Prezident İlham Əliyev Ermənistanın faşizm ideologiyasını ifşa etdi - RƏY

Prezident İlham Əliyev Ermənistanın faşizm ideologiyasını ifşa etdi - RƏY
# 12 oktyabr 2019 14:38 (UTC +04:00)

“Prezident İlham Əliyev Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Ermənistanda hökm sürən nasizm və faşizmə diqqət çəkib, Ermənistanda faşizm ideologiyasına çəkən terrorizmi bir daha ifşa edib”.

Bunu APA-ya açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

H. Babaoğlu deyib ki, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana Ermənistanda heykəl qoyulması Ermənistanın əsaslarının yarandığı gündən məhz terrorizm üzərində qurulmasından xəbər verir: “Azərbaycan torpaqlarının işğal edilməsində, xalqımıza qarşı soyqırımın həyata keçirilməsində də bu cür faşist, nasist əhval-ruhiyyə mühüm rol oynayıb. Terrorizm və faşizmlə silahlanan bir ölkə rəhbərliyi sülh yolu ilə Dağlıq Qarabağ probleminin həlli istiqamətində addımlar ata bilməz. Bu mənada Azərbaycan Prezidentinin Ermənistandakı daxili ideoloji, siyasi abı-havanı ifşa etməsi, bunu MDB dövlət başçılarının diqqətinə çatdırması əslində Ermənistanın işğalçılıq siyasətinin iç üzünün açılması demək idi”.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev həm tarixi arqumentlərlə, həm də bugünkü işğalçılıq siyasətinin həyata keçirilməsi kontekstində Ermənistanda faişizmi, nasizmi ifşa etdi, bunun bütün MDB məkanında fiaşizmin qurbanları olmuş insanların xatirəsinə hörmət baxımından da yolverilməz olduğunu bildirdi: “Arqumentlərlə əsaslandırılmış bu fikirlər Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasından səsləndirilən “Dağlıq Qarabağ Azərbaycandır!” bəyanatından sonra Ermənistana yeni zərbə oldu. Bununla Prezident İlham Əliyev Ermənistanda hansı proseslərin getdiyini və bunun nə dərəcədə təhlükəli olduğunu dünya ictimaiyyətinə çatdırmış oldu. Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasətinin və onun ideoloji əsaslarının bir mənbəyi ermənilərin faşizm və nasizmə sevgisidir. MDB ölkələri sırasında isə belə zərərli, terrorizmlə silahlanmış bir dövlətin olması təkcə Azərbaycan deyil, bütün MDB ölkələri üçün təhlükə mənbəyidir. Azərbaycan Prezidenti öz çıxışında bütün bunları bir daha ifşa etməklə Ermənistanın nə qədər təhlükəli yolda olduğunu diqqətə çatdırdı. Düşünürəm ki, bu, bir daha Azərbaycan həqiqətlərinin erməni işğalçılarının fəaliyyəti kontekstində dünyaya çatdırılması idi. Bu çıxışdan sonra Xocalı soyqırımının, Ağdaban faciəsinin törədilməsinin ideoloji, siyasi əsaslarını da MDB dövlət başçıları daha düzgün dərk etmiş oldular. Əgər bunun qarşısı alınmasa, bu zərərli tendensiya pis nümunə kimi yaxşı nəticələrə gətirib çıxara bilməz. Ona görə Dağlıq Qarabağ münaqişəsinin həlli bir daha zərurət kimi ortaya çıxır. Dövlət başçısı da çıxışında bunu vurğuladı”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov da APA-ya açıqlamasında deyib ki, Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında yenidən Ermənistanın işğalçılıq siyasəti və onun ağır nəticələri barədə və Ermənistanda bu gün beynəlxalq sülhə və təhlükəsizliyə qarşı yönəlmiş siyasətin bütün mahiyyətini açan çox mühüm çıxış edib: ““Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasından sonra Prezident İlham Əliyevin artıq ikinci dəfə Aşqabadda hücum taktikasına söykənən növbəti çıxışının şahidi olduq. Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini söykəyən çıxışları ilə əlaqədar zamanın, məqamın və yerin seçilməsinə xüsusi önəm verir. Bu baxımdan MDB məkanında baş verən proseslərin öyrənilməsi baxımından MDB dövlət başçılarının iclası da dünyada diqqətlə izlənilir. Eyni zamanda faşizm üzərində qələbənin 75-ci ildönümü yaxınlaşdığı üçün iclasda müzakirələr həm də bu ətrafda olacaqdı. Bütün bəşəriyyət faşizm üzərində qələbənin 75 illiyini qeyd etməyə hazırlaşır. Bu məqamdan Prezident İlham Əliyev maksimum faydalandı və ilk növbədə Azərbaycanın 1941-1945-ci illərdə faşizm üzərində qələbənin əldə edilməsində müstəsna xidmətlərini faktlarla, arqumentlərlə əsaslandırdı. Dövlət başçısı vurğuladı ki, həmin dövrdə neftin 70 faizi, benzinin 80 faizdən çoxunu, mühərrik yağının 90 faizindən çoxunu Azərbaycan təmin edirdi və Bakı nefti olmasaydı, faşizm üzərində qələbə də çox çətin olardı. Prezident İlham Əliyev bu reallıq fonunda bu gün MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına, təbliğinə, faşistlərlə əməkdaşlıq etmiş şəxslərin Ermənistanda qəhrəman kimi təqdim olunmasına diqqət çəkdi, 2016-cı ildə Ermənistanda faşistlərin əlaltısı olmuş cinayətkar Qaregin Njdeyə heykəl qoyulduğun xatırlatdı. Bu heykəli Ermənistanda əvvəlki hakimiyyət qoysa da, bugünkü hakimiyyət də heykəli qoruyub saxlayır. Faşistə xidmət etmiş şəxsi qəhrəmanlaşdırırsansa, bu, faşizmə qarşı mübarizəyə ziddir”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev Rusiya dövlət başçısının iştirak etdiyi tədbirdə Rusiya Xarici İşlər Nazirliyinin bu ilin mayında məhz bu hadisə ilə bağlı sənəd hazırladığını, mənfi rəy verdiyini xatırladıb: “Bütün bunlar onu göstərir ki, Ermənistan bir tərəfdən faşizmə qarşı sənədlərə imza atır, digər tərəfdən isə fərqli hərəkət edir. Bütün bunlar yolverilməzdir və Prezident İlham Əliyev bununla bağlı öz mövqeyini çox kəskin şəkildə ortaya qoydu. Dövlət başçısı eyni zamanda Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədən söz açdı. Həmin məqaləyə istinadən Qaregin Njdenin sovet xalqına xəyanət etdiyi və faşistlərin əlaltısı olduğu barədə faktları nəzərə çatdırdı. Prezident İlham Əliyevin çıxışının əhəmiyyəti ondan ibarətdir ki, faşizm üzərində qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq aparıldığı bir vaxtda əgər Ermənistanda faşizmə xidmət etmiş cinayətkarlar qəhrəmanlaşdırılırsa, deməli, bu, həmin xalqlara ən böyük hörmətsizlikdir. Prezidentin bu təkzibedilməz faktları, dəlilləri qarşısında Nikol Paşinyan tamamilə özünü itirmişdi, cəfəng, məntiqsiz fikirlər söyləməyə məcbur oldu. Dövlət başçımızın ciddi arqumentləri qarşısında onun davam gətirmək imkanı yox idi. Nikol Paşinyan Qaregin Njdeni müdafiə edəcək arqument ortaya qoymadı. Sözündən belə çıxdı ki, Qaregin Njde türklərə qarşı döyüşüb və məqsədi erməniləri xilas etmək olub. O qədər cəfəng mövqe ortaya qoydu ki, bu, açıq şəkildə sovet xalqlarına, MDB dövlət başçılarına hörmətsizlik idi”.

E. Nəsirov Prezident İlham Əliyevin Aşqabaddakı çıxışının Azərbaycanın növbəti diplomatik qələbəsi olduğunu vurğlulayıb: “Dövlət başçısının çıxışı zamanında, məqamında səsləndirdiyi və Ermənistanın işğalçılıq siyasətini ifşa edən siyasəti bu gün Ermənistanda siyasi təlatümlərə gətirib çıxarıb. Prezident İlham Əliyevin son iki çıxışından sonra Ermənistanda Paşinyandan xilas hərəkatının başladığını görürük. Azərbaycanda isə “Dağlıq Qarabağ Azərbaycandır!” ictimai hərəkatı formalaşmağa başlayıb. Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu qeyri-konstruktiv mövqe getdikcə bütün dünya ictimaiyyəti tərəfindən dərk edilməyə başlanılır. Nikol Paşinyan da dərk etməyə başlayır ki, heç bir halda arqumentsiz, faktsız dövlət maraqlarını müdafiə edə bilməyəcək. Bu, bir daha göstərir ki, Prezident İlham Əliyev bir daha mühüm diplomatik qəbələyə imza atmış oldu”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev APA-ya bildirib ki, bu gün dünya ictimaiyyəti, sülhsevər ölkələr faşizmi lənətləndirdiyi bir vaxtda Ermənistanda faşizmin təbliğ edilməsi yolverilməz haldır: “Çünki artıq milyonlarla insan, bütün dünya faşizmin əzablarını görüb, bu

gün də görməkdədir. Ona görə də Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Ermənistanın faşizmi təbliğ etməsi ilə bağlı çıxışı dünyada çox böyük əks-səda verib, rəğbətlə qarşılanır. Çünki faşizmi təbliğ etmək yeni müharibə ocaqlarının, yeni qarşıdurmaların yaradılmasıdır. Ermənilər daim bu yolu tutublar”.

Anadolu türklərinə və Azərbaycan xalqına qarşı soyqırımı törətmiş Andranikin də ermənilər tərəfindən uzun illərdir, təbliğ edildiyini xatırladan N. Məhəməliyev İrəvanda Qaregin Njdenin heykəli qoymaqla onun da təbliğatının aparıldığını söyləyib: “Bu, ümumbəşəri dəyərlərlə bir araya sığmır. Prezident İlham Əliyev çox qətiyyətlə bunu Ermənistan BNaziri Nokol Paşinyanın üzünə dedi. Qaregin Njdeni təbliğ etmək həm də SSRİ xalqlarına, o cümlədən Rusiya xalqına qarşı xəyanətdir. Faşizmə qulluq etmiş şəxsin bu gün Ermənistanda təbliğ olunması, heykəl qoyulması bəşəriyyətə, ilk növbədə də Rusiyaya xəyanətdir. Bununla əlaqədar rusiyalı siyasətçilər öz sözlərini demişdilər. Çox təəssüflər olsun ki, Qaregin Njdenin heykəli hələ də Ermənistanda qalmaqda, o, orta və ali məktəblərdə təbliğ olunmaqdadır. Ermənistana gedən müəyyən dövlət başçıları, siyasətçilər də onun heykəlini ziyarət edirlər. Bu, təcavüzə məruz qalan bir ölkə kimi bizi düşündürməyə bilməz. Prezident İlham Əliyev də çox qətiyyətlə Ermənistanın bu gün faşizmi təbliğ etdiyini bəyan etdi, MDB dövlət başçılarının toplantısında Ermənistan BNazirinin üzünə bu sözləri söylədi. Mən Nikol Paşinyanın sifətinə, oturuşuna baxdım, onda dərin bir həyəcan hiss etdim. Çünki faşizmi bu cür təbliğ etmək müharibələri alovlandırmaqdır. Hesab edirəm ki, bu çıxışdan sonra Rusiya bununla əlaqədar tədbir görməlidir. Tədbirdə iştirak edən Rusiya Prezidenti Vladimir Putin də Prezident İlham Əliyevin çıxışına diqqətlə dinlədi. Bu çıxış həm də ümumən dünyadakı təcavüzkar ölkələrə bir mesaj idi”.

Millət vəkili Cavid Osmanov APA-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyev Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında gündəliyə daxil edilmiş, növbəti ildə 9 May - faşizm üzərində qələbə gününün qeyd edilməsi ilə bağlı çıxış edib: “Dövlət başçısı çıxışında Azərbaycan xalqının faşizm üzərində qələbədə rolundan bəhs etdi. Eyni zamanda Hitlerin Bakı nefti üçün nə dərəcədə can atdığını da xatırladı. Prezident İlham Əliyev xalqımızın faşizm üzərində qələbədə müstəsna rolu olduğunu vurğuladı. Dövlət başçısı MDB məkanında faşizmin təbliğinə yol verilməməsinin zəruri olduğunu qeyd etdi. Ermənistanda həm keçmişdə hakimiyyətdə olanlar, həm də indi hakimiyyətdə olanların faşizmin təbliğatçılarına çevrildiyinə, İrəvanda faşizmə xidmət etmiş Qaregin Njdenin heykəlinin ucaldıldığına diqqət çəkdi. O cümlədən Rusiya Xarici İşlər Nazirliyi və Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi ilə hazırlanan nəşrlərdə bu məsələyə toxunulduğunu vurğuladı. Ancaq həmin heykəl bu günə kimi İrəvanda qalmaqdadır. Bu da Ermənistanın faşizmin təbliğ etdiyini, Ermənistandakı həm keçmiş, həm də indiki rejimin faşizm rejimi olduğunu göstərir. Prezident İlham Əliyev həm “Valday” Diskussiya Klubunda, həm də MDB dövlət başçılarının zirvə görüşündə, başqa sözlə, bütün dünyanın izlədiyi bu toplantılarda Ermənistana, Nikol Paşinyana tutarlı cavab verdi, Azərbaycanın haqlı mövqeyini ortaya qoydu”.

Millət vəkili Tahir Mirkişili isə APA-ya bildirib ki, müasir dünyada faşizm ideyalarının təbliğ olunması və faşistlərin qəhrəmanlaşdırılması ən təhlükəli meyldir: “Ermənistan dünyada nadir ölkələrdəndir ki, faşist Qaregin Njdeyə heykəl ucaldıb və onu milli qəhrəman statusuna yüksəldib. Njdenin faşistlərlə əlaqəsi, 25 minlik erməni faşist legionun yaradılmasında rolu, bütün keçmiş sovet xalqlarından formalaşan sovet ordusuna qarşı döyüşməsi və yəhudilərə qarşı soyqırımda aktiv iştirakı danılmazdır və sənədlərlə artıq sübut olunub. Qaregin Njde həm də 1918-1921-ci illərdə Zəngəzur mahalında yerli azərbaycanlılara qarşı vəhşi cinayətlərin törədilməsinə də başçılıq edib. Belə bir faşist cinayətkara Ermənistan hökuməti tərəfindən heykəl qoyulması ilk növbədə Ermənistanın əvvəlki hökumətinin xislətindən, faşist ideyalarının daşıyıcısı olmasından irəli gəlir. Çünki məhz onlar eyni faşist metodları ilə Dağlıq Qarabağda azərbaycanlıların qətlinin müəllifləri idi. Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabadda MDB ölkələrini dövlət başçıları görüşündə bu məsələni qaldırması, tarixi faktlarla əsaslandırması və Ermənistanın indiki hökumətini heykəli götürməyə çağırması faşizmlə mübarizədə 20 milyondan çox qurban vermiş indiki MDB ölkələrinin ərazisində olan bu qara ləkənin təmizlənməsinə çağırış idi. Bu, həm də indiki erməni gənclərinin faşizm ideyaları ilə zəhərlənməsinin qarşısının alınmasına çağırışdır. Regionda sülh, əmin-amanlıq və mehriban birgə yaşayışda ən çox maraqlı olan ölkə kimi Azərbaycan qonşuluğunda faşizm ideyalarının çiçəklənməsinə qarşıdır və bunu regionun xalqları üçün ən böyük təhlükə görür. Məsuliyyətli və regionun gələcək taleyində maraqlı olan lider kimi İlham Əliyevin bu məsələdə qətiyyətli mövqeyi regionun bütün xalqlarının maraqlarına xidmət edir”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR