Lavrov-Bayramov görüşünün pərdəarxası: nələr gözlənilir? - ŞƏRH

Lavrov-Bayramov görüşünün pərdəarxası: nələr gözlənilir? - ŞƏRH
  • Clock-gray 16:48
  • calendar-gray 27 Avqust 2020

Avqustun 26-da Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Moskvaya ilk rəsmi səfəri baş tutdu. Bu səfər son zamanlar Ermənistan-Azərbaycan münaqişəsinin alovlanması, xüsusi ilə də Tovuzda sərhədyanı konfliktin gərginləşməsindən sonra gerçəkləşirdi. Ermənistanın dövlət sərhədimizin Tovuz istiqamətindəki təxribatından sonra Rusiyadan üçüncü ölkələr vasitəsi ilə Ermənistana hərbi yüklərin daşınması haqqında məlumatlar, Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələ ilə bağlı rusiyalı həmkarına zəng etməsi Bakı ilə Moskva arasında dialoqun intensivləşməsini labüd edirdi. 

Bakı-Ankara hərbi ittifaqının güclənməsi, Azərbaycanın Xarici İşlər və Müdafiə nazirlərinin Türkiyəyə səfərləri və Ankara hərbi elitasının Bakıya səfər etməsi də Rusiyanı Cənubi Qafqaz, xüsusi ilə də Azərbaycana münasibətdə siyasətinə yenidən baxamağa sövq edirdi.

Rusiya müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfərinə də məhz bu kontekstdən yanaşmaq lazımdır. Şoyqunun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə çıxışında "Mənim üçün Azərbaycana səfər həmişə fikir mübadiləsi aparmaq və regional təhlükəsizlik məsələlərini, həmçinin bizim hərbi və hərbi-texniki əməkdaşlığımızla bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir" fikirləri də səfərdə məqsədin regional təhlükəsizlik və hərbi və hərbi texniki əməkdaşlıq məsələlərinin müzakirəsi olduğunu deməyə əsas verir.

Qayıdaq Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Ceyhun Bayramovun Moskvaya ilk rəsmi səfərinə... Rusiya XİN başçısı azərbaycanlı həmkarını Xarici İşlər Nazirliyinin tarixi malikanəsində - hazırda Rusiya XİN-in Qəbullar Evi adlandırılan binada qəbul etdi. İlk olaraq Lavrov və Bayramov təkbətək görüş keçirdilər. Təkbətək görüşdə media nümayəndələri iştirak etmirdi. Təxminən bir saat çəkən təkbətək görüşdən mediaya yalnız Lavrov və Bayramovun XİN malikanəsinin tarixi zallarının birində, məşhur Molotov (SSRİ-nin Xarici İşlər naziri) - Ribbentrop (Nasist Almaniyasının Xarici İşlər naziri) paktının imzalandığı zaldan olan fotosu məlum oldu. 

Nazirlərin nümayəndə heyətləri və media isə onları malikanənin Ağ zalında gözləyirdilər. Xələf Xələfov və onun rusiyalı həmkarı Andrey Rudenko, Polad Bülbüloğlu və onun rusiyalı həmkarı Mixail Boçarnikov, Rusiyanın Dağlıq Qarabağ üzrə vasitəçi diplomatı (ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri) İqor Popov, Rusiya XİN sözçüsü Mariya Zaxarova və nazirlərin protokol xidmətlərinin əməkdaşları... Nazir müavinləri və səfirlər rəhbərlərini gözləyərkən, iki ölkə arasında sərhədlərin açılması ilə bağlı, ümumən sərhəd-keçid məntəqələrindəki vəziyyətlə bağlı ayaqüstü müzakirələr aparırdılar. 

Görüşü işıqlandıran jurnalistlər arasında mən də vardım. Belə başa düşdüm ki, sərhədlərin bağlı qalması hər iki tərəfi çox narahat edir. Elə bu zaman fürsətdən istifadə edib, rusiyalı həmsədr İqor Popova yaxınlaşdım. İqor Valentinoviçi uzun illərdir, tanıyıram. Belə desək, onunla dəfələrlə müsahibə etmək şansı olan və ya onun yeganə müsahibə verdiyi tək azərbaycanlı jurnalistəm. Popovdan həmin vaxt çox şey soruşa bilməzdim, çünki buna şərait yox idi, nazirlər hər an "Ağ zal"a daxil ola bilərdilər. Ona görə də, rusiyalı həmsədrdən regiona səfər ehtimalları ilə bağlı soruşdum. O da pandemiyaya görə sərhədlərin bağlanmasından şikayətçi oldu. Dedi ki, sərhədlər açılan kimi regiona səfər edəcəklər. 

Bu zaman Lavrovun protokol xidmətinin təşvişi hiss olundu. Qapılar açıldı, Ceyhun Bayramov və Sergey Lavrov zala daxil oldular. Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş başladı. Zalda nazirlərdən başqa hər kəs qoruyucu maskada idi. 

Mətbuata bu görüşün ancaq protokol hissəsi açıq keçdi. Lavrov azərbaycanlı həmkarının XİN başçısı vəzifəsinə təyin olunması münasibəti ilə təbrik etdi. Bayramov da Moskvada səfərdə olmaqdan məmnunluğunu bildirdi. Daha sonra Lavrovun işarəsi ilə media nümayəndələri zalı tərk etdi. Müzakirələr başladı. 

Uzun illər Azərbaycan və Rusiya XİN başçılarının Moskvadakı görüşlərini işıqlandırmışam. Lavrov və Məmmədyarov arasında təkbətək görüşləri də işıqlandırdığım vaxtlar olub. 

Açığını deyim, Azərbaycanın yeni XİN başçısı Ceyhun Bayramovun özgüvəni məndə çox böyük təəssürat oyatdı. Həm nümayəndə heyətləri ilə birgə görüşdə çıxış tərzi, həm də danışıqlardan sonra birgə mətbuat konfransındakı çıxışı... Nəzərə alaq ki, Ceyhun Bayramovun danışıqlar apardığı nazir Rusiyanın 16 illik XİN başçısı, 40 ildən çox böyük təcrübəsi olan baş diplomatı idi. 

Əldə etdiyim məlumata görə, Ceyhun Bayramov protokol görüşündən sonra da, yəni, görüşün mətbuatın iştirakı olmadan keçirilən hissəsində də həmin özgüvəni saxlayıb. Bütün məsələlərdə Azərbaycanın haqlı mövqeyini tam müdafiə edib. 

Qapalı keçirilən görüşdə ara-sıra səslərin, emosiyaların nisbətən yüksəldiyinin şahidi oldum. Hiss olunurdu ki, içəridə qızğın müzakirələr gedir. Əsas müzakirə mövzusu isə təbii ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması idi. Qapalı görüşdə azərbaycanlı nazirin rusiyalı həmkarına "Azərbaycanın ərazi bütövlüyü tam təmin olunmalıdır" fikrini səsləndirməsi qonşu zalda olanlar asanlıqla eşidirdi.

Xatırladım ki, medianı nümayəndə heyətləri ilə görüşün keçirildiyi zalın yanındakı mətbuat konfransı üçün ayrılmış məkana toplamışdılar. 

Bir saatdan çox çəkən görüşdən sonra nazirlər media önünə çıxdı. Danışıqların yekunları ilə bağlı fikirlərinin bölüşdülər. Lavrov danışıqlardan olduqca məmnun qaldığını etiraf etdi və müntəzəm təmaslara ümid etdiyini bildirdi. 

Mətbuat konfransında nazirlər bir çox məqamlara toxundular. İqtisadi, humanitar münasibətlərdən tutmuş, koronavirus əleyhinə peyvəndə qədər... Təbii ki, bütün diqqətlər nazirlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Tovuzdakı son sərhəd  təxribatı ilə bağlı açıqlamalarına yönəlmişdi. 

Həm Lavrov, həm də Bayramov çıxış nitqlərində və onlara ünvanlanan sualda Qarabağ danışıqları və sərhəd insidenti ilə bağlı fikirlərini bildirdilər. 

Rusiya XİN başçısı “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ətraflı fikir mübadiləsi apardıq. Rusiya bundan sonra da həm milli formatda, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri çərçivəsində səylərini davam etdirəcək. Biz ümumilikdə nizamlanma prosesinin davam etdirilməsinə köklənmişik. Bu mənada stabil və dayanıqlı danışıqlar prosesini təmin etmək üçün lazımı atmosfer yaratmaq lazımdır. Əlbəttə ki, danışıqlar danışıqlar xatirinə yox, sülh yolu ilə həll üçün məqsədyönlü olmalıdır” dedi.

Lavrovun çıxışının bu hissəsində ən mühüm məqam "danışıqlar danışıqlar xətrinə yox, sülh yolu ilə həll üçün məqsədyönlü olmalıdır" fikridir. Uzun illər Azərbaycan rəhbərliyinin təkid etdiyi məhz bu idi. Danışıqlar olsun, danışıqların imitasiyası yox...

Rusiya XİN başçısının Qarabağ münaqişəsi ilə bağlı çıxışında digər önəmli məqam "ATƏT-in Minsk Qrupu həmsədrləri danışıqların tərkibinin dəyişdirilməsinin qəbuledlməz hesab edir" fikrini səsləndirməsi idi. Burada sətiraltı olan bir məqama diqqəti yetirmək vacibdir. Bu, təbii ki, son zamanlar Azərbaycan rəsmilərinin və ictimaiyyətinin haqlı olaraq Minsk Qrupunu fəaliyyətsizlikdə günahlandırması, Ankaranın Tovuzda sərhədyanı təxribat zamanı və sonrası fəal olaraq ard-arda siyasi bəyanatlar verməsi, Ərdoğanın Putinlə bu məsələni müzakirə etməsi və bu məlumatın Kreml tərəfindən yayılması ilə bağlı idi. Ona görə də Lavrovun simasında Rusiya XİN bu məsələ ilə bağlı narahatlığını ifadə etdi. Lakin fikrimcə, bu, heç də Rusiya siyasi estebleşmentinin yekdil fikri deyil. Kremlin Ərdoğan-Putin telefon danışığında Tovuzdakı sərhəd təxribatının müzakirəsi ilə bağlı məlumatı yayması və digər bir sıra məqamlar bunu deməyə mənə əsas verir. Ankaranın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına qoşulmasını istəməyən qüvvə hər kəsə məlumdur. 

Burada onu da qeyd etmək yerinə düşər ki, Lavrov azərbaycanlı həmkarı ilə görüşdən öncə Ermənistan XİN başçısı Zohrab Mnatsakanyanla telefonla danışmışdı.

Azərbaycan XİN başçısı Ceyhun Bayramov Lavrovla görüşdən bir gün öncə Rusiya mediasına müsahibəsində "İşğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması cədvəlinin razılaşdırılması Qarabağ danışıqların predmeti olmalıdır" fikri əslində Lavrov-Bayramov danışıqlarının əsas tezisi hesab olunmalıdır. Eyni ilə həmin fikri Azərbaycan XİN başçısı birgə mətbuat konfransında da işlətdi. Böyük ehtimal ki, həm təkbətək, həm də nümayəndə heyətləri ilə görüşlərdə də bu fikir ifadə olunub. 

“Azərbaycan danışıqlar prosesində konstruktiv mövqeyini ərazilərimizin 20 faizinin işğalının davam etməsinə baxmayaraq, real fəaliyyəti ilə təsdiqləyib. Azərbaycan 30 ilə yaxındır ki, danışıqlar masasındadır. Azərbaycan münaqişənin siyasi yolla həllinin tərəfdarıdır. Bununla yanaşı, biz hesab edirik ki, münaqişəni nizamlamaq üçün olduqca ciddi hüquqi baza mövcuddur və hesab edirik ki, danışıqlar prosesi beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə əsasən aparılmalıdır. Bunlar BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və son illərdə beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan digər sənədlərdir. Bu nöqteyi-nəzərdən biz danışıqlar prosesinin davam etdirilməsinin tərəfdarıyıq. Lakin hesab edirik ki, danışıqlar prosesi konkret məsələlər ətrafında aparılmalıdır, substantiv olmalıdır və danışıqlar prosesinin imitasiyası olmamalıdır. Hesab edirik ki, danışıqlar prosesinə zərbə vuran bəyanatlar, fəaliyyətlər beynəlxalq ictimaiyyət tərəfindən, ilk növbədə həmsədr ölkələr tərəfindən qınanmalıdır”, - deyə Azərbaycan XİN başçısı mətbuat konfransında vurğulayıb. 

Gəlinən nəticə ondan ibarətdir ki, Lavrovun simasında rəsmi Moskva yenidən Azərbaycan və Ermənistan arasında Qarabağ danışıqlarını bərpa etmək istəyir. Lavrovun birgə mətbuat konfransında həmsədrlərin köməyi ilə hansısa mərhələdə Xarici İşlər Nazirlərinin kontaktını təşkil etməyin planlaşdırıldığını bildirməsi də bunu göstərir. Rusiya XİN başçısının bu bəyanatına cavabı azərbaycanlı həmkarı bir gün əvvəl TASS-a müsahibəsində bildirmişdi. Ceyhun Bayramov erməni həmkarı ilə görüşün mümkünlüyü üçün Bakının şərtlərini açıqlamışdı: “Həmsədrlər bu ilin payızında Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü təşkil etmək istəyirlər. Lakin Ermənistanın fəaliyyəti faktiki olaraq həmsədrlərin səylərini sıfıra endirib. Ermənistanın münaqişənin nizamlanması prosesini pozması təkcə iyulun 12-də baş verən hərbi hücumla məhdudlaşmır. Bu ölkənin rəhbərliyi müharibənin nəticələrini möhkəmləndirməyin vacibliyini, ərazilərin azad edilməsinin mümkünlüyünün istisnalığını bəyan edərək, Azərbaycanın yaşayış məntəqələrinə zərbələr endirməklə hədələyərək, işğal altındakı ərazilərə qanunsuz köçürülmə siyasətini davam etdirərək danışıqların bərpa olunması şansına zərbə vurur. Ermənistan tərəfinin bu aqressiv bəyanatlarının və təxribatçı addımlarının siyahısını davam etdirmək olar. Bu cür şərtlərdə XİN başçılarının görüşünün tarixi haqqında danışmaq tez olardı.

ATƏT-in Minsk Qrupu həmsədrlərindən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsində və 1994-cü ildə ATƏT-in Budapeşt Sammitinin qərarında nəzərdə tutulduğu kimi, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və silahlı münaqişənin digər nəticələrinin aradan qaldırılması ilə bağlı Ermənistan tərəfinin əsaslı danışıqlar aparmağa hazır olmasının təminatını gözləyirik. Bu cür razılaşmaların həyata keçirilməsi daha sonra siyasi məsələlərə baxmağa başlanılmasına imkan verəcək".

Göründüyü kimi, rəsmi Bakı İrəvanla Qarabağ danışıqlarına başlamaq üçün mühitin yaradılmasını gözləyir. Belə başa düşürəm ki, Moskva Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və silahlı münaqişənin digər nəticələrinin aradan qaldırılması ilə bağlı Ermənistan tərəfinin əsaslı danışıqlar aparmağa hazır olmasının təminatını verməlidir. Əks təqdirdə, Azərbaycan işğalçı Ermənistanla imitasiya xarakterli danışıqlara vaxt itirməyi lazım saymır. 

Fərid Əkbərov

Digər xəbərlər