ABŞ və Rusiyanı müqavilənin ləğvi yox, Çinin artan qüdrəti narahat edir - TƏHLİL

ABŞ və Rusiyanı müqavilənin ləğvi yox, Çinin artan qüdrəti narahat edir - TƏHLİL
  • Clock-gray 17:07
  • calendar-gray 06 Avqust 2019

“Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında” müqavilənin qüvvədən düşməsi yeni dünya düzəninə səbəb ola bilər. Müqavilə Birləşmiş Ştatlara və Rusiyaya 500 km-dən başlayaraq 5500 km qədər radiusda orta və yaxın mənzilli raket sistemi quraşdırmağa icazə vermirdi. Sənədin ləğvi ilə böyük ehtimalla dünyanın iki gücü arasında yenidən silahlanma uğrunda yarış başlayacaq. Hələlik “soyuq savaş” yalnız bəyanatlar müstəvisində gedir, lakin ehtimal etmək olar ki, yaxın zamanlarda Vaşinqton və Moskva arasında “nüvə təhdidi” yeni müstəvidə özünü göstərəcək.

Birləşmiş Ştatların bu qərarı Kremlin ciddi narahatlığına səbəb olub. Hətta Rusiya prezidenti Vladimir Putin ABŞ-ın “Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında” müqaviləsindən çıxması ilə bağlı xüsusi bəyanatla çıxış edib. RF prezidenti ABŞ-ın müqavilədən çıxmasının dünyada vəziyyəti ciddi şəkildə mürəkkəbləşdirdiyini, hamı üçün fundamental risklərin meydana çıxdığını bəyan edib.

ABŞ siyasi dairələri də öz növbəsində Rusiyanı ittiham edir. Bu baxımdan, nə baş verdiyini anlamaq üçün neytral baxışa ehtiyac yaranır. Hərbi ekspertlər iddia edirlər ki, Rusiya raketləri onsuz da müqavilə şərtlərini pozaraq, sənəddə nəzərdə tutulan radiusdan daha çox ərazini nəzarətdə saxlayır. NATO üzvü olan ölkələr bu məsələdə yekdildirlər. Rusiya siyasi dairələri isə iddia edir ki, ABŞ-ın Rumıniyada quraşdırdığı raket əleyhinə qurğular sənəddə göstərilən məqsədlərdən kənara çıxır və əslində tamamilə başqa məqsədlərə xidmət edir.

Müqavilənin pozulması ilə qarşılıqlı ittihamların meydana çıxacağı gözlənilən idi. Lakin  görünən budur ki, tərəflər anlaşılmazlıqları aradan qaldırmaqda istəkli görünmür. Hər iki tərəf “savaş baltaları”nı havaya qaldırmaqla münasibətləri daha da gərginləşdirir. Proseslərin inkişafı belə fikrə gəlməyə əsas verir ki, artıq belə bir müqaviləyə ehtiyac qalmayıb.

“Orta və yaxın mənzilli raketlərin ləğvi” müqaviləsi 1987-ci ildə imzalanmışdı. O zaman  SSRİ mövcud idi, Əfqanıstana qoşun yeritmişdi. ABŞ prezidenti Ronald Reyqan SSRİ-ni “şər imperiyası” adlandırırdı. Hər iki ölkə Avropada raket sistemləri yerləşdirirdi. Bir sözlə, bütövlükdə Avropanın təhlükəsizliyi sual altında idi. Hazırda isə Avropanı belə bir təhlükə gözləmir. Düzdür, Rusiya Ukraynanın şərqinə qoşun yeridib, Qara dəniz artıq təhlükəsizlik zolağından kənardadır. Lakin istər ABŞ-ı, istərsə də Rusiyanı daha çox Çinin artan qüdrəti narahat edir. Çin artıq Asiyanın əsas söz sahibinə çevrilmək arzusunu gizlətmir.

Vaşinqton anlayır ki, kommunist Çinin Asiya hegemonuna çevrilməsi onun maraqlarına cavab vermir, odur ki, bu bölgədə raket sistemlərinin sayını və gücünü artırmaqda israrlıdır. ABŞ prezidenti hazırkı mərhələdə Asiyanı nəzarətə götürmək istəyir, bu baxımdan prezident Reyqanın zamanında imzalanan müqavilədən imtina edir. Çin Birləşmiş Ştatların təklif etdiyi silahlara nəzarət müqavilələrinə qoşulmur. Pekin dünyanın əsas güc mərkəzi olmaq və ən azı Asiyanın tam sahibinə çevrilmək istəyir.

Bu gün Rusiya, Çin və ABŞ yeni raketlərə üstünlük verir. Yeni raketlər isə daha böyük miqyaslı fəlakətlərə səbəb ola bilər. Bir sözlə, Rusiya, ABŞ və Çin yenidən silahlanmada maraqlıdır. Lakin burada bir nüans mövcuddur. Rusiya silahlanmada geri qalmaq istəmir, bununla belə, iqtisadiyyatı ABŞ və Çinlə bu müstəvidə rəqabət aparmağa imkan vermir. Bunu Rusiyada da anlayırlar. Odur ki, bir çox rus siyasətçiləri “Orta və yaxın mənzilli raketlərlə bağlı” müqaviləni qorumaqda və kompromis tapmaqda maraqlıdır.

Burada daha bir məqam da mövcuddur. Müqavilənin ləğvindən sonra ABŞ Asiyaya doğru addımlayacaq, Avropa isə Rusiya ilə üz-üzə qalacaq. Rusiya orta-uzaq mənzilli raketlərin istehsalını gücləndirərsə, bu, ilk növbədə, Avropa üçün təhlükə mənbəyinə çevriləcək.  İstisna deyil ki, belə olan halda bəzi Avropa ölkələri Birləşmiş Ştatlardan onları Rusiya təhlükəsindən qorumalarını istəyəcək, onda da Vaşinqton öz raketlərini Asiya ilə yanaşı, Avropada da yerləşdirməyə başlayacaq. ABŞ-ın sonrakı hədəfində Litva, Latviya, Estoniya, Ukrayna və Gürcüstan ola bilər. Vaşinqton dünyanı nəzarətə götürmək istəyir, lakin yeni savaşda maraqlı görünmür. Rusiya iqtisadiyyatı isə ümumiyyətlə bu rəqabətə hazır deyil. Digər tərəfdən, müttəfiqləri ABŞ-a yeni savaşa başlamaq imkanı verməyəcəklər. Bu baxımdan, beynəlxalq təhlükəsizliklə bağlı ciddi narahatlıq gözlənilmir. ABŞ-ın hədələrinə baxmayaraq, artıq Vaşinqtonun cızdığı xətdən uzaqlaşan Türkiyənin Rusiyadan S-400 raketləri alması NATO-nun planlarına ciddi təhdid hesab olunur. Digər tərəfdən, istər ABŞ-ın, istərsə də Rusiyanın daxilində çox ciddi problemlər yaşanır. ABŞ-ın təkcə Meksika ilə sərhəd divarının hörülməsinə milyardlarla dollar xərcləməsi amerikalıların ciddi narazılığa səbəb olub. Göründüyü kimi, istər ABŞ, istərsə də Rusiya yeni gərginlikdə maraqlı olmalı deyillər. Lakin nə Vaşinqton, nə də Moskva silah satışına nəzarəti itirmək istəyir. Məsələ ondadır ki, artıq dünyada yeni düzən formalaşıb. Artıq kimin hansı silaha malik olmasını hesablamaq da imkansızdır, silah bazarına yeni oyunçular qoşulmaqdadır. Bu tendensiyanı anlamaq mümkündür. Hazırda dünyada silah satışına böyük tələbat var. Suriya, İraq, Yəmən, Liviya, Əfqanıstanda vətəndaş müharibəsi təhlükəsi aradan qalxmayıb. Bu ölkələrdə çoxsaylı qruplar silah almaqda maraqlıdır. Yaxın Şərq ölkələrinə silah satan bəzi Avropa ölkələri milyonlar qazanır və bu, Rusiya və ABŞ-ı narahat edir, ən azı ona görə ki, söhbət milyardlarla vəsaitin əldən çıxmasından gedir. Bu kontekstdə “Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında” müqavilənin pozulması qlobal təhlükəsizliklə bağlı mövcud riskləri hər nə qədər artırmış kimi görünsə də, irimiqyaslı hərbi toqquşmaların olacağını düşünmək doğru olmazdı.

Rusiyada sosial tələblərlə mitinqlər keçirilir. Birləşmiş Ştatların Yaxın Şərqdəki siyasəti uğursuzluq zolağından çıxa bilmir. Hər iki ölkəyə xarici cəbhədə uğur əldə etmək zərurəti yaranıb. Lakin silahlanma yarışına qoşulmaq effektli variant deyil. SSRİ və ABŞ artıq bir dəfə silahlanma yarışına qatılıblar. Bu yarışma SSRİ-nin dağılmasına gətirib çıxartdı, Şərqi Avropa və Asiya ölkələrində ciddi kataklizmlərə səbəb oldu. Yenidən eyni siyasətə qayıdış təşviş doğurmaya bilməz.

Hazırda dünyanın yenidən bölüşdürülməsi prosesi gedir. ABŞ ”təkqütblü dünya” siyasətindən əl çəkmir. Digər tərəfdən, ABŞ prezidenti D. Tramp növbəti seçkilərdə də qalib gəlməyi düşünür. Bu baxımdan, o, Birləşmiş Ştatların “dünyanın tək super gücü” imicini qorumağa çalışır. ABŞ daxilində Trampın Rusiyaya yönəlik siyasətini tənqid edənlərin sayı isə durmadan artır. Trampı Rusiyaya qarşı yumşaq mövqe tutmaqda ittiham edən rəqibləri onu ikinci müddətə prezident seçilməsini əngəlləməyə çalışırlar. Bu baxımdan, ABŞ-ın Rusiyaya yönəlik siyasətinin yaxın 5-10 ildə dəyişməyəcəyini təxmin etmək olar. Tramp 2020-ci ildəki seçkilərdə qələbə qazansa belə, onun Moskva ilə kompromis əldə edəcəyi ehtimalı azdır. ABŞ ictimai rəyi Rusiyaya qarşı sərt siyasəti alqışlayır. Bu baxımdan, Tramp bütün vasitələrdən istifadə edərək, Rusiyaya təzyiqləri artıracaq. ABŞ-ın “Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında”  müqavilədən çıxması başlanğıcdır və yaxın gələcəkdə Vaşinqtonun Moskvaya qarşı daha sərt addımlar atacağını proqnozlaşdırmaq olar.

APA Analytics

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date