Prezidentin növbəti uzaqgörənliyi: Azərbaycan diplomatik cəbhədə də uğurlar qazanır - TƏHLİL

Prezidentin növbəti uzaqgörənliyi: Azərbaycan diplomatik cəbhədə də uğurlar qazanır - TƏHLİL
  • Clock-gray 18:06
  • calendar-gray 23 Oktyabr 2020

Azərbaycanın cəbhə xəttində qazandığı uğurlar Bakının həm də diplomatik üstünlüyə yiyələndiyini ortaya çıxarır. Əslində, Azərbaycan özü beynəlxalq təşkilatların yerinə yetirməli olduğunu vəzifəni həyata keçirir. Görünən budur ki, bəzi beynəlxalq təşkilatlar prosesə yalnız mane olurlar və sülhün əngəlləyicisi kimi çıxış edirlər.

Belə ki, 2020-ci il oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Rusiya, ABŞ və Fransa tərəfindən TŞ Prezidentinin (rotasiya qaydasına uyğun olaraq oktyabr ayı üçün Rusiyadır) bəyanatının layihəsi hazırlanıb və razılaşdırılması üçün üzv ölkələr arasında yayılıb. Bəyanat layihəsində BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almayıb. 

BMT TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına (QH) üzv olan 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenada layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini təklif ediblər.

Lakin həmsədr ölkələr bunun qəbuledilməz olduğunu bəyan edərək, adıçəkilən təklifi qəbul etməyiblər. Həmsədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru  vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq, QH ölkələri prinsipial mövqe nümayiş etdirərək, TŞ qətnamələrinə istinadın yer almasında təkid ediblər. Bundan sonra həmsədr ölkələr bəyanat layihəsini geri çəkiblər.

Son 25 ildə ilk dəfə idi ki, Qarabağ məsələsi TŞ-də müzakirə olunurdu. Həmsədrlər tərəfindən hazırlanmış bəyanat layihəsi sırf onların stilində idi. Atəşkəsə nail olunması, danışıqların aparılması kimi şablon, çeynənmiş fikirlər sənəddə geniş yer alırdı.

Bir daha göründü ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ədalətli, bitərəf deyillər, açıq-aşkar işğalçının tərəfini tuturlar.

Xatırladaq ki, BMT TŞ qətnamələri 1993-cü ildə yekdilliklə qəbul edilmişdi. Hər üç  həmsədr ölkə də qətnamələrin lehinə səs vermişdi. Odur ki, belə bir sual yaranır - nəyə görə həmsədr ölkələr TŞ qətnamələrindən bu dərəcədə qədər qorxurlar? TŞ qətnamələrinin adı çəkiləndə nəyə görə narahat olurlar? Belə münasibət əslində özünün səsinə, imzasına hörmət etməmək, öz-özünü təhqir etməkdir. BMT TŞ qətnamələrində Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı tələblər yer alıb. BMT TŞ-nin 884 saylı qətnaməsində “822, 853, 874 saylı qətnamələrin icra edilməsi üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilirdi.

Yenə də sual yaranır: BMT TŞ-nin qətnamələri nəyə görə 27 ildir, kağız üzərində qalır? Nəyə görə işğalçı ölkəyə təzyiqlər göstərilmir, ona qarşı sanksiyalar qoyulmur? 

Ermənistan beynəlxalq hüququ və TŞ qətnamələrini ayaq altına ataraq, öz işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxartmaq əvəzinə, işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutdu. Ermənistanın beynəlxalq öhdəlikləri kobudcasına pozmasına həmsədr ölkələr göz yumurdu. 27 ildən sonra Azərbaycan ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl, Zəngilanı işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin bir hissəsinin icrasını özü təmin etdi.

Münaqişənin indiyə qədər həll olunmamasının günahkarı Ermənistan və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələridir. Baş verənlər Minsk Qrupu həmsədrlərinin Azərbaycan cəmiyyətində niyə qıçıq və qəzəb yaratdığını aydın surətdə izah edir.

Azərbaycan cəmiyyəti həmsədrlərdən ikili standartlarından artıq bezib. BMT TŞ tamamilə lazımsız bir quruma çevrilib. Nəyə görə Türkiyə, Pakistan, İndoneziya, Braziliya, Cənubi Afrika kimi ölkələr TŞ-nin daimi üzvü olmamalıdır? Nəyə görə TŞ bəzi ölkələrin inhisarına çevrilməlidir? Dünyanın taleyini nə vaxta qədər müstəmləkə keçmişinə malik, neokolonist düşüncəli ölkələr həll etməlidir? QH ölkələri isə ədaləti, beynəlxalq hüququ dəstəkləməklə Hərəkatın prinsiplərinə, dəyərlərinə sadiq qaldıqlarını nümayiş etdirdilər. Bu, həm də QH-nin bir daha beynəlxalq münasibətlər sistemində ciddi faktor olduğunu göstərdi. Bəzən bir sıra ekspertlər “QH-na qoşulmaq Azərbaycanın nəyinə lazımdır”, “Nəyə görə başqa ölkələrə humanitar və maliyyə yardımlar edilir” kimi yanlış mühakimələr yürüdürdülər. Lakin onlar anlamırlar ki, Prezident İlham Əliyevin xarici siyasət xətti ölçülüb-biçilmiş, düşünülmüş, uzunmüddətli hədəflərə hesablanmış bir xarici siyasətdir. Azərbaycan qısa müddət ərzində qazandığı nüfuz və inama görə QH-nın sədri seçildi. Prezident İlham Əliyev QH ölkələri adından koronavirusa qarşı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi ki, dünyanın 130-dan çox ölkəsi bu təşəbbüsü dəstəklədi. Azərbaycan yalnız COVİD-19 ilə bağlı 30-dan ölkəyə maliyyə və humanitar yardımlar göstərdi.

BMT TŞ-nin sözügedən ədalətsiz bəyanatının qəbul edilməməsi, QH-na üzv ölkələrin dəstəyi və əlbəttə ki, Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir.

Əslində, BMT TŞ bir neçə ölkənin əlindəki təzyiq alətidir. Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən unutmaq olmaz ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. BMT TŞ-nin 4 qətnaməsi bu cür münaqişələrin həllində maraqlardan və imkanlardan doğan ikili standartlar tətbiq olunur. Yəni ABŞ-ın, Rusiyanın maraqları, təsir imkanları nədən ibarətdir və bundan çıxış edərək dövlətlər mövqelərini müəyyənləşdirib tərəflərə təsir göstərməyə çalışırlar. İdealda bütün münaqişələrin unikallığı, onların fərqləndirici cəhətləri olmasına baxmayaraq, etnik, dini element olan münaqişələrə ümumi model tətbiq edilməlidir. Bu ümumi model də hamı üçün aydın olmalıdır. Əks təqdirdə proses ikili standartlara və yaxud münaqişənin sonsuza qədər davam etməsinə aparır.

Onu da qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi tarixdən qaynaqlanır. Söhbət 1905 və 1918-ci il hadisələrindən gedir. SSRİ münaqişəni həll etmədi, bir variantı tapıb tərəflərə sadəcə sırıdı, münaqişə isə həll edilməmiş qaldı. İndi BMT TŞ universal variant hazırlamalıdır və model tərəflərə aydın olmalıdır. Onsuz da Dövlət  Departamentinin bütün bəyanatlarında Azərbaycanın ərazi bütövlüyü tanınır. Xalqların öz müqəddəratını  təyin etmək hüququ isə əslində bəşəriyyəti müstəmləkəçilikdən azad etmək üçün yaradılıb, o cümlədən, ərazi bütövlüyü, problemin dinc yolla həlli prinsipləri və bunlar II Dünya müharibəsindən sonra beynəlxalq hüquqa daxil edilib. Amma bu  prinsiplərin tətbiqi modelləri tam şəkildə işlənib hazırlanmayıb, milli azlıqların hüququ haqqında konvensiya olsa da, bu tip münaqişələrdə hansı halda hansı modeldən istifadəsi aydın deyil.

Ona görə də xarici diplomatlar öz bəyanatlarında suverenliyi tanımaqla bərabər xalqların öz müqəddəratını təyin etməsi ifadəsini nədənsə yalnız Dağlıq Qarabağ məsələsində yanaşı çəkirlər. Bu isə Azərbaycanın haqlı mübarizəsinə əngəl törədir.

ATƏT-in  Minsk qrupunun gördüyü işlərin əksəriyyəti görüntü xarakteri daşıyır. Münaqişənin müzakirəsi 27 ildir davam edirdi və Azərbaycan əks-hücum əməliyyatı ilə cəmi bir neçə həftəyə problemin bir hissəsini həll edə bildi. Həmsədrlərin ard-arda verilən bəyanatlardan "Azərbaycanın hərbi əməliyyatlardakı uğuru kifayət qədər güclü olmasa, məsələyə beynəlxalq ictimaiyyət qarışacaq” nəticəsi çıxırdı.

Bu gün atəşkəs çağırışı edən həmsədrlər konkret paketlə çıxış edə bilmirlər. Hazırda bunun qeyri-mümkün olduğunu, həmsədrlərin buna səlahiyyətinin çatmadığını nəzərə alsaq, Prezident Əliyevin qısa zamanda necə uğur qazandığının şahidi ola bilərik. BMT qətnamələrində göstərilən "atəşkəs elan edilib-edilməməsindən asılı olmayaraq Zəngilan birtərəfli olaraq ermənilərdən azad olunmalıdır” bəndinin hələ də hansı səbəbdən yerinə yetirilməməsini, BMT-in gündəliyinə çıxarılmamasıını soruşa bilməyən həmsədrlər dişsiz, məzmunsuz, ünvansız, işğalçı və işğala məruz qalan ölkə arasında fərq qoymayan sənədlər qəbul edirlər. Həmsədr ölkələr öz xislətlərinə sadiq qalaraq erməni təəssübkeşliyindən əl çəkə bilmirlər.

BMT TŞ qətnamələrinə bu münasibət ilə onlar bir daha özlərini ifşa etdilər. Münaqişənin bu qədər düyünə düşməsinin başlıca səbəbi ATƏT Minsk qrupunun qeyri-müəyyən məqsədli danışıqlar aparmasıdır. Atəşkəs rejimi elan olunanda həm ermənilər, həm dünya ictimaiyyəti Azərbaycanın işğalla barışacağını düşünürdülər. Azərbaycan Prezidenti, Azərbaycan xalqı və Azərbaycan Ordusu bu xəyalları puç elədi. Bu gün Azərbaycanı yüzlərlə ölkə müdafiə edir. Dünya yalnız BMT-nin TŞ-nin üzvlərindən ibarət deyil. Azərbaycan dövlət başçısının uğurlu diplomatik gedişləri bunu bir daha sübut etdi.

APA Analitcs

apa-logo-mini

Digər xəbərlər