Şuşa dünyanın mədəni mərkəzlərindən birinə çevriləcək - TƏHLİL

Şuşa dünyanın mədəni mərkəzlərindən birinə çevriləcək - TƏHLİL
# 18 mart 2021 13:34 (UTC +04:00)

2021-ci ilin Novruz bayramı fərqli şəraitdə qeyd edilir. Artıq erməni işğalından azad edilən rayonlarda tonqallar qalanır, torpaqlar əsl sahibinə qovuşur. İşğaldan azad edilən rayonlar içərisində ermənilərin alınmaz qala sandıqları Şuşa isə xüsusi əhəmiyyətə malikdir.

Şuşa 1992-ci ilin mayın 8-də erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi. O vaxtdan bu işğal ermənilər üçün "böyük qələbə", azərbaycanlılar üçün "ən ağır itki" sayılırdı. Lakin ötən il noyabrın 8-i bu şəhərin geri alınması ilə müharibənin taleyi həll edildi.

İşğaldan sonra Şuşanın tarixi görkəmini dəyişməyə cəhd göstərən ermənilər bu illər ərzində Şuşanı Şuşi adlandıraraq ermənilərin tarixi şəhəri kimi qələmə verirdilər. Nikol Paşinyan hakimiyyətə gələr-gəlməz Şuşa məsələsində xüsusi olaraq spekulyasiyaları ilə seçildi. Onun Şuşanın işğalının 27-ci ildönümünü münasibəti ilə şəhərə qanunsuz səfər edərək separatçılar və Ermənistan hökumətinin üzvləri ilə Cıdır düzündə rəqs etməsi və 2020-ci il mayın 21-də Şuşada separatçı "DQR"-in yeni "prezidenti"nin andiçmə mərasiminin keçirilməsi Azərbaycan xalqının emosiyalarını pik həddə çatdırmışdı. Təsadüfi deyil ki, müharibə dövründə Azərbaycan Prezidenti İlham Əliyev xarici mediaya verdiyi müsahibələrinin birində bu epizodu xatırlamışdı: "Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı".

Beləliklə, 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan ermənilər 44 günlük müharibədə ərazilərimizdən qovuldu və regionun tarixində yeni mərhələyə start verildi. Müharibədən sonrakı 4 ay ərzində Prezident İlham Əliyev işğaldan azad edilmiş rayonlarda, o cümlədən Şuşada bir neçə dəfə olub, bu bölgələrdə çıxışı zamanı vacib məqamlara toxunub.

Azərbaycan mədəniyyətinin beşiyi Şuşa postmüharibə dövründə də tariximizin və mədəniyyətimizin təbliğində və bölgədəki varlığında xüsusi yer tutur. Təsadüfi deyil ki, dövlət başçısı bir neçə gün öncə Şuşaya etdiyi səfərində ilk növbədə bu məsələlərə diqqət yetirdi. Martın 16-da Şuşa şəhərinə birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə səfər edən Prezident İlham Əliyev çıxışında son dəfə buraya yanvar ayında gəldiklərini və Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini Şuşaya qaytardıqlarını qeyd etdi. Şuşadakı yenidənqurma və bərpa işlərinə toxunan dövlət başçısı məscidlərin bərpası ilə bağlı artıq müvafiq göstərişlərin verildiyini, Vaqifin məqbərəsində tezliklə bərpa işlərinə başlanacağını bildirdi.

Qeyd edək ki, 1992-ci ildə ermənilər tərəfindən vəhşicəsinə dağıdılan Vaqifin məqbərəsi Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək.

Səfər zamanı Prezident və ailəsi Şuşa şəhərinin mərkəzində yerləşən Pənahəli xanın sarayının qalıqlarına baxdılar, eyni zamanı Karvansaray tarix-memarlıq kompleksində, Şuşa Xalça Muzeyində oldular və “Qarabağ” mehmanxanasında aparılacaq təmir-bərpa işləri ilə tanış oldular. Həmin yerlərə baxış zamanı dövlət başçısı ermənilərin xanın iqamətgahını vəhşicəsinə dağıtdıqlarını qeyd edərək bildirib ki, “Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər bunu. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər”.

Eyni zamanda çıxışında Prezident ermənilərin törətdikləri vəhşiliklərə toxunaraq onların bu coğrafiyaya gələrək yerli əhaliyə qarşı divan tutduğunu pisləyib. O qeyd edib ki, “Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidəsini bax, bu günə qoyasan. Vəhşilik. Mən deyəndə ki, sanki vəhşi qəbilə keçib buradan, bax, bu mənzərəni nəzərdə tuturam”.

Prezidentin ermənilər haqqında söylədikləri inkaredilməz faktlardır. Bir zamanlar Azərbaycan torpaqlarına gələn, Azərbaycan evlərində yaşayan ermənilər bizim onlara olan xoş münasibətimizdən istifadə edərək lazımi məqamı gözləməkdə idilər. XVII əsrin sonlarından başlayaraq ermənilər Azərbaycan ərazisində onlara torpaq verilməsi üçün I Pyotrdan tutmuş digər xristian hökmdarlarına müraciətlər etmiş, nəhayət Türkmənçay müqaviləsindən sonra istəklərinə nail olaraq tədricən öz mənfur planlarını həyata keçirməyə başlamışdılar. XIX əsrin sonlarından başlayaraq isə "Böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq Azərbaycandakı müxtəlif millətlərə qarşı dəhşətli soyqırımı cinayətləri həyata keçirdilər. 1890-cı ildə "Daşnaksutyun" partiyasını yaratmaqla mənfur niyyətlərinə start verən ermənilər "yazıq millət" pərdəsi arxasında Qafqazda, Türkiyədə və dünyanın müxtəlif ölkələrində ən qanlı hadisələrə, terrora, qırğınlara imza atdılar. 1990-cı illərdə isə bu dəfə Qarabağ və Zəngəzurun şərqini işğal edən ermənilər getdikcə “Böyük Ermənistan” planını həyata keçirməyə başladıqlarını düşünürdülər. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin bu illər ərzində apardığı düşünülmüş siyasət 2020-ci ilin payızında bu istəkləri puç edərək Azərbaycan xalqını və ümumilikdə bölgəni xilas etdi, regionda yeni tarixi mərhələnin, başlanğıcını qoydu, yeni reallıqlar yaratdı. Beləliklə, son 200 il ərzində müxtəlif yollarla torpaqlarımıza sahiblənən ermənilər Azərbaycan xalqının “dəmir yumruğu” ilə rastlaşdı. O yumruq ki, onları bir daha ayağa qalxmağa qoymayacaq.

Səfər zamanı diqqəti çəkən digər vacib məqamlardan biri Şuşa şəhərinin erməni işğalı altında olan digər şəhər və rayonlar kimi baxımsız və dağıdılmış vəziyyətdə olması idi. Bu məsələyə toxunan dövlət başçısı qeyd etdi ki,Şuşa kimi mənzərəsi, təbiəti olan şəhəri belə günə salmaq vəhşilikdir. Azərbaycanlıların evlərini dağıdıblar və hesab edirdilər ki, bu işğal əbədi olacaq. Biz işğala son qoyduq”. Eyni zamanda, dövlət başçısı əlavə etdi ki, Azərbaycan Şuşanı nəinki respublikanın, ümumilikdə dünyanın ən gözəl şəhərlərindən, mədəni mərkəzlərindən birinə çevirəcək.

Prezident haqlıdır. İşğal altındakı rayonlarda gördüklərimiz sübut edir ki, bu vandalizm aktlarını ancaq və ancaq vəhşilər törədə bilərdi. Tarixdən də bəllidir ki, bütün müharibələr zamanı yaşayış məskənlərini, maddi-mədəniyyət nümunələrini dağıdanlar yalnız və yalnız mədəni inkişafdan geri qalan, yırtıcı şüur və təfəkkürə malik barbarlar olublar.

İndi həmin torpaqlar, o cümlədən Şuşa həqiqi sahiblərinə qovuşub. Şübhə yoxdur ki, Prezidentin də qeyd etdiyi kimi, Şuşa başda olmaqla işğaldan azad edilən bütün torpaqlar cənnətə çevriləcək.

Prezidentin mütəmadi olaraq həmin bölgələrə səfəri onun işğaldan azad edilmiş rayonlarla bağlı Azərbaycanın dövlət maraqlarının həyata keçirilməsi yolunda hədəflərini göstərməkdədir. Hədəf isə, birdir - erməni məsələsinin bir daha bölgədə xalqlar üçün başağrısına çevrilməsinə imkan verməmək, tarixi ədaləti bərpa etmək...

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR