Azərbaycan-ABŞ münasibətləri strateji xarakter daşıyır - RƏY

Azərbaycan-ABŞ münasibətləri strateji xarakter daşıyır  - <span style="color: red;">RƏY
# 01 iyun 2018 12:19 (UTC +04:00)

“Azərbaycanın xarici siyasətində ABŞ-la münasibətlər xüsusi yer tutur, bu münasibətlər strateji xarakter kəsb edir”.

Bunu APA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Fundamental məsələlərdə hər iki ölkənin mövqelərinin üst-üstə düşdüyünü vurğulayan E. Nəsirov xüsusilə enerji təhlükəsizliyi, beynəlxalq təhlükəsizlik və terrorizmə qarşı mübarizədə rəsmi Bakı və Vaşinqton arasında münasibətlərin sürətli inkişaf dinamikasına malik olduğunu qeyd edib: "Zaman-zaman ABŞ-dakı bəzi ermənipərəst dairələr, erməni lobbisi bu münasibətlərə zərər vurmağa çalışsa da, istəklərinə çata bilməyiblər, iki ölkə arasında münasibətlər daim yüksələn xətlə inkişaf edib".

Prezident İlham Əliyevin 2006-cı ildə Vaşinqtona ilk rəsmi səfərini xatırladan E. Nəsirov bu səfərin hər iki dövlətin bir-birinin maraq dairəsində olduğunu bir daha dünyaya nümayiş etdirdiyini vurğulayıb: “Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır və bu siyasət balanslı olması ilə seçilir. Bu siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub, bu gün də prezident İlham Əliyev çox sürətlə dəyişən dünyamızın geosiyasi reallıqlarına adekvat olaraq o siyasəti davam etdirir, ona çeviklik, dinamiklik gətirib, eyni zamanda hücum taktikası əlavə edib. Ən başlıcası isə Azərbaycana beynəlxalq aləmdə çox böyük hörmət, diqqət var. Bunun da əsas səbəbi İlham Əliyevin müstəqil xarici siyasət həyata keçirməsidir. Azərbaycanın ABŞ-la əlaqələrinin inkişafı heç bir halda üçüncü tərəfin əleyhinə yönəlməyib.

Rusiya da çox gözəl bilir ki, bu, iki dövlətin qarşılıqlı maraqlarına yönələn bir siyasətdir. Eyni zamanda Azərbaycan və Rusiya əlaqələrinin inkişafı da ABŞ əleyhinə deyil. Bunu da Vaşinqtonda çox yaxşı bilirlər. Hesab edirəm ki, Bakıda ABŞ və Rusiya Baş qərargah rəislərinin, NATO və Rusiya generallarının görüşlərinin baş tutması məhz Azərbaycana olan ehtiramdan irəli gəlir”.

E. Nəsirov son vaxtlar ikitərəfli münasibətlərin daha sürətlə inkişafına da toxunub: “ABŞ dövlət başçısı Donald Trampın son bir ay ərzində bir neçə dəfə prezident İlham Əliyevə təbrik məktubları göndərməsi də dediklərimizi təsdiqləyir. Tramp İlham Əliyevin yenidən prezident seçilməsi, AXC-nin 100 illik yubileyi, Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi münasibətilə təbrik məktubları göndərib. Bu məktublarda ilk növbədə Vaşinqtonun Azərbaycana olan münasibəti, Azərbaycanda seçkilərlə bağlı mövqeyi, təhlükəsizlik və beynəlxalq terrorizmlə mübarizədə ölkəmizin ABŞ-la birlikdə olması xüsusi vurğulanıb. Eyni zamanda, Trampın son təbrik məktubunda qeyd edilir ki, Azərbaycan daha da firavan inkişaf edən, qlobal iqtisadiyyata bağlı və dünyanın enerji bazarına sabitlik gətirən dövlətdir.

ABŞ dövlət başçısının məktublarında Cənub Qaz Dəhlizi ilə bağlı məsələlər diqqətdə saxlanılır, Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi töhfələrə xüsusi qiymət verilir. Deyə bilərəm ki, son 15 il ərzində prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili-xarici siyasət konkret nəticələr verməkdədir və dünya səviyyəsində bu qiymətləndirilir.

