"Tit-for-tat tariffs" siyasəti sürət yığır - TƏHLİL

"Tit-for-tat tariffs" siyasəti sürət yığır  - <span style="color: red;">TƏHLİL
# 11 iyun 2018 13:09 (UTC +04:00)

Qlobal iqtisadiyyat yeni resessiyaya doğru sürəti artırır

Ötən həftə qlobal ticarət müharibəsinin coğrafiyası bütün avrasiya və Amerika qitəsini əhatə etməklə daha da dərinləşməyə meyl etdi. Dövlətlərin qlobal ticarət siyasətində iyunun 1-dən 10-dək baş verənlər proqnozların daha da pisləşməsinə səbəb olaraq qlobal iqtisadiyyatı geriyə çəkəcək. Hələ martda bəzi tədqiqat mərkəzləri qlobal iqtisadi artım proqnozunu azaltmışdılar (fevraldakı 3.3%-dən martda 3.2%-ə qədər).

O zaman D.Tramp Avropadan polad və alüminium idxalına tarifin artırılacağı haqda bəyanat vermişdi, amma iyunun 1-dək vaxt var idi. Odur ki, tarif müharibəsinin olmayacağına dair müsbət gözləntilər qalırdı. Müsbət gözləntilər isə resessiya riski ehtimalını azaldırdı.

Ancaq iyunun 1-dən ABŞ-ın Avropa polad və alüminiumuna yüksək tarifləri qüvvəyə mindi, yəni neqativ gözlənti doğruldu. Bunun ardınca Avropa İttifaqı ABŞ-dan idxal olunan – Harley Devidson motosikllərindən cins paltar, quş əti və portağal suyuna qədər, 2.8 milyard avro dəyərində məhsullara tarifi yüksəltdi. “Tit-for-tat”, yəni “qisasa qisas” adlanan cavab tədbirlər neqativ gözləntiləri daha da ağırlaşdırdı. Nəhayət son olaraq, Donald Trampın “Böyük yeddilər”in Kanadadakı görüşünün yekun sənədini imzalmaqdan imtina etməsi, daha sonra qarşılıqlı ittihamların səsləndirilməsi vəziyyəti daha da ağırlaşdırdı. Dövlətlərin ticarət siyasətinin yaratdığı qlobal risk bütün başqa riskləri üstələdi. Artıq resessiya gözləntiləri yenidən artmağa başlayıb.

Resessiya isə Avropa İttifaqında 1) istehsalın aşağı düşməsi, 2) iş yerlərinin bağlanması, 3) alıcılıq qabiliyyətinin məhdudlaşması, nəhayət, 4) ABŞ-la Avropa İttifaqı arasındakı ticarət müharibəsi avronun dəyər itirməsi deməkdir.

Avro artıq dəyər itirməyə başlayıb. Səbəb bir tərəfdən ABŞ-la ticarət müharibəsinin kəskinləşməsi fonunda neqativ iqtisadi gözləntilərin artması, o biri tərəfdən də Aİ-nin üçüncü iqtisadiyyatına malik İtaliyada Avropa İttifaqına və vahid valyuta olaraq avroya mənfi münasibəti olan siyasi qüvvənin hakimiyyətə gəlməsidir. Odur ki, avronun dəyər itirməsi tendensiyasının üzümüzə gələn günlərdə davam edəcəyini gözləmək olar.

Ticarət siyasətindəki böhran maliyyə və iqtisadi riskləri artırmaqla neftin də qiymətinin ucuzlaşmasına səbəb ola bilər. Resessiya istehsalı aşağı salmaqla neftə tələbatı da azaldır.

İbrahim Məmmədov

Tarix üzrə fəlsəfə doktoru

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR