Uşaq qatili Koçaryan yenidən hakimiyyət sevdasına düşüb - TƏHLİL

Uşaq qatili Koçaryan yenidən hakimiyyət sevdasına düşüb - TƏHLİL
  • Clock-gray 15:55
  • calendar-gray 01 Fevral 2021

Ermənistanın eks-prezidenti Robert Koçaryanın bir neçə gün öncə seçkilərdə şəxsən iştirak edəcəyi ilə bağlı bəyanatı son günlər bu ölkədəki ekspertlər tərəfindən ən çox müzakirə olunan mövzulardandır. Əminliklə “seçkilərdə iştirak edəcəm və qalib gələcəm” deyən Robert Köçaryanın özündən razı şəkildə belə bir bəyanatla çıxış etməsi, sözsüz ki, təsadüfi sayıla bilinməz.

Nikol Paşinyanı bütün məsələlərdə günahkar sayan “Qarabağ klanı” erməni xalqını yenidən aldatmaqla məşğuldur. Ermənistan cəmiyyəti qarşısında millətçi və revanşist ruhda çıxış edən bu güclər qəbul etmək istəmirlər ki, ölkələrinin bugünkü rəzil vəziyyəti məhz onların on illərdi ki, apardıqları siyasətlərinin nəticəsidir.

44 günlük müharibə dövründə cəsarətsizliyi və qorxaqlığı ilə seçilən birinci Qarabağ müharibəsinin (1990-cı illər) Koçaryan kimi “qəhrəmanları” utanmazcasına 1990-cı illərdəki “uğurlarından” danışırlar. Cani Robert Koçaryan unudur ki, ermənilərin illərlə işğal etdikləri torpaqları şanlı ordumuz cəmi 44 gün ərzində işğaldan azad etdi. Qarabağ döyüşlərində silahsız azərbaycanlılara, qadın və uşaqlara qarşı psevdoqəhrəmanlıq göstərən balayanlar, koçaryanlar, sarkisyanlar nədənsə ötən ilin payızında evlərində gizlənərək fəxrlə danışdıqları ordularını tək qoydular. Onların Qarabağda Azərbaycan Ordusunun qarşısına çıxmağa cəsarətləri çatmadı. Bu canilər unutmasınlar ki, Azərbaycan Ordusu istər 2 ay əvvəl Paşinyanı, istərsə də 2016-cı ilin aprelində Serj Sarkisyanı qonşu dövlətin ayaqları altına oturtdu. İndi Koçaryanın “biz hakimiyyətdə olsaydıq, torpaqları itirməzdik” kimi çıxışı günahsız uşaqların qanına bais olan bu cəlladın növbəti uydurmasıdır.

Ermənistan cəmiyyətinin bu gün düşdüyü durum hər kəsə məlumdur. Regional proseslərin obyektinə çevrilən, suverenliyi Rusiyadan asılı olan bu cəmiyyətin əksər hissəsi düşdüyü duruma görə məhz Koçaryan-Sarkisyan rejiminə “borclu”dur. İndi vətənpərvərlikdən danışan və bütün günahları Paşinyanın üstünə yıxan Koçaryan bu illər ərzində Qarabağ və Ermənistan ermənilərinin hansı gününə ağladı? 30 ilə yaxındır, şovinist və faşist ruhlu bu cani erməni xalqından öz şəxsi maraqlarının həyata keçirilməsi məqsədilə istifadə edib. Bu gün Qarabağdan, Xankəndidən, Şuşadan danışan Koçaryan uzun müddət idi ki, bu torpaqlarda heç bir abadlaşdırma, sosial iş aparmayaraq əraziləri viran qoyub, bölgədən mafioz məqsədləri üçün istifadə edib. Koçaryan təkcə öz xalqına qarşı 2008-ci ilin martın 1-də törətdiyi cinayətlərə görə, digər cinayətlərə görə də məhkəmə qarşısına çıxarılmalıdır.

2019-cu ildə britaniyalı araşdırmaçı Harrold Keyn şok cinayət faktlarının yer aldığı “Dağlıq Qarabağ” kitabını yayımlamışdı. Kitabda Ermənistanın Koçaryan-Sarkisyan qruplaşmasının Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirdiyi narkotik ticarəti, insan alveri və qadınların əxlaqsızlığa məcbur edilməsi kimi faktlar yer alırdı. Həmin vaxt bu gün özlərini Qarabağın “qəhrəmanları” kimi qələmə verən separatçıların cinayətləri bölgənin erməni əhalisindən də gizlədilməkdə idi. Uzun müddət Ermənistanda və işğal altında torpaqlarda narkotik ticarətinə və insan alverinə məhz Robert Koçaryanın başçılıq etdiyinə dair faktlar mövcuddur.

H. Keyn 2019-cu ildə yazırdı kı, “Fahişəlik, qadın və uşaq alverinin əsas məkanı işğal altındakı Dağlıq Qarabağ bölgəsidir. Bu cinayətkar biznesi beynəlxalq hüquq sərhədlərindən uzaqda qalan Qarabağdan idarə etmək asandır, bu, həm də cinayətkar şəbəkəyə sərhədsiz imkanlar tanıyır. Erməni mafiyasının seks imperiyasının sərhədləri  İspaniya, Böyük Britaniya, Skandinaviya ölkələri və Birləşmiş Ştatlara  gedib çatır, lakin bu imperiyanın başlanğıcı Qarabağdadır. Oğurlanaraq, cinsi istismara məruz qalan gənc qızların bəzən heç 16 yaşları da olmur”. 

Turist qismində Ermənistanda və bu ölkənin işğal etdiyi Dağlıq Qarabağda olan H.Keyn regiona səfər etdiyi 2019-cu ilə qədər onilliklər ərzində bu torpaqlarda insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi, silah alveri, təbii ehtiyatların sənaye miqyaslarında talanması kimi cinayətlərin olduğunu qeyd edir.

Kitabında İrəvanda qaldığı mehmanxanaya gecəyarısı polisin gəldiyini qeyd edən britaniyalı müəllif hətta Xankəndidə döyüldüyünü bildirib: “Dağlıq Qarabağın kriminal mərkəz olduğunu aşkar etmişik. Özü də bütün bu fəaliyyətlərin çoxu Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarkisyanla bağlıdır. Onlar insanların faciəsi üzərində milyardlarla dollar dəyərində var-dövlət toplayıblar”.

Eyni zamanda müəllifin təqdimatında maraqlı adlara da rast gəlirik. Belə ki, britaniyalı araşdırmaçı uzun illər silah alveri ilə məşğul olanlar arasında Qarabağ veteranı Jirayr Səfilyanın da adını çəkir. Xarici qruplaşmaların dilleri adını qazanan Səfilyan bu gün  “Sasna Tser” kimi radikal “müxalif qruplaşmasının” lideridir. Bundan başqa, qondarma respublikanın keçmiş müdafiə naziri Samvel Babayanın da adı silah biznesində hallanır. Öz mövqeyindən istifadə edən Babayan qonşu ölkələr vasitəsilə qanunsuz silah qaçaqmalçılığında rol oynayan əsas fiqurlardan biri idi.

Yuxarıda qeyd edilən cinayətlər təkcə bir araşdırmaçının ifşaedici materialındakı faktlardır. Təsadüfi deyil ki, britaniyalı jurnalistin Koçaryan-Sarkisyan rejiminin  cinayətləri ilə bağlı araşdırmasının üstündən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, əsl həqiqətlər “Qarabağ klanı” tərəfindən hələ də idarə olunan əksər KİV tərəfindən erməni xalqından gizlədilməkdədir.

Təsadüfi deyil ki, bu gün Ermənistan cəmiyyətində “Qarabağ klanı”nın nümayəndəsi-ikinci prezident Robert Koçaryana nifrət var. Onu korrupsioner idarəetmənin əsasını qoyan biri kimi xarakterizə edirlər. Buna baxmayaraq, onun seçkilərdə iştirakı ilə bağlı açıqlaması bir sıra mətləblərə aydınlıq gətirir. İş orasındadır ki, Paşinyana müxalif olan qrupların əsas məqsədi müharibə bitən kimi Baş nazirin istefası, nəticədə isə özlərinin idarəetməsi altında parlament seçkiləri keçirmək idi. Lakin əhalinin əksər hissəsinin meydanlara toplanmaması, Paşinyanın isə istefaya getməməsi 17 siyasi partiyanın birləşdiyi koalisiyanın planlarını alt-üst etdi. Görünür, erməni kilsəsi, Rusiyadakı erməni diasporu və Moskvadakı bəzi qüvvələr Koçaryan kartından istifadə etmək qərarına gəliblər. Yeri gəlmişkən, müvəqqəti hökumətin rəhbərliyinə müxalifətin əsas namizədi Vazgen Manukyanın son çıxışları da bəzi daxili və xarici dairələrin ona olan ümidlərini  alt-üst etdi. Dekabr ayı ərzində onun revanşist çıxışları, Moskva görüşü ərəfəsində üç tərəf arasında imzalanan sənədləri tanımayacaqları haqqında fikirləri, ən son isə, yanvarın 26-da Ararat vilayətində “Azərbaycan və Türkiyə ilə gizli danışıqlar aparılır. Nikol yalan danışır, deyir ki, müharibəni məhz o dayandırıb, onu buna Rusiya məcbur edib. Çünki əgər biz Dağlıq Qarabağı tamamilə itirsəydik, RF-in burada heç bir işi olmazdı. Moskva burada sülhməramlı qoşunları yerləşdirə bilməzdi və Cənubi Qafqazı itirərdi” çıxışı naftalin iyi verən V. Manukyanın üzərindən xətt çəkib. Bu fonda bir neçə gün əvvəl Robert Koçaryanın “Rusiya sülhməramlıları azərbaycanlılar və ermənilər arasında toqquşmaların qarşısını almaq üçün gəlmişdi. Bu gün onlar təkcə bu funksiyanı deyil, həm də Qarabağın təhlükəsizlik təminatçısı rolunu oynayır. Bu o deməkdir ki, bizim dövlətçiliyimizin təkcə qalıqları qalıb” fikrini bildirməsi Kreml üçün onun hakimiyyətə gələcəyi təqdirdə hansı siyasi kursu aparacağına işarədir.

Yeri gəlmişkən, “Qarabağ klanı”nın hakimiyyət sevgisi bölgədəki gələcək sülhü zərbə altına qoya bilər. Koçaryanın yaxın ətrafının son günlərdəki açıqlamaları da bunun sübutudur. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan, Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov Ermənistanın ordu günü ilə bağlı Erablurdakı çıxışlarında Azərbaycandan revanş alacaqlarını bildiriblər. Proseslər göstərir ki, Ermənistanın siyasi fəalları 44 günlük müharibə zamanı gizləndikləri bunkerlərdən yavaş-yavaş çıxmağa başlayıb.

Lakin hakimiyyətə gəlmək üçün yenidən erməni xalqına yalançı vədlər verən körpələrin, qadınların və qocaların qatilləri unutmamalıdırlar ki, 2020-ci ilin 27 sentyabr tarixinə qədər də Ermənistanın müxtəlif hərbi-siyasi rəhbərliyi və Dağlıq Qarabağdakı separatçılar təxribatçı çıxışlar edir, öz aləmlərində xalqımıza “meydan oxuyurdular”. Azərbaycanın dəmir yumruğu Paşinyandan tutmuş Arutunyana qədər, Koçaryandan tutmuş Sarkisyana qədər hər biri üçün yaxşı dərs oldu. Müharibədən sonra da Prezident İlham Əliyev çıxışlarında Ermənistan hakimiyyətində və müxalifətində təmsil olunan müharibə tərəfdarına dəfələrlə sərt şəkildə xəbərdar edib. Ali Baş Komandan bildirib ki, "Ermənistan cəmiyyəti düzgün nəticə çıxarmalıdır. Revanş hissi ilə yaşayacaqlarsa, onların axırı pis olacaq. Əgər o tərəfdən buraya bir güllə atılsa, onları elə günə salarıq ki, ümumiyyətlə, adlarını unudarlar".

Ermənistan və erməni cəmiyyəti Prezident İlham Əliyevin dediklərindən nəticə çıxarmalı və son dərəcədə diqqətli olmalıdır. Çünki yalançı erməni siyasətçilərindən fərqli olaraq, Azərbaycan Prezidentinin etdiyi xəbərdarlıqların nəticəsinin hər dəfə şahidi oluruq.

Həqiqət və reallıq birdir. Artıq Cənubi Qafqazda yeni vəziyyətin, yeni reallığın əsası qoyulub. Birmənalı şəkildə qeyd edə bilərik ki, Ermənistanda “köhnə qvardiyanın” nümayəndələrinin yenidən hakimiyyətə can atmaq niyyətləri bu dövlət üçün bu dəfə daha da baha başa gələcək. Beləliklə, bu ilin may-iyun aylarında Ermənistanda gözlənilən parlament seçkiləri bu dövlətin tarixində ya gələcəyə, ya da keçmişə addım olacaq...

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov

apa-logo-mini

Digər xəbərlər