Trampın bu sözləri çox böyük əhəmiyyət, məna kəsb edir və Trampın Azərbaycan xalqına, ölkə başçısına olan yüksək münasibəti kimi dəyərləndirilə bilər. Bunlar çox vacib məqamlardır və bir daha göstərir ki, məhz müstəqil siyasət sayəsində Azərbaycanın ABŞ-da belə yüksək mövqeyi formalaşıb”.

E. Nəsirov deyib ki, bundan sonra da əlaqələrin inkişafı üçün geniş imkanlar var və hər iki tərəf bu imkanlardan maksimum faydalanmaqda maraqlıdır: “Bu da regionda təhlükəsizlik, sülh və əməkdaşlığa xidmət göstərir. Prezident İlham Əliyev də Cənub Qaz Dəhlizinin açılışında ABŞ rəhbərliyinə Avropanın meqa layihəsinin reallaşmasında dəstəyinə görə təşəkkür edərək, bu layihənin yalnız və yalnız beynəlxalq əməkdaşlıq sayəsində mümkün olduğunu deyib. Layihənin reallaşmasında ABŞ-ın böyük siyasi, mənəvi, maliyyə dəstəyi olub. Trampın göndərdiyi təbrik məktubları da bu dəstəyin ifadəsi kimi qiymətləndirilə bilər”.

İqtisadçı ekspert Vüqar Bayramov da APA-ya açıqlamasında ABŞ-ın Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu, Azərbaycan-ABŞ münasibətlərinin hər zaman həm siyasi, həm də iqtisadi müstəvidə inkişaf etdiyini qeyd edib.

ABŞ-ın regionda strateji və iqtisadi maraqları olduğunu deyən V. Bayramov bildirib ki, Cənub Qaz Dəhlizinin reallaşması və bunun reallaşması istiqamətində ABŞ-ın dəstəyi iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcudluğunu təsdiq edir: “Cənub Qaz Dəhlizinin açılış mərasimində dövlət başçısı qeyd etdi ki, bu layihə beynəlxalq tərəfdaşların hesabına baş verdi. Avropa İttifaqı və ABŞ-ın bu kontekstdə dəstəyi çox vacib idi.

Cənub Qaz Dəhlizi Azərbaycan prezidentinin siyasi iradəsi nəticəsində mümkün oldu. Təbii ki, bununla yanaşı, ABŞ da daxil olmaqla, tərəfdaşların da rolu olduqca vacib idi.

ABŞ xüsusi olaraq Azərbaycanın reallaşdırdığı digər layihələrə də öz dəstəyini həmişə nümayiş etdirir. Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasında da ABŞ-ın xüsusi dəstəyi var idi və layihə Azərbaycanın təşəbbüsü ilə reallaşdı. Nəticədə, Bakı-Tbilisi-Ceyhan regional layihələrindən birinə çevrildi, kifayət qədər də genişləndi. Türkmənistan, Qazaxıstan, hətta Rusiya belə öz neftini ölkədən kənara çıxarmaq imkanı əldə etdi.

ABŞ-ın Cənub Qaz Dəhlizinin reallaşmasında mövqeyi və digər sahələrdəki əməkdaşlıq ondan xəbər verir ki, iki ölkə arasında strateji əməkdaşlıq var. Özü də bu əməkdaşlıq yalnız Cənub Qaz Dəhlizi və enerji layihələri ilə məhdudlaşmır. ABŞ Azərbaycanda təhsil, humanitar sahələr də daxil olmaqla fərqli sektorlarda kifayət qədər aktivdir, dəstək nümayiş etdirir. ABŞ qeyri-neft sektorunun inkişafında maraqlı olan ölkələrdən biridir. ABŞ-da innovativ iqtisadiyyat kifayət qədər inkişaf etməsi Azərbaycanın bu istiqamətdə də əməkdaşlığı gücləndirməsinə imkan verir”.

İqtisadçı ekspertin sözlərinə görə, Azərbaycan ABŞ üçün strateji baxımdan güclü, vacib ölkələrdən hesab olunur: “Azərbaycan regionun iqtisadi güclü ölkəsidir. ABŞ regionda məhz Azərbaycanla əməkdaşlığın gücləndirilməsi, genişləndirilməsində maraqlıdır. Eyni zamanda 2014-cü ildən başlayan sürətli iqtisadi islahatlar da ABŞ-la əməkdaşlığın gücləndirilməsi üçün real baza formalaşdırıb. Bu baxımdan perspektiv olaraq əməkdaşlığın gücləndirilməsi, xüsusən bu əməkdaşlığın enerji sektorundan qeyri-neft sektoruna transferi gözlənilir”.

“Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri, analitik Elxan Şahinoğlu isə APA-ya açıqlamasında ABŞ-n Azərbaycan müstəqilliyini elan etdikdən bu günə qədər həmişə dəstək verdiyini və bu dəstəyin indi də davam etdiyini vurğulayıb.

Dövlət başçısı İlham Əliyevin ABŞ tərəfindən göstərilən bu dəstəyi çıxışlarında hər dəfə xüsusi qeyd etdiyini bildirən E. Şahinoğlu prezident İlham Əliyevin bu günlərdə Cənub Qaz Dəhlizinin açılış mərasimindəki çıxışını da xatırladıb: “Ölkə başçısı çıxışında xüsusi olaraq qeyd etdi ki, ABŞ Azərbaycana siyasi, iqtisadi və maliyyə dəstəyini heç vaxt əsirgəməyib, ABŞ-ın bu layihələrin ərsəyə gəlməsində xüsusi rolu olub. İlham Əliyev əlavə etdi ki, ABŞ-ın göstərdiyi dəstək sayəsində beynəlxalq banklardan lazımi kreditləri almaq mümkün oldu.

Bundan başqa, Bakı-Tbilisi-Ceyhan layihəsi 90-cı illərin ortalarında bir ideya olaraq ortaya çıxanda və reallaşmağa başlayanda Azərbaycana qarşı müxtəlif istiqamətlərdə təzyiqlər var idi. Məhz ABŞ bu layihənin gerçəkləşməsində Azərbaycana ciddi dəstək verib”.

D. Trampın Azərbaycan rəhbərliyinə göndərdiyi təbrik məktublarına toxunan E. Şahinoğlu məktublarda Azərbaycana qarşı isti sözlər və dəstəyin nümayiş olduğunu diqqətə çatdırıb: “Trampın göndərdiyi birinci məktubunu ötən il göndərdiyi məktubla müqayisə etdim. Tramp keçən il yazdığı məktubda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı demişdi ki, münaqişənin sülh yolu ilə həllini arzulayır və dəstəkləyir. Bu il göndərdiyi məktubda isə yaxın aylarda münaqişənin həllində irəliləyişin əldə olunacağına ümidvarlığını ifadə etmişdi. Məncə, bu detal çox vacibdir. Demək ki, yaxın aylarda ABŞ-ın bu istiqamətdə fəallığını görə biləcəyik. Tramp digər məktubunda enerji əməkdaşlığı barədə ciddi fikirlər bildirib və Azərbaycana dəstəyin davam edəcəyini vurğulayıb. Bununla bərabər, ABŞ dövlət katibi Mayk Pompeo da Nümayəndələr Palatasının komitə iclasında çıxışında Avropa İttifaqına üzv ölkələri Rusiyadan qaz asılılığını azaltmağa və diqqəti Qafqaz qazına yönəltməyə çağırıb.

Təbii ki, Qafqaz deyəndə, Azərbaycanı nəzərdə tutur. Çünki Cənubi Qafqazda ancaq Azərbaycanın qazı var”.

İki ölkə arasında hərbi sahədə də əməkdaşlıq olduğunu deyən E. Şahinoğlu Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-ın istəyi ilə Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etdiyini deyib: “Amerikanın Əfqanıstana çatdırdığı yüklərin bir hissəsi Azərbaycan üzərindən, hava sahəsindən daşınır. ABŞ diplomatları bunu hər zaman vurğulayıb".

O, ABŞ-ın dəstəyi davam etdikcə iki ölkə arasında münasibətlərin çox yüksək səviyyədə olacağını, əməkdaşlıq gələcəkdə də davam edəcəyini bildirib: "İki ölkə arasında ciddi sual doğuracaq, problem yaranacaq sahə yoxdur və münasibətlərdə yüksək temp müşahidə edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR