İnsan alverinə qarşı necə mübarizə aparmalı? - TƏHLİL

İnsan alverinə qarşı necə mübarizə aparmalı? - TƏHLİL
# 30 iyul 2019 17:08 (UTC +04:00)

Bu gün dünyada insan alverinə qarşı mübarizə günüdür.

İnsan alveri müasir dünyanın qarşılaşdığı milli və ya transmilli səviyyədə, əksər hallarda isə mütəşəkkil cinayətkarlıqla əlaqəlidir.

İnsan alverinə qarşı mübarizə üçün beynəlxalq səviyyədə xeyli anlaşma, protokol, dövlətlərarası qarşılıqlı yardım sənədləri, konvensiya imzalanıb. Bütün sənədlərdə vurğulanır ki, bu cinayətə qarşı mübarizə aparmaq üçün dövlətlərin qarşılıqlı yardımlaşması labüddür.

Bəs insan alveri nədir? Hansı hallar insan alveri hesab olunur?

Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” 16 may 2005-ci il tarixli Varşava Konvensiyasında "insan alveri" anlayışı belə təsbit olunub: "İnsan alveri dedikdə, hədə-qorxu və ya zor tətbiq etməklə, yaxud başqa cür məcbur etməklə, qaçırma, dələduzluq və ya aldatma yolu ilə, vəzifədən və ya şəxsin köməksiz vəziyyətindən sui-istifadə etməklə və yaxud pul və ya digər maddi vəsaitlər vermək və ya almaqla hər hansı bir şəxsdən onun himayəsində olan şəxs barəsində razılıq almaqla, şəxslərin istismar məqsədləri üçün cəlb edilməsi, daşınması, ötürülməsi, gizlədilməsi və ya qəbul edilməsi başa düşülür".

Yeri gəlmişkən, Azərbaycan da bu Konvensiyaya qoşulub və sənəd 11 may 2010-cu ildə təsdiq edilib.

İnsan alveri insan hüquqlarını, ləyaqət və toxunulmazlığını pozur, bu cinayətin qurbanlarını köləyə çevirir. Konvensiyada, əsasən, bu qəbildən olan işlərin araşdırılmasında gender bərabərliyinin qorunması və uşaq hüquqlarının müdafiəsinin vacibliyi qeyd edilib.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci maddəsi ilə insan alveri cinayəti sanksiyalaşdırılıb.

Əksər hallarda təqsirkarlar özlərinə bəraət qazandırmaq üçün bu “arqumentlərdən” istifadə edirlər: qurbanları istismara özləri razılıq verib, əxlaqsız həyat tərzi keçiriblər və s.

Amma bütün bu “arqumentlər” insan alverinə cəlb edənin cəzasını yüngülləşdirən hal kimi nəzərə alına bilməz. Hər hansı şəxsin yüngül həyat tərzi keçirməsi və ya istismar olunmağa razılıq verməsi onun insan alverinin qurbanına çevrilməsinə əsas ola bilməz.

Maddənin maraqlı xüsusiyyətlərindən biri də budur ki, yetkinlik yaşına çatmayan şəxsin istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi ADAM OĞURLUĞU DEYİL, MƏHZ İNSAN ALVERİ hesab edilir.

İnsan alveri cinayətləri kateqoriyasına, həmçinin, məcburi əmək, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər, fahişəliyə cəlb etmə, yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmə, uşaq pornoqrafiyasının dövriyyəsi, əxlaqsızlıq yuvaları saxlama, seksual xarakterli hərəkətlərə məcbur etmə, insan orqanlarının və ya toxumaların alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, köləlik, qanunsuz olaraq övladlığa götürmə, insan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları yayma kimi cinayətlər aid edilir.

BMT-nin baş katibi Antonio Quterreş İnsan Alverinə Qarşı Mübarizə günü ilə bağlı müraciətində “qeydə alınmış qurbanların təxminən 72 faizini qadın və qızlar təşkil edir, zərərçəkmiş uşaqların sayı isə 2004-cü ildən 2016-cı ilə qədər iki dəfədən çox artıb” deyə, qeyd edib.

Bizim də ölkəmizdə qurbanların əksəriyyətini qadınlar təşkil edir. 2018-ci ildə Azərbaycanda 144 insan alveri cinayəti faktı qeydə alınıb, bu da 2006-cı illə müqayisədə 115 fakt çoxdur.

Yeri gəlmişkən, Azərbaycan İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı qəbul edib, eyni zamanda xüsusi polis qurumu yaradılıb.

Bəs mübarizə yolu nədir?

Hər şeydən əvvəl maarifləndirmə tədbirlərinin artırılmasına ehtiyac var. Bu cinayətlə mübarizənin yollarından biri də qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi, insan alverinə şərait yaradan sosial problemlərin həllinə yönəldilmiş proqramların hazırlanması və həyata keçirilməsidir. İnsan alverinin potensial qurbanlarının ictimai faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi vacib şərtdir.

Təkcə cəmiyyətdə deyil, potensial qurbanlar arasında da maarifləndirmə və təbliğat işinin təşkili mütləqdir. Qurbanlar onları gözləyən təhlükə, müdafiə tədbirləri, hüquqi baza barədə məlumatlı olmalıdırlar.

Və ən əsası, təhsildən yayınan uşaqların aşkar edilməsi, onların təlim və tərbiyəsinə diqqət edilməsi çox vacibdir. Cəmiyyətin qazandığı hər bir yeniyetmə bir qurbanın azalması deməkdir...

Şamil Paşayev

Hüquqşünas

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR