Ərdoğanın Rusiya səfəri: İdlib düyünü çözüləcəkmi? - TƏHLIL

Ərdoğanın Rusiya səfəri: İdlib düyünü çözüləcəkmi? - TƏHLIL
  • Clock-gray 16:57
  • calendar-gray 28 Avqust 2019

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri bir neçə cəhətdən əlamətdar oldu. Putin və Ərdoğan arasındakı görüş Moskva vilayətinin Jukovski aerodromunda Beynəlxalq Aviasiya və Kosmik Salon "MAKS 2019" çərçivəsində baş tutdu. Görüşün  protokol hissəsində çıxış edən Vladimir Putin türkiyəli həmkarı ilə iki ölkə arasındakı münasibətləri, iqtisadi əlaqələri və regional mövzuları müzakirə etdiklərini söylədi.  Ərdoğan isə çıxışında onu Rusiyada keçirilən “MAKS-2019”a dəvət etdiyinə görə V. Putinə təşəkkürünü bildirdi, bu tədbirdə Rusiyanın hərbi, mülki təyyarələri, helikopterləri ilə tanışlıqdan məmnunluğunu dilə gətirdi, Rusiyanın kosmosla bağlı fəaliyyətinin çox maraqlı olduğunu dedi.

Rusiya və Türkiyə prezidentləri görüşdə Su-35 və Su-57 qırıcı təyyarələri ilə bağlı da müzakirə aparıblar. Vladimir Putin Ərdoğanla görüşünün yekunlarına dair keçirilən birgə mətbuat konfransında bildirdi ki, təkcə almaq yox, həm də birlikdə istehsal məsələsini də müzakirə ediblər.

S-400-lərin Türkiyəyə tədarükü, Roqozinin kosmosa türk kosmonavt göndərmək təklifi də öz yerində, amma sirr deyil ki, Ərdoğanın Rusiyaya səfərinin əsas məqsədi İdlib ətrafındakı vəziyyəti müzakirə etmək idi. Suriyanın şimalında yerləşən İdlib iki ölkə arasında mübahisə mövzusudur. 2018-ci ilin sentyabrında Soçiyə səfər edən Ərdoğan Putinlə İdlib anlaşması əldə edib. Bu anlaşmaya əsasən, İdlibdə silahsızlaşdırılmış bölgə yaradılmalı, ağır silahlar ərazidən çıxarılmalı, Türkiyə, İran və Rusiya vilayətdə atəşkəsə nəzarət məntəqələri qurmalı, nəhayət, “Əl-Qaidə” kimi terror qrupları məhv edilməli idi.

Lakin bu anlaşmanı tam olaraq yerinə yetirmək mümkün olmadı və bunu əsas gətirən Suriya ordusu Rusiya hərbi hava qüvvələrinin dəstəyi ilə İdlibin cənubundakı silahlı terror qruplarına qarşı əməliyyatlara başlayıb. Bir neçə həftə əvvəl isə əməliyyat daha da genişlənib, İran, eləcə də Rusiya hərbi qüvvələri də Suriya ordusuna dəstək verir. Artıq hökumət qüvvələri İdlibin cənubunda Xan Şeyxun qəsəbəsi və bir neçə məntəqəni azad edib. Bu əməliyyatlar nəticəsində İdlibin cənubundakı bir neçə kənd, o cümlədən Türkiyə ordusunun 9 saylı müşahidə mərkəzi mühasirəyə düşüb.

Digər tərəfdən, hərbi  əməliyyatların aktivləşməsi İdlibdən qaçqınların sayını artırıb. Ötən həftə hərbi əməliyyatlar nəticəsində 60 min mülki insanın yaşayış yerini tərk etdiyi xəbəri var. Türkiyə bir tərəfdən Suriyanın şimalında kürd ərazilərində təhlükəsizlik zolağının yaradılması üçün Vaşinqtonla danışıqlar aparır və artıq razılaşma əldə edib. İkinci əsas məsələ isə İdlibdir, çünki bu ərazidə 3 milyona yaxın insan yaşayır və hərbi əməliyyatlar nəticəsində onların əksəriyyəti Türkiyəyə qaça bilər. Digər tərəfdən, İdlibin itirilməsi faktiki olaraq Türkiyənin dəstəklədiyi müxaliflərin əsas dayağının itirməsi anlamına gəlir. Bu baş verərsə, Ankaranın nəzarətində yalnız Əziz-Cerablus xətti və Afrin rayonu qalacaq. Məhz bu məsələdə Moskva və Ankara anlaşa bilmir. Ərdoğan dolayısı ilə də olsa açıqlayıb ki, Kreml Ankaranın maraqlarını nəzərə almasa, o yenidən Vaşinqtonun təsir dairəsinə qayıda bilər. İdlib məsələsində isə ruslarla türklərin anlaşması problematikdir. Türkiyə öz sərhədlərini qorumaq üçün Suriya ilə sərhədlərdə hərbi əməliyyat keçirməlidir. Kürd qruplaşmalarına isə bir sıra Qərb ölkələri ilə yanaşı, Rusiya da dəstək verir. Bu, maraqların toqquşmasıdır. Digər tərəfdən, Kremlin tələbinə görə, Ankaranın Suriyada nəzarətində saxladığı islamçı hərbi birləşmələr geri çəkilməli və Əsəd hakimiyyəti müdafiə edilməlidir. Türkiyə belə addım atarsa, özünü çıxılmaz vəziyyətə sala bilər.

Rusiyadan “S-400” almaqla Ankaranın Vaşinqtonun qəzəbinə tuş gəlməsi də növbəti ciddi problemdir. Ərdoğan və Putin Suriya ilə bağlı razılığa gələ bilməsə, yaranmış vəziyyətdən İsrail, ABŞ İran faydalana bilər. Bəzi ekspertlər hesab edirlər ki, Rusiya-Türkiyə əməkdaşlığı uzun müddət davam edə bilməz. Türkiyənin istiqaməti Qərbə doğrudur. İdliblə bağlı anlaşma əldə edilməzsə, Rusiya kürd terrorçuları vasitəsilə Ankaraya təzyiqlərini artıra bilər. Amma NATO ölkələri Ankaranı müdafiə edərsə, bu, ciddi təlatümlərə səbəb olmayacaq. NATO bunu Türkiyəni sevdiyinə görə deyil, cənub sərhədlərini qorumaq üçün etməyə məhkumdur. Türkiyə NATO ölkəsidir. Təkcə bu fakt onun Rusiya ilə tərəfdaşlığının müvəqqəti xarakter daşıdığını söyləməyə əsas verir.

Ekspertlər bir məsələdə yekdildirlər - Suriyada Rusiyanın və Türkiyənin taleyi həll edilir. Suriya məsələsində Ankara və Moskvanın maraqları toqquşub. Suriya isə Aralıq dənizi sahillərində yerləşən, həm də tarixən Yaxın Şərqin kilid ölkəsidir. Suriyada söz sahibi olmaq Yaxın Şərqdə siyasi baxımdan möhkəmlənmək anlamına gəlir. Digər tərəfdən, Suriyanın yenidən qurulması üçün təxminən 350-400 milyard ABŞ dolları nəzərdə tutulur. Hazırkı işsizlik və iqtisadi sanksiyalar dövründə belə bir böyük layihə hər ölkə üçün cəlbedicidir, xüsusən də Türkiyə, Rusiya və İran üçün...  Suriyanın enerji sektoru, xüsusən də qaz təminatında rus şirkətləri yaxından iştirak edəcək. Artıq Suriyanın qaz təminatının 25 faizinin Rusiya şirkətinə verildiyi bildirilir. Ümumilikdə isə Bəşər Əsədin vurğuladığı kimi, Rusiya şirkətlərinə xüsusi üstünlük tanınacaq və onların Suriyanın gələcək inşası layihəsindən böyük pay alacağı gözlənilir. Bütün bunlar böyük sərvət vəd edir və Ankaranı “qənimət bölüşdürülməsi”ndən kənarda saxlamaq istəyirlər.

Xatırladaq ki, 24 noyabr 2015-ci ildə Türkiyənin hava sərhədini 15 saniyə pozduğuna görə Rusiya təyyarəsinin vurulmasından sonra münasibətlər daha da gərginləşmişdi. Yalnız 9 avqust 2016-cı ildə Putinlə Ərdoğan Sankt-Peterburqda eyni gündə 2 dəfə görüşüb, 6 saat davam edən ikinci görüşdən sonra Rusiya avqustun 26-da Türkiyınin "Zeytun burağı" əməliyyatına başlamasına razılıq vermişdi. Lakin İdlib məsələsində münasibətlər yenidən gərginləşdi.

Hal-hazırda da Suriya ətrafında ciddi fikir ayrılığı mövcuddur və burada kompromis əldə etmək asan görünmür.

Türkiyənin Rusiya ilə bu hazırkı münasibətlərin kökündə iqtisadi amillər də dayanır. İki  ölkə arasında iqtisadi anlaşma 35 milyard ABŞ dollarını aşır. Ərdoğan artıq 100 milyard dollarlıq iqtisadi layihələrdən danışır. Lakin unutmaq olmaz ki, “təyyarə qalmaqalı”ndan sonra münasibətlər korlananda Rusiya ilə iş əlaqəsi qurmuş türkiyəli iş adamlarının çoxu müflis oldu.

Xatırladaq ki, Rusiya 2015-ci ilin sentyabrında Suriyada anti-terror əməliyyatlarına başlayıb. Bu əməliyyatlar nəticəsində Suriyada qüvvələr nisbəti hökumət qoşunlarının xeyrinə dəyişib. Əgər iqtisadiyyat əsasdırsa, Suriya məsələsi gözləyə bilər. Odur ki, bəzi araşdırmaçılar düşünürlər ki, Rusiya-Türkiyə münasibətləri 2010-cu ildə olduğu səviyyədən yuxarı qalxmayacaq.

Bu gün Ankara bölgənin ən mühüm oyunçusudur. Türkiyə Asiyadan Avropaya gedən qaz yolunun təbii tranzitidir. Onu da unutmaq olmaz ki, İsrailin şelfində qaz yataqları tapılıb. Misir və Rusiya da qaz ixracatçılarıdır. Odur ki, burada bir neçə ölkənin və tranzit kimi Türkiyənin maraqları bir araya gəlib. Ən mühümü budur ki, bu üç ölkənin qazın ixracatına dair maraqları toqquşmasın.

Ərdoğanın hazırda qurmağa çalışdığı siyasi müttəfiqliklərin nə dərəcədə möhkəm olacağını gələcək göstərəcək. İsraillə siyasi müttəfiqlik indiki situasiyada o qədər də inandırıcı görünmür. Ankaranın Misirlə də problemləri var. Misir hakimiyyəti Ankaranı özünün əsas müxalifəti olan “Müsəlman qardaşları”nı dəstəkləməkdə ittiham edir.

Yaranmış situasiyada Ankara və Moskva əməkdaşlığı heç olmasa aralıq müddətdə mümkündür. Başqa bir məsələ ondan ibarətdir ki, Türkiyə ilə qarşılıqlı münasibətlər Rusiyaya lazımdırmı? Unutmaq olmaz ki, ABŞ, Rusiya İran Türkiyənin əsas oyunçuya çevrilməsini arzulamırlar. Əsas hədəf Ankaradır. Bunu anlayan Ərdoğan müxtəlif güclər arasında manevr siyasətini həyata keçirir.

Türkiyə Birləşmiş Ştatlara da etimad edə bilmir. Belə ki, ABŞ-ın son zamanlar kürdlərə dəstəyinin ciddi şəkildə artması Suriyanın şimalında yeni kürd dövlətinin yaradılacağı barədə xəbərlər tez-tez gündəmə gəlməyə başlayıb. Son illər ərzində Pentaqon kürdləri müasir silahlarla silahlandırıb. Eyni zamanda hazırda rəsmi olaraq min nəfərdən çox Ahərbçisi kürdlərə təlim keçir, eləcə də Türkiyə ilə sərhəddə patrul xidməti həyata keçirir. Suriyanın şimalında kürdlərin dövlətinin yaradılacağı xəbərlərinin ardınca indi də sərhəd qoşunlarının yaradılması məsələsi gündəmə gəlib. Belə olan təqdirdə, Ankara Vaşinqtona sona qədər etibar edə bilərmi?!  

Yaranmış qarışıq vəziyyətin fonunda Ərdoğanın Rusiyaya son səfərinin nəticələri maraqla gözlənilir. İctimaiyyətə açıqlanan və açıqlanmayan müzakirələrin təzahürləri yəqin özünü çox gözlətməz. Bir məsələ də diqqətdən qaçmamalıdır ki, böyük siyasətdə daimi dost və düşmən yoxdur, daimi maraqlar var. Türkiyə-Rusiya münasibətlərində Ankaranın, elə Moskvanın gözləntisi də bundan fərqli deyil.

APA Analytics

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date