Media Ombudsmanı nəyə lazımdır? - ŞƏRH

Media Ombudsmanı nəyə lazımdır? - ŞƏRH
  • Clock-gray 17:11
  • calendar-gray 19 Yanvar 2021

Gündəmin mövzusu mediada islahatlardır. Həmişə müzakirə mərkəzində olan media Prezident İlham Əliyevin media sahəsində islahatların dərinləşdirilməsi haqqındakı fərmanından sonra daha çox müzakirə olunur. Fərmanla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb və Nizamnaməsi də təsdiq edilib. 

Yeni agentliyin fəaliyyəti, həmçinin, media sahəsində aparılacaq islahatlar və yenilənmələrlə bağlı müzakirələrdə əksini tapan məsələlərdən biri də Media Ombudsmanı ilə bağlıdır.

Ümumiyyətlə, Media Ombudsmanı bir təsisat kimi lazımdırmı?

Müasir dünyada bu təsisat əksər ölkələrdə var. Azərbaycanda əvvəllər də bu təsisatın yaradılması ilə bağlı təklif və fikirlər olub. Hazırda Media Ombudsmanı səlahiyyətləri ölkə Ombudsmanının yurisdiksiyasındadı. Ombudsman Aparatında media ilə bağlı şöbə də fəaliyyət göstərir və müəyyən monitorinqlər aparır.

Media Ombudsmanı nə iş görə bilər?

Ümumiyyətlə, Ombudsman XVIII-XIX əsrlərdə İsveçdə qurulan təsisatdı, sözün mənası vasitəçi deməkdir. Ombudsman şikayətləri qəbul edib, hər iki tərəfin maraqlarına uyğun həll edəndir. Müasir dönəmdə Ombudsman parlament tərəfindən mandat verilən insan hüquqları azadlıqlarının müdafiəçisi kimi çıxış edən ali dövlət təsisatıdır. Vətəndaş cəmiyyəti institutları güclü olanda bu institut da daha səmərəli fəaliyyət göstərir.

Media Ombudsmanı isə media və media mənsubunun hüquq və azadlıqlarının qorunması ilə məşğul olur.  

İndi bəzi media mənsubları Media Ombudsmanı təsisatının Media İnkişaf Agentliyinin tərkibində fəaliyyət göstərməsi ilə bağlı təkliflə çıxış edirlər.

Hüququn baza prinsiplərinə görə, sanksiya verənlə müdafiə edən eyni qurumda təmsil oluna bilməz. Media Ombudsmanı institutunun bir vəzifəsi də media təşkilatları və jurnalistlərin yeni yaranmış agentliyin mümkün sanksiyaları ilə bağlı şikayətlərini araşdırmaq olmalıdır.

Ombudsman jurnalistin hüququnu, informasiya almaq, yaymaq, ötürmək kimi funksiyalarını maneəsiz yerinə yetirməsini, vəzifəli şəxslərin, digər təsiredici  “güclərin” (tanınmış şəxslər, cinayətkar birlik, mafiya və s.) hərəkət və ya hərəkətsizliklərindən qorumalıdır.

Media Ombudsmanının yaradılması üçün qanunvericilikdə dəyişiklik edilməsi lazımdır. Çünki hazırda Media Ombudsmanı kimi xüsusi struktur yoxdur. Lakin hazırda bu funksiyanı yerinə yetirən Ombudsmanın da eyni işi görməsində faktiki və qanuni problem yoxdur. Məsələnin mahiyyəti Media Ombudsmanı institutunun fəallaşmasındadır.

Nəzərə almaq lazımdır ki, Ombudsman məhkəmə funksiyalarını özündə daşımır. Amma öz hesabatlarında məhkəməyə edilən şikayətlərlə bağlı məsələlərə toxuna bilər. Hökumət təsisatlarının medianı məlumatlandırması, onlarla izahat işi aparmaq, ölkənin informasiya məkanının xarici mediadan asılılığına şərait yaradıldığı təqdirdə bunun qarşısını almaq Media Ombudsmanının vəzifələri sırasındadır. Media Ombudsmanı jurnalistin fəaliyyətini daha çevik yerinə  yetirməsi ilə bağlı problemlərə anında müdaxilə edə bilər. Jurnalistin məlumat almaq hüququnu məhdudlaşdırmaqla bağlı şikayət etdiyi qurum Ombudsmana məlumat verməyə borcludur.

Digər Ombudsman təsisatı isə media qurumlarının özlərinin seçdiyi Ombudsmandır. Bu isə qurum daxilində jurnalist etikasının qorunmasına, jurnalistin daha peşəkar davranışına və qurumun nüfuzunun qorunmasına xidmət edir.

Bütün bunlardan öncə isə jurnalistin statusunun müəyyənləşməsinə ehtiyac var. Əvvəlcə, kimin jurnalist, kimin blogger, vlogger olduğu müəyyən edilməlidir. Daha sonra isə jurnalist immunitetinin yaradılmasına və qorunmasına xidmət edən təsisatlar fəaliyyət göstərə bilər.

Şamil Paşayev, hüquqşünas

apa-logo-mini

Digər xəbərlər