Rusiyanın G-7-yə qayıtması nə dərəcə realdır? - BEYNƏLXALQ EKSPERTLƏRİN ŞƏRHİ

Rusiyanın G-7-yə qayıtması nə dərəcə realdır?  - BEYNƏLXALQ EKSPERTLƏRİN ŞƏRHİ
# 29 avqust 2019 16:49 (UTC +04:00)

Bu il G7-nin Fransanın Biarritz şəhərində keçirilən 3 günlük sammitində üzv ölkələrin fikir ayrılığı nümayiş etdirdiyi məsələlərdən biri də G7-nin əvvəlki formatına qaytarılması - Rusiyanın “klub”a bərba olunması ilə bağlı idi. ABŞ Prezidenti Donald Trampın israrlarına rəğmən Avropa ölkələrinin əksəriyyəti Rusiyanı öz sıralarında görmək istəmədiyini bəyan etdi. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk isə Aİ-nin heç bir şərtlə Rusiyanın G7 masasına dönməsi ilə razılaşmayacağını bildirdi.

“The Guardian”ın yazdığına görə, G7-nin digər ölkələri arasında ABŞ Prezidentinin bu ideyasına yalnız İtaliyanın baş naziri Cüzeppe Konte müsbət yanaşıb. Sammitə ev sahibliyi edən Fransa prezidenti Emmanuel Makron isə Trampla görüşündə Ukrayna münaqişəsi davam etdiyi müddətcə Rusiyanın bu formata bərpasının mümkünsüzlüyünü bir daha vurğulayıb.

Avropa İttifaqının Brüsseldə fəaliyyət göstərən nüfuzlu “beyin mərkəzləri”ndən olan Avropa Siyasət Mərkəzinin siyasi analitiki Amanda Paul da APA-ya açıqlamasında Rusiyanın tezliklə G7-yə qayıtmasının ehtimal edilmədiyini bildirib. “Prezident Trumpdan başqa G7 liderlərindən heç biri bu addımı dəstəkləməyib. Təbii ki, bunun baş verməsi üçün G7-nin bütün üzvlərinin razılığı lazımdır”, - deyə A. Paul qeyd edib.

Siyasi ekspert Rusiyanın G7-yə dönməsi məsələsinə müxalif yanaşmanın təəccüblü olmadığını bildirib: "Çünki belə bir addım G7 və onun üzvlərinin etibarını tamamilə sarsıda bilər. Belə bir qərar həm də Kiyevi arxadan vurmaq olardı”.

Ukraynaya münasibət, Krım məsələsi, o cümlədən Donbasdakı müharibənin Rusiyanın G7-dən xaric edilməsinin əsas səbəbləri olduğunu qeyd edən siyasi ekspert Rusiyanın yenidən masaya qayıtmasının meyarlarının aydın olduğunu, Moskvanın bu meyarlara əməl etməlisinin vacibliyini vurğulayıb.

G7 qrupunda bu məsələ ilə bağlı fikir ayrılığına toxunan Rusiya Beynəlxalq Əlaqələr Şurasının siyasi eksperti Marina Larionova isə APA-ya açıqlamasında bunu qrup daxilində birliyin olmamasının təzahürü kimi xarakterizə edib. Rusiyanın yenidən G7-yə qoşulması ilə bağlı şərtlərə toxunan ekspert Moskvanın qlobal səhnədə məsuliyyətli aktyor olduğunu qeyd edib: "Rusiya beynəlxalq normaları müdafiə edir, qarşılıqlı hörmət, suveren bərabərlik, demokratiya, inklüzivlik və gücləndirilmiş əməkdaşlıq prinsiplərinə sadiqdir. Rusiya tərəfdaşlarla münasibətlərdə çoxtərəfliliyi və qanunun aliliyini gücləndirməkdə, ədalətli, bərabərhüquqlu, demokratik və hər kəsin təmsilçilik hüququnu təmin edən beynəlxalq nizamın təşviqi üçün səy göstərməkdə qərarlıdır”.

Rusiyanın növbəti ildə ABŞ-da keçiriləcək sammitində iştirakının mümkünlüyü ilə bağlı sualı cavablandıran Marina Larionova öncə G7 ölkələrinin Rusiyanın dəvətinə qərar verməli olduğunu, daha sonra Rusiyanın bu dəvəti nəzərdən keçirəcəyini bildirib.

Xatırladaq ki, 1998-ci ildən G8-nin üzvü olan Rusiya Krım məsələsinə görə 2014-cü ildə bu platformadan kənarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR