“Amerikalılara simpatiya indeksi”nin kriteriləri: müsəlmanların sayı, qaçqınların sayı, İŞİD-ə qoşulanların sayı - TƏHLİL

“Amerikalılara simpatiya indeksi”nin kriteriləri: müsəlmanların sayı, qaçqınların sayı, İŞİD-ə qoşulanların sayı - <span style="color: red;">TƏHLİL
# 15 yanvar 2018 10:47 (UTC +04:00)

Ötən həftə ABŞ Dövlət Departamenti amerikalı turistlər üçün tövsiyələr siyahısını yeniləyib. “Amerikalılara simpatiya indeksi” adlanan sənəddə dünya dövlətləri təhlükəsiz səyahət baxımından dörd səviyyədə qruplaşdırılıb.

İlk səviyyəyə daxil edilən 129 ölkəyə səyahətlə bağlı heç bir risk olmadığı bildirilir. Departament ikinci səviyyəyə daxil olan 50 ölkədə ABŞ vətəndaşları üçün risklər olduğunu qeyd edir, lakin bu risklər ciddi əhəmiyyət kəsb etməyən risklərdir. Xarici siyasət idarəsi hesab edir ki, amerikalılar bu səviyyəyə daxil olan ölkələrdə kriminal hadisələrlə üzləşə bilərlər. Üçüncü səviyyə ölkələrdə terror aktı riskləri olduğu bildirilir, bundan başqa amerikalılar bu ölkələrdə yerli sakinlərin, məmurların, hüquq-mühafizə orqanlarının aqressiv münasibəti ilə üzləşə bilərlər. Dördüncü səviyyəyə daxil olan ölkələrə səyahət etmək qəti şəkildə tövsiyə edilmir, bu ölkələrdə cinayətkarlıq, terror, vətəndaş müharibəsi, hərbi münaqişələr ehtimalı çox böyükdür. Departament üçüncü qrupa 19, dördüncü qrupa 11 ölkənin adını daxil edib.

“Amerikalılara simpatiya indeksi”nə görə Azərbaycanın adı ikinci səviyyəyə daxil edilib. Təsnifatı hazırlayanlar hesab edir ki, Azərbaycanda amerikalılar üçün müəyyən risklər mövcuddur, amma bu risklər kritik həddə deyil. Ölkəmiz bu siyahıda tək deyil, ikinci səviyyəyə daxil edilən ölkələr sırasında Belçika, Bosniya-Herseqovina, Çin, Danimarka, Fransa, Almaniya, İsrail, Hindistan, İndoneziya, İtaliya, İspaniya və Ukrayna da var. MDB ölkələrindən Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan “təhlükəsiz” qrupa, Azərbaycan və Ukrayna “az təhlükəli” qrupa, Rusiya “təhlükəli” qrupa daxil edilib. Əfqanıstan, Şimali, Koreya, İran, İraq, Suriya, Somali, Yəmən kimi “çox təhlükəli” qrupda təmsil olunan ölkələr sırasında postsovet məkanı respublikalarından heç biri yoxdur.

Siyahıda göründüyü kimi, mübahisə doğuracaq məqamlar çoxdur. Məsələn, dünya çempionatının keçiriləcəyi Rusiyanın adının “amerikalıların səfər etməsi üçün təhlükəli ölkələr” siyahısına salınmasında hansı məntiq var? Dünya çempionatı kimi ən populyar müsabiqənin keçiriləcəyi yer müəyyən olunarkən doğrudanmı terror təhlükəsi amili nəzərə alınmayıb? İnandırıcı görünmür. Yaxud niyə Dövlət Departamenti ötən il terror hücumlarının hədəfi olan Fransa və Almaniyanı müsəlman roxincalara qarşı soyqırımın həyata keçirildiyi Birmadan daha təhlükəli sayır? Suallar çoxdur, belə sualların cavabını verməzdən əvvəl bir suala cavab tapmaq lazımdır: “Doğrudanmı ABŞ Dövlət Departamenti bu siyahını konkret ölkələrlə bağlı yürütdüyü siyasətə əsasən müəyyənləşdirib?”

Bu suala “hə”, yaxud “yox” cavabı vermək, cavabı əsaslandırmaq da olar. Əslində isə məsələ tam da ABŞ-ın xarici siyasətindəki simpatiyalarla bağlı deyil. Çünki “amerikalılara simpatiya indeksi” hazırlanan zaman üç prinsip əsas götürülüb:

- Ölkədəki müsəlman əhalinin sayı (artım sayı)

- Ölkədə olan qaçqın, məcburi köçkün və əmək mühacirlərinin sayı,

- İŞİD terror təşkilatı və digər terrorçu qruplaşmaların tərkibində döyüşən ölkə vətəndaşlarının sayı.

Departament Rusiyanın adını məhz bu kriterilərə görə “təhlükəli” qrupa, Azərbaycan və Ukraynanın adını “az təhlükəli” qrupa daxil edib.

Müxtəlif rəqəmlərə görə, Rusiya əhalisinin təxminən 10-15 faizi müsəlmandır, İnquşetiya, Çeçenistan, Dağıstanda müsəlman əhalinin sayı 90 faizdən, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Başqırdıstan və Tatarıstanda 50 faizdən yuxarıdır. Ümumilikdə Azərbaycan və Mərkəzi Asiya respublikalarından bu ölkəyə getmiş əmək miqrantlarını da daxil etsək, o zaman ölkədə təxminən 20 milyona yaxın müsəlman əhalinin olduğu güman edilir.

Rusiya həm də əmək miqrantları ölkəsidir, “Əmək miqrasiyası” beynəlxalq alyansının hesablamalarına görə, ötən il ölkədə qeydiyyatdan keçmiş əmək miqrantlarının sayı 8,1 milyon nəfər olub ki, bunların da əksəriyyətini müsəlman respublikalardan gələn mühacirlər təşkil edir. Ən nəhayət üçüncü kriteriyə gəldikdə, ABŞ-ın Soufan Group konsaltinq şirkətinin hesabatına görə, İŞİD terror təşkilatının sıralarında döyüşən xarici ölkə vətəndaşlarının sayına görə ilk yeri Rusiya tutur. 2014-cü ildə İŞİD sıralarında 100-ə yaxın ölkədən 40 mindən çox xarici muzdlu döyüşüb, onlardan 3417 nəfəri Rusiya vətəndaşıdır. Onlardan 400 nəfəri sonradan ölkəyə qayıdıb, Suriya və İraqda neçə rusiyalı terrorçunun öldürüldüyü məlum deyil. Rusiya Daxili İşlər Nazirliyi 2015-ci ildə 1800 ölkə vətəndaşının döyüşmək üçün Suriya və İraqa getdiyini açıqlayıb.

Bu göstəriciləri nəzərə aldıqda ABŞ Dövlət Departamentinin Rusiyanın adının nə üçün “təhlükəli” üçüncü səviyyəyə daxil etdiyini anlamaq çətin deyil. Təbii ki burada siyasi faktorlar, ABŞ-Rusiya münasibətlərinin mövcud səviyyəsi də rol oynayıb, amma Rusiyanın üçüncü səviyyədə yer alması məhz yuxarıda verilən statistik göstəricilərlə əlaqədardır.

Dövlət Departamentinin Azərbaycanın amerikalı turistlər üçün az da olsa risk təhlükəsinin mövcud olduğu ölkələr siyahısına daxil etməsi də bu üç kriteri ilə əlaqədardır. Azərbaycan müsəlman ölkəsidir, 2015-ci ilin rəsmi statistikasına əsasən, ölkə vətəndaşlarının 93,4 faizi islam dininə tapınır. Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkədə qaçqın və məcburi köçkünlərin sayı 1 milyon nəfəri keçib, ən nəhayət İŞİD terror təşkilatının sıralarında döyüşənlər arasında sələfi azərbaycanlılar da var. Düzdür onların sayına dair rəsmi rəqəm yoxdur, “Soufan Group” konsaltinq şirkəti İŞİD sıralarında Gürcüstan və Azərbaycandan təxminən 500 nəfərin döyüşdüyünü açıqlayıb, azərbaycanlı terrorçuların əksəriyyəti Qusar, Şabran və Sumqayıtdan olanlardır. Bundan başqa Suriya və İraqda qanunsuz hərbi birləşmələrin tərkibində döyüşdüyünə görə məhkəmə tərəfindən azadlıqdan məhrum edilmiş yüzə yaxın Azərbaycan vətəndaşı var. Bu amillər statik amillərdir, yəni əhalinin 90 faizdən çoxunun müsəlman olması, 20 ildən artıqdır qaçqın və məcburi köçkünlərin sayında ciddi dəyişikliklərin olmaması, İŞİD sıralarında döyüşən azərbaycanlıların sayının azlığı və onların qanunla təqib edilməsi dəyişməz faktordur, bu səbəbdən Dövlət Departamenti Azərbaycanı “az təhlükəli” ölkələr siyahısına daxil edib.

Bu üç kriterinin hər birinə istənilən ölkədə rast gəlmək mümkündür, lakin hesabat hazırlanarkən hər üç amilin eyni zamanda mövcudluğu nəzərə alınıb. Məsələn, Qazaxıstan da müsəlman ölkəsidir, lakin müsəlmanların sayı ölkə əhalisinə nisbətdə Azərbaycan qədər çox deyil, bu ölkədə miqrantlar yoxdur, İŞİD sırasında döyüşən qazaxların sayı çox azdır və s. Bu amillər Qazaxıstanın adının amerikalıların səfəri üçün təhlükəsiz ölkələr siyahısına daxil edilməsi ilə nəticələnib.

“Amerikalılara simpatiya indeksi”nin müəyyənləşməsi üçün tətbiq olunan kriterilər özü necə obyektivdirmi? Bu məsələ ilə bağlı sonsuzluğa qədər mübahisə etmək olar. Ən azı insanların dini inancının kriteri olaraq götürülməsi düzgün deyil və qeyri-obyektiv yanaşmadır. Eyni zamanda ən təhlükəli sayılan dördüncü qrup ölkələr formalaşdırılarkən bu kriterilərin nəzərə alınmaması, siyasi münasibətlərin önə çəkilməsi ümumi prinsipləri pozmuş olur. Məsələn Şimali Koreya islam ölkəsi deyil, ölkədə müsəlmanların sayı barmaqla sayılacaq qədərdir, İŞİD sıralarında Şimali Koreyadan terrorçuların döyüşdüyünə dair faktlar mövcud deyil, ən nəhayət Şimali Koreyada mühacirlər demək olar ki yoxdur (“ölkə vətəndaşlarının hamısı mühacir vəziyyətindədir” iddiası başqa mövzudur). Lakin buna rəğmən ABŞ Dövlət Departamenti Şimali Koreyanı amerikalıların səfər etmək üçün ən təhlükəli saydığı 11 ölkədən biri hesab edir.

Buna görə ümumiləşdirərək demək olar ki, ABŞ vətəndaşlarının terror və digər cinayətlərlə üzləşməsi ehtimalı ən yüksək olan ölkələr siyasi səbəblər əsasında, digər qruplar isə üç kriteri əsasında müəyyənləşdirilib.

Vüqar Hüseynov, APA Analitik Mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR