Vətəndaşlar Prezidentə təşəkkür etməkdə haqlıdırlar: Ölkədə bütün sosial qruplar dövlət qayğısı ilə təmin edilib - RƏY

Vətəndaşlar Prezidentə təşəkkür etməkdə haqlıdırlar: Ölkədə bütün sosial qruplar dövlət qayğısı ilə təmin edilib - RƏY
# 17 aprel 2020 17:19 (UTC +04:00)

Koronavirus başlar-başlamaz ölkədə əhalinin bütün təbəqələrinə və sosial qruplarına dövlət qayğısı göz önündədir. Prezident İlham Əliyevin başçılığı ilə koronavirusa qarşı aparılan tədbirlər bir daha vətəndaşların təhlükəsizliyinin, müdafiələrinin tam olaraq dövlət tərəfindən təmin edildiyini göstərir. Təsadüfi deyil ki, aparılan sosioloji sorğular da sübut edir ki, dövlətin koronavirus pandemiyasına qarşı apardığı tədbirlər əhalinin 93%-i tərəfindən rəğbətlə qarşılanır. Şəxsən Prezidentin özünün koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində gördüyü tədbirlər, verdiyi qərar və göstərişlər sosial qrupundan, yaşından və yaşadığı məkanından asılı olmayaraq bütün vətəndaşlar tərəfindən razılıq və rəğbətlə qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, göstərdiyi diqqət və qayğıya görə respublikanın müxtəlif bölgələrindən dövlət başçısının ünvanına minnətdarlıq məktubları gəlməkdə davam edir. Göndərilən məktublarda dövlət tərəfindən imkansız şəxslərə, tələbələrə, təhsil və tibb işçilərinə, təqaüdçülərə sosial qayğı xüsusilə vurğulanır. Təsadüfi deyil ki, yazılmış minnətdarlıq məktubları əhalinin müxtəlif kateqoriyalarından gəlməkdədir. Məsələn, Füzulidən Cəmalə Məmmədova “ilk öncə təhsil sahəsinə göstərilən qayğıya, həmçinin koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində müəllimləri düşünərək, əməkhaqları ödənilməklə onlara evdə qalmaq şəraiti yaratdığına görə” Prezidentə təşəkkürünü bildirir. Qeyd etmək yerinə düşər ki, Prezidentə məktub yazan sosial qruplar içində müəllimlər kifayət qədərdirlər. Təhsilin hər bir xalqın gələcəyi olmasını nəzərə alsaq, bunu təsadüfi saymaq olmaz. Prezidentin koronavirus dövründə də təhsilə verdiyi xüsusi önəm göz önündədir. Hazırda online və “Virtual məktəb” çərçivəsində aparılan dərslər sayəsində həm müəllim, həm də şagirdlər təhsil proqramını mənimsəyərək dərsə getmədikləri günləri kompensasiya edirlər. Yeri gəlmişkən, artıq Ukrayna və Gürcüstan kimi dövlətlər öz ölkələrində Azərbaycan modelini tətbiq ediblər.

Salyan rayonu, Qarabağlı kəndinin bir qrup sakini Əlbaba Həsənov, Rabil Həsənov, Əlizamin Cəlalov dövlətin tibb işçilərinə verdiyi dəstəyi qeyd edirlər. Onlar yazırlar ki, “bu mübarizədə zəhmət çəkən, sağlamlığımızın qorunması üçün fəaliyyət göstərən tibbi heyətin və digər şəxslərin məvaciblərinin artırılması bir daha dövlətin hər bir vətəndaşının əməyini vaxtında qiymətləndirməsini, onlara dəyər verməsini göstərir”. Xatırladım ki, Prezident İlham Əliyev 18 mart 2020 tarixində, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilir. Əlbəttə, Azərbaycan Prezidentinin COVİD-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncamı hər şeydən öncə səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirilməlidir. Bu sərəncam təkcə tibb işçilərinə qayğı kimi deyil, eləcə də koronavirusa yoluxmuş, yaxud potensial xəstə ola biləcək vətəndaşlarımıza da qayğı kimi qiymətləndirilməlidir.

Bakı şəhər, Səbail rayon sakini Telman Əzimzadə Prezidentə ailəsinə edilən maddi və ərzaq yardımına görə təşəkkür edir. O yazır ki, “məlum səbəblərdən ölkəmizdə yaranmış bu çətin günlərdə Sizdən böyük diqqət və qayğı gördük. Bu günlərdə həm maddi, həm də ərzaq yardımı aldım. Bu, mənə və mənim kimi insanlara maddi yardımdan əlavə, həm də mənəvi qayğıdır”. Azərbaycanda əhalinin bütün təbəqələri hər zaman dövlətin qayğı və diqqəti ilə əhatə olunur.

Koronavirus pandemiyası dövründə Azərbaycanda xüsusi karantin rejiminin elan olunması bir sıra sahibkarlıq subyektlərində işlərin dayanmasına səbəb olub. Bu üzdən günəmuzd işləyənlər də qazancdan məhrum olub. Amma hər zaman öz vətəndaşının yanında olan Azərbaycan dövləti bu dəfə də əhalinin sosial müdafiəsini unutmadı. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub və artıq ödənişlərə başlanılıb. Sənədə əsasən, bu, 200 min nəfəri əhatə edəcək. Bu məqsədlə Nazirlər Kabineti tərəfindən 70 milyon manat (2 aylıq - aprel və may ayları) vəsait ayrılıb.

Bakıdan Əhməd Maşıyev isə tələbələrin sevincini yazdığı məktubda bölüşür. O, Prezidentə təşəkkür edərək bildirir ki, “Sizin bu dəstəyiniz tələbələr üçün ömür boyu unudulmayacaq bir diqqətdir”. Qeyd edim ki, Nazirlər Kabinetinin 13 aprel 2020 ci il qərarına əsasən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərini dövlət tərəfindən ödəniləcək. Ümumilikdə bu kateqoriyaya aid olan tələbələrin sayı hazırda 20 mindən çoxdur, onların əksəriyyəti ali təhsil müəssisələrində, digərləri orta ixtisas və peşə təhsili müəssisələrində oxuyurlar. Bu məqsədlə dövlət büdcəsindən 40 milyon manat vəsait ayrılıb. Beləliklə, koronavrusun yayıldığı ilk gündən Azərbaycan Respublikası bu mübarizədə profilaktik və preventiv xarakteri ilə seçildi, ən optimal və effektli tədbirlər görən ölkə kimi nümunə oldu. Bütün bunlar ölkə Prezidenti İlham Əliyevin “Bizim siyasətin mərkəzində Azərbaycan xalqı, onun sosial rifahı dayanır” sözlərinin daha bir təsdiqi oldu.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR