Məğlubiyyətdən doğan isterika: Ermənistandan sərsəm Gəncə bəyanatı - TƏHLİL

Məğlubiyyətdən doğan isterika: Ermənistandan sərsəm Gəncə bəyanatı - TƏHLİL
  • Clock-gray 19:14
  • calendar-gray 14 Avqust 2020

Bu dəfə separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Araik Arutunyan sərsəm və avantürist bəyanatla çıxış edib. A. Arutunyan deyib ki, Bakı Xankəndinə və “DQR” ərazisinə hücum edərsə, ermənilər Gəncəyə zərbələr endirə bilər.

Separatçı rejim rəhbərinin bəyanatının blef olduğunu nəzərə almaqla yanaşı, onu vurğulamaq lazım gəlir ki, ermənilərin Tovuzdakı uğursuzluqları və Azərbaycanın qətiyyətli addımları Ermənistanı yeni təxribatlara əl atmağa və revanş götürməyə vadar edir.

Növbəti dəfə xatırlatmaqda fayda var ki, Ermənistan beynəlxalq qanunları və konvensiyaları kobudcasına pozaraq, dəfələrlə Azərbaycanın yaşayış məntəqələrini, mülkü əhalini atəşə tutub. Lakin bu dəfə ermənilər daha uzağa gedən bəyanatla çıxış ediblər. Beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsi barədə bəyanatına diqqətlə və həssaslıqla yanaşmalıdır. Ermənistan  hakimiyyəti bununla bağlı ATƏT-in Minsk qrupuna və beynəlxalq ictimaiyyətə izahat verməyə borcludur. Eyni zamanda Arutunyanın cinayətkar və sülhü pozmağa yönələn bəyanatına vasitəçilik missiyasını üzərinə götürmüş həmsədrlər dərhal reaksiya verməli idi. Lakin hələlik onlardan heç bir reaksiya yoxdur. Bu onu göstərir ki, vasitəçilər vəzifələrini yerinə yetirməkdə acizdirlər, onların missiyası fiaskoya uğrayıb.

İstənilən halda, ermənilərin dinc əhalini atəşə tutmaq təcrübəsi böyükdür. Elə son Tovuz döyüşlərində də bunun şahidi olduq. Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində evlər dağıldı, 76 yaşlı kişi həlak oldu, daha bir neçə nəfər isə yaralandı.   

Son döyüşdən sonra ermənilər “məğlubiyyət sindromu”ndan əziyyət çəkirlər. Odur ki, hədələyici və sərsəm bəyanatlar səsləndirirlər. Bu, Ermənistanın baş nazirinin BBC-yə son müsahibəsində də aydın sezilirdi. Belə ki, Nikol Paşinyan  BBC telekanalının məşhur “HARDtalk” (Çətin söhbət) verilişinin radio versiyasının avqustun 14-də yayımlanmış növbəti buraxılışında tanınmış jurnalist Stefen Sakurun çətin suallarına verdiyi cavablar da düşünməyə əsas verir. Maraqlıdır ki, aparıcı “Nikol Paşinyan: Ermənistan və Azərbaycan üçün sülh” başlıqlı verilişin internet səhifəsindəki təqdimetmə mətninə haqqında belə ifadə işlədib: “O, hakimiyyəti siyasi islahatlar vədi ilə ələ keçirib, bəs necə oldu ki Ermənistan hələ də köhnə müharibələrə qərq olmuş vəziyyətdədir?” Müsahibini təqdim edən S. Sakur ona münasibətdə kəskin və kinayəli səslənən ifadələrdən çəkinməyib: “Cənab Paşinyan Ermənistana yeni başlanğıc vəd etmişdi”, “Ermənistanda baş vermiş siyasi inqilab onun Dağlıq Qarabağ üzərində Azərbaycanla uzun illər davam edən münaqişəsinə son qoyacağına ümidlər yaratdı, lakin belə olmadı”, “Münaqişə və Yerevandakı hərbi ritorika ilə yanaşı Ermənistan digər çağırışdan da əziyyət çəkir: koronavirus pandemiyası ölkəyə ağır zərbə vurmuşdur, iqtisadiyyat dərin böhrandadır, Rusiya, Türkiyə və ABŞ-dan strateji təzyiqlər göstərilir”, “Ermənistan əhalisinin əhvalına baxanda onların  məxməri inqilaba olan böyük ümidlərinin puç olduğunu görmək olar. Səhv nədə idi?”

Jurnalist kimi təcrübəsi olmasına baxmayaraq, N. Paşinyan sanki birinci dəfə idi mikrofon qarşısına çıxırdı. Müsahibə götürən S. Sakurun sualına cavabını “Mən sizin təəssüratla tamamilə razı deyiləm” cümləsi ilə başlaması onun bu sahədə də diletant olmasından xəbər verirdi.

İngilis dilində olduqca zəif danışan və hər cümləsində ingilis dilinin elementar qrammatik normalarını gözləməyən N. Paşinyan Ermənistanın məxməri inqilabdan sonra dünya reytinqlərində demokratiya, insan haqları, iqtisadi inkişaf, antikorrupsiya, məhkəmə islahatı sahələrində ən sürətli inkişaf edən ölkə kimi tanınması barədə cəfəng səslənən iddialar səsləndirdi. O, ölkədəki hazırkı  acınacaqlı vəziyyətin bütün günahını koronavirus pandemiyasının üzərinə cəhd etdi.  

S.Sakir onun sözünü kəsməyə məcbur oldu və koronavirus mövzusuna köklənməklə müsahibənin məğzindən uzaqlaşmaq cəhdinin qarşısı aldı: “Siz hakimiyyətə gələndə Azərbaycanla sülh üçün cığırın tapılacağı vədini vermişdiniz, halbuki ötən ay yeni döyüşlər, yeni münaqişə, hər iki tərəfdən hərbçilərin həlak olmasını gördük. Sanki  Ermənistan əvvəlki təcrübəsini davam etdirir və vəd edilən dəyişiklik baş vermir? ”.

Bu sual N.Paşinyanda isterik  reaksiya doğurdu.  O, beynəlxalq səviyyədə qəbul olunmuş mövcud danışıqlar formatının dəyişdirmək və işğal altındakı Azərbaycan ərazilərində yaradılmış qondarma rejimi münaqişə və danışıqlar tərəfi kimi təqdim etmək istəyini münaqişənin həlli üzrə indiyə qədər görünməyən yeni bir “formula” olduğunu sübut etməyə cəhd etdi. Onun sözünü  bir daha kəsən S.Sakur “Lakin əməllər sözlərdən daha çox danışır”  ifadəsi işlətməklə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisini artilleriya atəşinə məruz qoymaqda, bir nəfər 76 yaşlı dinc sakini qətlə yetirməkdə ittiham etdi, “Bir daha deyirəm ki, sizin apardığınız siyasət sülhə nail olmaq məqsədi daşımır” deməklə N.Paşinyanı çətin vəziyyətə saldı.

N.Paşinyanın  Azərbaycanın  ünvanına səsləndirmək istədiyi cəfəng ittihamları dinləmək  istəməyən  S. Sakur onun üzünə bu fikirləri səsləndirməkdən çəkinmədi: “Siz özünüz son aylarda gərginliyi artıran bir sıra təxribatçı hərəkətlərə yol vermisiniz.  Məsələn, niyə siz keçən ilin avqust ayında “Stepanakert”ə (Xankəndiyə) gedərək “Artsax (Siz Dağlıq Qarabağı belə adlandırırsız) Ermənistandır və nöqtə” bəyanatını etdiyiniz? Bundan sonra  sizi dinləyən kütlə Ermənistanla birləşməyə dair çağırışlar etməyə başladı. Bu, Azərbaycana qarşı açıq-aydın bir təxribat idi”.

N.Paşinyan bu suala saxta tarixi iddialar səsləndərməklə cavab verməyə çalışsa da, S.Sakur onun üzünə “Sizin iddia etdiyiniz minillik tarixinizə qarışmağa  niyyətimiz yoxdur.  Bizim  məqsədimiz hazırkı reallıqlara baxmaqdır. BMT-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələr var. Beynəlxalq hüquq çərçivəsində Ermənistan silahlı qüvvələri işğalçı ordudur və siz Dağlıq Qarabağa girərək o ərazinin sizin olduğunu iddia etməyə çalışırsınız. Siz açıq-aşkar sülhpərvər deyilsiz” ittihamını irəli sürdü. 

S. Sakur Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeni yolun inşa edilməsini  avropalı ekspertlər tərəfindən beynəlxalq hüququn pozulması, qeyri-qanuni işğal faktının möhkəmləndirilməsi kimi dəyərləndirdi. Onun sözlərinə görə, “Ermənistanın Dağlıq Qarabağ məsələsində millətçilik mövqeyindən çıxış edir, Ermənistan hakimiyyətinin hazırkı strategiyasında heç bir mənalı sülh elementi sezilmir. Siz sələflərinizdən heç nə ilə fərqlənmirsiz. Ermənistan əhalisi üçün vacib olan bu problemin həlli üçün siz heç bir fərqli yanaşma təqdim etmirsiz”.

S.Sakur daha irəli gedərək Ermənistan ordusu tərəfindən Dağlıq Qarabağda dinc azərbaycanlı əhaliyə qarşı ağır müharibə cinayətləri və insan haqları pozuntuları törədildiyini, bu cinayətlərin əksər müstəqil müşahidəçilər tərəfindən sənədləşdirildiyini N.Paşinyanın diqqətinə çatdırdı, keçmiş hüquq müdafiəçisi kimi Azərbaycan və beynəlxalq məhkəmə qarşısında bu cinayətləri etiraf etməsinin vacibliyini qeyd etdi. N.Paşinyan “bütün müharibələrdə insan fəlakətləri olur” deməklə bu ittihamı sanki qəbul etmiş vəziyyətə düşdü.

Koronavirus mövzusuna keçən S.Sakur pandemiya ilə mübarizədə Ermənistan hakimiyyətinin səylərini və strategiyasını ciddi uğursuzluq adlandırdı,  yayılma statistikasının qonşu Gürcüstan və Azərbaycanla müqayisədə olduqca acınacaqlı olduğunu bildirdi.

N. Paşinyan bu uğursuzluğu dünyadakı vəziyyətlə əlaqələndirməyə çalışsa da, S.Sakur baş nazirin addımlarının öz əhalisi tərəfindən mühakimə edildiyini vurğuladı (“Siz may ayında Arayik Arutunyanın “inauqurasiyasında” iştirak edəndə maska taxmamışdınız, iyunun ortalarında sizin ölkədə ciddi epidemioloji böhran hökm sürürdü və siz öz əhalinizi məsuliyyətsizlikdə ittiham etməyə başladınız. Sizin maskasız insanlar arasında olmağınız liderlik kimi görünmürdü. Sizin ünvanınıza əhali və digər siyasi partiyalar tərəfindən kəskin ittihamlar səsləndirildi”). S.Sakur beynəlxalq təşkilatlar tərəfindən Ermənistandakı demokratik vəziyyətin də kəskin hədəf obyektinə çevrildiyini, ölkədə ciddi insan haqları pozuntularının, xüsusilə azlıqlara və zərif təbəqələrə qarşı ayrı-seçkiliyin hökm sürdüyünü, korrupsiyaya qarşı mübarizənin yetərli olmadığını, siyasi rəqiblərə qarşı repressiyaların davam etdiyini də vurğuladı. N. Paşinyanın bu ittihamlara vermək istədiyi cavablar məntiqsiz və əlaqəsiz səslənirdi.

Ümumiyyətlə, bu müsahibəni dinləyən istənilən şəxs N. Paşinyanın nəinki ölkə rəhbəri kimi, hətta adi siyasətçi və jurnalist kimi nə qədər diletant olması qənaətinə gələ bilər.

Eyni zamanda, bu müsahibədə Ermənistanın mülki insanlara, bəşəriyyətə qarşı bir qaniçən siması ortaya çıxdı. Hər cümləsində N. Paşinyanın haqsız, Ermənistanın işğalçı olduğunu faktlarla ortaya qoyan S. Sakur bu həqiqətləri çılpaqlığı ilə dünyaya nümayiş etdirdi. Üzləşdiyi situasiyadan özünü itirən, qarşılaşdığı həqiqətlərə kəkələyə-kələyə, baş-ayaq cümlələrlə cavab verməyə çalışan Paşinyan gülünc və aciz duruma düşdü.

Əslində, Paşinyan başda olmaqla bu gün bütün erməni cəmiyyəti çıxılmaz durumdadır. Bu baxımdan, Gəncənin və yaxud Mingəçevirin vurulması ilə bağlı bəyanatlar verməklə, düşən reytinqlərini bərpa etmək istəyirlər.

Onlar Tovuz döyüşlərində burnu ovulanda da düşdükləri aciz vəziyyətdən Mingəçevir Su Elektrik Stansiyasını vurmaqla hədələmişdilər. Lakin bu blefləri keçməyəndə, yenə də əzabkeş xalq qılığına girib, zarımağa, Azərbaycandan Metsamor AES-ə təhlükə oldu barədə sərsəmləməyə başlamışdılar.

Onların xisləti, mahiyyəti ortada və bəllidir. Ermənistan üçün əsas hədəf yaşayış məntəqələri, mülki insanlar, körpələr, qadınlar, qocalardır. Ermənistan artıq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa adət edib və bununla öz yırtıcı və faşist simasını dəfələrlə nümayiş etdirib. İndi də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni hədəf kimi seçib, sərsəm bəyanatlar səsləndirirlər.

Azərbaycan Ordusunun Ermənistanın istənilən hücumunun qarşısını almaq imkanı var, bunu düşmən ölkə özü də yaxşı bilir.

Azərbaycan Müdafiə Nazirliyi son bəyanatında da bildirib ki, Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Ermənistan tərəfindən irəli sürülən hədələr düşmənin növbəti hərbi avantürası olmaqla yanaşı, işğalçılıq siyasətinin göstəricisidir və bu onların növbəti təxribat əməlləri törətmək niyyətindən xəbər verir: “Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə yaşayış məntəqələrimizi və dinc əhalini atəşə tutaraq bir nəfər kənd sakinini qətlə yetirən düşmən təxribatının qarşısı Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətlə alındı.  Mülki obyektlərin və yaşayış məntəqələrinin hədəfə alınması Ermənistan silahlı qüvvələrinin standart praktikasıdır. 2016-cı il aprel hadisələri, Tovuz rayonu istiqamətində baş vermiş döyüş toqquşmaları zamanı da Ermənistan silahlı qüvvələri tərəfindən mülki obyektlərin hədəfə alınması və dinc sakinlərin qəsdən öldürülməsi kimi əməllərin şahidi olduq. Bir daha qətiyyətlə bildiririk ki, Azərbaycan Ordusu Ermənistanın bütün atəş nöqtələrini, hərbi dayaq məntəqələrini və digər legitim hərbi hədəflərini məhv etmək potensialına malikdir və buna qadirdir. Ermənistanın hər bir təxribatının qarşısı Tovuz döyüşlərində olduğu kimi qətiyyətlə alınacaq və bu kimi təxribatların törədilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcəkdir”.

İndi əsas məsələ beynəlxalq təşkilatların, həmsədrlərin Ermənistanın növbəti təhlükəli, işğalçıya xas bəyanatına münasibət bildirib, ölçü götürülməsidir. Dünya bu qeyri-humanist, insanlıq əleyhinə yönəlmiş bəyanata ciddi yanaşmalı, Ermənistan hakimiyyətindən bununla bağlı izahat tələb olunmalıdır. Ən böyük məsuliyyət isə susmağa davam edən ATƏT Minsk Qrupu həmsədrlərinin üzərinə düşür.

APA Analitics

apa-logo-mini

Digər xəbərlər