Soydaşlarımızın işğala etiraz aksiyalarına “ermənipərəst münasibət”

Soydaşlarımızın işğala etiraz aksiyalarına “ermənipərəst münasibət”
# 26 iyul 2020 16:35 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın ərazi bütövlüyünü pozaraq, Dağlıq Qarabağ sərhədlərindən uzaqda yerləşən Tovuz rayonuna hücum etdikdən, dinc əhalini və hərbiçiləri qətlə yetirdikdən sonra yüz minlərlə Azərbaycan insanı “orduya dəstək” şüarı ilə izdihamlı aksiyalar keçirtdi. Qısa zaman ərzində dünyanın hər yerində azərbaycanlılar milli birlik nümayiş etdirərək, dinc etiraz aksiyalarına başladılar. Azərbaycan xalqı bir yumruq kimi orduya dəstək olduğunu nümayiş etdirdi. Azərbaycan xalqının istər cəbhə bölgəsində, istərsə də bütün dünyada yekdillik nümayiş etdirməsi erməniləri vahiməyə saldı və onlar dinc aksiyalar təşkil edən soydaşlarımıza hücuma keçməyə başladılar. Bununla kifayətlənməyən ermənilər azərbaycanlıların işlətdiyi ticarət obyektlərinə basqınlar təşkil edərək, açıq terror aksiyalarına əl atdılar. Gözləmək olardı ki, ermənilərin bu təxribatları azərbaycanlıların daha sıx birləşməsinə səbəb olacaq. Əslində, xalqın mühüm kəsimi milli maraqlar naminə birləşə bildi. Lakin bu dəfə də “sapı özümüzdən olan balta”lar düşmən təbliğatında bir alətə çevrildilər. Ermənilər Azərbaycana qarşı əsas silahlarını aktivləşdirdilər. Xaricdəki anti-milli şəbəkə sinxron şəkildə Azərbaycan dövlətinin və xalqının üzərinə hücuma keçdi.

Onların eyni anda sinxron şəkildə Azərbaycan dövlətinin və xalqının üzərinə hücuma keçməsi, baş verənlərdə Azərbaycan xalqını və hakimiyyətini müqəssir bilməsi təsadüfü sayıla bilməz. Eyni anda xaricdə yaşayan Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və digərlərinin “baş verənlərdə ermənilər yox, azərbaycanlılar, bizim diaspora və səfirliyimiz günahkardır” təbliğatına başlaması onu deməyə əsas verir ki, bu çıxışlar ermənilərin tapşırığı ilə həyata keçirilirdi. Bu çıxışları erməni mətbuatı geniş işıqlandırmağa və bizə qarşı istifadə etməyə başladılar. Necə ola bilər ki, adı çəkilən şəxslər eyni tezislərdən ibarət bəyanatları eyni anda verməyə başladılar? Çıxışlardakı cümlələr də eyni idi və bu fakt onların vahid mərkəzdən idarə edildiyini deməyə əsas verir. Dünənə qədər özlərini “vətən fədaisi”, “demokratiya uğrunda savaşan qəhrəman” kimi təqdim edənlər açıq və aydın anti-Azərbaycan, erməni mövqeyindən çıxış etdilər və Ermənistan mətbuatı və siyasi dairələri bundan geniş istifadə etməyə, milli maraqlarımıza zərbələr vurmağa başladılar.

Müqayisə üçün bildirək ki, Nikol Paşinyana qarşı ən sərt mübarizə aparan erməni bloggerlər və xaricdə yaşayan siyasi mühacirlər öz dövlətlərinə qarşı bircə kəlmə belə demədilər, əksinə, Azərbaycana nifrət dalğasında hər kəsi birliyə səslədilər. Ən qatı erməni millətçiləri ilə xaricdə yaşayan bəzi azərbaycanlıların mövqeyi üst-üstə düşdü. Buradan bir daha bəlli olur ki, bu adamlar ermənipərəst qüvvələrə bağlıdırlar və onlar tərəfindən maliyyələşirlər.

Bu gün bütün dünyada azərbaycanlıların Qarabağ uğrunda ədalətli savaşı gedir və müxtəlif ölkələrdə yaşayan, müxtəlif millətlərdən olan insanlar Azərbaycana dəstək verir, ermənilərin terroru ilə bağlı verilişlər hazırlayır, adları çəkilən “demokratiya fədailəri” isə əllərindəki media, sosial şəbəkə resurslarını soydaşlarımızın tribunasına çevirmək, haqq davasına qoşulmaq əvəzinə baş verənlərin əsas günahkarı kimi özümüzü göstərirlər.

Şəhid qızı, jurnalist Sevinc Osmanqızının dedikləri isə tam rüsvayçılıqdır. Hətta ermənilər özləri də yalan və böhtanlarında bu qədər insafsızlıq etməmişdilər. Azərbaycanlıların milli birlik çağırışlarını xuliqanlıq, quldurluq, vətənşüvənlik kimi qələmə verən Osmanqızı ilk növbədə şəhid atasına qarşı hörmətsizlik etmiş oldu. Azərbaycanlıların vətənpərvərlik aksiyasını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışan, bununla da ermənilərin mövqeyinə xidmət göstərən, onların cinayətkar əməllərinə bəraət qazandırmağa cəhd edən Osmanqızı gerçək simasını göstərdi.

Erməni siyasi mətbəxində hazırlanan tezislər əsasında bayrağının və şəhidinin qürurunu qoruyan azərbaycanlılara bandit, xuliqan, vətənşüvən deyən Sevinc Osmanqızının çıxışındakı tezislərə diqqət edək: "Təhlükə yoxdur, sivil mübarizə aparılmaqdadır, mən sizi inandırıram ki, heç erməni tərəfində belə bir niyyət yoxdur. Bu gün bu sivil mübarizəni pozan Azərbaycan tərəfidir. Rəsmi Bakıdır bu qarşıdurmanı təşkil edən. Erməni həmkarımla sualları cavablandırırdım. Azərbaycanlı gəncdir, müsahibə verir və deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq... Onlar Azərbaycanın imici üçün nəsə yaxşı bir iş görmüş olurlarmı? Baxın, adam deyir ki, əlimizdən gələn qədər vuruşduq, savaşdıq. Nədən ötrü vuruşdunuz və savaşdınız? Azərbaycanın imicinin xuliqan, bandit olduğunu təsbit etməkdən ötrümü savaşdınız? Siz nə qazandınız? Və nəyə görə onlar səfirliyin müdafiəsinə qalxmalıdırlar? Mən davanın kimin başlatdığına girməyəcəm. Əhəmiyyətli məsələ də deyildir. Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi demək deyildir. Qarabağ bura deyildir. Savaşlar Qarabağda gedir, savaş Azərbaycanla Ermənistan sərhədində gedir. Siz Azərbaycan səfirliyini müdafiə etmək üçün ora getməyinizlə vətənə xidmət etmiş olmursunuz. Siz burada vətənpərvərlik görürsünüzmü? Vətənpərvərliyin "V" hərfini görürsünüzmü? Bu, şüvənlikdir, vətənşüvənlikdir"...

Osmanqızı xalqın sərt təpkisini görərək, çıxışının montaj edildiyini iddia edir. Çıxışın 31 dəqiqəlik tam variantının kiçildilmiş variant ilə heç bir fərqi yoxdur. O, 31 dəqiqəlik çıxışında da Azərbaycan tərəfini haqsız çıxardır. Osmanqızına görə, ermənilər səfirliklərin qarşısında etiraz aksiyası keçirməkdə haqlıdır, amma bizimkilər səfirliklərin qabağına toplaşıb “biz də varıq” deyəndə haqsızdır. O günahı döyənlərdə yox, döyülənlərdə görür.

Azərbaycana qarşı təbliğat aparan sabiq səfir Arif Məmmədov isə lap uzağa gedərək, “ermənilərin heç bir günahı yoxdur, baş verənlərin yeganə günahkarı Azərbaycanın xüsusi xidmət orqanlarıdır” tezisi ilə özünün kimə xidmət etdiyini açıq nümayiş etdirdi. Arif Məmmədov çıxışlarında həqiqətə uyğun olmayan, Azərbaycana qarşı qarayaxma kampaniyasına işləyən fikirlər səsləndirir. O iddia edir ki, guya bir sıra ölkələrdə azərbaycanlılarla ermənilər arasındakı münaqişənin səbəbkarı Azərbaycan hökumətidir və bununla hazırkı rəhbərlik daxili problemlərdən fikirləri yayındırmağa çalışır.

Dönüklərin dediklərinin əksinə, son günlər sosial şəbəkələrdə ermənilərin azərbaycanlılara hücumlarını əks etdirən görüntülər sübuta yetirir ki, baş verənlərdə birmənalı şəkildə ermənilər günahkardır. Kiyevdə erməni dörd azərbaycanlı tələbəyə atəş açıb. Bundan əvvəl Moskva, Brüssel, Los-Ancelesdə ermənilər soydaşlarımıza hücum edib. Yəqin ki, A.Məmmədov bunları görmək istəməyib və özünü “ağıllı diplomat” kimi təqdim etməklə Azərbaycan xalqına, Azərbaycan hökumətinə qara yaxmaq, xainliyini açıq-aşkar biruzə verməklə məşğuldur.

2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “fövqəladə və səlahiyyətli səfir” diplomatik rütbəsindən məhrum edilən, dövlətə külli miqdarda ziyan vurmaqda, büdcə vəsaitlərinin qanunsuz istifadəsində ittiham olunaraq, beynəlxalq axtarışa verilən Arif Məmmədovun ermənilərlə əlbir olduğu sübut olunub. O, Azərbaycan xalqına qarşı ermənilər kimi nifrət bəsləyir, Azərbaycanın suverenliyindən qıcıqlanır və mənfur, qaniçən, qoca, uşaq, qadını qətlə yetirən, Xocalı soyqırımını törədən, Azərbaycan ərazilərini işğal edən, bir milyondan çox insanın yurd-yuvalarından didərgin düşməsinə səbəb olan erməniləri azərbaycanlılardan üstün tutduğunu açıq şəkildə bəyan edir.

Artıq bütün dünya başa düşür ki, təxribatçı, cinayətkar məhz ermənilər və Ermənistandır. Ermənilər Azərbaycanın torpaqlarını 200 ildir zəbt, işğal edib, tarixi ərazilərimizdə dövlət qurublar, Dağlıq Qarabağı isə 30 ildir işğalda saxlayırlar. Üstəlik, Türkiyə torpaqlarına, Ağrı dağa da iddia edirlər. İndi də ermənilər ənənəvi işğalçılıq, təxribatçılıq missiyalarını davam etdirirlər. Fərqlilik ondadır ki, indi azərbaycanlılar dünyanın hər yerində bir araya gələrək, yumruq kimi birləşərək, ermənilərə qarşı savaşırlar. Bu davaya dünyanın hər yerində bütün azərbaycanlılar qoşulub, milli dava statusunu alıb. Millətin bütün fərdləri imkanlarını səfərbər edib. Xaricdəki biznes strukturlarının rəhbərləri erməniləri iqtisadi olaraq çökdürmək üçün onlara embarqolar qoyur, diaspor təşkilatları, fəalları həqiqətləri çatdırmaq üçün bütün mümkün variantlardan istifadə edir, sadə azərbaycanlılar küçələrə, nümayişlərə çıxırlar. Bir qrup “sapı özümüzdən olan balta” isə bu birliyə zərbə vurmaq üçün düşmənlə birləşir. Lakin xalq artıq həqiqətləri dərk edir və sosial şəbəkələrdə erməniləri dəstəkləyən şəbəkəyə edilən etirazlar da bunu sübut edir. Bu şəxslər azərbaycanlıların vətənpərvərlik aksiyasını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışır, bununla da ermənilərin mövqeyinə xidmət göstərir, onların cinayətkar əməllərinə bəraət qazandırmağa cəhd etdilər, lakin bu dəfə alınmadı.

Azərbaycan xalqı bir daha xarici ölkələrə sığınıb dövlətimizə və millətimizə qarşı mübarizə aparan bu ünsürlərin əsl riyakar, xain mahiyyətini gördü.

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR