki, bu məlumatı dərhal Rusiya tərəfinə çatdırdıq. Mən Prezident Putinlə söhbət zamanı bu barədə dedim, Rusiya tərəfini erməniləri bundan çəkindirməyə çağırdım”.

Dövlət başçısı Ermənistan hərbi-siyasi rəhbərliyinin apardığı çirkin siyasəti bir daha ifşa edərək bu dövlətin təkcə Tərtər şəhərinə 16-18 min bomba atdığını, dəfn mərasiminə, dinc sakinlərə dəfələrlə hücum etdiklərini bəyan etdi. “Görünür, bu, onların acizliyinin, zəifliyinin, döyüş meydanında məğlub olmalarının nəticəsi idi”, - deyə Prezident qeyd etdi.

“İsgəndər” raketləri və Ermənistan ordunun yenidən qurulması kimə, nə üçün lazımdır?

Prezident “İsgəndər” raketləri ilə bağlı rus jurnalistinin sualına cavab olaraq çox vacib reallığa toxunub. “Ermənistana “İsgəndər” raketləri veriləndə mən bunu Rusiya rəhbərliyinə demişdim. Mən demişdim ki, bu, düzgün addım deyil, bu addım sabitliyin möhkəmlənməsinə yönəlməyib, bu, bizi heç nədən çəkindirməyəcək. Yeri gəlmişkən, müharibə dövründə də demişəm və Rusiya tərəfinə “İsgəndər” raketlərinin geri almalarını təklif etmişəm. Bəli, demişəm, bu gün də fikrim belədir ki, regionlarda hadisələrin belə faciəli inkişafının qarşısını ala biləcək yeganə yol bu silahları geri almaq və ermənilərə bir daha pulsuz silah verməməkdir. Mən bunu həmişə deyirəm. Təəssüf ki, belə olub. Müharibədən sonra belə hallar yoxdur. Biz bunu müsbət addım kimi qiymətləndiririk.

Lakin Ermənistanın müdafiə naziri bu yaxınlarda bəyan edib və məncə, Rusiyanın Ermənistandakı səfiri də deyib ki, Ermənistan ordusunun modernləşdirilməsində Rusiya da iştirak edəcək. Nə üçün? Nə məqsədlə? Mənim sualım əsaslıdır. Mən sizin kanalınız vasitəsilə, bugünkü birbaşa translyasiya vasitəsilə soruşuram: nə üçün?”.

Doğrudan da, Rusiyanın hərbi sənayesində ən qabaqcıl silah növləri sayılan S-300, Toçka-U, Skad, İsgəndər E sistemlərinin pulsuz olaraq Ermənistana göndərilməsi və onların Qarabağda yerləşdirilməsi son illərdə istər separatçıları, istərsə də İrəvandakı hərbi-siyasi rəhbərliyin işğalçı siyasətlərini daha da genişləndirməkdə idi. Arxalarında müəyyən dairələrin dəstəyini görən Ermənistan rəhbərliyi təsadüfi deyil ki, bir qarış torpağın belə Azərbaycana qaytarılmayacağını, əksinə, ölkəmizdən yeni torpaqlar alacaqlarını bildirməkdə idilər. Lakin 44 günlük müharibə vaxtı ordumuz həmin o “qabaqcıl” silahları bir neçə saat ərzində məhv edərək bir çox dairələrə şok yaşatmağı bacardı. Xankəndi və işğal altında torpaqlarda ordumuz arasında sərhəddə yerləşən S-300 komplekslərin sıradan çıxarılması, Toçka U, Skad kimi silahların məhv edilməsi müharibənin nəticəsini bəlli edən məqamlardan idi. Bəzi qaynaqlara görə, həmin S-300 komplekslərinin bir divizionu Qubadlı ərazisində, bilavasitə sərhədə yaxın yerləşdirilmişdi. Təsadüfi deyil ki, Azərbaycan Ordusunun kamikadze-dronlarının Qarabağda Ermənistan ordusunun S-300 zenit-raket kompleksini məhv etməsindən sonra işğal edilmiş ərazilərimiz üzərində hava məkanı Azərbaycan Hərbi Hava Qüvvələri üçün açılmışdı. Nəticə isə, bəllidir. Azərbaycan qalib gəldi və Ermənistandakı silahların müasir müharibələr baxımından yararsız olduğunu sübut etdi.

"Sarkisyan bu ərazilərdən rədd olmaq üçün iki həftə vaxt xahiş etdi"

Prezident İlham Əliyev jurnalistlərin Ermənistanın daxilində baş verənlərlə bağlı suallarına cavab olaraq bu ölkədəki siyasi proseslərə müdaxilə etmək fikrində olmadığını qeyd etdi. Azərbaycanın dövlət başçısı bir neçə gün əvvəl Ermənistanın eks-prezidenti Serj Sarkisyanın aprel döyüşləri zamanı guya Azərbaycanın atəşin dayandırılması ilə bağlı xahiş etməsini şərh edərək, hazırda erməni xalqının qəzəbinə tuş gələn, Xocalıdakı dinc insanların qatilini ifşa edib. “Bu gün Ermənistanın sabiq prezidenti Sarkisyan deyir ki, onlar müharibədə qalib gəliblər. Orijinal qələbədir, onların səngərlərində biz idik. Biz onların bayrağını çıxarıb, onları Ağdərə, Cəbrayıl və Füzuli rayonlarından qovub və Böyük Mərcanlıya qayıdıb öz bayrağımızı qaldırdıq. Deməli, biz belə uduzmuşuq? Əladır! Bax, nümunəvi erməni istorioqrafiyası budur, mifoloji erməni elmi, o cümlədən və ilk növbədə, tarix elmi budur. Buna görə də 2016-cı ildə biz onlara dərs verdik. Belə deyərdim, bundan sonra bizə vədlər verildi. Bir halda ki, söhbət düşüb, onu da deyim. Bizə vəd verildi ki, onlar bütün ərazilərimizdən rədd olacaqlar. Şəxsən Sarkisyan Rusiyadakı görüşümüzdə belə vədlər vermişdi. O, aprel döyüşlərindən sonra bu ərazilərdən rədd olmaq üçün iki həftə vaxt xahiş etdi. Bəs, nəyə görə o vaxt o, Ohanyanı müdafiə naziri vəzifəsindən azad etdi. Son məqamda həmin Ohanyan Şuşadan qaçdı. Guya Şuşanı müdafiə etməyə gəlmişdi. Müdafiə edəydi! O, orada, bizim torpağımızda doğulub. Bəs, nə üçün müdafiə etmədi? Nə üçün qaçdı? İndi mitinqlərdə lovğalanır, nəyə görə lovğalanması aydın deyil. Sarkisyan onu 2016-cı ilin aprelində hərbi qələbəyə görə işdən çıxarmışdı? Sarkisyana möhlət də verildi. O, iki həftə vaxt istəmişdi. Bu hadisə mənim və Prezident Putinin yanında olub. İki həftə keçdi, sonra isə ya özü təşkil etdi, ya da orada nə isə baş verdi, polis məntəqəsi tutuldu. Buna görə dedi ki, indi bunu edə bilmərəm. İndi vəziyyət gərginləşib, orada terrorçular var, mən terrorçularla vəziyyəti aydınlaşdırmalıyam. Beləliklə, işi 2018-ci ilə qədər uzatdı. Buna görə də heç bir məsələ həll edilmədi” deyən İlham Əliyev S. Sarkisyanın həm də yalançı və böhtançı olduğunu faktlarla bütün dünyaya bəyan etdi.

Beləliklə, 4 saatdan çox davam edən mətbuat konfransında 35 media qurumunun 50-dək sualını cavablandıran Prezident İlham Əliyev Ermənistanın bölgədə apardığı siyasəti ifşa etdi, 30 il ərzində bu dövlətin müxtəlif hərbi-siyasi rəhbərlərinin işğal altındakı ərazilərdə dinc sakinlərə qarşı törətdikləri soyqırımı, qırğınlara diqqəti çəkdi, onların tarixi abidələri, şəhər və rayonları yerlə - yeksan etdiklərini bildirərək bu dövlətin faşist, varvar ruhlu olduğunu sübut etmiş oldu. Eyni zamanda Ermənistanın havadarlarının da iç üçün açdı, lazımı mesajlarını bir daha çatdırmış oldu.

Bundan başqa, dövlət başçısı Ermənistanın, eləcə də Qarabağdakı separatçıların Azərbaycan xalqına qarşı illər boyu terror həyata keçirməsinə, mədəniyyət, tarixi-dini abidələri məhv etməsinə, işğal altında saxladığı ərazilərdə misilsiz talanlar, ekoloji fəlakət və digər müharibə cinayətləri törətməsinə baxmayaraq, yenə də birgəyaşayış tərəfdarı olduğunu bəyan etməklə, xalqımızın və dövlətimizin hər zaman sülh, əməkdaşlıq, dinc yaşayış tərəfdarı olmasının bir daha mesajını verdi.

Beləcə, beynəlxalq tanınmış media qurumlar, onların təmsil etdikləri dövlətlərin siyasi xadimləri və ictimaiyyətləri Cənubi Qafqaz regionundakı reallıqlarla bağlı həqiqətləri bilmiş oldular.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR